adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Iyul 2015 17:54
9470
GÜNDƏM
A- A+

“Siqaretdən xilas olmanın asan yolu”

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Tovuzun ən böyük kəndlərindən biri Xatınlıda çoxlu sayda şagirdlərin, gənclərin iştirakı ilə "Siqaretdən xilas olmanın asan yolu” adlı tədbir keçirib. Adalet.az-ın verdiyi xəbərə görə, millət vəkili Qənirə Paşayeva hazırda il ərzində 5 milyondan artıq insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda, sizin yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”.

Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməlidir. "Gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq.” Millət vəkili eyni zamanda siqaretdən xilas olmaq istəyənlərə dəstək istiqamətində görülən işlərin artmasının daha da vacib olduğunu bildirib. Rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur "Siqareti atmağın asan yolu” kitabını gənclərə hədiyyə edib. "Bu kitab siqareti tərgitmək istəyən insanlara böyük kömək edə bilər. Kitabda aşırı siqaret çəkən şəxsin zamanla bu yoldan necə azad olması açıq-aşkar şəkildə öz əksini tapıb. İnsanlar da bu kitabı oxuyaraq düşünəcək və bu zərərli vərdişdən necə qurtulmağın yollarını özləri üçün müəyyən edəcəklər. Bu kitabın daha çox siqaret çəkiləcək və ya çəkilə biləcək mühitdə yayılması önəmlidir.”

Qənirə Paşayeva tədbirdə "Kim siqaret çəkir?” sualına hər kəsin səmimi və dürüst cavab verməsini istəyib. "Gənclər arasında siqaret çəkənlərin sayı bizi sözün həqiqi mənasında ciddi narahat edir və etməlidir” deyən millət vəkili Qənirə Paşayeva onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva şagirdlərlə söhbətində, "Siqareti atmağın asan yolu” kitabını təkcə siqaretdən istifadə edənlərin deyil, etməyən gənclərin də oxumasını xahiş edib: "İnanıram ki, onu oxuyan bir gənc insan siqaret çəkməyə başlamaz çünki onun nə qədər böyük bir düşmən olduğunu anlayar. İnşaallah söhbətlər, müzakirələr və çoxlu sayda hədiyyə etdiyimiz Alen Karr kitabları faydalı olar və gənclər arasında insan üçün çox zərərli olan bu vərdişdən xilas olanların sayı artar” deyə bildirib.

Görüşdə millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən gənclərə "Siqareti atmağın asan yolu” adlı bütün dünyada məşhur olan kitabı hədiyyə edib və Xatınlı da daxil olmaqla hər kənddə bu məsələ ilə bağlı 30 nəfər gəncdən ibarət qrup yaradılıb və onlar bu istiqmətdə kəndlərində həm gənclər, həm də digər yaş qruplarından insanlar arasında əldə etdikləri kitab və məlumatları dərindən öyrənərək könüllü təbliğat aparaçaqlar.

Tədbirin sonunda Millət vəkili Qənirə Paşayeva ictimai yerlərdə siqaretin çəkilməsinin zərərlərindən də danışıb və bu istiqamətdə maarifləndirmə eləçə də ictimai qınağın da önəmini xüsusi vurğulayaraq gəncləri bu məsələlərə daim həssaslıq nümayiş etdirməyə çağırıb.