adalet.az header logo
  • Bakı 18°C
31 Iyul 2015 17:00
11097
MƏMLƏKƏT
A- A+

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

İyulun 31-də Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarım ilində "Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralov müşavirədə məruzə ilə çıxış edib. 
 
Hesabat dövründə də kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlərdə obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi və prinsipiallığın artırılması, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 100 ştat vahidi üzrə prokurorluqda işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən baş prokuror Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 54 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.
 
Hesabat dövründə yol-nəqliyyat hadisələrinin təhqiqatı və istintaqı zamanı, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.
 
Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə ciddi qüsurlar kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilib.
 
Müşavirədə 2015-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Müzakirələrdə çıxış edən Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov hesabat dövründə iş planının icra vəziyyəti, cari ilin ikinci  yarımilinə dair iş planında nəzərdə tutulmuş tədbirlər və vətəndaşların yerlərdə qəbulu barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov 2015-ci ilin birinci yarımilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumatlar veriblər.