SEVGiNiN çAŞDIRDIğI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
33432 | 2012-06-02 08:15
...Maşında arxa oturacaqda əyləşmişdi. Əslində isə o indi yol getmirdi, eləcə parkda oturub düşündüyü məqamların içərisndə qalmışdı. Ona görə də maşına əyləşəndə arxada onunla yanaşı oturmuş insanın kimliyinin fərqinə varmadı. Hətta deyəsən heç maşında onunla yanaşı əyləşmiş şəxsə "sabahınız xeyir!" də demədi. Halı elə qarışmışdı, əhvalı elə tutulmuşdu ki, dolmuş, qaralmış buluda bənzəyirdi. Bəlkə də bu məqamında onu kimsə dindirsə, kimsə ondan hətta yaxşı mənada nə isə soruşsa ya davaya çıxacaqdı, ya da hönkür-hönkür ağlayacaqdı. Çünki özündə olmayan bu adam niyə özündə olmadığını anlaya bilmirdi. Bu özünü anlaya bilməmək də onu bir az da artıq sıxır, bir az da artıq özündən uzaqlaşdırırdı...
   
   Maşının arxa təkəri çalaya düşdü. Sürücünün naşılığımı, yoxsa qəsdən bu cür etməsi, yəni maşının təkərini çalaya salması onu sanki diksindirib oyatdı. Heyrətlə ətrafa baxdı. Harda olduğunu aydınlaşdırmaq istədi və gözü maşında sürücüdən başqa əyləşmiş daha iki nəfərə sataşdı. Onlardan biri orta yaşlı, arıq, uzun, saçlarına dən düşmüş fotomüxbir idi. Onu tanıyırdı. Ön oturacaqda, sürücünün yanında əyləşən isə ona tanış gəlmədi. Tanış gəlməyi bir yana, hələ onun görkəmi də ürəyinə yatmadı. Bu adam sanki özündən mənfi şüalar yayırdı ətrafa. Bəlkə də belə deyildi, ona belə gəldi.
   
   Bax, bir anın içərisində ani gördükləri və düşündükləri onu deyəsən özünə qaytarmağa başladı. O da özünə qayıda-qayıda əlini yanındakı fotomüxbirə uzatdı:
   
   - Siz Allah bağışlayın. Dünən bir az artıq "getmişəm". Ona görə halım özümdə deyildi. Necəsiniz?
   
   - Çox sağ ol. Mən də siz maşina əyləşəndə sevindim ki, köhnə tanışımla yol-yoldaşı olmuşam. Amma salamsız-kəlamsız oturmağınız, turşumuş qaş-qabağınız məni heç açmadı. Elə bildim ki, məni gördüyünüzə dilxor olmusunuz. Doğrusu, mən də içimdə sıxıldım. Özümü qınadım ki, gərək axşam qatarla gedəydim, heç belə dilxorçuluqla da qarşılaşmayaydım.
   
   Fotomüxbirin söylədikləri ona bir sillə kimi dəydi. Hərəkətləri ilə başqalarının qəlbinə toxunduğunu anlayıb xəcalət çəkdi. Amma daha olan olmuşdu. Bu məqamda sürücü ona tərəf çevrilib mülayim şəkildə:
   
   - Müəllim, yanımda oturan oğlan xalaoğlumdu. Bildi ki, rayona gedirəm xahiş elədi ki, onu da götürüm, o tərəflərdə olmayıb. Oraları da görüb bizimlə axşam geri qayıtsın...
   
   Sürücünün söylədikləri ona bir işarə idi. Yəni ən azı etika xatirinə qarşıda oturan insanla da salamlaşmalı idi. O, bunu da etməmişdi. Lakin bundan təəssüflənmədi. Çünki qarşıda oturan onun ürəyincə deyildi və ürəiyncə olmayan bu adama əlini quru ağac parçası kimi uzatdı. Guya ki, salamlaşmaq istədi. Oğlan:
   
   - Mamed - dedi.
   
   Təbii ki, özünü təqdim etdi. O isə özünü eşitməməzliyə vurdu. Guya ki, həmin oğlanın Mamed, Əli, Vəli, Cəfər olması bunun üçün əhəmiyyətsiz idi. Bütün bunları kənardan izləyən olsaydı, ən azı maşını saxladıb onu düşürdər və ünvanına da bir-iki "xoş" kəlmə deyib yarı yolda qoyub gedərdi. Ancaq onlar yol gedirdilər və onların yaşadıqları bu anları izləyən bir kimsə yox idi, Allahdan başqa. Bir kimsənin olmaması da deyəsən onun işinə yarayırdı. Lap açıq desək ürəyincə idi. Fikirləşmədən, özünə əziyyət vermədən ağlına gələni, yadına düşəni fotomüxbirlə bölüşürdü. Arada da deyirdi ki:
   
   - Söhbət yolun körpüsüdü. Danışıram ki, yol bizi yormasın. Mənzil başına tez çataq.
   
   Kürün üstündəki korpünü keçəndə sürücü ayağını tormoza atıb maşını yolun kənarına çəkdi və üzünü yaşca böyük olan fotomüxbirə tutdu:
   
   - Hələ vaxta xeyli var. Tez gedib orda gözləməkdənsə, bəlkə burda bir çay içək- dedi.
   
    O,sürücünün təklifinin fərqinə varmadan dərhal qapını açıb düşdü. Gözləmədi ki, görsün müraciət olunan fotomüxbir nə deyəcək, hansı reaksiyanı verəcək? Onun maşından tez düşməsi əxlaq cəhətdən qüsurlu olsa da, fotomüxbir onun axşam çox içdiyini düşünüb astaca qapını açdı və hamının eşidəcəyi bir səslə ortalığa dedi:
   
   - Doğru deyirsən, tünd çay müəllimə də kömək edər.
   
   Kafeyə daxil oldular. İçərinin havası ağır idi. Odur ki, o, üzünü xidmətçilərə tutub bir az kobud şəkildə dilləndi:
   
   - Ə, burada nə olub, iylənir hər yer. Çöldə ağacın altında bir stol qoyun, biz orada oturacağıq.
   
   Salamsız-kəlamsız danışan bu müştərilərin görkəminə, gəldikləri maşina gözucu fikir verən xidmətçilər heç nə demədən həyətdəki söyüd ağacının kölgəsinə stollar qoydular. İnsafən hər tərəf yaşıllıq olduğundan adamın gözü sevinib, könlü açılırdı. Üstəlik sıra ilə əkilmiş ağacların budaqları arasında sübh mahnılarını oxuyan, səs-səsə verən quşlar da sanki əsəbləri sakitləşdirən xoş ovqat yaratmaq üçün əməlli-başlı yarışa çıxmışdılar. Bu məqamlar onun ürəyincə oldu. Çünki...
   
   Yadına ötən yaz səhəri düşdü. Onunla vədələşmişdilər. Az qala dan yeri söküləndə "Sahil" metrosunun qarşısında görüşdülər. Gəzə-gəzə bulvara tərəf getdilər. Bulvardakı yaşıllıqların, gül kollarının arasında qəribə bir musiqili səhnə yaranmışdı. Səs-səsə verən quşları dinləyə-dinləyə dənizin içərilərinə doğru uzanan və bir vaxtlar restoran kimi fəaliyyət göstərən binaya tərəf addımladılar. Onların yan-yörəsindən idman geyimli gənclər ötüb keçirdilər. Yaşlı iki nəfər onların diqqətini çəkdi. Qarı-qoca qol-qola girib, ağır-ağır dənizin içərisinə doğru uzanan bu yolla tələsmədən sanki zamanı tutub saxlamaq istəyi ilə addımlayır və nə barədəsə arabir danışırdılar. Oğlan qızın həmin yaşlı insanlara baxdığını görüb qeyri-ixtiyari dedi:
   
   - Yəqin 30-40 il bundan sonra biz də bax beləcə qol-qola girib bu sahildə gəzişəcəyik.
   
   Qız:
   
   - Yox, mən sahilə gələndə nəvələrimizi də gətirəcəm - dedi.
   
   O isə sevgilisinin bu istəyinə qarşı çıxdı:
   
   - Nəvələrimizi ata-anası gətirər. İmkan ver səninlə heç olmasa baş-başa qala bilim. Çünki onda danışmalı çox söhbətimiz olacaq...
   
   Bəli, bir anlıq xatırladı həmin o anı və bir anın içərisində də o, elə həmin gün yazdığı və sahildə də birnəfəsə oxuduğu misraları xatırladı:
   
   
   
   indi dan söküləcək
   
   gülümsəyəcək günəş...
   
   öncə özünü dinlə,
   
   ürəyinə bir gənəş-
   
   sevirmi məni?!
   
   
   
   dayan güzgü önündə
   
   saçlarını qarışdır
   
   nə var, aç-tök könlündə,
   
   gözlərini danışdır-
   
   sevirmi məni?!
   
   
   
   sonra yuyun və bəzən
   
   çay süz, amma tələsmə
   
   fikir dəyişir bəzən
   
   sən də ruhunu səslə-
   
   sevirmi məni?!
   
   
   
   ***
   
   Süfrəyə çay gəldi. Ofisiant deyəsən limonu unutmuşdu. O, kəmhövsələlik edib yerindən səsləndi:
   
   - Ay qaqa, bizə limon da ver, özün də gəl bura. Oğlan tələsik ona yaxınlaşdı:
   
   - Bağışlayın, müdirimiz bazarlığa gedib hələ qayıtmayıb, indilərdə gələr. Başqa bir şeyə ehtiyac var?
   
   - De görüm səhər yeməyinə nəyiniz var?
   
   Ofisiant:
   
   - Səhər-səhər pomidor-yumurta çığırtması, qayğanaq, pendir, yağ məsləhətdi. Hansını istəyirsiniz?
   
   O yanındakıların fikrini soruşmadan yenə qabağa düşdü:
   
   - Bizə dörd nəfərlik adına layiq pomidor-yumurta çığırtması ver. Pendir də, turşu da gətir. Vurmağa nəyiniz var?
   
   Oğlan dillənməmiş fotomüxbir sakit şəkildə:
   
   - Müəllim, bəlkə içki verməsin, iş dalınca gedirik. Qayıdanda vurarıq.
   
   - Yox, mən içmək istəyirəm - deyib ofisianta tərəf döndu. Məsləhətli, özün bağlayan hansı araq varsa ondan birini gətir. Bir də "kola" var sizdə? Varsa ondan birini tez çatdır bura.
   
   Heç kimi nəzərə almadan danışan müştərinin hərəkətləri ofisiantın xoşuna gəlməsə də, işinin xatirinə mülayim şəkildə dilləndi:
   
   - Müəllim, biz araq bağlamırıq. "Hoptavoydan" götürürk. Amma məsləhətlisi öz arağımızdı. Yəni "Şampan zavodun".
   
   O, ofisiantın dediklərinə əhəmiyyət vermədən ciddi şəkildə:
   
   - Dedim də, hansı məsləhətdi ondan birini götür gəl. Özü də cəld ol, tələsiyirik, yol gedəcəyik.
   
   Ofisiant verilən sifarişləri yerinə yetirmək üçün kafeyə doğru getdi. O isə üzünü fotomüxbirə tutub:
   
   - Yaxşı mənzərədi, bəlkə burda bir şəklimizi çəkəsən. Ölüm-itim dünyasıdı, heç olmasa sənin kameranın yaddaşında bir müddət qalım.
   
   Fotomüxbir könülsüz bir halda:
   
   - Baş üstə. Çək deyirsən, çəkim. Amma səhər-səhər ölüm-itimdən danışma. Cavan oğlansan, nə yaşın var. İnşallah, toyunda nə qədər desən şəkil çəkəcəm. Bir fotosessiya da hazırlayıb hədiyyə edəcəm, sonra uşaqlarına göstərərsən.
   
   Orta yaşlı həmkarının dedikləri onu kövrəltdi. Bayaqdan kobudluq etdiyini anladı. Üzr istəmək, "bağışla" demək istədi. Amma eləmədi. Deyəsən heç fotomüxbir də onun üzrxahlığını gözləmirdi. Ona görə də sürücüyə tərəf çevrilib, "zəhmət olmasa maşının açarını ver, fotoaparatı götürüm" - dedi.
   
   Sürücü yerində qurcalanıb şalvarının cibindən açarı çıxardı və açarın üstündəki pultu maşına tərəf tutub düyməni basdı:
   
   - Qapılar açıqdı, istəyirsən mən gedim gətirim - dedi.
   
   - Çox sağ ol, özüm götürərəm - deyən fotomüxbir maşına tərəf addımladı.
   
   Bir anlıq ortaya sükut çökdü. Elə bu sükut da onun yaxasından tutub şəhərə, ayrıldığı nöqtəyə "salam-sağ ol" etdiyi qızın yanına çəkib apardı. Səhər-səhər ona demək istədiklərini yadına saldı. Xatırladı ki, o, son günlərin hadisələrini bölüşməli idi. Soruşmalı idi ki, bu soyuqluq, bu biganəlik hardandı, nədəndi? Niyə onlar heç nədən bir-birini incidir, bir-birlərinin qəlbinə dəyirlər. Sanki buluddan nəm çəkirlər, şehdən nəm götürürlər. Axı kiminsə hardasa nə isə deməsi, kiminsə hardasa onları bir yerdə görməsi dünyanı dağıdacaq faciə deyil. Gec-tez onları kimsə, kimlərsə bir yerdə görməlidi. Axı onlar bu dünyada, bu məmləkətdə, bu insanların arasında yaşayırlar. Niyə gerçəkliyi gizlətmək, həmişə kölgəyə çəkilib arxa planda qalmaq yolunu tutmalıdılar. Nə qədər ətrafla, qohumla, qonşuyla, hətta iş yoldaşları ilə hesablaşmalı, onların fikirlərini nəzərə almalıdılar. Məgər onlar özlərini idarə etmək iqtidarında deyillər? Məgər onların sevmək haqqı yoxdur? Ümumiyyətlə, bütün qanunlar, qaydalar yalnız onlar üçündü? Axı həmişə ikisi də təkrarlayıb ki, sevgi qurban tələb edir, fədakarlıq tələb edir. Bunu bilə-bilə niyə fədakar olmasınlar. Hə, bir də soruşacaqdı ki, sən qərar qəbul edə bildinmi? Vaxt, yer seçmək, bütün bu olanlara son qoyub bir dam altına yığışmaq vaxtı ötüb gedir axı?..
   
   ... Fotomüxbirin səsi onu xəyaldan ayırdı. Bakıdan çəkib Kürün üstündəki körpünün yanına gətirdi:
   
   - Müəllim, əvvəlcə süfrə arxasında şəklimizi çəkin. Həm tək, həm də yoldaşlarla birlikdə. Sonra harda ürəyinizdən keçərsə, orda çəkərəm.
   
   "Süfrə arxasında" sözü onu bir balaca təəccübləndirdi. Çünki harda oturduğu yadından çıxmışdı. Dərhal qarşısındakı süfrəyə baxdı. Verdiyi sifarişlər hamısı süfrəyə düzülmüşdü. O, özünü bir balaca səliqəyə salmaq istədi, amma fikrindən daşındı:
   
   - Elə belə çək, qoy təbii alınsın.
   
   Fotoaparat işə salındı. Bir neçə kadr çəkildi. Sonra fotomüxbir aparatı ağacdan asıb öz yerinə qayıtdı. Yeməyə başladılar. O, ortalıqdakı dörd badəyə araq süzdü. Sürücü onun üçün süzülmüş badəni ustalıqla bir kənara qoydu və dedi:
   
   - Mən sükan arxasındayam. İnşallah, xeyir işlərdə içərik. O isə bu üzrxahlığa əhəmiyyət vermədən:
   
   - Hə, götürün, sabahımız xeyir, yolumuz uğurlu olsun! - deyib badəsini süfrə arxasında əyləşənlərə tərəf uzatdı. Fotomüxbir də, onun ürəyincə olmayan, xalaoğlu da badələri qaldırdılar. O badəsini toqquşdurub dərhal da başına çəkdi. Ardınca xalaoğlu da içdi. Fotomüxbir də badəsini bir kənara qoydu və onun "tədbirdən sonra içərəm" deməsi bir balaca xətrinə dəysə də, üstünə getmədi və öz-özünə mızıldandı:
   
   - Deyəsən bu arağı xalaoğluyla mən içəcəm. İçmrsiniz özünüz bilərsiniz.
   
   Sonuncu badəni başına çəkib bir xeyli küt-küt ətrafa baxdı. Sonra elə bil ki, hardansa üzünə, gözlərinin içinə işıq düşdü, təbəssüm axıb gəldi. Sanki ağacların budaqları arasından süzülən günəş şüası ilə birlikdə o qızın da gözlərinin nuru, istisi axıb gəlirdi ona tərəf. Əlini gözlərinin qarşısında oynatdı. Elə bil gördüyünün gerçək olmadığını yoxlamaq istəyirdi. Bu istəklə də yanındakıların eşidə bilməyəcəyi bir səslə əslində özü öz ürəyində bu səhərin şeirin yazdı:
   
   
   
   heç nə keçmir könlümdən
   
   ruhum donub elə bil
   
   asılıbdı önümdən
   
   nida kimi neçə mil...
   
   
   
   hər tərəf boş, viranə
   
   həyat düşüb gözümdən
   
   qalın mənə biganə -
   
   mən köçmüşəm özümdən...
   
   
   
   yerin, göyün son ucu...
   
   ordan sonra hara var?!
   
   Tanrım göstər sən məni -
   
   sevgi görsün adamlar...
   
   
   
   Süfrədən qalxdılar. O, iri addımlarla önə keçib süfrənin xərcini ödədi. Qabaqda onları saat yarımlıq yol gözləyirdi. Bəs onu təkcə bu yolmu gözləyir?..

TƏQVİM / ARXİV