adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Guzeyi-vəhdət zairi Nəbati

38422 | 2012-06-02 08:15
Güney Azərbaycanın Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində Seyid Əbülqasim Nəbati Azərbaycan ədəbiyyatının nəhəng simalarından biridir. Mənbələrin bir çoxunda onun anadan olduğu tarix 1812-ci il olaraq göstərilir. Bəzi tarixçilərə görə Seyid Əbülqasimin əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış nəbati tayfalarındandır. Eyni zamanda onun Xançoban tayfasına mənsub olması ilə bağlı fikirlər də var. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və Üştibin ətrafındakı mahallarda dərvişlik edir, islamın və mənsub olduğu təriqətin təbliğatı ilə məşğul olurmuş. Nəbati qoşmalarının birində öz əsil-nəsəbi haqqında məlumat verərək yazır:
   
   
   
   Meydani-eşq içrə səyirtdim atı,
   
   Müxəssər eylədim Rumu, Heratı.
   
   Möhtərəm oğluyam, adım Nəbati,
   
   Zatımız Haşimi, əslimiz ərəb.
   
   Yuxarıdakı misralardan da aydın olur ki, Nəbati Məhəmməd peyğəmbərin nəslindəndir. Onun uşaqlığı Üştibində və Qaracadağda keçib. Dövrünün böyük elm sahibi olan atası, onun təhsilində birbaşa iştirak edib. Nəbati ilk təhsilini atasından alıb, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənib. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib-dolaşıb. Şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda - Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda-Salyanda, Lənkəranda, habelə Təbrizdə, Xorasanda olub, bu yerlərin ədəbi-mədəni həyatı tanışlıq imkanı əldə edib. Atası kimi, Nəbati də dərviş həyatını seçib, elm, irfan, təriqət və ədəbiyyatı da dərvişlik həyatında daha dərindən əxz edib.
   
   Təsəvvüf elminin dərinliklərinə bələd olmaq üçün Seyid Əbülqasim bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət qazandıqdan sonra Üştibində müşrid məqamına yüksəlmiş, kəramət sahibi və bəsirətli Şeyx kimi tanınmışdır. Atasından dərvişliyi öyrənsə də, yüksək zəkası və imanı onu təriqət şeyxi səviyyəsinə qaldırmış, mürşid kimi böyük şöhrət qazanmışdır.
   
   Gənclik illərində Əhərə gedib XII əsrin böyük alimi olmuş, "Xəlvətiyyə" təriqətinin banisi, Şeyx Zahid Gilaninin mürşidi Şeyx Cəlaləddin Ruminin, "Mövləviyyə" təriqətinin yaradıcısı, Həsən Benislinin mürşidi Şeyx Müinəddin Əsvabin, "Biramiyyə" təriqətinin yaradıcısı Baba Fərəc Vayqanlının ustadı Şeyx Mahmud Şihabəddinin məqbərə və ziyarətgahına guşənişinlik etmiş, riyazətlə məşğul olmuşdur. Nəbati uzun müddət tərki-dünya olduqdan sonra təriqət şeyxlərindən biri kimi böyük nüfuz sahibinə çevrilib. Nəbatilik təriqətinin şeyxi olan şair dünya işlərindən kənarlaşıb, sufiyanə həyat tərzi keçirmiş, hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləminə könül vermişdir. Nəbatinin şeirlərində bəzən tərki-dünyalığa olan sevgi də başadüşüləndir:
   
   
   
   Guşeyi-vəhdət nə əcəb ca imiş,
   
   Sirri-nihan onda hüveyda imiş.
   
   
   
   Müasirlərinin dediyinə görə Nəbati çox səxavətli, mərd və nəcib bir insan olub. İbadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi bir gözəllik, işıq, nur görünərmiş; özgə bir hala düşərmiş və bəzən də şövqə gəlib eşqə, mey və məhəbbətə dair şer deyərmiş. Aydın və şirin danışdığı üçün müridləri onu dinləməkdən böyük zövq alarmış. Dövrünün elm və irfan adamları Nəbatini dinləməyi, onunla söhbət etməyi şərəf bilirmiş.
   
   Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nemətullah Vəlinin təriqətinin davamçılarından biri kimi, əsərlərində onun sufi ideyalarını təbliğ edib. Nemətullahi təriqətinə görə, Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan "ənəlhəqq" deyib özünü haqqa çatmış hesab edə bilər.
   
   Nəbati də bu yolu davam etdirərək, insanın mənəvi kamilləşmə yolu ilə ən yüksək səviyyəyə yüksələ biləcəyinə inanıb. O da böyük Azərbaycan şairi İmadəddin Nəsimi kimi "ənəlhəqq" zikrini daim dilində gəzdirib. Nəbati şeirlərinin birində deyir: "Bütün yaradılış bizdən başqa bir şey deyildir. Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur".
   
   Şair farsca şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır:
   
   
   
   Gah ağıllı, gah divanə oldum,
   
   Gah abad, gah viranə oldum,
   
   Gah xərabat içində sufi,
   
   Gah da meyxanə süpürgəçisi oldum...
   
   Gah abid oldum, gah brəhmən,
   
   Gah məscid, gah bütxanə oldum,
   
   Gah dərviş oldum, gah qələndər,
   
   Gah məst, gah da məstanə oldum.
   
   
   
   Həyatını maddi yoxsulluq və mənəvi ziddiyyətlər içərisində keçirən, gah qələndəlik, gah da dərvişlik edən Nəbati ahıl yaşlarında "Künci-vəhdətdə təbah oldu əziz ömrüm, heyf"-deyə sufiyanə ömür sürməsini dilə gətirir. Şair həyatın mənası, dünyanın əvvəli-axırı haqqında çox düşünüb-danışsa da, yaradılışın gizli sirlərindən xəbərsiz olduğunu etiraf edir. Çünki onun tutduğu yol varlığı və yaradanı dərk eləmək üçün seçilmiş bir yoldur. Bu elə yoldur ki, bu yolun bütün yolçuları son anda heç nə bilmədiklərini etiraf edirlər. Hansı ki, bu yolu seçənlər artıq bəsirətləri açılmış, hər şeyi daha yaxşı dərk edən və haqqa bir addım daha yaxın olan haqq sevdalılarıdır. Nəbati də nə qədər çox bilsə də, bilmədiyini etiraf edir. Haqqa nə qədər yaxın olsa da, haqqı arzulayır. Bu irfanın və təsəvvüfün hikmətindən xəbər verir.
   
   Böyük ədəbiyyatşünas Firudin bəy Köçərlinin əksər tədqiqatlarda verilən fikrini bir daha xatırlamaq yerinə düşər: "Seyid Əbülqasim Azərbaycan türklərinin Xacə Şəmsəddin Hafizi və Şəms Təbrizisi və bəzi məqamlarda Mövlana Cəlaləddin Rumisi mənziləsindədir. Necə ki, Hafiz fəsahət və bəlağətdə şüərayi-farsın sərdəftəri olub, həmçinin Nəbati də Azərbaycan şüərasının fəsihraqıdır..." Nəbati irsinin tədqiqində xüsusi xidmətləri olan görkəmli alim Feyzulla Qasımzadə isə yazır: "Füzuli zirvəsinə yüksələn tənha şair Seyid Əbülqasim Nəbati olmuşdur".
   
   Xalq poeziyasına yaxın ruhda yazdığı bəzi şeirlərində Nəbati "Xan Çoban" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə "Xan Çoban" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xan Çoban" dastanı yaranmışdır. Nəbatinin həyatı da bu dastanla səsləşir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Nəbatinin Xançoban tayfasından olduğunu qeyd edən müəlliflər də var. Ehtimal olunur ki, "Nəbati" təxəllüsü onun tayfası və təriqəti ilə bağlı deyil. Şəxsən mən təsəvvüflə bağlı oxuduğum kitabların heç birində "nəbatilik" adlı bir təriqət adına rast gəlməmişəm. Bəzi tədqiqatçılar Xan Çobana aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin müəllifinin də Nəbati olduğunu düşünür.
   
   Nəbatinin bütün qəzəlləri, sırf sufiyanədir. Bəzi alim və tədqiqatçılarımız Seyyid Əbülqasim Nəbatini yanlış yöndən tədqiq edərək onun poetikasını, maddiyyat aləminə aşiqliyini qabartmasını qəbul etmək çox çətindir. Nəbati mütəsəvvüfdir. Sufi şairdir. Tədqiqatçı Fəxrəddin Salim yazır ki, "...Onu görənlər, xatırlayanlar var. Onun haqqında babasından, nənəsindən eşitdiklərini danışanlar var. Deyirlər, Nəbati Arazı adlayıb bu taya tez-tez gələrmiş. Əlində bir tuğla varmış. Şəms Təbrizinin tuğlası! Dilində müdhiş ilahilər, dərvişlik edərmiş. Çox da camallı, yaraşıqlı, iri qara gözləri, çinar boyu olan bir gənc imiş Nəbati. Bədahətən söylədiyi şeirləri məlahətli və zil səsi ilə oxuyarmış. Üstəlik çox gözəl saz, ney və dəf çalarmış. Əslində o, həm də kamil bir ozan imiş."
   
   Nəbatinin ölüm tarixi haqqında da, müxtəlif yanaşmalar var. Amma daha etibarlı mənbələr onun 1873-cü ildə Üştibində vəfat etdiyini yazır. Böyük şairin ölümündən sonra Təbrizdə çap edilmiş "Divan"ı 7500 misradan ibarətdir. "Divan"da toplanan şeirlərin yarısı türkcə, yarısı isə farsca qələmə alınmışdır. Təəssüf ki, Nəbatinin xalq üslubunda, Azərbaycan türkcəsində yazdığı qoşmalar və gəraylılar bu "Divan"a daxil edilməmişdir. Düşünürəm ki, Nəbati yaradıcılığının poetikası ilə bağlı bütün bu məsələlərin geniş şəkildə tədqiqi ədəbiyyatımızda Nəbati fenomenini daha dərindən anlamağa, onun özündən sonrakı poeziyamıza səmərəli təsirinin sirrini və miqyasını daha aydın dərk etməyə şərait yaradacaqdır. Onun yaradıcılığı istər Quzey, istərsə də Güney Azərbaycanda söz sənətinə ciddi şəkildə təsir etmişdir. Bu baxımdan Nəbatini Bütöv Azərbaycan ədəbiyyatının nəhəng imzalarından biridir.
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV