adalet.az header logo
  • Bakı 20°C

Əfqan Qafarlı: "...nədənsə jurnalistikada ilizib qaldım..."

18448 | 2012-06-09 08:27
Müsahibim modern.az saytının redaktoru Əfqan Qafarlıdır.
   
   - Qəzetimizin oxucularına özünüzü necə təqdim edərdiniz?
   
   - Qarabağda - Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub, boya-başa çatmışam. 1993-cü ilin işğal faktoru mənim də həyatımda silinməz izlər qoyub. Hərbi xidməti başa vurandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasını) bitirmişəm. Jurnalistlik fəaliyyətinə 1998-ci ildə "Elita" qəzetində başlamışam. 2000-ci ildən sonra "Bu gün", "Yeni yüzil", "Xalq Cəbhəsi", "Cümhuriyyət", "Üç nöqtə", "Xəzər" qəzetlərində çalışdım. 2009-ci il sentyabrın 1-dən Modern.az saytının redaktoruyam.
   
   - Mümkünsə mətbuata gəlişinizdən danışardınız.
   
   - İxtisasca jurnalist deyiləm, İdarəetmə fakültəsini bitirmişəm. İnstitutda oxuduğum zamanda - 90-cı illərin ortalarında Azərbaycanda yeni müstəqil media orqanları yaranırdı. Mənim də yazı-pozuya həvəsim vardı. Əksər tələbələr kimi maddi sıxıntılarım olsa da, hər gün qəzet oxumadan keçinə bilmirdim. Oxuduğum Politologiya İnstitutunun tələbələri arasında o zaman ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, mətbuat sahəsində çalışanlar çox idi. Aktiv bir qəzet oxucusu olan mən də tələbə yoldaşlarımın vasitəsilə məqalələrimi ara-sıra mətbuat orqanlarında dərc etdirirdim. O zaman təhsil almaqla yanaşı, həm də maddi problemləri qarşılamaq üçün müxtəlif işlərdə çalışırdım. Hətta tələbə olmağıma baxmayaraq, müəllimliyə də işə düzəldim və institutda oxuya-oxuya bir il ərzində orta məktəbdə, sonra da internatda dərs dedim. Yaxşı müəllim kimi etimad qazansam da, baxdım ki, bu iş mənlik deyil. Həm müəllimə qəpik-quruş verirdilər, həm də görürdüm ki, dərs deməyə hövsələm çatmır, məcburiyyət qarşısında çalışırdım.
   
   İşdən çıxmaq istəyəndə mənə məktəbdə direktor müavinliyi də təklif etdilər. Dedim ki, yox, mənlik deyil.
   
   Dediyim kimi, o zaman institutumuzdan mediaya bir axın var idi. Mən də qəzetlərdə iş axtaranda dostlardan biri çalışdığı "Elita" qəzetinə dəvət etdi. Onda həftəlik "Elita" ictimai-siyasi qəzet kimi az-çox tanınırdı. Başladım orada sosial yazar olaraq çalışmağa. Sonralar müxtəlif səbəblərdən bir neçə dəfə iş yerimi dəyişdim. Beləcə artıq 14 ildi bu sahədəyəm. Arada ixtisasıma uyğun başqa işlər də çıxdı, amma nədənsə jurnalistikada ilişib qaldım...
   
   - Modern.az kimi populyar bir saytda redaktor işləmək çətin deyil ki? Ümumiyyətlə, hansı problemlərlə və çətinliklərlə qarşılaşırsınız?
   
   - Çətinliklər həmişə, hər yerdə olur. Onlayn saytın işi elədir ki, daim gərgin rejimdə çalışmalı olursan, o da ki ola redaktorun işi. Oxucu xəbər, müsahibə, reportaj gözləyir. Bunu təmin etmək lazımdır. Modern.az "copy paste jurnalistikası" ilə məşğul deyil. Biz informasiya istehsal edirik, çalışırıq ki, oxucuya, hamının verdiyi gündəm xəbərləri ilə yanaşı, ondan da çox özəl materiallar təqdim edək. O mənada əlbəttə, çətinliklər var, üzərimizdə məsuliyyət hiss edirik. Bütün günü arı kimi işləməlisən. Ümumiyyətlə iş olan yerdə çətinlik də olmalıdır və işin xatirinə onları aşmaq zorundasan.
   
   Modern.az fəaliyyətə başlayanda burada əsas iş mənim üzərimdə qurulmuşdu. Mövzuların seçimi, materialları redaktə etmək, korrekturasına fikir vermək, sayta yerləşdirmək, şəkilləri yükləmək, eyni zamanda bunlarla yanaşı, həm də arada vaxt edib yazı yazmaq, operativliyi gözləmək, gündəmi əhatə etmək...
   
   İlk vaxtlar eyni vaxtda bir neçə işi yerinə yetirmək, sözsüz ki, zor idi. Amma saytı populyarlaşdırmaq üçün yığcam kollektivlə bu çətinliklərə dözməli olduq.
   
   Bu gərginlik indi də qalır. 2009-cu ilin sentyabrından Modern.az fəaliyyətə başlayıb, o vaxtdan indiyədək vaxt tapıb iki gün dalbadal dincələ bilməmişəm. Hətta bayramlarda da əməkdaşlarımız istirahətə gediblər, amma saytın işinə əsas cavabdeh kimi mən həmin vaxtlarda, eyni zamanda bazar günlərində də işləməli oluram. Əvvəllər çalışdığım redaksiyalarda da bilirlər, xarakterim elədir ki, nə vaxtsa "xaltura" etməyə çalışmıram, işə məsuliyyətlə yanaşıram.
   
   - Son vaxtlar qəzetlərin populyarlığının azalmasını və internet medianın önə çıxmasını nə ilə əlaqələndirirsiniz? Sizcə qəzetlər öldümü?
   
   - Yox, qəzet ölmədi və inanmıram ki, klassik qəzet, çap mətbuatı nə vaxtsa tamamilə sıradan çıxsın. Əgər jurnalistika yaradıcılığı üçün normal şərait, sağlam rəqabət mühiti olacaqsa, sayı seyrəlsə belə, kağız qəzet tam mənada sıradan çıxmayacaq. Azərbaycan qəzetçiliyinin öz ənənəsi var. Bu ənənəni möhkəmlətməklə, yeni ideyalar, layihələr tətbiq etməklə, etibarlı informasiya verməklə ciddi qəzetləri saxlamaq olar.
   
   Son vaxtlar bütün dünya mediasının əsas müzakirə obyektindən biri elektron mətbuatın çap mətbuatını sıradan çıxara biləcəyi məsələsidir. Amerika, Türkiyə, Rusiya mediası inkişaf baxımından bizdən xeyli öndədir, onlarda internet mediası daha sürətlə inkişaf edir, amma oxucu inamı qazanmış ciddi qəzetlər də qalmaqdadır.
   
   Azərbaycan da dünyanın bir parçasıdır, bizdə də belə olacaq.
   
   O ki qaldı qəzetlərin populyarlığının azalması və internet medianın önə çıxmasına, bu, ilk növbədə xəbər saytlarının daha çevik və operativ olmasından irəli gəlir. Müşahidələr də onu göstərir ki, oxucu operativlik tələb edir, hər şeydən tez xəbər tutmaq istəyir. Belədə əlini televizorun düyməsinə basır, almaq istədiyi xəbəri oradan eşitməyəndə internet mediasına üz tutur. İnternet mediası isə o iqtidardadır ki, xəbəri mətnlə yanaşı, foto, videomateriallar əlavə etməklə verə bilir. Bu da onun qəzet, hətta telekanaldan üstünlüyü deməkdir.
   
   - Azərbaycanda internet media hansı mövqedədir? İnternet medianın durumu və populyarlığı sizi qane edirmi?
   
   - Azərbaycanda internet mediası o mövqeyə çatıb ki, onun oxucu auditoriyası çap mətbuatının oxucu kütləsini geridə qoyub. Artıq internet KİV-lərin ictimai rəyə, hadisələrə təsiretmə gücü də önə çıxıb. İndi rəsmi qurumlar, ictimai, siyasi təşkilatlar da elektron media ilə hesablaşmalı olur, onunla işləməyə daha çox meyl göstərir.
   
   Bu gün internet portalları hər yaş qrupundan olan və ən müxtəlif peşələrdə çalışan insanlar oxuyurlar.
   
   Bir sözlə, internet mediası getdikcə populyarlaşır, amma onun durumu barədə birmənalı fikir söyləmək olmaz. Burada müxtəlif problemlər var.
   
   - Saytınızda müxtəlif mətbu orqanlarda çalışan qələm adamları yazılar yazır. Sirr deyilsə, müxtəlif imzalarla, müxtəlif dünyagörüşlü adamlarla necə dil tapırsınız? İmza bolluğu bir redaktor kimi sizi yormur ki?
   
   - Bəli, xeyli kənar müəllif saytımızla əməkdaşlıq edir, onların arasında jurnalistlər də var, mətbuatdan uzaq olan şəxslər dəg Məsələn, deputatlar, QHT sədrləri də bəzən bizdə yazılar yazırlar. Əlbəttə, hamı qonorar üçün yazmırg
   
   Dil tapırsınız deyəndə ki, mənim işim həmin müəlliflərin yazılarına baxmaqdan, yeri gələndə redaktə etməkdən ibarətdir. İmza bolluğu deyirsiniz, inanın ki, hələ xeyli kənar müəllifin yazılarından imtina etməli oluruq. Əlbəttə, bu imza bolluğu bəzən yorucu olur, əsəbilik yaradır. Məsələn, müxtəlif siyasi baxışlara malik kənar müəlliflər bəzən elə yazılar göndərib, saytda verilməsini xahiş edirlər ki, baxırsan onun məqaləsində ya hansısa iqtidar, ya da müxalifət funksioneri ilə bağlı təhqir elementləri var. Belə yazılar, jurnalistlərdən də, deputatlardan da, deputat köməkçilərindən də, QHT sədrlərindən də daxil olub. Amma biz onları ya redaktə etmişik, ya da verməmişik.
   
   Bəzən dostlar deyirlər ki, niyə arada sən də köşə yazıları yazmırsan ki, imzan itib-batmasın. Halbuki, vaxt olmur... İnternet mediasında redaktor olmaq dayanmadan o qədər işləmək deməkdir ki... Ən müxtəlif mövzularda, müxtəlif üslublarda yazılmış məqalələri, bəzən də qarmaqarışıq xəbərləri redaktə etmək, press-relizləri "-mışdır; - müşdür" sonluqlarından təmizləmək, gündəmdən geri qalmamaq üçün digər elektron KİV-ləri izləmək yaradıcılığa mane olan şiddətli yorğunluq gətirir...
   
   - Saytınızın fəaliyyətində daha çox nələrə üstünlük verirsiniz? Ümumiyyətlə Modern.az saytını Azərbaycan mediasında hansı mövqedə görürsünüz?
   
   - Çalışırıq oxuculara xəbər, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edək, gündəmi əhatə edək. Çalışırıq özəl materiallara üstünlük verək. Eyni zamanda etibarlı, dəqiqləşdirilmiş informasiya verməyə çalışırıq ki, qazandığımız etimadı itirməyək. Kənardan elə cəlbedici informasiyalar daxil olur ki, amma onları mötəbərliyinə inandığımız mənbəylə dəqiqləşdirmədən dərhal yazıb sayta yerləşdirmirik ki, bizi də mötəbər mənbə hesab edənləri xəyal qırıqlığına uğratmayaq.
   
   Məsələn, "Eurovision-2012" ərəfəsində çox maraqlı bir informasiya - yarışmanın aparıcılarından biri olan Nərgiz Birk-Petersenin Məleykə Abbaszadənin qızı olduğunu öyrəndik. Bunu günün sonunda öyrəndiyimizdən əməkdaşlar dedilər ki, xəbər başqa KİV-lərə də ötürülə bilər və dərhal yazıb sayta qoyaq. Amma mən araşdırma aparıb tam əmin olmadan xəbəri vermədim. Axırda Nərgizin Facebook-dakı səhifəsini tapdım. O, adını elə yazmışdı ki, çətin ki, kiminsə ağlına elə yazmaq gələrdi. Onun anası ilə birgə şəklini görəndən sonra əmin olub, ertəsi gün xəbəri saytda verdik. Və kifayət qədər də maraqla qarşılandı...
   
   Modern.az-ın Azərbaycan mediası sırasındakı mövqeyinə gəlincə, çoxları deyir ki, ilk "onluq"da varsınız, amma özünütərif kimi çıxmasın, bəlkə də ilk "altılıq"da da yerimiz var.
   
   - Hal-hazırda ölkəmizdə informasiya saytları kifayət qədər çoxdur. Bu sayt bolluğunda Modern.az necə fərqlənir?
   
   - İnformasiya saytları kifayət qədərdi, amma onların hamısını ciddi KİV hesab etmək olmaz. Bunların arasında, informasiya oğurluğu edənlər, "copy paste jurnalistikası" ilə məşğul olanlar, əyləncə xatirinə açılanlar var.
   
   Sayt bolluğunda biz öz xəbərlərimizlə, informasiya istehsalı ilə fəqlənməyə çalışırıq. Bizim üçün bütün mövzular prioritetdir.
   
   - Mediada rəqibləriniz varmı? Hansı saytları və xəbər portallarını özünüzə rəqib hesab edirsiniz?
   
   - İnternet mediasının sırası xeyli genişlənib. Bütün ciddi elektron KİV-lər bir-birlərinə rəqib kimi baxır, o cümlədən də biz...
   
   - Mətbuatımızın hal-hazırkı durumu sizi qane edirmi? Dünya mətbuatıyla müqayisədə bizim mətbuatın vəziyyəti necədir?
   
   - Son illər Azərbaycan mətbuatında müxtəlif istiqamətlər üzrə dinamika var, inkişaf gedir. Dövlət tərəfindən də bu sahəyə yardım olunur. Amma indiki durumun qaneedici olduğunu demək də olmaz. Problemlər az deyil. Maliyyə çətinlikləri, jurnalistlərin sosial problemlərinin olması, kimdənsə asılı vəziyyətə düşmələri, medianın reklam bazarı tapa bilməməsi, sözsüz ki, mətbuatın inkişafına təsirsiz ötüşmür.
   
   Dünya mətbuatıyla müqayisə deyəndə, bu bir qədər ümumiləşmiş ifadədir. Ona görə də, ümumiləşmiş bir cavab vermək olar ki, media hansısa xüsusiyyətlərinə görə bütün ölkələrdə bir-birindən fərqlənir. Təbii ki, Azərbaycan mətbuatı da başqa ölkələrin mediasından fərqlənir. Amma jurnalist üçün ən ümdə məsələ professional borcu yerinə yetirməkdir.
   
   Bəlkə də Azərbaycan mediası ona vurulan və daşımağa məcbur olduğu "reket" damğasına görə, dünya mətbuatından fərqlənir. İnanmıram ki, hansısa ölkədə bizdəki qədər "reket qəzetlər" olsun.
   
   - Azərbaycanda jurnalistika ilə məşğul olmaq sizə hansı perspektivləri vəd edir? Ümumiyyətlə hal-hazırda jurnalistin durumu sizi qane edirmi?
   
   - Jurnalistikanın perspektiv vəd etməsi bir az qəliz məsələdir. Azərbaycanda hər bir media quruluşunda bir və ya bir sıra çatışmazlıq var. Hansısa redaksiyanın komfortlu şəraiti hələ jurnalistin durumunun yaxşı olduğuna dəlalət etmir.
   
   Amma jurnalist üçün ideal şərait həm də onun fikrini azad, sərbəst ifadə edə bilmək imkanın olmasıdır, kiminsə hədələrinə məruz qalmamasıdır, yaxşı maaş, ortaya qoyduğu hansısa yazının müqabilində mükafat almasıdır, əmək müqaviləsi ilə işləməsi, əmək qanunvericiliyində təsbit olunan qaydada məzuniyyətə çıxa bilməsidir. İdeal şərait jurnalist həmrəyliyinin olmasıdır, "reket" jurnalistikasının kökünün kəsilməsidir.
   
   Sözsüz ki, bunlar ancaq jurnalistika ilə deyil, cəmiyyətimizə bağlı problemlərdir. Jurnalist də cəmiyyətin bir nümayəndəsi olduğundan cəmiyyətin yaşadığı problemlərdən əziyyət çəkir.

TƏQVİM / ARXİV