adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BÖYüK QONAğA DiVERSiYA "QONAQLIğI"...

BABƏK YUSİFOĞLU
21271 | 2012-06-06 08:21
Bir müddətdir ki, Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza gözlənilən səfəri nəhayət ki, reallaşdı. Proqramda nəzərdə tutulduğu kimi, Klinton turneyə ilk olaraq Ermənistandan başladı. Deyildiyi kimi, dövlət katibinin bu vizitində regionla bağlı bir sıra ciddi məsələlər müzakirə obyektinə çevrilməliydi: demokratik proseslərin inkişafı, regional münaqişələr, iki tərəfli əməkdaşlığın inkişafı, İran ətrafında baş verən proseslərin müzakirəsi. Lakin ermənilər bu dəfə də vəziyyətdən çıxmaq üçün hiyləyə əl atmağı lazım biliblər... Bu haqda bir qədər sonra.
   
   Bir sıra ekspertlər belə hesab edir ki, bu səfər Cənubi Qafqazda bəzi məsələlərin həllində böyük təkan olacaq. Ən başlıcası isə bölgə ölkələrinin İranla bağlı mövqelərinə aydınlıq gətiriləcək. Onlara görə, əslində Vaşinqton üçün hazırda Cənubi Qafqazın problemləri İrandan daha önəmli yer tutmur. Şərhçilərə görə, İran məsələsində Gürcüstanla Azərbaycanın vəziyyəti şərhsiz və izahsız da Ağ evi qane edir. Çünki Bakı ilə Tehran arasında münasibətlərin son dövrlər gərginləşməsi, tərəflərin qarşılıqlı sərt bəyanatları özü-özlüyündə hər şeyi göz önünə qoyur.
   
   Heç Tiflisin də bununla bağlı elə bir ciddi narahatlığı görünmür. Çünki Gürcüstan İranla quru və ya su sərhədlərinə malik deyil və bu üzdən də nisbətən "kənar qonşu" rolundadır. Bununla yanaşı, ölkələr arasında iqtisadi əlaqələrdə qeyri-adilik mövcud deyil. Amma bütün bunlara baxmayaraq gürcü tərəfinin narahatlığı böyükdür. Çünki Tiflisin başda Amerika olmaqla Qərblə sıx əlaqələri, Vaşinqtonun bu ölkəni birbaşa himayə etməsi, NATO ilə artan əməkdaşlıqlar... Gürcüstanı da təhlükəli zonaya salır. Haqlı olaraq belə hesab edilir ki, İran nə Əfqanıstan, nə də İraqdır. Özü də Tehran sərt şəkildə bir neçə dəfə bəyan edib ki, İran üzərinə hücum baş verərsə onlar Amerikanın müttəfiqlərinə sarsıdıcı zərbələr endirəcəklər. Hərbi məsələlər üzrə tanınmış ekspert Mamuka Nebieridze bildirib ki, İran məsələsində Gürcüstan yalnız humanitar dəhlizlərin yaradılması prosesində iştirak edə bilər. Amma bu da təhlükəni kənarlaşdırmaq üçün kifayət etməz.
   
   Ermənilərin Klintonun səfəri zamanı hiyləyə əl atmasına gəlincə onu qeyd etmək lazımdır ki, bu vizitə çox yüksək səviyyədə hazırlıq aparılıb. Müəyyən təxribatçı tədbirlər planlaşdırılıb. Nəyin nə vaxt baş verəcəyi, sonra hansı bəyanatların veriləcəyi və s. dəqiqliklə nəzərə alınıb. Cəbhə bölgəsindəki diversiya da bunun tərkib hissəsidir. Yəni, bu diversiyaya dövlət başçısı səviyyəsində göstəriş verildiyi aydın nəzərə çarpır. İnformasiya mənbələrinin veriyi xəbərlərdə bildirilir ki, Dağlıq Qarabağa aid olmayan ərazilərdən - Qazax rayonu istiqamətində ermənilərin diversiya qrupları Azərbaycanın mövqelərinə soxulmağa cəhdlər edərək, situasiyanı bilərəkdən gərginləşdirməyə başlayıblar. Azərbaycan Silahlı Qüvvələrin əks zərbələri ilə düşmən geri oturdularkən itki veriblər. Azərbaycan ordusundan da həlak olanlar var. Bundan istifadə edən erməni siyasiləri Hillari Klintonla danışıqlarda bu faktları qabardaraq Azərbaycanın əleyhinə bacardıqları dezinformasiyaları püskürüblər.
   
   Əslində ermənilərin bu hiyləsi altında təkcə Bakını günahkar bilmək, özünü isə məzlum göstərmək deyil. Burada daha qlobal siyasi bicliklər gizlənib. Belə ki, Yerevan sərhəddə bu cür diversiyalarla aranı qarışdırıb ABŞ dövlət katibinin diqqətini ona yönəltməyə çalışır ki, Bakı müharibəyə can atır, bunun üçün hərbi büdcəsini yüksəldir, silahlanır. Ona görə də böyük dövlətlər bunun qarşısını almalıdırlar. Biz bilirik ki, dəfələrlə Ermənistan tərəfi atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mövqelərinə hücuma keçmiş və itkilər verərək geri oturdulmuşdur. Amma bunların heç birində Yerevan itkilərini etiraf etməyib. Bu dəfə isə insidentdən dərhal sonra müxtəlif səviyyələrdə atışmada ölənlərin adları belə açıqlanıb. Yeri gəlmişkən, əgər ermənilərin bu diversiya faktı əsaslı surətdə araşdırılsa, daha çox təxribat faktları üzə çıxa bilər.
   
   İkincisi, belə silahlı insidentlərlə Ermənistan İranla olan çox sıx əlaqələrini arxa plana keçirməyə cəhd edir. Çünki Ermənistandan mütəmadi olaraq İrana qeyri-qanuni məhsullar, mallar keçirilir, narkotika daşınır. Yerevanla Tehranın gizli və aşkar əlaqələri günü-gündən böyüyür. Bir müddət əvvəl Ermənistanla İranın ən yüksək səviyyədə görüşü planlaşdırılsa da məhz Klintonun bu səfərinə görə həmin görüş təxirə salındı. Hətta bu haqda bəzi mətbu orqanlar da yazmışdı. Çox güman ki, bununla bağlı Qərbdən ermənilərə ciddi bir qulaqburması gəlməsə Yerevan yaxın vaxtlarda təxirə salınan həmin görüşü reallaşdıracaq.
   
   Çox yəqin ki, Bakı da öz mövqeyini aydın şəkildə masaya qoyacaq. Ermənilərin diversiyaları ilə bağlı faktlar da önə sürüləcək. Amma biz artıq bilirik, yalana inanmaq istəyəcəklərsə bizim dediyimiz həqiqətləri yox, ermənilərin yalanları əsas tutulacaq. Bunu özləri bilər. Amma çox yaxşı olar ki, dünyanın supergücü sayılan bir dövlətin dövlət katibindən iki sadə məsələyə aydınlıq gətirilməsi tələb olunaydı. BMT-nin, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların erməni qoşunlarının işğal etdiyi ərazilərdən çəkilməsini istəyən qətnamələrə, beynəlxalq sənədlərə Ermənistan niyə əməl etmir? Özünü dünyanın insan hüquqlarının ən böyük müdafiəçisi bəyan edən ABŞ ermənilər tərəfindən öz evlərindən qovulan bir milyon azərbaycanlı qaçqının hüquqlarını niyə müdafiə etmir? Məgər ermənilər bu insanların evi, torpağı ilə yanaşı onların insana məxsus hüquqlarını da əllərindən alıb?
   
   Çox yəqin yenə, həmişə olduğu kimi ATƏT-in missiyasından dəm vurulacaq, dəyəri bir qara qəpik olmayan çoxlu ütülü sözlər danışılacaq. Əgər yenə belə olacaqsa, onda elə Klintonu-milintonu da, beynəlxalq təşiklatın sənədlərini də, ermənilərin nə dediklərini də... boş vermək lazımdı. Qollarımızı çırmayıb bir dövlət kimi, bir millət kimi, torpağın erməni dığalarından təmizlənməsi üçün nə gərəkdirsə onu etməliyik...

TƏQVİM / ARXİV