adalet.az header logo
  • Bakı 18°C

SEVGiNiN çAŞDIRDIğI ADAM - 2

ƏBÜLFƏT MƏDƏTOĞLU
32451 | 2012-06-09 08:27
... Maşın yerindən tərpəndi. Tərpəniş Bakıdan, paytaxtdan səhər-səhər yola düşən maşının tərpənişindən xeyli fərqlənirdi. Aşkarca hiss olunurdu ki, sürücü məclisin bu qədər uzanmasından, onun, üstəlik də xalaoğlusunun araq içməsindən dilxor olmuşdu. Burda da iki səbəb ola bilərdi. Birincisi, təbii ki, sürücünün özünün də araq məclisində "susuz" qalması idi. İkincisi də içkili adamlarla yol getməyin çətinliyi. Axı adətən içənlə içməyənin söhbəti düz gəlmir.
   
   Maşının bu cür yerdən tərpənməsi ona məhz bu xırda məqamları xatırlatdı, amma vecinə almadı. Sanki elə belə də olmalıydı və ürəyindən də keçdi ki, kimə nə dəxli var, pulumu verib, qarnıma araq içimişəm də. Onları ki, xərcə salmamışam. Hələ minnətləri olsun, səhər-səhər qulluqlarında durdum. Gedib rayonda boynubükük qalacaqdılar ki, gözlə tədbir qurtarsın, sonra kimsə sənə bir stəkan çay təklif eləsin. Bunları fikirləşə-fikirləşə gözünü zilləmişdi yola. Heç kim danışmırdı və arağı içmək niyyətinə düşəndə düşünmüşdü ki, içər, fikri dağılar, unudar bəzi məqamları. Və bu yolu yanındakı adamlarla yoldaşcasına, deyib-gülməklə gedib-qayıdar. Görünür istəyi alınmamışdı. Alınmaq bir yana, hələ kefinə bir az da çox soğan doğramışdı, ayağı bir az da çox dolaşmışdı. Bu dolaşıq tərəflərin arasında işıqgələn axtarırdı, tapa bilmirdi. Tapa bilmədikcə də özü özü üçün dözülməz olurdu. Anlayırdı ki, onun bu dözülməzliyi yanındakıları sırf cır almaya çevirib. İçi üz-gözündən oxunuğundan yanındakılar az qala nəfəs də almırdılar. Bu yazıqlar da düşünürdü ki, yəqin içkinin təsirindən xumarlanıb yatar və onlar da mənzil başına qədər bu dilxorçuluğu unudarlar. Nə isə...g
   
   Yol uzandıqca o qızın yaşadığı şəhər də ondan uzaqlaşırdı...yol uzandıqca o şəhərdəki görüş yerləri də xatirəyə çevrilirdi və bu xatirələr sanki ətə-qana dolurdu, canlanırdı, düşüb magistral yola maşının ardınca qaçıb gəlirdi. Özündən asılı olmadan qeyri-ixtiyari çönüb arxaya baxdı. Heç nə görmədi. Gözlərini ovuşdurdu, bir də baxdı və öz-özünə gülümsədi:
   
   - Deyəsən dəli oluram. Əməlli-başlı dəli...
   
   O geriyə baxanda düşünürdü ki, maşının arxasınca xatirələr qaçıb gəlir. Bu gələn xatirələr o qədər çoxdu ki, onu sıxma-boğmaya alanda dözə bilməyəcək. Ya ürəyi partlayacaq, ya da qoşulub xatirələrə qayıdacaq paytaxta. Nə getdiyi ölkə, aldığı tapşırıq həmin anda gözlərinə görünməyəcək. Öz-özünə:
   
   - Nə olur olsun, lap məni işdən qovsunlar fərq etməz. Hər şeyi nəzərə almışam. Təki onun yanına qayıdım...təki onunla üz-üzə, diz-dizə otura bilim...
   
   Yanında əyləşmiş fotomüxbir onun tez-tez çevrilib arxaya baxmasından heç nə anlamadı. Çünki o, arxaya çevrilmədən və sürücünün başı üzərindən asılmış güzgüyə baxmaqla arxada yolun boş olduğunu görmüşdü. Ona görə də həmkarının narahatlığı ona da təsir etdi. İstər-istəməz nə baş verdiyini öyrənmək marağı güc gəldi. Bir az yavaş, amma mehriban bir səslə soruşdu:
   
   - Müəllim, narahatsınız, bir problem yoxdu ki, bəlkə maşını saxladaq?
   
   Onun bu müraciətini sürücü də eşitdi. Dərhal maşını yan tərəfə çəkib saxladı:
   
   - Buyurun, düşün havanızı dəyişin. Dedim axı, səhər-səhər içmək məsləhət deyil. Eybi yox, sözümə qulaq asmadınız, canınız sağ olsun. Rayon havası sizi bir az vursun, hər şey keçib gedər. Adətən paxmel açandan sonra gərək soyuq duş da qəbul edəsən. Siz də paxmeli yolda açdınız. İnşallah, duşu da rayondakı qonaq evində qəbul edərsiniz.
   
   Sürücünün sözləri nə zarafat deyildi, nə də onun üçün elə bir əhəmiyyət daşımırdı. Ona görə də heç bir reaksiya vermədən sakit səslə dedi:
   
   - Maşını sur, gedək. Mənim heç bir problemim yoxdur. Sadəcə qulağıma bir səs gəldi, elə bildim kimsə çağırır. Ona görə dönüb baxdım və baxanda da anladım ki, maşındayam, yol gedirəm. Hə, tərpən, gecikməyək.
   
   Maşındakılar onun bu soyuqqanlılığını, bir az da ədalı hərəkətlərini həzm edə bilməsələr də bir-birinə baxıb yenidən yola düşmək barədə baxışları ilə razılaşdılar. Maşın əsas yola çıxandan sonra o heç nə olmamış kimi fotomüxbirə tərəf üzünü çevirib:
   
   - Müəllim, siz də yaman həssassınız ha. Amma bu dəfə əməlli-başlı yanıldınız. Sizin bu yanılmağınız da yadıma bu günlərdə yazdlığım balaca bir şeiri saldı. İstəyirsiniz sizin üçün deyim onu.
   
   Nə fotomüxbirin, nə də digərlərinin cavabını gözləmədən öz-özünə danışırmış kimi şeiri oxumağa başladı. Səsi nə qədər həlim və kədərli olsa da, heç şeir oxumaq qabiliyyəti yox idi. Amma buna baxmayaraq, şeiri oxudu:
   
   
   
   bu şəhərdə
   
   hər şey qarışıb
   
   bir-birinə...
   
   az qala
   
   sahibi
   
   itini tanımır
   
   parklarda, küçələrdə
   
   yadımdan çıxmamış
   
   deyim birin də
   
   bu şəhərdə-
   
   adam kimi
   
   darıxmaq da olmur
   
   kefin istəyəndə...
   
   
   
   Şeirini bitirib susdu. Sanki onunla yol yoldaşı olanlara bir mesaj verdi. Dedi ki, qoyun, çəkdiklərimi özüm bildiyim kimi çəkim...
   
   
   
   ***
   
   Onlar rayon mərkəzinə çatanda artıq saat 12 idi. Elə tədbiri də saat 12-yə təyin etmişdilər. Rayon icra hakimiyyətinin qarşısına doğru gedən yolda polislər dayanmışdılar. Maşınları dövlət idarəsinə tərəf buraxmırdılar. Hamıya başqa yollardan istifadə etmək təklif olunurdu. Bunu onların dördü də görürdü. Amma heç biri sürücüyə maşını əyləmək barədə heç nə demirdi. Polislərə çatanda onlar işarə verdilər. Sürücü maşını kənara çəkib saxladı və pəncərəni açıb:
   
   - Biz qonağıq, Bakıdan gəlmişik - dedi.
   
   Polislərdən iri gövdəlisi bir az maşina yaxın gəlib özünü təqdim etmədən:
   
   - Xoş gəlmisiniz. Amma bizə göstəriş verilib ki, əraziyə maşın buraxmayaq. Zəhmət olmasa maşınınızı kənara çəkib orada saxlayın - dedi.
   
   Bu vaxt sanki mürgüləyən fotomüxbir pəncərədən polisə səsləndi:
   
   - Rəis, biz jurnalistlərik. Tədbirlə bağlı bizi Bakıdan dəvət ediblər. İcazə ver, biz qonaq evinə gedək. Maşını orda saxlayıb sonra iclas zalına qalxaq.
   
   Polis ona müraciət edənə diqqətlə baxdı. Sifəti tanış gəldi və bir az ötəri də olsa gülümsəyib:
   
   - Hə müəllim, sizi tanıdım. Keçən dəfə də gəlmişdiniz. Mənim də şəklimi vermişdiniz qəzetdə - dedi. Buyurun, sizin gələcəyinizi və maşınınızı digər qonaqların maşınları dayanan yerə buraxmağı tapşırıblar - deyib paqon yoldaşına uca səslə dedi:
   
   - Yoldan çəkil, qonaqlar keçsinlər. Onlar da iclasa gəliblər, jurnalistlərdi.
   
   Sanki bu bir kəlmə böyük bir mükafat oldu. Sürücünün də, tanındığından qürur hissi keçirən fotomüxbirin də sifətləri açıldı, çiçəkləndi. Zarafat deyildi, bu ucqar rayonda onu tanımışdılar.
   
   O isə bayaqdan düşüb piyada getməyə hazırlaşmışdı. Maşını içəri buraxdılar deyə, həvəsdən düşdü. Öz-özünə bir təəssüf hissi yaşadı. Piyada getsəydi, bir az qırışığı açılardı. Ətrafı adam balası kimi seyr edərdi. Amma bu da ona qismət olmadı. Görünür, dünəndən başlayan uğursuzluq sindromu hələ də davam etməkdə idi.
   
   "Uğursuzluq" demişkən, son vaxtlar yazdıqları da elə çox diqqəti çəkmədi. Adətən hər köşə yazısından sonra elektron poçtuna, telefonuna kifayət qədər məktublar gəlir, zənglər olurdu. Bu məktublar da, zənglər də onu qanadlandırır, həvəsləndirir, onun sevgisinə, dünyaya inamını artırırdı. Elə bilirdi ki, həmişə belə olacaq, həmişə tanımadığı oxuculardan, xüsusilə öz oxucularından sevgi şeirlərinə görə aldığı məktublar onu diqqət mərkəzində saxlayacaq və o da bu məktublarla arada bir sevdiyini qıcıqlandıracaq, qısqandıracaq. Eh, burda da yarımadı, bəxti gətirmədi. Görəsən niyə belə olur? Görəsən harda səhvə yol verib? Ha fikirləşir, ha baş sındırır, amma heç bir nəticəyə gəlib çıxa bilmirdi. Qalırdı boşluqda, havasızlıqda... qalırdı sudan çıxarılmış balıq kimi çapalaya-çapalaya.
   
   Bu anlar, bu yaşam onu bərkidir, hisslərini, duyğularını az qala daşlaşdırırdı. Ancaq bu bərkimə də, bu daşlaşma da həsrətə dözmürdü, müqavimət göstərə bilmirdi. Əriyirdi, boğulurdu.
   
   
   
   mən zamanın yükünü
   
   daşıdıqca bərkidim.
   
   güvəndiyim tək sənsən
   
   özgə kimə ərk edim?!
   
   
   
   yer ayağım altında
   
   göy başımın üstündə...
   
   bunları bilə-bilə
   
   incidin də, küsdün də...
   
   
   
   qurduğum dünyaların
   
   özülünü sel yudu
   
   dərdin mənlə qanlıdı
   
   qanı qanla dil yudu...
   
   
   
   nə ocağım közərir
   
   yağan yağışın altda
   
   nə də sözüm göyərir-
   
   indi hansısa qatda!..
   
   
   
   bütün olacaqları
   
   olmuşlar tək çözürəm
   
   ümidimsən - ümidlə
   
   mən hər şeyə dözürəm!..
   
   
   
   ***
   
   Artıq saat 16:00 idi. Tədbir yaman uzun çəkmişdi. Tez-tez bayıra çıxıb qayıtmasına baxmayaraq, bu beş saat ərzində nə özünü ələ almışdı, nə də özünə bu adamların arasında bir yer tapmışdı. Tikan üstə oturmuşdu elə bil. Onun saata tez-tez baxması rəyasət heyətində oturan rəhbərlərin də diqqətindən yayınmamışdı. Bəziləri təəccüblə çiyinlərini çəkmişdilər, bəziləri hətta əsəbi bir baxış da mesajlamışdılar ona. O isə heç nəyə əhəmiyyət verməmişdi. Deyəsən bu gün onunku kobudluq etməkdən gəlmişdi. Səhərin gözü açılandan ancaq özünün yersiz, nizamsız hərəkətləri, davranışı ilə əsəbi qıcıq yaradırdı. Bunu özü də anlayırdı. Amma anlasa da, özünü həmin o durumun içərisindən çəkib çıxara bilmirdi. Buna yalnız sevdiyi kömək edə bilərdi. Həmişə olduğu kimi, bu anında da, bu durumunda da ona qızın nəfəsi, səsi gərək idi, əlləri gərək idi...baxışları gərək idi. Necə olur olsun, o səsə, o əllərə, o nəfəsə doğru tez qayıtmaq, tez dönmək gərək idi. Yoxsa hamının zəhləsini tökdüyü kimi, özü öz zəhləsini də tökürdü...
   
   Elə bil kimsə ona dedi ki, cibindəki telefonunu çıxar. Belə də etdi. Telefonun səsini bağlayıb cibinə qoymuşdu. Halı-huşu özündə olmadığından səssiz saxladığı telefonu zəng gələndə silkələnib məlumat vermə, haray salma halında saxlamamışdı. Ona görə də telefonu açan kimi diqqətini iki cavabsız zəng və bir mesaj çəkdi. Tez zənglərə baxdı. Hər ikisi ondan idi. Sonra mesajı açdı. Bunu da o yazmışdı. Özü də çox əsəbi və həm də kövrək bir şəkildə. Sanki onun halını duymuşdu, onun nələr çəkdiyi hiss etmişdi və yazmışdı:
   
   - Ay insafsız, telefonu niyə açmırsan? Dan yeri sökülməmiş mənə salam-sağol deyib getdin. Urəyimi də apardın. Barı telefona cavab ver, görüm necəsən? Sən nə vaxta qədər məni nigaran qoyacaqsan?..
   
   Adətən o bütün mesajların əvvəlində "canım", sonunda isə "öpürəm" yazırdı. Bu dəfə isə heç birini yazmamışdı. Bu mesaj onu bayaqdan arzuladığı səsə, nəfəsə, əllərə doğru elə qanadlandırdı ki, yerindən necə qalxıb zalı tərk etdiyinin fərqinə varmadı. Elə qapını arxasınca az qala çırparaq addımlaya-addımlaya əzbər bildiyi nömrəni yığdı. Ayağı foyeyə dəyən kimi telefondan həmin o doğma səsi eşitdi:
   
   - Hə, şükür Allaha. Axır ki, bəy vaxt tapdı bizə zəng vurmağa...
   
   Qızın ona nə deməsi, necə deməsi artıq heç nəyi ifadə etmirdi. Heç bir təsir göstərmirdi. Çünki ona bu səs lazım idi, o da bu səsi eşidirdi...

TƏQVİM / ARXİV