adalet.az header logo
  • Bakı 19°C

"YALTAQLIğIN REDAKTORU"

BABƏK YUSİFOĞLU
42326 | 2012-06-13 09:19
Bir neçə gün əvvəl Ermənistanın diversiya dəstəsi Azərbaycanla sərhəd bölgələrdə mövqeylərimizə soxulmağa cəhd etmişdilər. Silahlı Qüvvələrimizin layiqli əks-zərbələrindən sonra geri oturdulan düşmən bu hadisələrdən sonra ən müxtəlif uydurmalarla, şantajlarla informasiya müharibəsinə başlayıb. Bu işdə isə ermənilərin gündöyməzindən öpən bir sıra rus ekspertləri də gücləri çatdığı qədər onlara kömək edirlər. Hətta vəziyyət o həddə qədər çatır ki, əllərində tutarlı faktlar olmayan ideoloqların belə təbliğatları "Qırmızı papaq"ın nağılına bənzəyir. Əgər müharibədən, silahdan qəti anlamayan ən sadə erməni də bu cür şərhlərə azacıq diqqət etsə, yəqin ki, bu adamların onları doladığını görər.
   
   Hakimiyyət erməni ekspertlərinin əksəriyyətinə artıq inamını itirən əhalidə müharibənin başlayacağı ilə bağlı qorxunu sakitləşdirmək üçün bəzi rusiyalı şərhçiləri də təbliğat işinə cəlb edib. İki gün öncə ekspert rolunda çıxış edən "Milli müdafiə" ("Natsionalnaya oborona") jurnalının redaktoru İqor Korotçenkoya da sifariş edib ki, "Novosti-Armeniya"ya açıqlamalar versin. Bu girdirmə ekspert də bunu edib. Amma yazılanları oxuduqca inanırsan ki, Korotçenko həmin iddiaları irəli sürərkən ya sərxoş olub, ya da erməniləri barmağına dolayıb. Çünki normal, ağlı başında olan kimsənin başqa cür düşünməsi mümkün deyil. Əslində, bu cür hallar bir başa bizim xeyrimizə işləyir, lakin sıradan erməni vətəndaşları hələ də tapılır ki, bütün bu nağıllara inansın.
   
   İqor Korotçenki müsahibəsində bildirib ki, uğur qazanmaq üçün əgər Azərbaycan qəfil hərbi əməliyyatlara başlasa, "Dağlıq Qarabağ" və Ermənistan Azərbaycanı məğlub edər: "Azərbaycan yeni silahların alınması və milli ordunun qurulması üçün Ermənistana nisbətən daha böyük resurslara malik olsa da bir sıra ekspertlərə görə erməni silahlı qüvvələri daha yaxşı döyüş qabiliyyətinə malikdir. Erməni əsgərləri və zabitləri döyüş ruhuna görə daha üstündür. Ermənilər həmişə yaxşı döyüşçü olublar, lakin azərbaycanlılar nə döyüş keyfiyyətləri ilə, nə də döyüş təcrübələri ilə öyünə bilməzlər".
   
   Əslində erməniləri tanıyanların hamısı yaxşı bilir ki, onların ən böyük özəllikləri vuruşmaq, cəsurluq yox, xəyanət və özündən güclülərin qarşısında yaltaqlıqdı. Onlar harada xidmət ediblərsə məqam düşən kimi xəyanətə əl atıblar. Bu tayqulaq Andronikdən tutmuş üzü bəri hər birinə xas xüsusiyyətdir. Ermənilər yaxşı döyüşçü olsaydılar ruslaradək özlərinə nə vaxtsa bir dövlət qurardılar. Korotçenkonun bəlkə də xəbəri yoxdur ki, biz əsrlərlə onlarla qonşu olduğumuz üçün ermənilərin nə qədər qorxaq olduqlarını yaxşı bilirik. Və bu girdirmə ekspertin sözlərinə heç ermənilər də daxilən inanmırlar.
   
   Əslində ağzına gələni danışan İqor Korotçenkonu böyükləri "Milli Yaltaqlıq" jurnalı təsis edib onu həmin jurnalın baş redaktoru qoysalar daha uyğun gələr. Çünki o qədər irəli gedir ki, əhalisi aclıqdan və işsizlikdən köçüb getmiş, boşalmış Ermənistanla Azərbaycanı insan resurslarına görə də müqayisə edərək üstünlüyü onlara verir. O deyir: "...Hücuma keçən tərəf Azərbaycan olacağı üçün onun üçqat əsgərə malik olması lazımdır, amma Azərbaycanın bundan ötrü heç ikiqat canlı qüvvəsi də yoxdur". Çox yaxşı olardı ki, özünə hörmət qoymayan bu ekspert yalanları ağzına almamış Ermənistanın emmiqrasiya xidmətinin açıqladığı rəsmi rəqəmlərə bir anlıq nəzər salaydı. Onda görərdi ki, bu bədbəxt respublikanı ildə nə qədər insan tərk edir, neçə min adamsa qaçmağa imkan və fürsət gözləyir. Ölkənin faciəli şəkildə boşaldığını onların tanınmış sənət adamı Şarl Aznavur da dəfələrlə bəyan edib. İndi normal düşüncə sahibləri İqor Korotçenkonun bu açıqlamaları verərkən ən azı ölümünə "piyan" olmadığını nədən bilsin?!
   
   Uzun müddətdir ermənilər özlərini cırırlar ki, Azərbaycan müxtəlif ölkələrdən, eləcə də İsraildən ən modern silahlar alır, bölgədə silah balansı Azərbaycanın xeyrinə dəyişir. Amma mənşəcə ukraynalı olan bu yaltaqlıq mücəssəməsi yalan püskürməyini davam etdirir. Korotçenko iddia edir ki, Azərbaycan ordusunun silahları hələ də sovet dövrünün texnikalarıdı və onlar erməni ordusundakı texnikadan pis vəziyyətdədir. Belə görünür ki, əslində Korotçenko hər şeyi bir kənara qoyub özünün səhhətinin qayğısına qalsa və təcili psixoloqa müraciət etsə daha yaxşıdı.
   
   Ümumiyyətlə, İqor Korotçenko ağzına gələn çox şey danışıb və onun açıqlamalarının digər detalları üzərində dayanmağı lazım bilmirəm. Yalnız bir məsələni ona və onun kimilərə xatırlatmaq istəyirəm. Hər kəs, elə bütün dünya da bilir ki, ermənilərin, rusların və xaricdən gətirilən muzdluların birləşmiş qüvvələri 20 il bundan qabaq ov tüfəngləri ilə silahlanmış azərbaycanlıların özünümüdafiə dəstələrini məğlub edə bilmirdi. Hər şey daxildəki xəyanətlər nəticəsində baş verdi. Siz də bunu "qəhrəmanlıq tarixiniz"ə çevirdiniz. Amma ermənilər əmin olsunlar ki, Azərbaycanın müasir ordusu öz sözünü deyəcək. Və heç kəs də müharibənin dağıdıcılığını, qurbanları tez-tez söhbətin mövzusuna çevirib xof yaratmağa çalışmasın. Çünki sonucda bu torpağın oğulları Vətənin qorunması uğrunda savaşa atılacaqlarını bilirlər. Siz isə işğalı, insanları öz yurd yerlərindən qovmağı düşünürsünüz... Onda kimin güclü olduğunu hər kəs bilir.
   
   
   
   

TƏQVİM / ARXİV