adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

OTUZ YAŞINDA "DOğULAN" YAZIçI...

BABƏK YUSİFOĞLU
21794 | 2012-06-19 08:14
İnsanlar həmişə azadlığa can atıblar. Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlarına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin. Və çox qəribə də olsa onu qeyd edim ki, insan oğlu nail olduğu, ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Hər dəfə də yenisi, daha yenisi yaranıb. Yəqin ki, bütün bunlar insan xislətinin özəyində qərarlaşmış bir genetik koddur. Hətta ən iddiasız, ən tərk-dünyaçı şəxslərin də daxilində kiçik, zahirən görünməyən, gizli azadlıq arzuları var. Sadəcə, xarakterlərə, yaşam tərzinə, dünya görüşə, təsəvvürlərə və fantaziyalara görə azadlıq istəkləri mahiyyətcə fərqli, müxtəlif olur. Adını unutduğum bir mütəfəkkirin nə vaxtsa azadlıq haqqında belə bir fikrini oxumuşdum: "hər kəsin arzuları onun azadlığı boydadır"...
   
   Əslində bu fikrə fərqli münasibətlər də çoxdur. Və bəlkə də onları sadalamaqla bitirmək də olmaz. Lakin əsərlərini sevə-sevə oxuduğum bir yazıçının, daha dəqiq desəm dünya nəsrinin ən tanınmış isimlərindən olan Erix Mariya Remarkın insanın azadlığı ilə bağlı həmişə dediyi bir fikri digərlərindən daha çox fərqli hesab etmişəm. Remark deyirdi: "Azad yalnız o adamdır ki, uğrunda yaşadığı hər bir şeyi itirib". Bəli, o, azadlığı tamam fərqli görürdü. Və mənə elə gəlir ki, əslində məhz belə fərqliliklər insanların müxtəlif cür, rəngarəng həyat yolu seçməsində əsas rollardan birini oynayır. Məncə Remarkın özü də azad olduğu qədər yazıb-yarada bilmişdi. Və unutmaq olmaz ki, o, başqalarından daha çox azad insan idi... Belə olmasaydı dünyaca məşhur əsərləri yarada bilməzdi...
   
   (Əvvəli qəzetin
   
   12 iyun sayında)
   
   
   
   EVLİLİYİ VƏ QƏRİBƏLİKLƏRİ
   
   
   
   Amma çox maraqlıdır, qızın valideynləri onların ailə qurmasına qarşı çıxsalar da Kurt Dyerri Erix Mariyanın həmin jurnalda redaktor işləməsinə göstəriş verdi. Lakin Remarkın yaşadığı bu sevgi romanının da ömrü uzun olmadı... Yeni tanışlıqları davam etdi. İşlər elə gətirdi ki, Erix görüşdüyü gözəl bir xanımla İlza Yutta Zambona ilə ailə qurmağa qərar verdi. Əslində bəziləri onun bu münasibətlərinə o qədər də ciddi baxmırdılar. Çünki İlza bir rəqqasə idi və o, cəmiyyətdəki müəyyən dəyərlərə önəm verdiyi üçün gənc yazıçının həmin tanışlığının əyləncədən uzaq gedəcəyi, nikahla sonuclanacağı o qədər də inandırıcı görünmürdü. Amma sən demə, belə deyilmiş, gənclər 1925-ci ildə evləndilər. Yazıçının bu evliliyi ilə bağlı çox maraqlı məqamlar var. Özü də vərəmdən əziyyət çəkən bu qadın Remark üçün həmişə başqalarından fərqli olmuşdur.
   
   Belə ki, İlzanın solğun çöhrəsi, xarakteri yazıçıya bir sıra bədii obrazları yaratmağa kömək elədi. Diqqətli oxucular bu qadının gerçək obrazını Remarkın bəzi əsərlərindəki personajlarda sezə bilərlər. Bunun parlaq misalı yazıçının ən məşhur əsərlərindən biri sayılan "Üç yoldaş" romanındakı Pat obrazıdır. Ümumiyyətlə, Erix Mariyanın yaratdığı bədii qəhrəmanların bir hissəsi onun real həyatda qarşılaşdığı insanlarıdır. Məhz bu üzdəndir ki, yazıçının yaratdığı obrazlar oxucuya daha təbii, daha səmimi təsir bağışlayır.
   
   Ailə qurması heç də onun yaradıcılığına təsir etmədi. O hansı manera, hansı prinsiplərlə yazırdısa, elə də davam edirdi. Ümumiyyətlə, Mariya Remarkın başqalarında təəccüb yaradacaq hərəkətləri çox idi. Bəzən o xeyli müddət qələmə yaxın belə düşmürdü. Və ya fasiləsiz yazmağa başlayırdı. Öz mənsub olduğu zümrədən imtina etmə çabaları, ziyalı, oxumuş olsa belə aid olduğu qeyri-zadəgan keçmişdən qurtulmaq istəkləri kənardan çox qəribə görünürdü. Erix Mariya cəmiyyətdə müəyyən təsəvvürlər yaratmaq üçün dəbdəbəli kostyumlar, monökllər geyinməyə, başlamışdı. Onu tez-tez arvadı ilə birgə teatr, konsert salonlarında görmək olardı. Ən dəbdə olan restoranlarda şam yeməkləri onun həyat tərzinə çevrilmişdi. Hətta Remark zadəgan titulunu qazanmaq üçün maraqlı bir vasitəyə də əl atmaqdan çəkinmədi. O, mötəbər zadəganlar nəslindən olan Huqo fon Buhvaldla sövdələşməyə girib 500 reyxsmarka pul əvəzində oğulluğa götürülməsinə nail oldu. Erix Mariya bununla da kifayətlənmədi. Buhvaldlar rəmzi və adı ilə özünə vizit kartlar da düzəltdirdi.
   
   
   
   REMARKIN ŞEDEVRİ
   
   
   
   Yaradıcılığını isə dayandırmamışdı. 1927-ci ildə yazıçı çoxdan onun xəyallarını zəbt etmiş mövzunu ciddi şəkildə işləməyə qərar verdi. Və beləliklə Avropa nəsrinin ən dəyərli əsərlərindən biri hesab edilən "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanını yazmağa başladı. Lakin bununla yanaşı o daha bir əsər üzərində də çalışırdı: "Üfiqdəki stansiya". Erix Mariya həmin romanı daha tez tamamladı və əsər noyabrdan "Şport im Bild" jurnalında hissə-hissə çap olunmağa başladı. Və əsər birmənalı qarşılanmadı. Maraqlıdır, onun tanışı olan yazıçılardan biri bu əsər haqqında belə demişdi: "birinci dərəcəli radiatorların və gözəl qadınların haqqında kitab"dır. Növbəti il Erix Remark artıq başa çatdırdığı "Qərb cəbhəsində dəyişiklik yoxdur" əsərini çap etdirmək üçün əlyazmalarını "C. Fişer Ferlaq" nəşriyyatına göndərsə də oradan rədd cavabı aldı. Semuyel Fişer əsərlə tanış olandan sonra bildirmişdi ki, müharibə haqqında kitabı kimsə oxumağa həvəs göstərməyəcək.
   
   O, bu dəfə Berlin nəşriyyatlarından birinə - "Ulştayn"a müraciət etdi. Bu dəfə əsərin çapına şərtlər daxilində razılıq verdilər. Belə ki, naşir özünü maliyyə ziyanından sığortalamaq üçün Remarkla sövdələşdilər ki, roman uğursuzuğa düçar olarsa müəllif həmin zərərin qapadılması üçün jurnalist kimi nəşriyyatda işləməlidir. Yeri gəlmişkən, "Qərb cəbhəsində dəyişiklik yoxdur"un digər maraqlı tarixçələrindən biri də budur ki, Remark romanının bir sıra hissələrini aktrisa tanışı Leni Rifenştalın evində qələmə almışdı. Hansı ki, həmin illərdən cəmi beş il sonra bu dostlar tamam əks barrikadalarda dayanacaqdılar: Remark ölkədə qadağan olunmuş müəlliflərin siyahısında ilk sıralarda duracaqdı, əsərləri meydanlardakı tonqallarda yandırılacaqdı, Leni isə faşizmi təbliğ edən sənədli filmlər rejissoru kimi şöhrətlənəcəkdi.
   
   Lakin hər şeyə rəğmən roman ilk dəfə 1928-ci ildə qəzet səhifələrində çap edildi. Və qəzet varinatının maraqla qaşılanmasından sonra Berlində "Propileyen- Ferlaq" nəşriyyatı əsəri nəşr etdi. Və inanılmaz nəticə. Əsər işıq üzü görər-görməz əsl sensasiya kimi Almaniyada qarşılandı. Oxucular görünməmiş bir maraqla romanı alırdılar. Bu səbəbdən də bir il ərzində "Qərb cəbhəsində dəyişiklik yoxdur"un bir milyonyarım nüsxəsi satıldı. Bu həmin dövrdə gənc yazıçı üçün qeyri-qdi bir göstərici, rəqəm idi.
   
   Oxucular Avropanın daha bir böyük qələm sahibinin gəlişini hiss etdilər. Bəli, həqiqətən Erix Mariya Remark məhz bu əsəri ilə böyük bir yazıçı olaraq doğuldu, möhtəşəm populyarlıq qazandı. Onu da qeyd edim ki, roman 36 dilə tərcümə edilərək 43 nəşriyyat tərəfindən çapdan buraxılıb. Hətta bir il sonra "Qərb cəbhəsində dəyişiklik yoxdur" ekranlaşdırıldı da. (Filmin rejissoru L. Milşteyn "Oskar" mükaftı aldı). Bütün bunlara rəğmən 1929-cu ildə Remark Nobel mükafatına təqdim edildi. Amma...
   
   
   
   HÜCUMLAR VƏ TƏZYİQLƏR...
   
   
   
   1930-cu illəri Erix Maruyanın həyatında yeni hadisələrin başlanğıcı hesab etmək mümkündü. Yazıçı İlza Yutta ilə nikahını sürdürə bilmədi və onlar boşandılar. Bundan başqa, ölkədə artıq faşizm hərəkat halına gəlməkdəydi. "Qayıdış" romanının qəzet variantı işıq üzü görəndən sonra ona cürbəcür təzyiqlər artmağa başladı. Hitler şəxsən onu "fransız yəhudisi Kramer" adlandıraraq nifrətini bildirmişdi. Bir sıra ədəbiyyatçılar ona qarşı ən alçaq kompaniyaya başladılar. Hətta iş o yerə gəlib çatdı ki, onu romanı həlak olmuş dostundan çırpışdırdığını, öz adına çıxdığını iddia etdilər. Əlbəttə, bütün bunları qulaqardına vurmaq o qədər də asan məsələ deyildi. Hər yerdə kimsə tapılırdı ki, ona qarşı şantajlar irəli sürsün. Və onun kimi həssas biri bütün bunlara uzun müddət duruş gətirə bilməzdi. O mənəvi təzyiqlərin təsirini azaltmağın yolunu içkidə gördü və həmin dövrlər Remark çoxlu içki içməyə başladı. Lakin görünən bu idi ki, heç içki də köməyə çatmaq gücündə deyil.
   
   Amma bununla belə Remark artıq yazıçı kimi maddi cəhətdən özünü təmin edə bilmişdi. Dostlarından birinin israrlı məsləhəti ilə o, İsveçrədə bir villa - "Kaza Monte Tabor"u aldı. Və əşyalarını ora köçürdü. Sən demə, bunlar heç də boşuna getməyəcəkmiş. Çünki hakimiyyətlə münasibətlər sürətlə kəskinləşməyə doğru gedirdi. Onun bank hesablarındakı bəzi pullar hesabından silindi. Remarka qarşı qeyri-qanuni məhkəmə qurularaq başqa bank hesabları da təhlükəyə məruz qaldı, cərimələr ödədi. Nəhayət ölkəni tərk etmək məcburiyyətində qalan yazıçı aldığı həmin villaya yerləşdi.
   
   
   
   "ÜÇ YOLDAŞ" VƏ KÖHNƏ NİKAHIN TƏZƏLƏNMƏSİ
   
   
   
   1932-ci ildə Erix Mariya özünün daha bir məşhur əsərləri - "Üç yoldaş" (əsər əvvəl "Pat" adlandırılıb) üzərində işləməyə başladı və bir il sonra onu tamamladı. Əvvəlcə "Qud Xauskipinq" jurnalında ingiliscə, 1936-cı ilin ortalarında isə Kopenhagendə datca nəşr edilən roman müəllifə Avropada daha böyük populyarlıq gətirdi. Remark "Üç yoldaş"ında özünün bir yazıçı kimi individual xarakterlərin ustası kimi göstərə bildi. Çünki təsvir edilən baş qəhrəmanların hər birinin fərqli, fərli olduğu qədər də bir süjet ətrafında ustalıqla birləşən talələri əsərə çox güclü bədii-estetik çalar verir. Əsərin əvvəlində hər biri ayrı-ayrılıqda görünən bu personajları müəllif oxucuya elə dillə təqdim edir ki, az sonra oxucu asanlıqla onların hər birini xarakterinə görə tanıyır. Yazıçının ən böyük özəlliklərindən biri də budur ki, romanda qeyri-adi dramatik hadisələr tüğyan etməsə də oxucu əsərdən ayrıla bilmir. Təsvir olunan qəhrəmanlar həyatda sıradan biri kimi elə təbii çalarla təqdim edilir ki, sanki biz dəflərlə onlara, lap elə onların oxşarına hardasa rast gəlmişlk.
   
   Həmin illər ərəfəsində dünyanın bir sıra ölkələrinə səfərə çıxan Erix Mariya Venetsiyada həyatının növbəti qadını Marlen Ditrixlə tanış oldu. Amma çox maraqlıdı ki, yazıçının bu qadınla dostluğu sürdüyü halda o öz əvvəlki sevgilisi-arvadı İlze Yutta ilə yenidən görüşməyə başladı və bir müddət sonra onlar təkrar evləndilər. Bəzi təhqiqatçılar bu nikahın Almaniyanı tərk edib İsveçrəyə yerləşmək naminə bağlandığını söyləsələr də fakt bu idi ki, yazıçı həmin qadına həmişə fərqli münasibətlər bəsləmişdir. Lakin bununla belə Erix Mariyanın nəinki arvadına, hətta hansısa sevgilisinə sədaqətli qaldığını söyləmək mümkün deyil. Elə böyük dəyər verdiyi İlza ilə münasibətlərini təkrar rəsmləşdirsələr də o, digər qadınlarla da görüşməkdən qalmırdı. Bu həmin illər idi ki, "Üç yoldaş" Amsterdamda alman dilində də böyük tirajla nəşr edildi. Elə həmin dövrdə - 1938-ci ildə növbəti əsərini - "Özünə yaxını sev" romanını ərsəyə gətirdi. Artıq Almaniyada onu düşmən kimi görənlər hakimiyyətdə idilər və hər yerdə onun adı lənətlə anılırdı. İş o yerə çatdı ki, həm onun özünü, həm də arvadını alman vətəndaşlığından çıxardılar.
   
   (Ardi qəzetin 26 iyun sayında)

TƏQVİM / ARXİV