adalet.az header logo
  • Bakı 16°C

RüSTƏM KAMAL

22233 | 2012-06-02 08:15
...Neynirəm şəhəri, kəndi,
   
   Neynirəm şəkəri, qəndi?
   
   Mənim işim könülnəndi,
   
   Könül ver, nuş eylə məni.
   
   Olanda da könül
   
   dostu olasan...
   
   
   
   Halal sözün ucalığını, pak və bakirəliyini, uca göylər qədər dərin, ağır dağlar kimi əzəmətli, bulaq suyu qədər duru, çiçək qönçəsi qədər zərif olduğunu söz adamları daha yaxşı bilirlər. Zər qədrini zərgər bilən kimi...
   
   Söz adamı haqda söz yazmaq çətin iş imiş , lələ. Amma haqqında söz açıb, mənzərəsini cızmağa cəhd etdiyim bu söz sərrafı, nə yaxşı ki, könul verib, nuş eylədiyim könül dostumdu. Mən Rüstəm Kamalla duz- çörək kəsib dost olmazdan öncə duz əvəzi söz, çörək əvəzi kəlmə kəsib dostlaşmışam. Xeyli sonralar isə duz-çörək kəsib, könül verib, könül almışıq. O duz- çörəkdən ki, onun qədir-qiyməti əzraili belə ram edə bilib. Fərzi tamam olmuş, butün omrünü xeyirxahlıq içində yaşayıb, hər kəsə əl tutmuş aqil bir insanın canını almazdan öncə əzrail bu pirani qocanın gözünə görünür və ondan son diləyini soruşur. Xoş rəftarla Əzraili süfrəsinə dəvət edən müdrik, Əzraillə duz- çörək kəsir və kəsdikləri duz- çörəyə and verir ki, yarımçıq qalan işlərini başa vurunca ona möhlət versin. Əzrail üzünü Allaha tutub: "Mənimlə duz- çörək kəsib, ey uca Yaradan, ölümdən möhlət istəyir bu Adəm oğlu. Canını necə alım?"-deyən Əzrail belə kəsdiyi duz- çörəyin qarşısında aciz qalıb...
   
   1990 -cı ildə Özbəkistandan Vətənə qayıdarkən ( 8 il- 1982- 1990-cı illər
   
    Özbəkistanda yaşamışam) ömür səhifəmə əyani və qiyabi daxil olan könül dostlarımın içində Rüstəm Kamal da var idi. O, əyani olaraq tanıdığım ən sonuncu könul dostum olmağına baxmayaraq, qiyabi olaraq tanıdığım ilk dostlarımdan biri olub. Belə ki, 1991-ci il "Ulduz" jurnalında "Qara Yanvar" adlı qorelyef janrında işlədiyim bir əl işim dərc olunmuşdu. Elə həmin jurnalda "İncə dərəsində bir yaz axşamı" başlığında dərc olunmuş o maraqlı məqaləni oxuyandan sonra sözün ucalığına bir də vuruldum. Hər kəs səsindən tanınar, sözundən bilinər və elə o gündən Rüstəm Kamalı tanıdım.
   
   Rüstəm Kamalı bir bal arısına bənzədirəm hərdən. Arı ətirli güllərə, çiçəklərə uçunub, onları sevə- sevə oxşayıb, balını döyşürərək necə pətəklərə, şanılara ifcin-ifcin yıgırsa, o da sözün gözəlliyinə, ətrinə uçunur, hər sözdən bir şirə çəkib bal pətəklərini eləcə doldurub, söz xəzinəmizə dəyərli töhvələr bəxş edir. Bunu elə ilk tanışlığımızdan duydum.
   
   Günlərin birində şair dostum Rəfail İncəyurd zəng edərək, Rüstəm Kamalın yerini öyrəndiyini söylədi. Beləliklə, mənim Bakı Slavyan Universitetinə gəlməyimi xahiş etdi və bildirdi ki, illərlə sorağında olduğumuz bu maraqlı söz adamı Mingəçevirdən Bakıya köçmüş və Slavyan Universitetində işləyir. Görüşərkən Barat Vüsalın vasitəsiylə qiyabi olaraq məni tanıdığını söylədi. Beləliklə, məsləhətləşib bağ evinə getməyi qərarlaşdırdıq. Məmməq İlqara və bir neçə könül dostlarımıza da zəng edib bir yerə yığışdıq. Yol boyunca "Dəli Kür" qəzetində təzəcə dərc olunmuş şeirlərimi oxudu. Şeirlərim xoşuna gəlmişdi deyəsən.
   
   - Nə maraqlı misradı,- deyib aşağıdakı beyti xüsusi vurğuladı. "Külək döyür, şöy vələslər gərnəşir". Çox keçmədən, indi "Səhra gülləri" kitabıma ön söz əvəzi sarvanlıq edən "Poetik ləhcəmizin irfan nəfəsi" adlı məqaləsini çap etdirdi.
   
   Akif Səmədin gözündə qalan murazlarından biri mənə qismət oldu. Akif Səməd sağlığında çapa hazırladığı " Özümə yol" kitabının ön sözünü Rüstəm Kamala yazdırmaq istəyirdi. O mənə belə bir söz demişdi:
   
   -Məmməd, ölkəmizdə, ədəbi camiəmizdə tənqidçi alimlərimiz çoxdur, hamısına da böyük hörmətim var. Amma özünəməxsus, qeyri-adi qələm sahibi olan bir alim var. Çox istəyərdim ki, "Özümə yol" kitabımın ön sözünü o alim yazsın. Əslən Qazağın Şıxlı kəndindən olan bu alim Rüstəm Kamaldır. Heyf ki, uzaqda yaşayır, ora gedib-gəlmək mənim üçün çətindir.
   
   Mənim qiyabi olaraq könül verdiyim bu uca könül sahibi sən demə Mingəçevir şəhərində yaşayırmış...
   
   Beləliklə, qiyabi olaraq könül verib nuş eylədiyim bu gözəl insanla dost deyib bağlandıq bir-birimizə. Bu gün bu qədər saz bolluğunun içində bir ustad çalğısına, söz bolluğu içində bir halal misraya nə qədər ehtiyac varsa, bir belə dost bolluğu içində də Rüstəm kimi halal, hümmət bir dosta hər kəsin bir o qədər ehtiyacı var yəqin ki. Tam səmimi olaraq etiraf edim ki, bu gün ən çox görüşmək üçün darıxdığım 2-3 dostumun biri Rüstəm Kamaldı. Bilənlər, oxuyanlar bilir ki, son illər " İnsan mənzərələri" kitabının üzərində işləyirəm. Fırça ilə kətana işlədiyim insan mənzərələrinin bir qisminin sözlə də portretini işləyirəm. Söz adamının sözlə portretini cızmağın ağırlığını bu yazını əlimə alanda hiss etdim. Elə insanlar var ki, onlar haqda nə qədər qısa yazmağa çalışırsan, bir o qədər uzun alınır. Heç bilmirəm bu maraqlı insanın hansı rakusdan portretini cızmağa başlayım.
   
   Onunla xeyli yol yoldaşı olmuşuq. Bu yəqin belədir ki, onu mətbuat səhifələrindən, elmi və bədii tədbirlərdəki çıxışlarından və s. çox ciddi, istedadlı alim və millət vəkili Nizami Cəfərovun təbirincə desək, mütəfəkkür alim kimi tanıyırlar. Amma onunla dostluq edib, yol yoldaşı olandan sonra, onun çox maraqlı insani keyfiyyətlərinə bələd olub, bu rəngarəng, dadlı-duzlu dil sahibinə bağlanmamaq, onsuz darıxmamaq qeyri-mümkündü. Mən ciddi təhsil almış bir rəssam olaraq politranı çox yaxşı dərk edirəm. Onu da qeyd edim ki, politrada rənglər bolluğu da adamı çaşdırır. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alarkən müəllimim olmuş Azərbaycanın görkəmli rəssamı Hafiz Məmmədov qara rəngi politraya yaxın qoymamağı məsləhət görərdi. Ağ rəngdən isə mümkün qədər az və ehtiyatla istifadə etməyi tövsiyyə edərdi. Mən eyni şeyləri Rüstəm Kamalın söz politrasında müşahidə etmişəm. Onu da müşahidə etmişəm ki, Rüstəm ümumən qara rəngdən istifadə etmir. Və hətta mübaliğəsiz, onu başdan- başa işıq adam adlandırardım. Qara ona görə qaradır ki, o bütün işığı udur, özündə yox edir...
   
   Yol səfərlərimizdəki söhbətlər əsnasında o gözlərim önündəcə gah akına, gah baxıcıya, gah görücüyə və hətta deyərdim bir sirli şamana çevrildiyini dəfələrlə müşahidə etmişəm. Danışıqlarının çoxu qeybdən gəlir sanki. Bir neçə dəfə onun danışıqlarının lentə alınmamasına çox heyifsilənmişəm. Onun sözlə necə rəftar etməsini, necə qılığından girib dostlaşmasını, hərdən də xoşu gəlməyən zəif misralarla necə qəddar rəftar etdiyini dəfələrlə görmüşəm. Belə ki, elə söz, elə misra, elə beyt olub ki, üstündən qara çəkib, cəllad kimi üzüb şeirin içindən çıxarıb. Söz olub ki, oxuyanda üzundən-gözündən işıq dolu təbəssüm axıb. Söz olan yerdə onunçün dost, düşmən yoxdur. Zəif misraya güzəştə getməsi mümkün deyil. Sözü özünü tanıdığı kimi tanıyır.Sözün anatomiyasını ən dəqiq cərrah qədər bilir.
   
   Harmoniya-- bütövlük, tamlıq- kamillikdir. Mən bu portret yazımda onun yaradıcılığından, elmindən, bilgilərindən daha çox insani dəyərlərindən, xüsusilə dostluğa sədaqətindən, ailəyə, qohum-əqrabaya məhəbbətindən söz açmaq istərdim. Oğlu Qorqudla, qaraca qız balası Tansuyla telefon danışıqlarına qulaq asıb, balalarıyla ata nəvazişini necə bölüşməsini heyranlıqla dinləmişəm və etiraf edim ki, bir ata, baba olaraq onun bu şirinliyinə ağzımın suyu axıb, bu mehri- məhəbbətə salavat çevirmişəm. Dostluğa münasibətdə də mərdanəliyini, dost yolunda fədailiyinin dəfələrlə şahidi olmuşam. İşlərimlə bağlı Gəncə şəhərində yaşayıram. Bir neçə dəfə Gəncədə qonağım olub, Gəncə ədəbi mühiti ilə tanışlığına körpü sala bilmişəm. Onun Gəncəyə gəlişi Gəncə yazarları üçün toy- bayram olub həmişə. Hətta danışıqlar, söhbətlər əsnasında Gəncəli dostlarımız heyrətlərini gizləyə bilməyərək, bu qeyri-adi fitri istedad və bilgi sahibini səyyar universitet adlandırıblar. Elə mən özüm də yarrzarafat, yarıciddi bir neçə yerdə demişəm ki, camaat təhsil almaq üçün universitetə gedir, mən isə onu yanımda gəzdirirəm.
   
   Eyibsiz insan olmaz. Kim deyir ki, Rüstəm Kamalın eybi yoxdur. Onun kamilliyinin, böyük ustad olmasının bir səbəbi də odur ki, o eybini heç kimə göstərmir. Mən deyərdim ki, xeyirxahlıqda tayı-bərabəri yoxdur. Adətən istedadlı insanların içindən qısqanclıq adlı qara bir xətt keçir. Onu- bunu bəyənməmək, mənəmlik iddiası özündən xəbərsiz, sözündən qabaqda gedir. Sadəliyi, səmimiliyi bar verən ağaca bənzəyir...
   
   Saçı- saqqalı çoxdan ağarmış, üzündən- gözündən ağappaq nur seli axan bu maraqlı insan sanki elə anadan saçı- saqqalı ağ doğulub. Görənlər, eşidənlər elə bilirlər ki, Rüstəm Kamal artıq 100 yaşı haqlayıb. Eşidəndə ki, bu il onun 50 yaşı tamam olur, buna inanmaq istəməyib sevinənlərdən biri də mənəm. Sevinirəm ki, nə yaxşı yaşı hələ 100-ə çatmayıb. Demək olar ki, insan ömrünün ən kamil və məhsuldar, yaradıcılıq ömrünün başlanğıcına gəlib çıxıb, könül dostum, arxadaşım Rüstəm Kamal.
   
   Mən şeir yazmağa çox gənc yaşlarımdan başlasam da, ədəbiyyat aləminə 2004-cü ildən qədəm qoymuşam. Bu ona görəydi ki, mən öz sözlərimi, yazdıqlarımı çox gec tanımağa başlamışam. Yəni 55 yaşım olanda sözlərimlə tanış oldum, tanıdım,inandım yazdıqlarıma. Mənim 30-35 ilə güclə tanıdığım, tanıyıb da ortalığa çıxarmağa cəsarət etdiyim şeirləri Rüstəm Kamal görən kimi tanıdı. Məndən çox sözlərimlə dost oldu. Sonra mənə də mehrini saldı, mənimlə də dostlaşdı. Könul verib,könlümü nuş eylədi. Adam var özünü ölənəcən tanıya bilmir, danışır, nə söylədiyini bilmir. Mənim sözümü, dilimi məndən yaxşı bilən dostum Rüstəm Kamala həsr etdiyim bu balaca şeir parçasıyla onun 50 yaşını salamlayıram. Ümidvaram ki, Azərbaycan ədəbiyyatında yazılmamış boşluqları öz kamalıyla, qələmiylə dolduracaq, bu ünlü söz sərrafımız.
   
   
   
   Dilimi, sirrimi məndən yaxşı biləın
   
   könül dostum Rüstəm Kamala
   
   Gözlərə inana bilmirəm daha,
   
   Qaşların dilini biləndən bəri.
   
   Elə güləndə də ağlayır gözüm,
   
   Yaşların dilini biləndən bəri.
   
   
   
   Nəfsimdən utandım, gözümü dandım,
   
   Özümü tapdıqca özümü dandım.
   
   Unutdum dilimi, sözümü dandım,
   
   Quşların dilini biləndən bəri.
   
   
   
   Sönməyi öyrənib, alışa bildim,
   
   Alışıb, sönməklə barışa bildim.
   
   Dil tapıb, Tanrımla danışa bildim,
   
   Daşların dilini biləndən bəri.

TƏQVİM / ARXİV