BiR GÖZ QIRPIMINDA...

FAİQ QİSMƏTOĞLU
30363 | 2012-06-09 08:27
... Ev telefonumuz bir neçə dəfə zəng çaldı. Istədim dəstəyi qaldırmayam, amma elə oldu ki, dəstəyi qaldırdım və nə vaxtandır görüşmədiyim tələbə dostlarımdan birinin səsini eşitdim. Daha doğrusu, hələ dəqiqləşdirə bilmirdim ki, danışan kimdi? Gördü ki, tanımıram, başladı izahat verməyə: dedi ki, Masallıdan Ədalət müəllimdi. Yəqin tanıdın? Düzdür, onu adını eşidəndən sonra, səsin sahibinin kim olduğunu dəqiqləşdirdim. Ədalət müəllim elə bildi ki, hələ onu tanımamışam, ona görə də tələbə vaxtı bir otaqda qaldığım Xanoğlan müəllimin adını çəkdi...
   
   - Ay Ədalət, narahat olma, səni tanıdım. - Bəs Xanoğlıan müəllim necədir, nə vaxtandır səs-səmirin eşitmirəm?!
   
   O bir anlıq duruxdu və sonra da qəhərli bir səslə dilləndi:
   
   - Xanoğlan müəllim... rəhmətə gedib, bilmirsən?!
   
   Bu sözləri eşidəndə elə bildim ki, məni "tok" vurdu. Fikirləşdim ki, yəqin düz eşitməmişəm. Təkrar-təkrar Ədalətdən soruşdum ki, necə oldu Xanoğlan müəllim birdən-birə rəhmətə getdi?! Telefonda doluxsunduğunu hiss elədim. Səsi titrəyə-titrəyə dedi:
   
   - Məktəbdə ürəyi ağrayıb, ordan xəstəxanaya aparıblar. Xəstəxanada həkimlər nə qədər çalışsa da infaktdan xilas eləyə bilməyiblər. Elə xəstəxanada dünyasını dəyişib...
   
   ... Gözlərim dolur və özümə yer tapa bilmirəm. Daha doğrusu, onun vaxtsız ölümünə inanmıram. Çünki heç vaxt o ürəyindən şikayət eləməzdi. Heç vaxt deməzdi ki, mənim filan yerim ağrayır. Əksinə, ağrayıb-acıyan adam mən olmuşam. Tələbə doslarım da deyirdilər ki, vallah, sənin heç nəyin yoxdur...
   
   Yenə özümü pərişan hiss eləyirəm. Elə bil çiynimdə dünyanın ən ağır yükü var. Nə qədər çalışıram bu yükdən xilas ola bilmirəm. Gör, bir işə bax ki, yaxın dostumun, qardaşımın və ən nəhayət üç il bir otaqda qaldığım Xanoğlan Ağayevin dünyasının dəyişməyindən xəbərim olmayıb. Ürəyim sıxılır, qəlbim daha bərk döyünür. Bu da onunla bağlıdır ki, yaxın dostumun ağır xəbərini eşitmişəm. Fikirləşdim ki, kəndə gedim, məzarın ziyarət eləyim. Amma özümü pis hiss elədiyimə görə, bunu təxirə saldım. Ürəyimdəki, qəlbimdəki duyğuları və onunla bağlı anları qələmə almaqla dərdimi yünğülləşdirmək istədim. Dedim ki, bu həm Xanoğlan müəllimin ruhunu şad eləyər, həm də çiynimdəki yük bir az götürülər. Amma tezliklə Masallı rayonunun Bədəlan kəndinə gedib, onun məzarını ziyarət eləyəcəyəm...
   
   ... Onunla 1974-cü ildən tanış idim. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyurdu. Hər ikimiz Sovetskidə kirayəşin qalırdıq. O qardaşı ilə bir otaqda, mən isə bibimoğlu ilə qonşuluqdakı evdə qalırdım. Hər gün görüşərdik. Daha doğrusu, evdən çıxanda elə yolumuz bir olardı. Keçmiş Kommunist küçəsində universitetin binası vardı. Filologiya fakültəsi də həmin binada yerləşirdi. Dərsdən çıxanda da bəzən bir yerdə qayıdardıq. Böyük qardaşı Ağamoğlan müəllim deyirdi ki, sizin xasiyyətiniz yaman bir-birinizlə tutur. Mən bu yaxınlarda çıxıb Rusiyaya gedəcəyəm. Sonra Xanoğlanla bir otaqda qalarsan.
   
   Elə oldu ki, böyük qardaşı Ağamoğlan müəllim ali məktəbi bitirib Rusiyaya getdi. Daha doğrusu, ticarətlə məşğul oldu. Mən və Xanoğlan müəllim Sovet küçəsindəki başqa bir ünvanda ev tapdıq və orda kirayəşin qalırıdıq. Xasiyyətimiz doğrudan da bir-biri ilə üst-üstə düşürdü. Onunla eyni ildə və eyni gündə dünyaya gəlmişdik. Hər ikimizin ad günü iyulun 1- idi. Böyük qardaşlarımız da eyni ildə və eyni vaxtda anadan olmuşdu. Hətta maşınlarımızın nömrəsi də eyni idi. Bu oxşar taleylər və alın yazısı bizi bir-birimizə daha dərindən bağlayırdı. Nə o siqarət çəkən idi, nə mən. Nə o araq içən idi, nə də mən araq içən idim. Çox tərbiyəli, savadlı və sakit təbiyətli insan idi. Mən tez-tez "çırtqozluq" eləyib özümdən çıxar, o isə ağayana bir görkəm alar və hər şeyə dözərdi. Ondakı səbrə və ondakı dözumə məəttəl qalardım. Bir dəfə də olsun əsəbləşməzdi.
   
   Orta boylu, qıvrım saçlı və yumru sifət bir oğlan idi. Qızların çoxu onun dərdindən ölürdü. Bu zalım oğlu da bir dəfə başını qaldırıb həmin qızlara baxmazdı. Onun hesabına tələbə vaxtı o qədər qəşəng qızla tanış olmuşam ki, saymaqla qutaran deyil. O qızların hamısı Xanoğlan müəllim üçün sinov gedirdilər. Tələbə yoldaşlarından biri ona bərk vurulmuşdu. Nə qədər onun yanına adam göndərmişdi. Adətən oğlanlar qızları sevəndə ara adamı tapırdılar. Amma bu dəfə hər şey tərsinə baş verirdi. Ara adamı da başqa bir qız idi. Sən demə, hər iki qız ona möhkəm vurulubmuş. Amma bunların heç birinə Xanoğlan müəllim reaksiya vermirdi. Babası Hüseyn kişi Masallıda çox varlı adam kimi tanınırdı. Daha doğrusu, onların babası Xanoğlan müəllimgilə atalıq eləyirdi. Xanoğlan müəllimgil isə atalarına qardaş gözü ilə baxırdı. Hüseyn kişi Sovet hökumətinin kəsə-kəs vaxtında belə qızıl alveri ilə məşğuluydu. Tez-tez Özbəkistana gedər və ordan qızıl gətirərdi. Çoxları da bilirdi ki, Hüseyn kişi bu işlə məşğuldur. Heç kəs də ona bir söz deyə bilməzdi. Babalarının dişlərinin hamısı qızıldan idi. Və nəvələrinin də dişlərini qızıldan elətdirmişdi. Xanoğlan müəllimə qızıl diş xüsusi bir gözəllik verirdi.
   
   O həm də gözəl səsə və ifaçılıq məharətinə malik idi. Çünki onun oxuduğu mahnılar, təsniflər tək otaq yoldaşı kimi mənim deyil, çoxlarının ürəyini qoparırdı. Bunu hiss edən universitetin mədəniyyət şöbəsinin rəhbəri Xanoğlanı ali məktəbin özfəaliyyət ansambılına dəvət elədi. Ilk ifası onun çox xoşuna gəldi. Dedi ki, bu yaxınlarda AzTV-nin universitetdən canlı yayımı olacaq. Həmin yayımda sən də oxuyacaqsan. Indi siz təsəvvür edin, universitet tələbəsi üçün canlı yayımda mahnı ifa eləmək nə qədər çətin idi. Canlı yayım başladı və Xanoğlan müəllim ansambılın müşayəti ilə "Məhsulumuz bol olsun" mahnısını çox gözəl ifa elədi. Səsin şirinliyi, yüksək ifaçılıq mədəniyyəti və nəhayət onun səhnədəki görünüşü çoxlarını təəccübləndirmişdi. Hətta bu çıxışdan sonra mədəniyyət şöbəsinin müdiri dedi ki, ay Xanoğlan müəllim, sən ünvanı səhv salmısan, gərək universitetə yox, konservatoriyaya qəbul olaydın. Xanoğlan müəllim də çox tərbiyəli və ismətli bir oğlan idi. Dedi ki, mən müəllimliyi səhnədən üstün tuturam...
   
   Televizyadakı ilk çıxışdan sonra o daha da məşhurlaşdı. Qızlar onun dərdindən dəli-divanə oldular. Universitetin elə bir bədii- kütləvi tədbiri olmazdı ki, Xanoğlan müəllim həmin tədbirdə çıxış edib, gözəl bir mahnı ifa eləməsin. Xüsusən də Yeni il və Novruz bayramlarında keçirilən tədbirlərdə Xanoğlan müəllimin ifalarını biz tələbələr böyük səbirsizliklə gözləyərdik. Deyirdim ki, ay Allah sənin köməyin olsun, bəs otaqda niyə oxumursan? O da qayıdıb deyərdi ki, otaq səhnə deyil ki?! Otaqda mən oxumuram, mızıldanıram. Oxumağı isə səhnədə eləmək istəyirəm...
   
   Bir gün eşitdim ki, Xanoğlan müəllimin toyudu. Mənə dəvətnamə göndərmişdi. Mən də qardaşım Elxanla və əmimoğlu İnşallahla Masallıya Bədəlan kəndinə onun toyuna getdim. Həyətə çatanda babası Hüseyn kişi, qardaşı Ağamoğlan, atası və digər balaca qardaşları elə sevindilər ki, elə bil dünyanı onlara verdilər. Hüseyn kişi dedi ki, sən gəldin, ürəyimiz sakitləşdi. Elə Xanoğlan da sənin gəlişini gözləyirdi. Toya məndən savayı 5-6 tələbə dostumuz da təşrif buyurmuşdu: Mikayıl, Ədalət, Arif... hamısı bu sevinci yaşamağa gəlmişdi. Toyu Baloğlan Əşirəfov aparırdı. Xanoğlan müəllimlə Baloğlan Əşirafov həm yerli, həm də hər ikisi universitetin filologiya fakültəsində oxuyurdu. Onun istedadına və səsinə Baloğlan Əşirəfov da biganə qala bilmirdi. Deyirdi ki, Xanoğlan ya müəllimliyi atmalıdı, ya da müğənniliyi. Əgər böyük səhnəyə gəlsə, o yaxşı müğənni olacaq. Amma Xanoğlan müəllim nə müəllimliyi atdı, nə də mügənniliyi. Ömrünün sonuna qədər hər iki sənəti yaşatdı. Axı onun toyundan danışırdım. Toyu çox gözəl, şirin keçdi. "Qarabağın maralı"nı oxumağı Baloğlan müəllimdən xahiş elədim. O da dedi ki, mahnının adı elə deyil, belədir: "Azərbaycan maralı". Istədim mübahisə eləyəm, rəhmətlik Məşədi İbad yadıma düşdü. Dedim ki, heç hənanın yeridi. Mən toya gəlmişəm, yoxsa mübahisəyə. Baloğlan müəllim toyu çox gözəl, çox şirin apardı. Gecə saat 3-ə qədər toy davam elədi. Ömrümdə heç bir toyda gecə saat 3-ə qədər oturub mahnıya, musiqiyə qulaq asmamışam. Amma Xanoğlan müəllimin toyunda gecə saat 3-ə qədər Baloğlan müəllimin gözəl mahnılarını dinlədim, heç yorulmadım...
   
   Tez-tez mənə rəhmətlik Mikayıldan salam göndərirdi. Qardaşı Əfsər də deyirdi ki, bir dəfə yolunu bizim kənddən salsan dünya dağılmaz ki?! Məndə bir dəfə yolumu həmin kənddən saldım və dünya da dağılmadı. Xanoğlan müəllimi kəndin Dəmirçi məhəlləsində, çay fabrikinin yanındakı çayxanada qəfil yaxaladım. Özü də məəttəl qaldı. Məni görəndə gözü kəlləsinə çıxdı, sevincindən bilmədi nə eləsin. Çox yalvar-yaxar elədi ki, evə gedək, axşam bizdə qalaq. Amma vaxtım olmadığına görə razılaşmadım. Çayxanada çay içib, dərdləşdik və sonra da mən üzü Füzuliyə tərəf maşınla yol aldım...
   
   ... Nə isə... çox ağır itkidir mənim üçün Xanoğlan müəllimin dünyasını vaxtsız dəyişməyi!.. Ən azından ona görə ki, onun oğlunun toyunda bir yerdə ola bilmədik, balalarının sevincli anlarını görmədi. İndi onun 2 oğlu ali məktəbdə oxuyur. Ataları Xanoğlan müəllim kimi çox tərbiyəli, qanacaqlı və savadlı uşaqlardılar. Xanoğlan müəllim ömrünün sonuna qədər həm seçdiyi müəllim peşəsinə, həm də müğənniliyə sadiq qaldı. Heç birisin küsdürmədi.
   
   Ona görə küsdürmədi ki, bu ürəyin sahibi elə belə də olmalı idi. Bu ürəyin sahibi bu dünyadan Allahın dərgahına tər-təmiz köçdü. Yəni heç kimin toyuğuna "kiş" demədi, adi qarışqanı belə tapdalamadı. Kiminsə qəlbinə dəyən bir söz belə demədi. Sadəcə olaraq, öz ömrünü yaşadı və təmiz bir ziyalı adı qoyub getdi. İndi bu ömür onun iki oğlunun ömründə davam eləyir. Onsuz da biz ataları, babaları ölümdən sonra yaşadan oğulların və nəvələrin ömrüdür. Bu ömür isə nə vaxta qədər davam eləyəcək onu demək olmaz. Bircə onu demək olar ki, təmiz, vicdanlı, saf adamlar həmişə yaşayır...

TƏQVİM / ARXİV