ŞİRMAYİ DİLLƏRİ DANIŞDIRAN QIZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
59558 | 2015-07-31 08:34
Onun ifasını dinləmişəm. Özü də sadəcə bir tamaşaçı marağıyla. Bu maraq da düzünü desəm, keçirilən dövlət tədbirindən qaynaqlanmışdı. Yəni rəsmi bir konsertin iştirakçısı olan gənc bir ifaçının burada yer alması və özünü çox yüksək səviyyədə təqdim etməsi diqqətimdən yayınmamışdı. Və heç ağlıma da gəlməmişdi ki, müəyyən bir zaman keçəndən sonra onu yaxından tanımaq mənə nəsib olacaqmış. Amma sən demə həyatda gözlənilən məqamlar kifayət qədərdir. Bu günlərdə həmin məqamlardan birinin şahidi oldum...

Dostlarımdan birini axtarırdım. Telefonu cavab vermədiyi üçün digər bir dostumun, həyatımda özəl yeri olan, cəmiyyətdə tutduğum mövqeyə təkan vermiş həmyerlim, ağsaqqalım Aslan Mehdiyevə zəng vurdum. Necə deyərlər, digər bir dostumu soruşmaq üçün. Hal-xoş etdikdən sonra məlum oldu ki, Aslan müəllim Qəbələdədi. Düşündüm ki, yəqin istirahətə gedib. Ürəyimi oxuyurmuş kimi fikrimi tamamladı:

- Hə, Əbülfət, həm istirahətdi, həm də fərəhli anların yaşanması.

Doğrusu, bir az tərəddüdlə Aslan müəllimin nə demək istədiyini aydınlaşdırmaq istədim. Elə telefondaca gülə-gülə bildirdi ki, nəvəm Nərmiş bu gün burada keçirilən konsertdə çıxış edəcək, onu dinləməyə gəlmişəm.

Bu ipucu nə vaxtdan bəri yaddaşımda qalmış Nərmin Nəcəfli ünvanını soraqlamaqda mənə yardımçı oldu. Öyrəndim ki, Aslan müəllimin nəvəsi Nərmin Etibar qızı Nəcəfli 1996-cı ildə Bakıda doğulub. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Hələ 5 yaşında olanda artıq Nərminin musiqiyə olan sevgisi hamını heyrətə salmışdı. Anası Könül xanımın zümzümələri, televizorda, radioda səslənən ifalar onun diqqətindən yayınmırdı. Ona görə də valideynləri onun ürəyinin ilk duyğusu olan musiqinin səmtinə yönəltdilər. Uşaq bağçasında da, evdə də bu balaca qızcığaz artıq körpə barmaqları ilə şirmayi dillərini danışdırmağa çalışırdı. Onun öz yaşıdları arasında seçilməsi musiqiçilərin diqqətini çəkmişdi. Artıq bir neçə dəfə böyük tədbirlərdə çıxış etmiş, alqışlar qazanmışdı. 

Və Allahın verdiyi bu istedad Nərmin Nəcəflini musiqi dünyasında parlamağa, musiqi dünyasında öz yerini tutmağa qanadlandırmışdı. Günlərin birində, yəni 11 yaşı olanda artıq Nərminin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına daxil edilmişdi və ölkə prezidentinin təqaüdünə layiq görülmüşdü. Bu tarix onun özünün də, ailə üzvlərinin də yadında dəqiq qalıb. Belə ki, 2007-ci ildə o artıq prezident təqaüdçüsü idi. Hələ musiqi məktəbində təhsilini başa vurmamış qazandığı uğurlar, mötəbər tədbirlərdəki çıxışları onu təkcə ölkəmizin daxilində deyil, həm də sərhədlərimizin hüdudlarından çox-çox uzaqlarda məşhurlaşdırmışdı. 6-12 yaşlı uşaqlar arasında keçirilən beynəlxalq müsabiqələrdə iştirak edən Nərmin Fransada, İtaliyada, Almaniyada, İngiltərədə, Polşada, Litvada, Estoniyada, Rusiyada ən yüksək nəticələr göstərməklə qaliblər sırasında öz adını yazmışdı. Artıq onun fəaliyyətini ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da izləyir və bu istedadlı qızın Fondun tədbirlərində iştirakına şərait yaradırdı. Hətta Nərmin Nəcəfli YUNESKO-nun baş qərargahında, Parisdə, Moskvada və digər şəhərlərdə Azərbaycan musiqiçiləri arasında öz yerini tutmuş və ifası ilə alqışlar qazanmışdı.

Bu gün Almaniyadakı məşhur Hannover şəhərindəki musiqi, dram və media universitetinin tələbəsi olan Nərmin Nəcəfli həmin məktəbdə təhsil alan ilk azərbaycanlıdır. Üstəlik bu xanımın dünya musiqiçilərinin Bethovenin, Şopenin, Motsartın, Rastrapoviçin, Çaykovskinin, eləcə də Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun və daha neçə-neçə ünlü sənətkarın əsərlərini məharətlə ifa etməsi dinləyiciləri, tamaşaçıları heyrətə salır. Şəxsən mən onun çıxışlarını həm televiziya ekranından, həm də internet səhifələrindən izləyəndə bu qızın ifa zamanı başqa bir dünyanın adamı olduğunu, tamaşaçını, dinləyicini unutduğunu, yalnız həmin əsərlə yaşayıb həmin əsərlə nəfəs aldığını aydınca görürəm, duyuram.

Gerçək şəkildə əl hərəkətlərindən tutmuş sifət cizgilərinə qədər, hətta fortepianonun oturuşunda belə Nərmin Nəcəfli əsl musiqiçi olur. Və sadəcə onu dinləmək gəlib keçir adamın içindən, çünki həmin ifa səni də alıb özü ilə aparır. Sən onun təsir dairəsinə düşürsən, onun barmaqlarının əsirinə çevrilirsən. Elə Qəbələyə Azərbaycanın dəyərli sənətkarı Fərhad Bədəlbəyli də Nərmin xanımı məhz bu gözəl ifasına, sənətkarlığına görə dəvət etmişdi. Hobbisi rəssamlıq və bəstəkarlıq olan Nərmin Nəcəfli böyük sənətin böyük yolunda öz ifasının möhürünü vurur. Ona uğurlar. İnanıram ki, bu uğurlar bitib tükənməyəcək.

ƏBÜLFƏT MƏDƏTOĞLU

TƏQVİM / ARXİV