adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

OTUZ YAŞINDA "DOğULAN" YAZIçI...

BABƏK YUSİFOĞLU
24464 | 2012-06-12 09:18
İnsanlar həmişə azadlığa can atıblar. Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlatına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin. Və çox qəribə də olsa onu qeyd edim ki, insan oğlu nail olduğu, ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Hər dəfə də yenisi, daha yenisi yaranıb. Yəqin ki, bütün bunlar insan xislətinin özəyində qərarlaşmış bir genetik koddur. Hətta ən iddiasız, ən tərk-dünyaçı şəxslərin də daxilində kiçik, zahirən görünməyən, gizli azadlıq arzuları var. Sadəcə, xarakterlərdən, yaşam tərzindən, dünya görüşdən, təsəvvürlərdən və fantaziyalardan aslı olaraq azadlıq istəkləri mahiyyətcə fərqli, müxtəlif olur. Adını unutduğum bir mütəfəkkirin nə vaxtsa azadlıq haqqında belə bir fikrini oxumuşdum: "hər kəsin arzuları onun azadlığı boydadır"...
   
   Əslində bu fikrə fərqli münasibətlər də çoxdur. Və bəlkə də onları sadalamaqla bitirmək də olmaz. Lakin əsərlərini sevə-sevə oxuduğum bir yazıçının, daha dəqiq desəm dünya nəsrinin ən tanınmış isimlərindən olan Erix Mariya Remarkın insanın azadlığı ilə bağlı həmişə dediyi bir fikri digərlərindən daha çox fərqli hesab etmişəm. Remark deyirdi: "Azad yalnız o adamdır ki, uğrunda yaşadığı hər bir şeyi itirib". Bəli, o, azadlığı tamam fərqli görürdü. Və mənə elə gəlir ki, əslində məhz belə fərqliliklər insanların müxtəlif cür, rəngarəng həyat yolu seçməsində əsas rollardan birini oynayır. Məncə Remarkın özü də azad olduğu qədər yazıb-yarada bilmişdi. Və unutmaq olmaz ki, o, başqalarından daha çox azad insan idi... Belə olmasaydı dünyaca məşhur əsərləri yarada bilməzdi...
   
   "QƏRB CƏBHƏSİNDƏ DƏYİŞİKLİK YOXDUR"
   
   
   
   ...Berlinin böyük keçmişə malik qəzetlərindən biri - "Fossişe tsaytunq"in 1928-ci ilin noyabr tirajlarından bir seriyası satışda rekord əldə etdi. Əvvəl bunun səbəbini başqa yerə yozmağa çalışsalar da çox keçmədi məlum oldu ki, 10 noyabrdan 9 dekabra qədər bu qəzetin səhifələrində Erix Mariya Remarkın "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanı dərc edilir. Və əsərə olan inanılmaz maraq həqiqətən də hər tərəfdə böyük səs-küy yarada bilib. Maraqlıydı, müharibənin üstündən 10 il keçməsinə baxmayaraq bu mövzu insanların diqqətini niyə belə cəlb etmişdi? Müharibəmi, yaxud həmin dəhşətlərin şahidlərinin çoxunun hələ həyatda olmasımı? Yaxud faciənin böyüklüyümü? Hətta Remarkın bu əsərindən əvvəl işıq üzü gördüyü ilk iki kitabının uğursuzluğunu da nəzərə alsaq belə nailiyyəti sürpriz də adlandırmaq mümkündü. Yeri gəlmişkən, həmin uğursuz kitablar o dövrün elə tənqidi ilə üzləşmişdi ki, Erix Mariya bundan necə qurtulacağını belə bilmirdi. Hətta əlacı olsaydı cap edilmiş bütün nüsxələri öz puluna alıb yandırardı.
   
   Amma dediyim kimi, bu dəfə oxucular "Fossişe tsaytunq"un hər nömrəsini səbirsizliklə gözləyirdilər ki, romandan növbəti parçanı oxusunlsr. Əsərə maraq o qədər artdı ki, növbəti ilin başlanğıcında - 31 yanvarda roman kitab kimi cap olundu. Və qeyd edim ki, öz gündəlik satışına görə Avropa rekordçularının sırasına girdi. İnanılmaz idi, əsərin hər gün 20 minə yaxın nüsxəsi satılırdı. Elə həmin il roman dünyanın 12 dilinə tərcümə edilərək cap olundu. İlin sonunadək isə əlavə daha on dildə nəşr edildi. Çox qısa dövrdə bu cür uğuru, elə tirajı da heç məşhur ədiblər də qazanmamışdı. Yazıçı kimi "doğulub" belə şöhrətin kandarından daxil olanda Erix Mariya Remarkın cəmi 30 yaşı vardı...
   
   
   
   REMARKLAR VƏ
   
   ERİX PAUL
   
   
   
   Əslində kimsə dəqiq söyləyə bilməz ki, Remarkın çap olunmuş əsərlərinin sayı neçə milyonu adlayıb. Lakin bircə o çoxuna məlum idi ki, Remark uzun illərdi dünyanın ən çox oxunan yazarlarından biri hesab edilir. Elə onun şəxsi həyatı, keçdiyi yaradıcılıq yolu da çox maraqlıdı. Elə öncə onu deyim ki, alman yazıçısı hesab edilən Remarkın soyadı çoxlarında sual doğururdu. Çünki o, 1898-ci ildə Rusiya imperiyasında, əyalət şəhərlərinin birində - Osnabryukda dünyaya gəlsə də daşıdığı Remark fransız familyasıydı. Bu da onunla bağlı idi ki, Erixin əslən fransız olan babası Almaniyada doğulmuş, sonradan elə alman qızla da evlənmişdi.
   
   Erixin atası Peter Frans və alman əsilli anası Anna Mariya katolik olaraq dindar adamlardı. Onun cildçilik edən atası Peter Fransın qazancı elə də çox olmadığı üçün dörd uşaqlı bir ailənin təminat içərisində yaşadığını söyləmək olmazdı. Ailədə ikinci uşaq olan Erixdən böyük bir qardaşı - Teodor və iki kiçik bacısı vardı: Erna və Elfrida. Amma nə yazıq ki, Teodor xəstə olduğu üçün çox yaşamadı, 5 yaşına çatar-çatmaz öldü.
   
   Vaxtının çoxunu xəstə oğluna qulluqda keçirən Anna Mariya əslində övladlarının hamısına qayğıkeş və diqqətli idi. Böyük oğlunu itirəndən sonra sarsılan ana digər övladlarının, xüsusən də ikinci oğlunun üstündə daha çox əsirdi. 1904-cü ildə valideynləri onu katolik kilsəsinin məktəbinə qoydular. O, xalq məktəbi adlanan burada səkkiz il oxudu. Sonra isə müəllimlik seminariyasında təhsilini davam etdirmək üçün üç il hazırlıq keçdi. Sonra isə Erix Paul hərbi xidmətə çağırılanadək Osnabryukda müəllimlik seminariyasında oxudu. Elə ilk sevgi həyəcanını da orada yaşadı...
   
   Əslində əsgərliyə qədərki illərdə onun həyatı üçün çox vacib olan bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, onun atası cildləyici olduğu üçün evə çoxlu kitablar gətirərdi. Və kiçik yaşlı Erix Paul da macal tapan kimi həmin kitabları oxumağa girişərdi. Bu qədər mütaliə isə təsirsiz ötüşə bilməzdi. Yəqin elə bu səbəbdən idi ki, Erix Paulun bədii zövqü elə erkən yaşlarından da formalaşmağa başlamışdı. Dünya nəsrinin şedevri Dostoyevski, eləcə də Sveyq, Tomas Mann, Prust, Höte... onun dönə-dönə oxuduğu müəlliflər idi. Və mənə elə gəlir ki, seminariyada oxuduğu zaman şair, rəssam və filosof Frits Herstemeyerin, eləcə də yaratdığı dərnəyin onun formalaşmasında əvəzsiz rol oynadığını söyləyən tədqiqatçılar heç də səhv etməyiblər. Məhz Herstemeyerilə tanışlıqlardan sonra Erix Paulun həyata, ətraf mühitə baxışlarında köklü dəyişikliklər yaranmağa başladı.
   
   
   
   ƏSGƏRLİK VƏ
   
   HƏYATININ ƏN BÖYÜK İTKİSİ
   
   
   
   1916-cı ildə əsgərliyə aparılması Erix Paulun təhsilini yarımçıq qoydu. Hər kəs yaxşı xatırlayır ki, məhz həmin illərdə nəinki Almaniya, hətta bütöv Avropa müharibə alovunun içərisində idi. Və çox çəkmədi ki, onu Qərb cəbhəsinə göndərdilər. Arzuları hələ yetkinləşməmiş, bərkdən-boşdan çıxmamış 18 yaşlı gənc Erix müharibə dəhşətlərinin şahidi oldu. Hətta qurbanlardan birinə çevrildi. Belə ki, cəbhədəki növbəti ilində - 1917-ci ildə mərmi partlayışı nəticəsində boynundan, sol əlindən və sağ ayağından yaralandığından onu qospitala göndərdilər. Və Erix Paulun müalicəsi xeyli çəkdi. Demək olar ki, müharibənin sonunadək. Bu ağır, dəhşətli səhnələrin, oradakı həyatın şahidi olan Erix inanırdı ki, bütün bunlar onun yaddaşından heç vaxt silinməyəcək. Əslində bütün bunlar onun gələcək yaradıcılığı üçün canlı, gerçək faktlar idi. Və Remark onları özünün şedevrinə çevirəcəkdi. Bütün bunlarsa illər sonra baş verəcəkdi. O dövrlərdə isə həyat onun üçün başqa sürprizlər hazırlayırdı...
   
   1917-ci ilin payızında dünyada ən çox sevdiyi, bəlkə də birgə nəfəs aldığı anası Anna Mariya vəfat etdi. Bu xəbəri hərbi qospitalda alan Erix çox böyük çətinliklərlə olsa da özünü anasının dəfninə çatdıra bildi. Və bu itki demək olar ki, onu dərindən sarsıtmışdı. Gənc yazar özünə təsəlli olsun deyə və həm də anasının xatirəsi, adı onun adı ilə birgə yaşasın deyə ikinci adını - Paulu dəyişərək Erix Mariya Remark oldu. Həmin hadisələrdən bir neçə il sonra o cəbhədə, həyatda, ətrafında gördüklərini qələmə almağa girişdi. Onu da qeyd edim ki, müharibədən sonrakı həyatının ilk dövründə o, müxtəlif sahələrdə işləməyə başladı: mühasib köməkçisindən, repartyorluqdan tutmuş jurnalistliyədək məşğul oldu. Artıq qəzetlərdə tez-tez onun məqalələri, şeirləri, hekayələri dərc olunmağa başlamışdı. Hətta roman yazmağa da girişmişdi. Məhz həmin illərdə - 1920-ci ildə "Röyaların yuvası" adlı ilk iri həcmli əsərini yaratdı. Lakin gənc yazar həmin əsəri ilə ədəbi aləmdə heç də yumşaqlıqla qarşılanmadı.
   
   
   
   REDAKTORLUQ
   
   
   
   Belə rəylər onda güclü tərəddüdlər yaratsa da yazmağı birdəfəlik tərk etmək haqqında düşünmürdü də. Nəhayət qeyri-adi bir addım atmağa qərar verdi. Erix Mariya həmin dövrlərdə artıq kifayət qədər məşhurlaşan yazıçı-publisist Stefan Sveyqə məktub yazaraq ondan məsləhət istədi və onun yazıçılıq iddialarına real qiymət verməsini xahiş etdi. Maraqlıdır ki, özünün qəribə maneraları ilə digərlərindən seçilən məşhur yazıçı tanımadığı gəncin duyğularına hörmətlə yanaşaraq ona xoş arzularını göndərdi. Remark onsuz da yazmaq arzularının qarşısında dura bilməyəcəkdi. Onun əslində hər şeydən çox buna ehtiyacı vardı. Amma necə deyərlər, onun vaxtı hələ gəlməmişdi. 1922-ci ildə Honneverə gələn Remark "Kontinental əks-səda" jurnalının redaktoru vəzifəsində fəaliyyətə başladı. 1924-cü ilədək burada çalışan gənc nasir elə həmin dövrlərdə "Qem" romanı üzərində işlədi.
   
   Bütün bunlarla yanaşı Erix Mariya bu illərdə daha çox gənclik həyəcanlarını yaşamağa, içki içməyə, qadınlarla vaxt keçirməyə can atırdı. Belə həyat tərziylə sanki o ən müxtəlif duyğulara, gəncliyin dəliliklərinə... yol açırdı. Amma sən demə hər işdə bir səbəb varmış. Belə ki, 1924-cü ilin sonlarında - oktyabrda gənc yazar Edit Dyerri adlı bir qızla tanış oldu. Yazıçının həyatını araşdıranların yazdıqlarına görə, məhz Berlində nəşr olunan "İdman illüstrasiyalarda" jurnalının baş redaktoru Kurt Dyerrinin qızı Editlə tanışlığı onun Berlinə gəlməsinə səbəb oldu. Amma çox maraqlıdır, qızın valideynləri onların ailə qurmasına qarşı çıxsalar da Kurt Dyerri Erix Mariyanın həmin jurnalda redaktor işləməsinə göstəriş verdi. Lakin yaşadığı bu sevgi romanının da ömrü uzun olmadı...
   
   (Ardı qəzetin 19 iyun sayında)

TƏQVİM / ARXİV