"Jurnalistika həmizə ictimai dialoqa xidmət edib"

ETİBAR CƏBRAYILOĞLU
35373 | 2012-06-02 08:15
Bu gün cəmiyyətin mətbuat nümayəndələrindən böyük gözləntiləri var. İnsanlar jurnalistlərdən peşəkarlıq, dolğun və qərəzsiz informasiya, obyektiv mövqe gözləyir. Ümidlər doğrulmayanda isə ətrafımızda baş verən nöqsanları tənqid etməyə borclu olan jurnalistlərin özləri tənqid atəşinə tutulurlar. Oxucunun, tamaşaçının ən çox gileyi də bəzi mətbuat nümayəndələrinin peşəkarlıq səviyyəsinin günün tələbləri baxımından qənaətbəxş olmamasıdır.
   
   Son illər müxtəlif ali məktəblərimizdə jurnalist kadrları hazırlansa da, mətbuatdakı qələm əhlinin uğuru və problemi daha çox Bakı Dövlət Universitetinin ünvanına yazılır, diqqətlər ali təhsilimizin flaqmanına yönəlir. Biz də bu üzdən
   
   Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevi həmsöhbət seçdik.
   
   Bu yaxınlarda dekan vəzifəsinə seçilən Şamil Vəliyev mətbuat tariximizin ən az öyrənilmiş dövrlərini yorulmadan tədqiq edən görkəmli alimlərimizdən biridi. Şamil müəllimin qələmə aldığı "Füyuzat ədəbi məktəbi", "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" kitabları, o cümlədən "Əlibəy Hüseynzadənin dinə münasibəti", "Yaşıl qələm" unudulmadı", "Naməlum məktublar" və s. kimi əsərləri elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir və qiymətli mənbə sayılır.
   
   
   
   - Jurnalistika fakültəsinin dekanı vəzifəsinə seçilməniz münasibəti ilə Sizi təbrik edirik. Çox çətin bir dönəmdə- jurnalist peşəkarlığının azlığından giley-güzar, tənqid eşidilən bir zamanda vəzifənizin icrasına başlayırsız...
   
   - Təbriklərə görə çox sağ olun. Ən qocaman ali təhsil ocağımız olan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı vəzifəsinə seçilmək şərəfli bir işdi. Bu işdə çalışmaq böyük məsuliyyət tələb edir. Mən bu çətinliyi və sorumluluğu dərk edirəm. Üzərimə düşən məsuliyyətin öhdəsindən gələcəyimə də əminəm. Özümü tanıyandan jurnalistikaya bağlıyam. Alim kimi elmi araşdırmalarımın əksəriyyəti də mətbuatımızın tarixi ilə əlaqəli olub. Jurnalistikanın, bu sahədə çalışanların peşəkarlıq məsələsinin tənqidinə gəlincə, bir tənqidşünas, bu sahənin tarixi, nəzəriyyəsi, sənətşünaslıq məsələlərini araşdıran alim kimi məsələyə elmi cəhətdən yanaşıram. Tənqid spesifik təfəkkür tipidi. Ona görə də sağlam tənqid nə qədər çox olsa, cəmiyyətdə dialoq mədəniyyəti də bir o qədər formalaşar və inkişaf edər. Düzdü, bizim mentalitetdə tənqidə bir qədər fərqli və qeyri-düzgün yanaşma var. Əslində tənqid bir fikri başqası üçün nağdlaşdırmaq, onun malı etmək deməkdi. Jurnalistika Azərbaycanda yeganə fəaliyyət sahəsidi ki, ictimai fikirdə özünə və tarixinə tənqidi münasibət formalaşdırıb. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə qədər Azərbaycanda tənqid çox zəif olub. Yalnız Zərdabi və Mirzə Fətəli Axundzadə tənqidi bir elm sahəsinə çevirə biliblər.
   
   Bu baxımdan mətbuat cəmiyyəti tənqid etmək, onu öz-özünə tanıtmaqla məşğul olmalıdı. Milli mətbuatımızın maarifçilik qolunun formalaşması cümhuriyyət yaratmaqla, cəmiyyətin özünü təsdiq etməsi ilə nəticələndi və cəmiyyəti buna hazırlayan da məhz cümhuriyyətəqədərki mətbuatımız oldu. Bu, tarixi bir proses olduğundan bundan qaçmaq mümkün deyil. Çox təəssüf ki, sovet ideologiyası dövründə bu ənənəni qorumaq mümkün olmadı. Siyasi quruluş, əlifba, təfəkkür dəyişdiyindən tarixlə müasirlik arasında dərin bir boşluq əmələ gəldi. Belə məsələlərə konseptual yanaşmalıyıq, bilməliyik ki, biz cəmiyyətə nə verə bilərik, cəmiyyət də bizdən nə umur.
   
   Bu gün mətbuat azadlığı ilə bağlı məsələlərdə kimlərsə necə deyərlər, velosiped icad etməyə cəhd göstərir. Amma milli mətbuat tariximizin qadağan olunan səhifələrini araşdıranda məlum olur ki, Əhməd bəy Ağaoğlunun, Məmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin mətbuatın bu və ya digər məsələləri ilə bağlı sanballı məqalələri var.
   
   Müasir yazarlarımızın bəlasına çevrilən eqoizm Azərbaycanda "Əkinçi"yə qədər də mövcud olub. Lakin "Əkinçi"dən sonra mətbuatda özünü cəmiyyətə həsr etmək ənənəsi başlayıb. Həsən bəy Zərdabi qəzet çap etmək üçün mülkünü satıb, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı fədakarlıq ediblər. İndiki insanların yanaşması ilə bu barədə düşünəndə...
   
   - Ölkənin müxtəlif ali məktəbləri jurnalist kadrları hazırlayır. Amma nədənsə peşəkarlıq məsələləri ilə bağlı giley-güzar olanda nəzərlər ilk növbədə Bakı Dövlət Universitetinin bu gün rəhbərlik etdiyiniz jurnalistika fakültəsinə yönəlir. Sizcə bunun səbəbi nədi?
   
   - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi yarandığı gündən peşəkar kadrların istehsalı ilə məşğul olub. Burada görkəmli alimlər, nüfuzlu ziyalılar çalışıblar. Qazanılan təcrübə nəticəsində fakültənin ətrafında peşəkar bir komanda toplaşıb. Çox sevinirəm ki, jurnalistikamızın patriarxı Şirməmməd Hüseynov bu gün bizimlə bir yerdədi. Qeyd etdiyiniz kimi, digər ali məktəblər də jurnalist hazırlığı ilə məşğul olur. Amma jurnalistikanın tədrisi ilə məşğul olan universitetlərin lideri Bakı Dövlət Universitetidir. Həqiqətən, bizim fakültə jurnalist hazırlığı ilə məşğul olan digər ali məktəblərin fəaliyyətinə istiqamət verir. Həmin tədris ocaqlarında bizim müəllimlərin hazırladıqları proqramlardan, dərs vəsaitlərindən istifadə olunur. Ona görə də bütün diqqətlərin məhz bizim fakültəyə yönəlməsinə təbii baxıram.
   
   Çox sevindirici haldır ki, Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti də daxil olmaqla daha bir neçə ali məktəbdə jurnalistika fakültələri açılır. İnanıram ki, gələcəkdə bu şəbəkə daha da genişlənəcək.
   
   XXI əsr informasiya epoxasıdı və kadr hazırlığında da diqqət bu məsələyə yönəlməlidi. Təkcə informasiya epoxasında yaşayan yox, həm də dövrün tələbinə adekvat cavab verməyi bacaran jurnalist kadrları hazırlanmalıdı. Çünki jurnalistika həmişə ictimai dialoqa, cəmiyyətdaxili ünsiyyətə xidmət edir. Ona görə də bu sahənin paradiqmaları ilə cəmiyyətin digər təbəqələrinin də məlumatlı olması lazımdı. Belə olanda cəmiyyət həqiqi informasiya ilə yalanı ayırmağı bacaracaq, heç kim yalançı informasiya ilə meydanda at oynada bilməyəcək. Yalan dəyirmanında üyüdülən çirkli, təhlükəli informasiyaya cəmiyyət adekvat cavab verəcək, peşəkar jurnalistin dəyəri bilinəcək. Əks halda yazı yazmağı bacaran hər kəsin özünü cəmiyyətə jurnalist kim sırıması qaçılmaz olacaq.
   
   - Qərb jurnalistikasından fərqli olaraq bizdə ixtisaslaşma çox ləng gedir. Daha dəqiq, heç getmir. Dünən kriminaldan yazan bu gün iqtisadi mövzu ətrafında düşüncələrini oxucuya sırımaq istəyir. Xüsusi ilə dini mövzuda yazan jurnalistlərin bu sahəni dərindən bilməmələri ciddi problem yaradır...
   
   - Bütün dünyada olduğu kimi biz də sahə jurnalistikasının inkişafına nail olmalıyıq. Bu gün hamımızın tanıdığı ayrı-ayrı jurnalistlər var ki, yalnız bir sahədən-iqtisadiyyatdan, idmandan və ya səhiyyədən yazırlar. Məsələ bundadır ki, bu iş indiyə qədər bir məktəb şəklində tədris edilməyib və indi biz buna çalışmalıyıq. Qərbdə bu sistemə çoxdan üstünlük verirlir. Tutaq ki, kənd təsərrüfatından yazan jurnalistin aqrar sahədən məlumatı olmalıdı. Dini bilikləri olmayan jurnalist necə bu sahədən yaza bilər? Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fakültəmizin müəllimi Qəmər xanım Cavadlının bu yaxınlarda "İslam dəyərləri kütləvi informasiya vasitələrində" mövzusunda müdafiə etdiyi elmi iş böyük maraqla qarşılandı. Qəmər xanımın bu sanballı araşdırması dini mövzuda yazmaq istəyən jurnalistlər üçün qiymətli mənbə ola bilər.
   
   Bayaq qeyd etdiyim kimi, sahə jurnalistikasına diqqəti artırmalıyıq. Bakı Dövlət Universitetinin rektoru, hörmətli akademik Abel Məhərrəmovla bu barədə söhbətlərimiz, fikir mübadilələrimiz olub. Rektor bizə hər cür dəstək verməyə hazır olduğunu bildirib.
   
   - Yeni dekanın gəlişindən sonra fakültənin fəaliyyətində hansı yeniliklər olacaq?
   
   - Təbii ki, dəyişikliklər, yeniliklər olacaq. Bayaq dediyim kimi, informasiya epoxasında yaşayan tələbələrimizin informasiya-kommunikasiya texnologiyaları ilə sərbəst davrana bilməsi üçün müəyyən işlər görməliyik. Amma bu işi mükəmməl bilib də ictimai əxlaq və davranış normalarına biganə qalmaq olmaz. Bu gün "Mən jurnalistəm, nə istəsəm onu da edə bilərəm" düşüncəsi ilə hərəkət etmək doğru sayıla bilməz. Axı cəmiyyət təkcə jurnalistlərdən ibarət deyil.
   
   Zamanında cəmiyyətə, mətbuata yenilikləri gətirməyi bacaran Əli bəy Hüseynzadə yazırdı ki, bizə islam etiqadlı, türk hissiyyatlı, müasir qiyafəli, Avropa qafalı yeni insanlar lazımdı. Biz də bu gün məhz bu tipli vətəndaş, kadr hazırlamalıyıq.
   
   Yeni texnikanı, texnologiyanı mükəmməl mənimsəyən gələcəyin jurnalisti əgər xalqının tarixini, soy-kökünü dərindən bilmirsə, milli-mənəvi, əxlaqi və dini dəyərlərə əməl etmirsə, heç vaxt cəmiyyətə fayda verə bilməz. Biz bu keyfiyyətlərin vəhdətinə nail olmalıyıq. Dekan kimi arzularım çoxdu və arzularıma uyğun da davranmağa çalışacam.
   
   

TƏQVİM / ARXİV