adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Şimzək bürcü: izıq, ümid, inam

21945 | 2012-06-02 08:15
Ümid və inam! "Öz içinə yolçuluq edən Adam sonunda ərzi dolaşır" - deyə sərhədlər adlayan, ölkələr dolanan yollardan keçə-keçə "Yol romanı"nı qələmə alan İradə xanım Tuncay yazır ki, ömrümüz boyu bu anlamları getdiyimiz yollarla daşıyırıq - "Yola düşürük", "Yola gedirik", "Yol tapırıq", "Yoldan çıxırıq", "Yola veririk". "Həyat yolumuzu bəlirləyən, bizi biz edən bu anlamlardan hansının daha üstün gəlməsidi. Öz Yolumuzu beləcə tapırıq".
   
   Əsərin baş qəhrəmanı - müəllif öz Yolunu beləcə tapır. Oxucu ömür boyu haçalanan bu enişli, yoxuşlu, dolaylı yolun sonunda ümid və inamın işığını görür. Qələm sahibinin ümumən yaradıcılığına xas olan bu diqqətçəkən keyfiyyət eyni zamanda iradəli, qətiyyətli, bütöv şəxsiyyət kimi onun xarakterindən irəli gəlir. Həyatının ən çətin anlarında belə o, ümidini, inamını itirməyib, sınmayıb.
   
   "Yadımdadı, atamın yasında rəhmətlik Aybəniz xanım bibimin şeir deməyinə bir xeyli qulaq asdı... Bibim kənd qadını, Aybəniz xanım şəhər qadını, həm də Səməd Vurğun boyda kişinin qızı... Bir söz dedi mənə, dedi ki, "mən doğulanda 37-ci il hadisələrinin qızğın vaxtıymış. Hər gecə KQB-nin padvalında ifadə alırlarmış atamdan, gündüzlər buraxırlarmış. Anamı doğum evindən çıxaranda cibində bir qəpik pulu olmayıb ki, o səxavətli Səməd Vurğun həkimə, tibb bacısına versin. Elə bil o vaxtdan alnıma yazılıb, kişi çörəyi yeyə bilmədim heç, həmişə özüm əziyyət çəkdim".
   
   Özündən yaşlı rəfiqəsinin söhbətindən təsirlənən İradə xanım yazır ki, ən çətin vaxtlarında atası ağır xəstələndiyindən ona dəstək ola bilməyib. Universiteti bitirəndən sonra özü iş axtarıb. Uşaqlıq, yeniyetməlik çağlarında atasının yanından əskik olmayan "dostlar"ın etibarsızlığı onu ruhdan salmayıb, ümidini, inamını itirməyib. Görüb ki, dünya xali deyil, yaxşı, ədalətli insanlar var. Və o, işə başlayıb, qələmindən möhkəm yapışıb. Dəfələrlə haqsızlıqlarla üz-üzə gəlib. Ancaq heç kimin qarşısında üzü kölgəli, gözü yaşlı olmayıb. Ağrı-acısını içində saxlayıb. "Mən"ini qoruyub, ləyaqətini hifz edib, qürurlu olub. Yaxınlarının dediyi kimi "susanda da danışıb", Atasına çəkib. Ömürlük xəstəliyə düçar olub nitqi pozulan, zəkası iti, qələmi kəsərli, hikmətli Atanın baxışlarının dərinliyində çox şey görmüşdü, danışan gözlərini oxumuşdu, ona Övlad qayğısı göstərə-göstərə həyat dərsi keçmişdi. Ata qarşısında həmişə özünü tox tutmuşdu, ağrılarını içinə verib, üzünə gülümsünmüşdü...
   
   Ancaq Ata yurdunda "qapısı bağlı evi" görəndə... "Yoxuşu qalxıb həyətimizə girirəm. Əmimin vəfatından sonra isə bizim evin də qapısı bağlı.... Az qala yüyürə-yüyürə evin arxasına keçib çökürəm torpağa, otun üstünə. Qapısı bağlı evi bəhanə edib ağla, Qız. Amma hamını ağla. Donmuş baxışları, dilsiz insanları, pıçıltıları, qeybə çəkilmiş daşları, qayaları, lap kəsilmiş qatar taqqıltısını, daş olmaqla mümkün olan yaşamı, puç olan hər şeyi ağla, boşalt ürəyini... ətrafda boş qalan evləri... Telefonun ekranı işıqlanır. Deyəsən hamı xəbər tutub gəlişimdən. Cavab vermək istəmirəm. Toxdadım bir az. Öz dərdləri özlərinə bəsdi, indi mənim ağlamağıma qulaq assınlar?
   
   Ara vermir zənglər amma...
   
   -İrayidə..."
   
   Yox, heç zaman istəməyib onun ağlamağını, ürəyini boşaltmağını görsünlər. İndi ata-baba yurdunda da buna imkan vermir.
   
   "- İrayidə!.. Çevrilib baxıram - ürəyimə işıq gəlir. Böyük əmimin lap kiçik oğlu. Əmilərimin, atamın işlədiyi məktəbdə o, dərs deyir. Yox, qalmışıq, varıq. Olacayıq!"
   
   O, nikbindir. "Bir gözü ağlayanda, bir gözü gülür". Kökünə, ata-baba ocağına, torpağına bağlıdır, İnsanları, Təbiəti, Gözəlliyi sevir və öz Sözünü deyir.
   
   Bu danılmaz həqiqəti "Yol romanı"nda görürük. Müəllif o qədər səmimidir ki, oxucu romanı sadəcə oxumur, yol yoldaşı kimi sanki onunla birlikdə gəzir, görür, sevinir, qəmlənir, düşünür, olmuşlardan ibrət götürür, bölüşür, təsəlli tapır, arzu edir və daim nəyinsə axtarışında, sorağında olur.
   
   Nəyin?! Lap elə yolun ilk məkanında - cənnət adası deyilən Kiprdə, müəllifin təbirincə "Sevgi adası"nda Afroditanın - gözəllik və sevgi ilahəsinin sorağında. "Amma burada kədərli hadisələr də olub axı. Otello, Yaqo, Dezdemona", - deyə düşünən müəllif qəmli heç nəyi xatırlamaq istəmir, gözəllik və sevgi ilahəsinin sorağı ilə adanı gəzir.
   
   İradə xanımın çox güclü müşahidəsi və gördüklərinə öz münasibəti, baxışı, qınağı, alqışı var: "Bu Sevgi adasını da insanlar yaralayıb ikiyə bölüblər. Günəş bir, səma bir, amma torpaq bir ... deyil. Qırıblar Afroditanın könlünü... Heyif, çox heyif. Bir vaxtlar İlahə sevgisindən sonra bu sularda çimib bakirə olurmuş. İlahə, bakirə ürəklərə rəhmin gəlsin!"
   
   İstər-istəməz Tofiq Abdinin bu münasibətlə yazdığı şeir yadıma düşür:
   
   Ey sevgi adasında, sevgi axtaran qadın...
   
   Taleyin sərt üzüdür bütün bu aldıqların...
   
   Bu yaşanan həyatı təzədən başlamaq zor.
   
   Sənsiz yaşamaq çətin, səninlə yaşamaq zor.
   
   Adanı gəzdikcə diqqətini çəkən heç bir şey gözündən yayınmır: "Bu arada neçə gündü müşahidə elədiyim bir ingilis cütlük yanımızdan ötüb keçir. Bəlkə də, səksəni adlayıblar, amma əl-ələ tutub gəzirlər. Gözləri çox məsuddu. Nə fərqi var, bir il, otuz il, ya yüz il. Önəmli olan illər deyil, o illərin məzmunudu".
   
   Sevgi adasında gözəllər görür və sözünü deyir: "Göyçək qızlardı, amma elə bil boyaqçı küpünə salıb çıxartmısan".
   
   Hətta otluqda oynaşan pişiklər də gözündən yayınmır və fikrini bildirir: "Baxıram ki, bunlar biz insanlardan daha hissiyyatlıdı. Ən azından qəlb yaralamaq olayı yoxdu aralarında".
   
   Xətrini çox istədiyi, istedadını, bəstələrini yüksək qiymətləndirdiyi, vaxtilə Bakıda Televiziyada işləyəndə üç filminin musiqi tərtibatını verən görkəmli bəstəkar Cavanşir Quliyevlə görüşü İradə xanımı ürəkdən sevindirir: "Burda - Sevgi adasında sevdiyim bəstəkarla yenidən görüşdüm. Hər şey gözəldi həyatda!" Və yenə də öz sözünü deyir, fikrini bildirir, oxucunu silkələyən sualını verir: "Hər kəsin yaradıcılığı özünün ruh halının ifadəsidi. Musiqisi elə gözlərinə bənzəyir: Qəm pəncərəsi. Qulaq asdıqca həm də düşünürəm, niyə belə olsun, niyə? Altmışı haqlamış, musiqimizdə öz yeri olan, sevilən böyük bəstəkara Vətəninin bir guşəsində rahat bir yer tapıla bilərdi axı".
   
   İradə xanım öz qınağında nə qədər haqlı olsa da, eyni zamanda Azərbaycan bəstəkarının qardaş ölkədə diqqətçəkən fəaliyyətindən, musiqi sənətimizi layiqincə təmsil etməsindən məmnun qalır.
   
   "Yol romanı"nı oxuduqca bir-birindən görümlü-baxımlı yerlərdə, lap elə cənnət adası sayılan Kiprdə müəllif onu duyğulandıran gözəllikləri, təbiətin heyrətamiz mənzərələrini təsvir, tərənnüm etməklə bərabər oxucusunu dərindən-dərinə düşündürür, onun qəlbinə, iç dünyasına nüfuz edir. Axı, hamı bir-birindən gözəl yerlərə sadəcə səfərə çıxmır, turist kimi gəzib dolanmır, istirahət eləmir, kazinolarda vaxtını keçirib, yeyib-içib keyfə baxmır. İş tapmaq, çörək pulu qazanıb ailəsinə göndərmək ümidilə yola çıxanlar, Vətəndən uzaqda yaşayanlar, qürbətin acısını dadanlar da var. Kim olur olsun, alim, incəsənət xadimi, iş adamı, istedad sahibi - fərq eləməz, hamısı insandır, insan kimi yaşamaq, zəhmətindən bəhrələnmək, ailəsini dolandırmaq istəyir. Evi Vətəndə, özü qürbətdə olanlar az deyil. Nə yaxşı ki, öz zəhməti, bacarığı, istedadı ilə Vətənini şöhrətləndirən, millətinin adını uca tutanlarımız var. Ustad Məmməd Arazın təbirincə onlar harada olur-olsunlar əsil Vətən daşı, öz kökünə, torpağına qırılmaz tellərlə bağlı olan vətəndaşlarımızdır.
   
   
   
   ***
   
   - Burası Qars qalası!
   
   Dağın zirvəsində Səlcuqlu Sultanın əmri ilə 1153-cü ildə tikilən qaladan ətraf əl içi kimi görünür. Bu ucalıqdan təbiətin əsrarəngiz gözəlliyini heyranlıqla seyr edən müəllif "qalayla bağlı bir sevgi romanını" xatırlayır və oxucusuna danışır.
   
   Qalanın bir azərbaycanlı komendantı olub, polkovnik. Elə burada da vəfat edib, dəfn olunub. Onun xanımının eşq macərasından bəhs edən olay və bir məktub. "O vaxt çox gənc idim və fikirləşmişdim ki, yəni belə məktub yazmaq olar? Belə sevgi olar? Belə sözləri deyə bilən kişi var yəni?.. Müharibələrdən, inqilablardan... nələrdən keçirdib, gizlədib saxlamışdı məktubu. Və mən oxumuşdum..."
   
   İndi muzeyə çevrilən tarixlər şahidi Qars qalasının yüksəkliyindən təbiəti seyr edən, məhəbbət olayını xatırlayıb oxucusuna söyləyən müəllifin qələmi qəlbindən qopan nidanı yazır: Yaşasın təbiət və məhəbbət!..
   
   ...Qars qalasının yaxınlığındakı Sarıqamış öz əsrarəngiz təbiəti ilə diqqətçəkən, sürətlə inkişaf edən dağ kurortudur. Zəngin mütaliəli, ədəbiyyatı, tarixi, xüsusən Türk dünyasının, Osmanlı imperiyasının tarixini yetərincə bilən İradə xanım Tuncay "İlahi, nə gözəllikdi bu?" - deyə öz heyranlığını bildirsə də, dağlara, şam ağaclarına, yaşıllıqda ləpələnib titrəşən çiçəklərə tamaşa etdikcə, elə bil onun gözlərində təbiət rəngini dəyişir. Ömür-gün yoldaşı, həmkarı Aqil Abbasa xitabən deyir: "Sən içinlə savaşırsan, amma bu dağlarda öylə bir savaş olub ki... Bu savaş bu torpaqlarda hər çiçəyin ləçəyində, şeh damlasında, göydən yağan yağmurda, rüzgarda, günəşin parıltısında, rahatlıqla içimə çəkdiyim havada da var. Kiçicik bir ərazidə, azacıq bir vaxtda 90 min əsgər həlak olub burda... Bu torpaqlarda nə qədər adsız qəhrəman yatır. İnanmıram mən burda turistik cənnətin yaranacağına. Olmayacaq. Ağrı çoxdu... Necə ki bizdə indi Nargində turizm cənnəti yaratmaq istəyirlər, orda da olmayacaq!"
   
   
   
   ***
   
   İradə xanımın mətbuatda çıxan yazılarını, "Sarı Odalar" kitabını, "Yol romanı"nı diqqətlə oxuduqda belə bir fikrə gəlirsən ki, insanın daxili aləminə nüfuz etmək, iç dünyasını üzə çıxarmaq, insani keyfiyyətlərinə, şəxsiyyətin bütövlüyünə önəm vermək, doğru sözü, həqiqəti sərrast demək onun yaradıcılığı üçün səciyyəvidir.
   
   "İnsan varsa yol da var... Özümdən-özümə yol... Bir ömür xərclədim bunun üçün... Büdrədim, yıxıldım... qalxdım... Getdiyim Yol ömür yoluymuş... ...Neçə milyard canlı var, insan azdı. Doğub törəyirlər, artırlar, amma sevə bilmirlər, insan azdı".
   
   Yetkinlik, kamillik yaşına çatdığın Ömür yolunda bunun şahidi olmusan - insan azdır.
   
   Adamla adam ol, insanla insan,
   
   Bil ki, çox alidir insan adamdan, -
   
   
   
   deyən ulu müdrik babamız, həm də təsəlli verib ki, dünya yaxşı insanlardan xali deyil.
   
   Yola düşüb kəndləri, şəhərləri, ölkələri gəzəndə bir daha bunun şahidi oldun. Təvazökar, mərifətli, intellektli, istedadlı, Vətəninin adına layiq fəaliyyət göstərən, hörmət bəslədiyin insanlarla görüşəndə ürəkdən sevindin: bəstəkar Cavanşir Quliyev, filoloq alim Vurğun Əyyub, professor Hacalı Nəcəfoğlu, baş konsul Həsən Zeynalov...
   
   Yolun işıqlı oldu, gəzdiyin hər yerdə - təbiətdə, cəmiyyətdə, insanlarda işıq sorağında oldun, adətin üzrə kitablara, qədim mənbələrə göz qoydun və heyrətamiz bir kəşflə üzləşdin. Sən demə "Yol romanı"nı yazdığın 2011-ci il Mayya təqviminə görə Şimşək iliymiş. Dünyaya göz açdığın bürcün özəlliklərini maraqla oxudun və elə bil "özünü tapdın", sənə agah oldu bəzi hikmətlər. Şimşək bürcündən olanın içindəki həyəcanlar, təbəddülatlar rahat qoymur onu ömrü boyu. Diqqət çəkir, diqqət mərkəzində olur, özünü daha çox sənətdə, ədəbiyyatda realizə edir. Və bütün bunlara ağlının, qəlbinin Şimşək kimi gur işığı ilə nail olur.
   
   Zamanında Tanrının bəndəsinə verdiyi işıq Ata gözlərindən Övlad ürəyinə süzülüb ömür yolunun çırağına dönüb. Böyük anlamda Övlad ustad Ata qələmini və Sözünü yaşadıb, Ata ocağının Odu olub.
   
   Haqdan yanan ocağın işığında "öz içinə yolçuluq edən" ərzi dolaşar, yolu BİTMƏZ!
   
   "Az qala hər cümləsində insan yaşantılarının bir rəngi görünən, hər durğu işarəsi kədər, həyəcan, təlatüm ifadə eləyən, bu kədərin, həyəcanın, təlatümün insan ömrünə... necə dərin çapıqlar vurduğunun şəklini cızan "Yol romanı" (Yusif Rzayev) əsərində baş qəhrəman - müəllif bütün bunlara rəğmən eyni zamanda nikbindir, inanır, ümid edir, öz bürcü kimi işıqlı insanları, gözəlliyi sevə-sevə yazır: "Getdiyin yolu anlaya bilsən, tanıya bilsən, heç nə çətin olmaz... Mövlanə der ki, ağlın kimyası və aşkın kimyası başqadı. Ağıl təmkinlidi, qorxa-qorxa atar addımlarını. "Aman, ehtiyatlı ol", - deyər. Halbuki aşk böylə deyil. Onun tək dediyi - "Burax, içindəki məhbusu, qoy getsin".
   
   "Yol romanı"nın epiloqunda müəllifin nikbinliyi oxucuda inam yaradır: "Zaman gələcək, mənim kimi düşünənlər əkib-böyüdəcəklər o çiçəkləri... Mən... Yol göstərdim, Yol açdım. Mən açdığım Yolun yolçularına inanıram".
   
   Özünəməxsus üslubda dəst-xəttilə qələmə aldığı bənzərsiz, insanı dərindən-dərinə düşündürən əsərinə son nöqtəsini qoymazdan öncə İradə xanım Tuncay uzun səfər boyu sanki birlikdə yol getdiyi, üz-üzə, ürək-ürəyə danışdığı oxucusuna tövsiyə edir: "Nə yönə gedirsən get - Doğu, Batı, Quzey, ya da Güney - çıxdığın hər yolu içinə bir səyahət kimi düşün. Öz içinə yolçuluq edən adam sonunda ərzi dolaşır".

TƏQVİM / ARXİV