adalet.az header logo
  • Bakı 19°C
28 Iyul 2015 11:59
11857
GÜNDƏM
A- A+

Müəllimlər İnstitutunun filiallarında yoxlama

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ləğv edilmiş Mingəçevir, Salyan və Sumqayıt filiallarının tələbə və müəllimlər hansı ali təhsil müəssisəsinə yerləşdiriləcəkləri barədə məlumatsızdırlar. Bu isə onlarda narahatlıq doğurur.   

Xatırladaq ki, AMİ-nin Gəncə filialı ötən il ləğv edilmişdi. Ötən ildən başlayaraq 4 filiala tələbə qəbulu dayandırılmışdı. Səbəb kimi bu təhsil müəssisələrində kadr hazırlığının keyfiyyətsizliyi, korrupsiya hallarına yol verilməsi, müəllimlərin bilik potensialının qənaətbəxş olmaması göstərilirdi.  Hazırda Müəllimlər İnstitutunun 11 filialından yalnız 7-si fəaliyyət göstərir.   

Əldə etdiyimiz məlumata görə, AMİ-nin Sumqayıt filialında hazırda komissiya tərəfindən yoxlamalar aparılır. Filialın direktoru ilə əlaqə cəhdimiz baş tutmadı.   

AMİ-nin Sumqayıt filialının müəllimi Sarvan Bədəlovun sözlərinə görə, bu ali təhsil müəssisəsinin müəllim heyəti yüksək elmi potensiala malikdir. Elmlə məşğul olan bu şəxslərin fəaliyyətinin dayanması onların elmi karyeralarına zərbə vura bilər: "Sumqayıt filialında kadrların ən aşağı elmi səviyyəsi magistr və dissertantdır. Müəllim heyətində professorlar, akademiyanın şöbə müdirləri də var”.    

Sarvan Bədəlov dedi ki, yaşayış yeri Sumqayıt olduğuna görə Sumqayıt Dövlət Universitetində müvafiq işlə təmin olunmasını arzulayır.   

AMİ-nin rektoru Aqiyə Naxçıvanlının verdiyi məlumata görə, hazırda ləğv edilən filiallarda araşdırma aparılır, müvafiq komissiya tələbələrin siyahısını nəzərdən keçirir. Tələbələr ixtisaslarına və istəklərinə uyğun yerləşdiriləcəklər: "İnstitut tələbələri sevinsinlər ki, indi universitetdə təhsil alacaqlar”.  Rektor dedi ki, filialların bağlanması keçən il onun təklifi ilə irəli sürülüb:

"Çünki bir institutun bu qədər filialının olması doğru deyil. Regionlarda fəaliyyət göstərən bu filialların elmi potensialı zəif idi, həmin filiallarda orta məktəb müəlliminin dərs deməsi düzgün sayıla bilməzdi”.  

Digər filialların bağlanması da gözlənirmi? Sualımıza Aqiyə Naxçıvanlı belə cavab verdi: "Bu barədə konkret söz deyə bilmərəm, amma qalan filiallarda elmi potensial, maddi-texniki baza gücləndirilir.  Onların bundan sonrakı fəaliyyəti nəzarət olunacaq, müvafiq qiymətləndirmə aparılacaq”.     

Xatırladaq ki, az əvvəl Aqiyə Naxçıvanlı tələbələrin yerləşdirilməsi ilə bağlı öz mövqeyini bildirərək qeyd etmişdi ki, Mingəçevir filialının tələbələri yeni yaradılan Mingəçevir Dövlət Universitetində, Sumqayıt filialının tələbələri Sumqayıt Dövlət Universitetində, Salyan filialının tələbələri isə ya Bakıdakı müvafiq ali məktəblərdə, ya da Lənkəran Dövlət Universitetin və ya AMİ-nin Cəlilabad filialında yerləşdirilə bilərlər.  Müəllimlərə gəlincə, Aqiyə Naxçıvanlı Gəncə təcrübəsini xatırlatdı: "Keçən il Gəncə filialı bağlandı, müəllimlərin heç biri işsiz qalmadı, onları başqa-başqa ali məktəblərə göndərdik. Yaxşı müəllimi hər yerdə axtarırlar. Bu filiallar yaradılanda ümumiyyətlə, yerlərdə müəllim çatışmazlığı problemi həddən artıq çox idi. Biz 5 illik araşdırmamızın nəticəsi olaraq bu qənaətə gəldik ki, keyfiyyətli kadr hazırlamaq üçün bu filialların fəaliyyəti dayanmalıdır. Məhz o regionları götürdük ki, orda dövlət universiteti fəaliyyət göstərir, yaxud göstərəcək və biz tələbələri o dövlət universitetlərinə göndərməklə təhsilin səviyyəsini yüksəldək”.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, Müəllimlər İnstitutunun Sumqayıt filialının maddi-texniki bazası, professor-müəllim, köməkçi və tələbə heyəti, eyni zamanda hazırda orada mövcud olan kadr hazırlığı üzrə ixtisaslarla birlikdə Sumqayıt Dövlət Universitetinin balansına verilir:

"Bu isə o deməkdir ki, balansa köçürülmə zamanı müəllimlər də, tələbələr də, köməkçi heyət də bütövlükdə ora keçiriləcək. Bu məsələdə heç bir narahatlığa əsas yoxdur. Bir filialın daha böyük ali təhsil müəssisəsinin tərkibinə verilməsi, tələbələr üçün də, müəllimlər üçün də bir sıra üstünlüklər yaranır.    Bu üstünlüklər ondan ibarətdir ki, tələbələr dövlət universitetinin diplomunu alacaqlar. Təbii ki, dövlət universitetinin maliyyə imkanları daha yüksəkdir. Bu da özünü müəllimlərin əmək haqqında göstərəcək. İxtisaslar da saxlanılır. Olmayan ixtisaslara isə 2015-2016 tədris il üçün tələbə qəbulu olub. Növbəti illərdə həmin ixtisaslar üzrə tələbə qəbulu davam etdiriləcək. Yəni burada ixtisasların bağlamasından söhbət getmir. Həmin ixtisasların yuxarı kurslarında təhsil alan tələbələr narahat olmasınlar. Çünki təhsil aldıqları halda yarana biləcək akademik borcların aradan qaldırılması üçün alt qruplara müraciət edib öz akademik borclarını ləğv edəcəklər”.   

Nazirlik rəsmisinin sözlərinə görə, filialların ləğvi 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının” tədbirlər planına uyğundur(Teleqraf.com).