KiMi ALDADIRSAN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
18724 | 2012-06-20 08:52
Mən əvvəl elə bilirdim ki, qaçqınlar dünyanın ən unudulmuş, ən yaddan çıxmış, heç kimin fərqinə varmadığı, maraqlanmadığı Tanrı bəndələridi. Amma təqribən 4-5 il bundan öncə telekanalların birində bir informasiyaya rast gəldim, daha doğrusu eşitdim. Həmin informasiyadan bəlli oldu ki, sən demə bu boyda BMT oturub aylarla, illərlə fikirləşəndən sonra bu qaçqınlar barəsində bir qərar qəbul edib. Qərarın da adı olub:
   
   - Ümumdünya Qaçqınlar Günü!!!
   
   Bəli, həmin xəbəri eşidən kimi qəzetimizdə bir yazı yazdım. Adını da qoydum: " Mənim də günüm var imiş". Dost-tanış, qohum-əqraba bu yazını oxuyandan sonra telefon susmadı... təbrik təbrikin dalınca... mesaj mesajın üstündə... qonaqlıq verən, qonaqlıq uman... bir sözlə, aləm qarışmışdı. Necə deyərlər, xoşbəxt oldum! Zarafat deyil, o boyda BMT mənim də adımı dünya təqviminə qırmızı hərflərlə yazmışdı. Amma...
   
   Təbii ki, bayramlar ötüb keçəndən sonra, onun ab-havası dəyişəndən sonra adam bir oturub fikirləşir, nəyi necə etdiyini, hansı səhvlərə yol verdiyini və yaxud kimin xətrinə dəydiyini yadına salmağa çalışır. Çünki bayramlarda adətən içki məclisləri çox olur, içki də hərdən adamı çaşdırır. Bax, bu səbəbdən xeyli fikirləşdim, lap yorulub əldən düşənə qədər fikirləşdim və tapdım:
   
   - Mən nahaq yerə sevinmişəm. Çünki məndən çox-çox öncə Fələstində qaçıblar... Əfqanıstanda qaçıblar... Pakistanda qaçıblar... Kosovada qaçıblar və adını unutduğum neçə-neçə müsəlman ölkələrində insanlar yurd-yuvasız qalıb. Özü də ən dəhşətlisi və maraqlısı odur ki, qaçqınların 99,99 faizi müsəlmanlardı. Doğrudu, məndən sonra Misirdə də qaçdılar... Liviyada da qaçdılar... İraqda da qaçdılar... Əfqanıstanda heç sakitlik yaranmır... Pakistanda da elədir vəziyyət... Bax, bu siyahıya göz yetirin, onda görəcəksiniz yenə qaçanlar müsəlmanlardı. Düzdür, bu qaçanların bir qismi zülmdən qaçır, bəziləri isə müharibədən, havayı gülləyə tuş gəlməkdən qaçır. Ona görə ki, həmin o məmləkətlərdə müxtəlif rənglərdə inqilablar, müharibələr baş verir, yorğan davası aparılır.., nə bilim kimsə demokratiya gətirir.., kimsə neft uğrunda qan axıdır... Bir sözlə, dünyanın zərbəsi yönəlib müsəlmana.
   
   Bax, bütün bunları fikirləşib yadıma salandan sonra gördüm ki, bu qaçqınlar günü məsələsi sən demə adicə bir toxtaqlıq əhəmiyyəti daşıyırmış. Yəni bunun missiyası odur ki, kimsə hardasa kürsüyə çıxanda çıxışının sonuna bir abzas qalmış desin ki, bəs dünyanın filan nöqtələrində qaçqınlar yaşayırlar və onların da dərdi başlarından aşır.
   
   İnanın ki, belə deyəcəklər. Heç kim, heç bir çıxış edən qəti şəkildə bildirməyəcək ki, Azərbaycanda torpağından, yurd-yuvasından qaçqın düşənlərin problemi tamam fərqlidi. Çünki onlar digər məmləkətlərin qaçqınları kimi ölkə hüdudlarından kənara üz tutmayıblar. Biz bu məmləkətin düz ortasında, öz evimizin içində qaçqın yaşayırıq, qaçqın düşmüşük. Anlamaq olmur ki, Azərbaycanı 1990-cı il sərhədləri ilə öz tərkibinə qəbul edən BMT, eləcə də digər beynəlxalq təşkilatlar bu ölkənin qaçqınlarına niyə bu qədər laqeyddilər? Niyə vətəndə vətənsiz olan insanlara - misirliyə, suriyalıya, fələstinliyə, daha nə bilim kimlərə baxdıqları kimi, yanaşdıqları kimi baxıb yanaşırlar. Axı həmin o BMT öz Təhlükəsizlik Şurasının üç qətnaməsi ilə Azərbaycan torpaqlarının işğal edildiyini etiraf edibdi.
   
   Beləcə, dərinə getdikcə, məsələnin kökünə çatmağa çalışdıqca BMT-nin də bir zada yaramadığını aydınca duymaq, görmək olur.
   
   Şəxsən mən duyub gördükcə birmənalı olaraq anlayıram ki, Ümumdünya Qaçqınlar Gününün mənə heç bir dəxli yoxdur. Kim istəyir bayram eləsin. Mən bu bayramdan yazılı şəkildə imtina edirəm və dostlara, qohumlara üz tutaraq rica edirəm ki, Ümumdünya Qaçqınlar Günü münasibəti ilə məni təbrik etməsinlər, zəhmət çəkib konturlarını xərcləməsinlər. Qaçqınları təbrik etmək istəyirlərsə, BMT-nin saytına girib sözlərini orda desinlər. Yoxsa vaxt itirib məni təbrik edib qonaqlıq almaq istəyirlərsə, bu dəfə keçməyəcək. Çünki nə bayramım deyil, nə günüm deyil, nə də bu bayrama, bu günə xərcləməyə artıq pulum yoxdur...
   
   Hə, gəlib çıxdıq yazının sonuna. Daha doğrusu, ən vacib, ən əsas bir məqama. Mən bir fərd olaraq Ümumdünya Qaçqınlar Gününə etiraz edirəm. Görəsən mənim soydaşlarım, həmyerlilərim, kəndçilərim, bir sözlə, mənimlə birlikdə adı qaçqınlar siyahısında gedənlər bu məsələyə necə baxır? Bəlkə onlar bayram payı gözləyirlər? Əgər gözləyirlərsə, təəssüf... Eybi yox, mənə çatan, daha doğrusu, siyahı üzrə mənə ayrılan bayram payını da kim Ümumdünya Qaçqınlar Günündə hamıdan çox sevinəcəksə, ona bağışlayacam. Mənim də gücüm buna çatır.
   
   Bütün Azərbaycana səpələnmiş qaçqınların bir nümayəndəsi olan mən öz fikirlərimə tərəfdaş tapacağıma hər gün daha çox inanıram. Bilirəm ki, gec-tez bu addan, bu boyumuza zorla biçilmiş narahat dondan qurtulmaq üçün qəti söz demək qərarına gələcəyik. Həmin o məqam günbəgün bizə yaxınlaşır...

TƏQVİM / ARXİV