adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MüHACiRƏTDƏ BiTƏN ÖMüR...

BABƏK YUSİFOĞLU
45037 | 2012-06-05 07:55
Nə üçünsə mənə elə gəlir ki, şairlər, yazıçılar, yaradıcı adamlar bizim dünyamıza başqa bir aləmdən gəliblər və burada onlar sürgün həyatı yaşayırlar. Bir qədər başqa cür ifadə etsəm, yəni onlar bizim gerçək sandığımız bu dünyada qəribdilər. Sanki onlar hamı kimi doğulduqları, yaxud özlərinin seçdikləri bir yerdə deyil, Böyük bir hökmün iradəsi ilə göndərilmiş məkanda narahat bir həyatı sürdürürlər. Və məncə yaratdıqları nə varsa bu narahatlıqlardan süzülüb gəlir. Əlbəttə, bunları boş iddiaçılar üçün deyil, sözün əsl mənasında gerçək istedad sahibləri haqqında düşünürəm.
   
   Nə bilmək olar, bəlkə mən düşüncələrimdə haqlıyam, onlar doğrudan da mövcud olduqları yerdə ruhən qəribdirlər. Amma elələri də var ki, onların taleyinə ikiqat qəriblik düşüb bu həyatda. Yəni, dost-doğma yerlərdə yaşamaq onlara yasaq edilib və bu şəxslər sürgünlük ömrü sürüblər. Mənim aləmimdə bu şəxslər isə ikiqat sürgün, mühacir həyatı yaşayanlardı. Buna dözməkmi olar?!. Amma onlar dözüblər. Öz əsərləri ilə birgə dözüblər... Məşhur türk yazarı Fahri Erdinç kimi.
   
   Bəlkə də elə bu üzdən idi, onun bir çox yazılarında həmin qəriblik duyğusu, mühacirətin açı qoxusu duyulur. Fahri bəy Vətənindən getdi... Özü ilə bərabər ana dilini, Vətəninin özü boyda bir parçasını, türk ovqatını, bir də yalnız özünə məxsus istedadını apardı...
   
   (Əvvəli qəzetin 22 may sayında)
   
   
   
   ...Bu istək getdikcə qəlbinə elə hakim kəsilməkdəydi ki, o hətta oxuduğu dövlət konservatoriyasını tərk etmək qərarına gəlmişdi...Və müəllimi gəncə dur demədi və söylədi:
   
   -Çaba göstər! Və bataqlıqdan qorxma!
   
   Əslində bu, Fahri Erdinçin Səbahəddin Ali ilə son görüşü idi. Çünki onlar beləcə ayrıldılar və tale onları bir daha üz-üzə gətirmədi.
   
   Amma qəribə də olsa o, yenidən kəndə qayıdaraq müəllimliyini sürdürdü. Bildiklərini kənd uşaqlarına öyrətmək üçün nəyi vardısa ortaya qoydu. Ümumiyyətlə, Fahrinin bu illərdəki həyatının yalnız müəllimliyə həsr olunduğunu söyləmək mümkün deyil. Dörd il sürən hərbi xidmətə də elə həmin dövrlərdə yollanmışdı. O, kənddə yaşamağa davam edə bilməyəcəkdi. Doğrudan da bir müddət sonra Fahri kəndi tərk etdi və yenidən Ankaraya döndü. Və bu dəfə onun şəhərdəki həyat mücadiləsi daha da sərtləşdi.
   
   Yaşamaq üçün ilk növbədə özünə iş tapmalıydı və bu o vaxtın Türkiyəsində elə də asan məsələ deyildi. Lakin Faxri Erdinç bütün bunların öhdəsindən gəlməyi bacardı: tikintidə çalışdı, Ankaranın, eləcə də İstanbulun ən müxtəlif qəzet və nəşrlərində repartyor, radiolarda diktor, aktyor kimi fəaliyyət göstərdi və eyni zamanda yaradıcılığından da geri durmadı. Reportajlar, radiopyeslər, hekayələr, şeirlər yazdı.
   
   Onun ilk şeirlər kitabı çapdan çıxanda Fahrinin 28 yaşı vardı. Və bununla da gənc yazar artıq arzusunda olduğu ilk addımını atmışdı. İnsanlar onun bədii təxəyyülündən süzülüb gələn şeirləri ilə tanışlığa başlamışdılar. Və belə demək mümkünsə, Fahrinin kitabını uğurlu hesab etmək olardı. Buradakı şeirləri hətta o dövrün ədəbi tənqidinin də diqqətini cəlb edə bildi. Həmin vaxtın tanınmış tənqidçilərindən biri Fahrinin kitabını oxuyandan sonra onun şeirlərini özünə axar arayan bir çayla müqayisə etmişdi.
   
   
   
   HƏBS VƏ...
   
   
   
   Əslində Erdinç bu kitabındakı yazılarında demək istədiklərinin çox cüzi bir hissəsini oxuculara söyləyə bilmişdi. Çünki ictimai-siyasi durum çox şeyin qarşısına ağır sədlər çəkmişdi. Yəni Fahri Erdinç və onun mənsub olduğu ədəbi nəslin nümayəndələri ədəbiyyata arzularıyla mövcud həyat gerçəkliyinin daban-dabana zidd olan bir ədəbi mühitdə gəlmişdilər. Bir çoxları daha irəli getdikləri üçün hətta dəmir barmaqlıqlar ardından dünyaya baxmaq məcburiyyətində qalmışdılar. Nazim Hikmət kimi poeziya nəhəngi təqiblərdən qurtula bilmirdi. Elə Fahri Erdinç də bu cür qismətdən uzaq görünmürdü...
   
   Belə də oldu. Günlərin birində Fahri Erdinç reportyor kimi Ankaradakı rus Ağ qvardiyaçılarına aid - "Karpıç" adlandırılan bahalı bir restoranda vacib bir şəxslə görüşməyə getsə də onu içəriyə buraxmadılar. Məlum oldu ki, restoranda amerikalıların şərəfinə banket verilir. Bu cür münasibəti həzm edə bilməyən Fahri Erdinç qəzəblənərək restoranın qarşısındaca amerikalıları, onları ölkəyə buraxanları, buraxıb da belə üst müamilə yapanları bərkdən söyməyə başladı. Amma tezliklə iki mülki geyimli şəxs ona yaxınlaşaraq qollarını burub özləri ilə götürdülər. Sonra gənc ədibin evində də axtarış aparıldı və Nazim Hikmətin, Rifat İlqazın, Səbahəddin Alinin... kitabları aşkarlandı. Əslində bunlar leqal nəşrlər olsa da qorxulu kitablar sayılırdı. Polislə davranışlarına, bəyan etdiyi fikirlərə görə ona üç aylıq həbs verdilər. Və Fahri burada kommunistlərlə yaxından tanış oldu.
   
   Lakin həbsi onun iş yerinin də itirilməsinə səbəb olmuşdu. Bu da o demək idi ki, həyatda yalnız var olmaq, təzə qurduğu ailəni ayaqda tutmaq üçün çox zorluqlarla qarşı-qarşıya qalmalı olacaqdı. Məcburiyyət üzündən səyyar aktyor truppası yaradıb nəsə eləməyə çalışdı, amma bu elə də asan məsələ deyildi. Bundan sonra Fahri hansı tikinti olursa-olsun imkan verilən yerdə çalışıb çörəkpulu qazanmağa cəhd etdi. Lakin ağır güzəran, çətin yaşam şərtlər heç bitmədi. Hətta bu vəziyyət üzündən həyat yoldaşı belə onunla birlikdə yaşaya bilmədi. Bu məşəqqətli günləri haqqında yazacaqdı: "Necə çaba göstərsəm də, necə çalışsam da heç nə alınmırdı və mən getdikcə bataqlıqda daha çox dərinə batırdım. Nələrdən yapışırdımsa, hamısı əlimin altında parçalanırdı. Yazdıqlarımdansa çox nadir hallarda nəyisə çap etdirə bilirdim. Və aldığım qonorar hətta üç içalat supuna belə çatmırdı". Hələliksə o bu keşməkeşli həyatın içərisindəydi...
   
   GERİ DÖNÜŞ
   
   
   
   1948-ci ildə Fahri Erdinç təsadüfən qəzetdən öyrəndi ki, onun müəllimi Səbahəddin Ali Türkiyə-Bolqarıstan sərhəddini keçməyə cəhd edərkən öldürülüb. Bu artıq onun üçün olduqca ciddi siqnal idi. Çünki onun kimi düşünənlərin aqibəti heç də parlaq görünmürdü. Bu hadisədən sonra Fahri Erdinç də ölkəsini tərk etmək haqqında düşünməyə başladı. Hətta özünün jurnalist vəsiqəsindən yararlanıb sərhəddə qədər gəldi. Və hiss edirdi ki, Bolqarıstana keçməyi də bacaracaq. Lakin son məqamda qərarından vaz keçdi. "Nə idi məni saxlayan? Vətənmi? Anamın qəbiri? Atamın evimi? Oğlum? Yoxsa son aylar ən acı tikəmi bölüşdüyüm qadınmı? Ya bəlkə otağımda stolumun üzərində yarımçıq qalmış əsərim? Yaxud məni saxlayan vicdansızların vicdansızı, naxələflərin ən naxələfi, satqın adlandırılmağımın qorxusuydumu? Ya bəlkə bu, bir daha geriyə qayıda bilməyəcəyimin və qərib yerlərdə ölməyimin nigarançılığı idi? Bilmirəm. Mən İstanbula qayıtdım".
   
   Bəli, o zaman Fahri Erdinç heç özünün də baş açmadığı səbəblər üzündən ölkəsindən gedə bilməmişdi. Amma bu tərəddüd heç də uzun çəkmədi. Bir il sonra Fransada türk gənclər komitəsinin yaradıldığını eşitdi. Xoşbəxlikdənmi, ya bədbəxtlikdənmi komitədə onun tanıdığı insanlar, bir kursada oxuduğu dostları da vardı. Xaricdə təhsil alan türk gənclərinin bəziləri də bu təşkilatın sıralarına qatılmışdı. Və onlar həmin zamanlar həbsdə yatan Nazim Hikmətin azad edilməsi üçün mücadilə aparırdılar. Yazıçı dostlarından Ziya Yamaç və jurnalist Turqul Dəliormanla belə qərara gəldilər ki, onlar da buralardan baş götürüb getməlidirlər. Çox gözləmədilər, elə ilk münasib fürsət düşən kimi sərhəddi keçərək Bolqarıstandan siyasi sığınacaq istədilər. Və bununla da Fahri Erdinçin mühacirət həyatı başladı.
   
    MÜHACİRƏT...
   
   
   
   Burada o, ilk dövrlər bir sıra sahələrdə çalışdı, daha sonra Bolqarıstan Kommunist Partiyası Yayın evində türkcə populyar siyasət yayınları redaktoru vəzifəsində çalışmağa başladı. Bir qədər sonra isə Fahri kommunist partiyası namizədliyinə qəbul edildi. Məlumat üçün bildirim ki, vətəndən uzaqlarda bolqarca, rusca və almanca öyrənən Fahri 1953-58-ci illərdə Yayın evində işlədi. Həm də ciddi surətdə yaradıcılıqla məşğul oldu. Əslində yazının əvvəlində xatırlatdığım kimi, onun keşməkeşlərlə, acılarla dolu olan həyatının özü də bir romana bənzəyir. Yəqin o zamanlar bunu yazıçının özü də hiss edibmiş. Çünki belə olmasaydı o bir növ özünün Türkiyədəki həyatını əks etdirən "Acı loxma" əsərini bəlkə də belə maraqlı, canlı detallarla təsvir etməkdə çətinlik çəkərdi. Yazıçı sanki bu mövzudan ayrılmaq istəmədiyindən onu digər bir əsərində də davam etdirmişdi. Əvvəldə adını çəkdiyim "Qardaş evi" avtobioqrafik dioloq üzərində qurulan əsəri də məhz keçdiyi yollardan, bəlkə də çəkdiklərinin hesabatından bəhs edir.
   
   Ümumiyyətlə, yaradıcılığından da hiss edilir ki, Vətəndən uzaqlarda yaşamağa məcbur qalan ədib yad yerlərin acısını qələmi ilə ovutmağa çox çalışıb. O qərib ellərdə nə yazıbsa, ancaq Türkiyədən bəhs edib. Onu da qeyd edim ki, Fahri Erdinçin həyat şərtlərini nəzərə alsaq, onun qələmini həqiqətən məhsuldar saymaq lazımdır. Yazıçılar İttifaqının üzvülüyünə də qəbul edilən ədibin Bolqarıstanda "Əlilərdən biri" (1958), "Acı loxma" (1959), "Koreya haradadı?" (1966), "Qardaş evi" (1979) romanları, "Əqrəblər" adlı altı cildlik novellarlar kitabı (1952), "Asi" (1955), "Məmləkətimi tanıdıram" (1960), "Dirilərin məzarlığı" (1964), "Canlı barrikada" (1973), "Yük maşını TİR" (1980) kitabları, iki cildlik şeirlər kitabı...
   
   Fahri Erdinç yazdı-yaratdı, lakin türk oxucusu uzun illər onun əsərlərindən xəbərsiz qaldı. Heç bu da ədibi ruhdan düşməyə məcbur buraxmadı. Çünki bu söz adamı özünü ifadə etməyə gəlmişdi həyata. Fahri Erdinç yaradıcılığı üçün ən xarakterik xüsusiyyətlərdən biri hadisələrə daha gerçəkçi yanaşması, hər şeyi daha səmimi ifadə edə bilməsi idi. Bundan başqa, oxucu yazıçının hər bir əsərində kəskin ironiyanı, bədii satiranı hiss etməyə bilmir. Obrazlarındakı həyatilik, hadisələrin təqdimatındakı reallıq, əsərlərinin dili ilk baxışda oxucunu özünə cəlb etməyi bacarır. Əslində onu yeni türk nəsrinin ən seçilən nümayəndələrindən biri hesab etmək olar. Həyatını Vətən həsrəti ilə keçirən böyük türk şairi Nazim Hikmət vaxtıyla Fahri Erdinç haqqında yazmışdı. "...Mən Fahri Erdincin bir sıra hekayələrini oxuyanda gözlərim yaşla doldu... Fahri Erdinçin dili mənim türk ədəbiyyatında rast gəldiyim ən yaxşı nümunələrdən biridir".
   
   
   
   BU DA SON
   
   
   
   Şüurlu həyatının təxminən 37 ilini mühacirətdə yaşamağa məcbur qalan böyük türk yazıçısı Fahri Erdinç ayağını Vətən torpağına basmadan 1986-cı il noyabrın 11-də Sofyada haqqa qovuşdu. Və bir nisgilli, yaradıcı ürək də qərib yerlərdə torpağa qarışdı. Deyirlər ki, yad ölkədəki ölüm ayağı qürbət elin 40 illik acılarından da betər olur... Fahri Erdinç bu acını da daddı...
   
   Amma onun üçün bir təsəlli qalmamış deyildi. Belə ki, ədibin əsərləri hələ 1968-ci ildən özünün ayaq basa bilmədiyi Türkiyədə işıq üzü görməyə başlamışdı. Bir sıra nəşrlər mütəmadi olaraq Fahri Erdinçi çap edirdilər. Və belə demək mümkünsə, məhz bu əsərləriylə Fahri Erdinç ruhu, Fahri Erdinç nisgili doğma Türkiyəsinə qovuşmuş oldu.

TƏQVİM / ARXİV