adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Alpay Azər: "Yazarların öz aralarında düzmənçilik etmələri mənə çatmır"

20338 | 2012-06-07 09:59
Bakı Slavyan Universitetinin müəllimi, gənc yazıçı Alpay Azərdən qəzetimiz üçün müsahibə almışıq. Həmin müsahibəni sizlərə təqdim edirik.
   
   
   
   -Alpay bəy, uzun müddətdir mətbuatda imzanızı görürük. Mümkünsə özünüz haqqında ətraflı məlumat verərdiniz. Kimdir Alpay Azər?
   
   -1974-cü ildə Bakıda anadan olmuşam, Sankt-Peterburq Dövlət Universitetinin məzunuyam. Beynəlxalq münasibətlər üzrə elmi dərəcəm var. Hal-hazırda Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində dərs deyirəm. Ədəbiyyata 2010-cu ildən nasir kimi qədəm qoymuşam.
   
   -Mən sizi daha çox hekayələr müəllifi kimi tanıyıram. Mətbuatda köşə yazıları ilə, publisistika ilə çıxış etmirsiniz. Bu sırf peşəkar yazıçı olmağı hədəflədiyinizdən irəli gəlir, yoxsa...?
   
   -Bəli, bu sırf peşəkar yazıçı, hekayəçi olmağı hədəf götürməyimlə bağlıdır.
   
   -Hekayələrinizdən hiss olunur ki, ədəbiyyata, yazıya çox həssas, zərgər dəqiqliyi ilə yanaşırsınız. Ümumiyyətlə, ədəbiyyata münasibətiniz, yaxın və uzaq hədəfləriniz nədir?
   
   Nəsrə fanatik sevgim var. Ümumiyyətlə, yaradıcılıq mənim üçün sevgi aktıdır. Hekayə yazmaq müəyyən mənada sevgi ilə məşğul olmaq kimi bir şeydir. Amma yaradıcılıq prosesi mənimçün tək emosional akt deyil. Mən yeddi-səkkiz səhifəlik bir hekayənin üstündə orta hesabla 3-4 ay işləyirəm, öz mətnimə qarşı hədsiz tələbkaram, öz yazdıqlarıma tənqidi, başqa, yad bucaqdan, soyuq başla baxmağı bacarıram. Görünür, siz demişkən, zərgər dəqiqliyi məsələsi elə bununla bağlıdır. Bunu kompliment kimi qəbul edirəm və təşəkkür edirəm. Yaxın hədəfim keyfiyyətli və maraqlı hekayələr yazmaqdır. Daha sonra iri həcmli nəsr əsərləri yazmaq planlarım da var.
   
   -Atanızın da tanınmış qələm adamı olması, sizin ədəbiyyata gəlməyinizə təsir edibmi?
   
   Düzünü deyim, mənim yazıçı olmağımın səbəbi elə atamla bağlıdır. Yəni bu genetik gerçəklikdir. Birinci sinifdə, daha sonra tələbəlik illərimdə cızma-qaralar edirdim, Peterburqda oxuyanda rus poeziyasının gümüş dövründən təsirlənərək primitiv, aşağı səviyyəli şeirlər, ortabab etüdlər yazdığım vaxtlar da olub. Amma ədəbiyyatla ciddi məşğul olmaq istəyim, məncə, atamdan gələn yaradıcılıq genləri ilə bağlı olan məsələdir.
   
   -Qeyd etdiyim kimi, yazıçı ailəsində böyümüsünüz. Azərbaycan mühitində yazıçıya, qələm adamına göstərilən münasibət sizə necə təsir edib? Biganəlik sizi qorxutmur ki?
   
   -Düşünmürəm ki, ədəbiyyata mütləq mənada biganəlik var. Məsələn, tərcümə sahəsində dövlətin ayırdığı diqqət təqdirəlayiqdir. Amma eyni zamanda mən çox istərdim ki, idmana göstərilən diqqət, qayğı ədəbiyatımıza da göstərilsin. Məsələn, Əsəd Cahangir kimi ədəbiyyatşünasın hələ indiyə kimi evinin olmaması xoşagələn hal deyil. Bəyənmədiyim məsələlərdən biri də televiziyalarda ədəbiyyata olan biganələkdir.
   
   -Azərbaycan ədəbiyyatında gedən çəkişmələrdən, bölünmələrdən xeyli uzaq görünürsünüz. Bu polemikalara qatılmamağınızı necə başa düşək? Siz sadəcə yazmağa üstünlük verirsiniz yoxsa qalmaqallardan çəkinirsiniz?
   
   -Mən sadəcə yazmağa üstünlük verirəm. Qalmaqallara gəldikdə isə o, əgər ədəbiyyatın inkişafına, yazarlar arasında peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edirsə, mənasız umu-küsülərə səbəb olmursa, buna normal yanaşıram. Demirəm ki, ədəbiyyat adamları bir-biriləri ilə qardaşlaşmalı, oturub bir-birilərini tərfiləməlidirlər. Amma ədəbiyyat zəminində yazarların öz aralarında düşmənçilik etmələri mənə çatmır.
   
   -Azərbaycan Yazıçılar Birliyinə münasibətiniz necədir? Bu birlikdən gözləntiniz, istəyiniz varmı?
   
   -Münasibətim normaldır. Bir istəyim var, dövlət qurumları AYB-yə diqqəti daha da artırsınlar, yazıçıların minimal sosial problemləri imkan daxilində həll edilsin. Bir də həmişə ev bölgüsü, prezident təqaüdlərinin verilməsi məsələsində ədalət prinsipləri qorunmasını istəmişəm.
   
   -Dünya ədəbiyyatı ilə müqayisədə ədəbiyyatımızın indiki durumu sizə hansı təsiri bağışlayır? Oxuduqlarınız, yazılanlar sizi qane edirmi?
   
   -Düzünü deyim, mənim hətta müasir dünya nəsrini sistematik şəkildə oxumağa vaxtım olmur. Nələrisə oxuyuram, hansısa əsərləri Moskvadan sifariş etdirib əldə edirəm. Kim nə deyir-desin, ədəbiyyatımız, öz inkişaf dövrünü yaşayır. Maraqlı, yeri gələndə, dünya standartlarına uyğun əsərlər yazılır. Müsahibələrimin birində demişdim, vaxt gələcək indi yazılan bəzi əsərlərə, tamamilə başqa, yeni bucaqdan baxılacaq.
   
   -Ədəbi müsabiqələr, mükafatlar Azərbaycan ədəbiyyatında nəyə xidmət edir? Siz bu müsabiqələrə necə münasibət bəsləyirsiniz?
   
   -Müsbət yanaşıram. Fikir vermisizsə, "Ədəbi azadlıq" hekayə müsabiqəsində ildən-ilə mətnlərin səviyyəsi artmaqdadır. Bir nüansı qeyd edim, müsabiqəyə yazı göndərən yazar mətnə xüsusi tələbkarlıqla, məsuliyyətlə, rəqabət hissindən çıxış edərək yazır. Nəticədə keyfiyyətli əsərlər oxuyuruq. Eləcə də Milli Kitab Müsabiqəsini, kultaz.com mədəniyyət portalının keçiridiyi Nəsimi ədəbi müsabiqəsini yüksək qiymətləndirirəm, bu müsabiqə yeni istedadlı yazarların ortaya çıxmasına şərait yaradır.
   
   -Hal-hazırda ədəbiyyatımızda oxuduğunuz, bəyəndiyiniz müəlliflər kimlərdir?
   
   Oxuduğum və bəyəndiyim nasirlər: İsa Hüseynov, Əkrəm Əylisli, Anar, Kamal Abdulla, rəhmətlik Rafiq Tağı, Məmməd Oruc, Elçin, Azər Abdulla, Saday Budaqlı, Aslan Quliyev, Azad Qaradərəli, Əli Həsənli, Əlabbas, Aliq Nağıoğlu, eyni nəsildən olduqlarımdan İlqar Fəhmi, Orxan Fikrətoğlu, Fəxri Uğurlu, Şərif Ağayar, şairlərdən bəyəndikərim Ramiz Rövşən, Vaqif Bayatlı, Səlim Babullaoğlu, Rasim Qaraca, Qismət, Əlizadə Nuri, Elnaz Eyvazlı, Rəbiqədir. Gənclərdən Şəhriyar Del Gerani, Cavid Zeynallının nəsrini, Fərid Hüseynin esselərini bəyənirəm. Sənin kədərli, səmimi reportaj xarakterli publisistik yazılarını həvəslə oxuyuram.
   
   

TƏQVİM / ARXİV