DAĞLAR ŞAİRİNİN YENİ KİTABI

VAQİF YUSİFLİ
51627 | 2015-07-30 01:38

Sakit İlkin Yardımlıda, uca dağlar qoynunda - bir kənddə yaşayır. Sənəti müəllimlikdi. Amma təkcə Yardımlıda deyil, onun hüdudlarından kənarda da şair kimi tanınır. Artıq bir neçə kitabı çapdan çıxıb və mətbuatda onun şeirləri barəsində təqdiredici sözlər də deyilib. "Bu dağlar dərdini mənə danışdı" onun yeni şeirlər kitabıdır və bu kitab bir daha təsdiq edir ki, Sakit İlkin poeziyada öz fərdi dəst-xətti, yazı manerası və deyim tərzi ilə seçilir. Yazdığı şeirlər, necə deyərlər, "qədim havada" - hecadadır, amma təzə söz axtarışındadır və çox zaman bu axtarışlar uğurla başa çatır.
Dağlar qoynunda yaşamaq təbiətlə, torpaqla, gözəlliklərlə üz-üzə, göz-gözə dayanmaq deməkdir. Təbiət insanı təbii olmağa, mənən saf yaşamağa səsləyir və o şair təbiəti incəliyinə kimi duyur ki, onda təbiətdən bir parça var. Onun şeirlərində küləyin, şimşəyin, buludun, dağ zirvəsinin, bulağın, meşənin, quşların, hətta bir yarpağın ahəngini hiss etmək olur.
Belə şeirlərdə insanla təbiət arasında bir vəhdət, harmoniya duyulur. Sakit İlkinin şeirlərində də bu ahəngi, bu harmoniyanı görə bilərik.

Başına döndüyüm şarlı dağların,
Qayası doğmadı, daşı tanışdı.
Öpdüm dodağınnan qız bulaqların,
Bu dağlar dərdini mənə danışdı.

Zirvələr səslədi, yoxuşlar yordu,
Cığırlar yolumu kəsə saldılar.
Bir ağız oxudum bölünən yurdu,
Səsimi qaytarıb səsə saldılar.

Bu dağlar necə də mənə oxşayır,
Ürəyi istidi, başı somsoyuq.
Sərib sinəsini yad küləklərə,
Sinəsi omoyuq, qaşı omoyuq.

Bu dağlar dərdini mənə danışdı,
Soyuldu sinəmin yara qatları.
Gör necə dayanıb bu dağlar, Allah,
Ürəkdə bu qədər dərə çatları.

Şeirdə Dağ dərdi şairin dərdi ilə vəhdətdədir. Nədir bu dərd? Yardımlı dağlarının bir tərəfi öz gözəllikləri ilə bizi heyran edirsə, dağların o tərəfini aşmaq olmur. Ürəkdə "bu boyda dərə çatları" yaradan da elə o aşılmazlıqdır. Başqa bir şeirində S.İlkin həmin fikri belə ifadə edir:

İçimdəki qəm darıxır,
Saçımdakı qəm darıxır,
O tayda Vətən darıxır-
Qarşımdakı dağdır hələ.
Dağ obrazına Sakitin şeirlərində tez-tez rast gəlirik. O, şeirlərində həm dağların dərdindən söz açır, həm onları vəsf edir - dağın özünəməxsus portretini yaratmağa, canlandırmağa cəhd edir, həm də dağlara məhəbbətini bəyan edir. İndiyə qədər dağ haqqında yazılan, deyilən ifadələrdən, təşbehlərdən mümkün qədər sərf-nəzər edir, DAĞ oğrazına yeni çalarlarla yanaşır. "Bu şiş qaya bu dağların əlidi, bu sal qaya nər igiddi, dəlidi, Od könlünnən köksündə qar əridi, qurban olum bu dağların daşına". Ümumiyyətlə, təbiətin bütün fəsillərinə aid atributlar Sakitin şeirlərində həssaslıqla canlandırılır.
Amma peyzaja az təsadüf edirik, əsas diqqət insanla təbiətin ünsiyyətinə, daha doğrusu, insanın içindəki təbiətə yönəlir. Hər gün onun yaşadığı kəndə qar yağır. Sakit bunu belə mənalandırar:

Bu qar ürəyimə yağır ay qağa,
Yağır, qar altında qalır beşiyim.
Yağır böcəklərin yuvalarına,
Soyuğa bürünür evim, eşiyim.

Bu qar ürəyimə yağır ay qağa,
Yağır, qar altında qalır ürəyim.
Yaxşı ki, qəlbimdə arzularım var,
Yoxsa əriməzdi qarlı ürəyim.

Sakit İlkin heca şeirinin müxtəlif şəkillərinə müraciət edir. Qoşma da, gəraylı da yazır. Xalq şeirimizin bu qədim formaları onun poetik təfsirində yeni çalarları ilə diqqəti cəlb edir. Hərdən təcnis də yazır:

Dağların dərələr daşır,
Daşları daşlaşır, dərələr daşır,
Dərə divarınnan dər, ələ daşı,
Dərə də dərdlidi, daş da dərdlidi.
Ömürdür, illəri düzülür yaş, yaş,
İllərin qurusu üzülür yaş-yaş,
Dağların gözünnən süzülür yaş, yaş,
Çay dağın dərdiylə daşları didir.

Mənə nə dövlətdir, nə vardır dərdim,
Bağında nə bardır, nə vardır dərdim,
Üzünə gülməyə nə vardır dərdin,
Daşlaya bilirsən, daşda dərdi, di...

Dağlarda yaşamaq, təbiətin gözəlliklərinə vurğun olmaq təbiidir. Amma Sakit İlkin təkcə təbiət şairi deyil, təkcə təbiətə sığınmır, bu dağlar böyük Azərbaycanımızın bir parçasıdır və onun şeirlərində Vətən torpağı yalnız Yardımlıdan və o dağlardan ibarət deyil. Şairin ürəyində Vətənin sərhədləri genişdir, intəhasızdır.
Amma indi Vətən bir dərd daşı kimi ürəyindən asılıb və o, yalnız qələbə arzulayır: "Mən Tanrımnan hər ürəkdə. Məkkə, Kəbə istəyirəm! Sevgili bir bayrağımla, Mən qələbə istəyirəm!"
Dünya gözəlliklə doludur. Amma həm də təzadlarla. Gözəllikləri vurğuncasına seyr edən şair bu gözəlliklərə yad olan, qənim kəsilən xaosa, hərc-mərcliyə, mənəvi müflisliyə də münasibətini bildirir: "Bilmirəm necə dövrandır, Siçan pişiyi arzular. Keçisi can hayındadır, Qəssabı piyi arzular. Gedəni allanıb gedir, Gələni yallanıb gedir. Sevgilər talanıb gedir, Dünya ölür adam-adam". Ancaq təəssüf ki, Sakit İlkin dünyanın bu təzadlarını şeirlərinə az hopdurur.
O, sevgi şeirləri də yazır və mən deyərdim ki, ən çox bu şeirlərdə uğur qazanır.
Özü də onun sevgi lirikası ömrün payız notları üzərində qurulub. İntizarda qalan bir qəlbin arzularını ifadə edir, xatirələr dilə gəlir, çılğınlıq, dəli ehtiras yox, güman, ümidsizliyə etiraz edən ümid, ötən günlərin xatirə yarpaqları dilə gəlir. Bir sözlə, Payız sevgisi. Amma bu sevgidə yalançı, süni, qurama hisslər yoxdur, yaşanılan, duyulan, ürəyin bütün qatlarından keçən duyğular yaşayır.

Demə bu dünyada biilqaram mən,
Yağışda varam mən, qarda varam mən.
Sən hara getsən də, orda varam mən,
Nə vaxtsa, hardasa görüşəcəyik.

Niyə ağlayırsan, yandırmırmı bəs,
Lalə yanağının düz naxışları?!
Nə mənim gəncliyim geriyə dönməz,
Nə sənin ilahi qız baxışların.

Mənim varlığımda isinəmmədin,
Mənim yoxluğumda alışacaqsan.
Sevgi əzabımı əzablı bir gün,
Kiməsə xatirə danışacaqsan.

Əlbəttə, Sakit İlkinin təzə şeirlər kitabında onun ən yaxşı şeirləri ilə müqayisədə ortabab nümunələr də var. Təbii ki, hər şairin kitabında olduğu kimi. Amma mənim iradım bu deyil. İradım odur ki, Sakitin şeirlərində darıxmaq əhval-ruhiyyəsi də güclüdür və mənim fikrimcə, bəzən bu darıxmaqlıq dünya dərdlərindən və özünün həyati qənaətlərindən gəlirsə, bəzən sadəcə pessimizmdən gəlir. Arzu edərdim ki, Sakit İlkin həmişə üzünü o dağlardakı zirvələrə, orda gülümsəyən Ay işığına tutsun!

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV