Andıra qalmız Andorra

ETİBAR CƏBRAYILOĞLU
46839 | 2012-06-09 08:27
Ötən il "Avrovison"da əla oxuduq. Almaniyada necə oxuduqsa səsimiz bütün Avropaya yayıldı. Məharətimizi görəndən sonra yaxşı oxuyanları seçən "Avrovision" mahnı yarışmasını keçirmək işini bizə tapşırdılar. Bakıdakı "Avrovision" bir tozanaq qopardı ki, gəl görəsən. İnsafən pis də alınmadı. Təşkilatçılıq öz yerində, ev yiyəsi kimi oxumağımızı da bəyəndilər. Avropanın minnəti olsun, nə bəhanə gətirib Alim Qasımovu bəyənməyəcəkdilər ki...
   
   Sözümün canı var. Bizim oxumaq bacarığımıza şübhə edənlərin özlərində 37 səhv taparam. Amma oynamaq məsələsində dilim bir qədər qısadı. Berti Foqtsu ilk dəfə Azərbaycana gətirən təyyarənin təkəri qırılaydı... Biz dedik ki, məşhur oynayandı, titulu-zadı var, dünyada az-maz tanınır. Gəlib bizə də oynamaq öyrədər. Necə deyərlər, keçəl dönər yeyər, puluna minnət. Amma bu nemes başımıza oyun açdı. Dönər nədi, "Koroğlu" kababından, dana basdırmasından və dəvə qutabından basıb yedi, oynamaq da öyrətmədi. Elə elədi ki, bildiklərimiz də yaddan çıxdı. Yaponiya millisi ilə yoldaşlıq oyununa çıxan yoldaş futbolçularımız bir-iki dəfə karate fəndi işlədincə bir də gördülər ki, hakimin fiti çalındı, görüşün vaxtı bitdi. Foqts gələndən aldığımız məğlubiyyətlərin biri də artdı. Yığmanın sükanı Foqtsa tapşırılandan əməlli-başlı geriləmişik. Almaniya, Portuqaliya, Polşa, Avstriya, Rusiya kimi komandalara uduzmaq cəhənnəm, andıra qalmış Andorranı da uda bilmirik. Oynamağı bacarmırıq da, güc deyil ki...
   
   Babək bizim tərəflərdə neçə-necə kadrı icra başçısı qoyub, bizim Koroğlunun qarnını doydurmaq üçün 7-8 qazan plov bişirilib, mindiyi Qıratın tozuna çatan olmayıb. Həyat yoldaşı Nigar dəlilərə qoşulub döyüşüb. Bozatın belindəki Qaçaq Nəbi də çox şücaət göstərib. Qaça-qaça atdığı güllənin biri də boşa getməyib. İlişəndə də can yoldaşı Həcər gəlib onu tutuqlandığı filan saylı cəzaçəkmə müəssisəsindən qaçırıb.
   
   Amma indi nemesin düzəltdiyi komanda cırtdan Andorranın qarşısında aciz qalır. Gör dünyanın harasıdı ki, andıra qalmış Andorra Azərbaycandan qopardığı bir xala görə FİFA reytinqində 6 pillə irəliləyir. Babək sağ olsaydı çoxdan Foqtsun dərisinə saman təpmişdi. Koroğlu baş məşqçini basardı yeni boşaltdığı plov qazanının içinə, ağzını da möhkəm örtüb oturardı üstündə və yeni plov qazanı sifariş verərdi. Qaçaq Nəbi bu gün sağ olsaydı Foqtsun başına elə oyun açardı ki, alman baş məşqçi "Kapital"ı əzbər danışardı.
   
   Andıra qalmış Andorra boş yerə bu isti havada yadıma düşmədi. Futbol üzrə növbəti Avropa Çempionatına start verilməsi dərdimi təzələdi. Dünən gecədən qitənin bütün diqqəti topdadı. Ukrayna və Polşaya top atıblar, oralardakı camaat da bolluca kef edir. Berti Foqtsun mərhəmətindən biz də uzaqdan baxırıq. Bilmirəm Foqts daxil olmaqla Almaniya bizdən nəyin acığını çıxır...
   
   Almaniya demişkən, dünəndən hər yerdə- "Ədalət"in dəhlizində, avtobusda, dükanda-bazarda, yas mağarında, şadlıq evində qızışan futbol mübahisələrində bu ölkənin adı daha çox hallanır. Futbol azarkeşlərinin əksəriyyəti belə hesab edir ki, Almaniya millisi bu Avropa Çempionatının qalibi olacaq. Topdan az-maz baş çıxaran adam kimi almanların həmişəki kimi yetərincə güclü komanda təşkil etdiklərini bilirəm. Onu da bilirəm ki, müasir futbolda maraqlı bir ifadə yaranıb- Futbol 22 nəfərin 90 dəqiqə oynadığı və sonda almanların qalib gəldiyi oyundu. Bütün bunlara baxmayaraq, çox istərdim bu dəfə qalib Almaniya yığması olmasın. Bizi oynamaqdan məhrum edən Foqtsun acığına...
   
   Qoy bu dəfə İspaniya, Portuqaliya, Hollandiya, Fransa Avropa Çempionu titulunu qazansın. Almaniya məğlub olub suyu süzülə-süzülə geri dönsün. Bəlkə mənim ürəyim onda bir balaca soyuya.
   
   Bütün Avropanın 4 il boyunca maraqla gözlədiyi çempionat hələ dünən başlayıb. Görək nə olur. Ukraynadan və Polşadan fərqli, buralarda hamı televizorun qarşısında oturub oyunları seyr edəcək. Yaman qorxuram. Qorxuram ki, azarkeşlərin başı Ukraynada və Polşada başlayan Avropa Çempionatına qarışa və köşəmi oxumayalar.
   
   Bunun özü də elə andıra qalmış Andorraya uduzmaq kimi bir şeydi...

TƏQVİM / ARXİV