adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ağ QARANQUŞ

VƏSİLƏ USUBOVA
35295 | 2012-06-02 08:15
O rəvayəti eşidən gündən gözlərim itikçidi. Yaz gəldimi, bütün qayğılarımı, iş-gücümü bir qırağa qoyub ancaq onu axtarıram. Axtarıram hər yerdə - tərtəmiz göy üzündə (zatən elə də yüksəkdən uçan deyillər), ağac budaqlarında, çal-çəpər başında, artırmalarda, balkonlarda. Axı, onlar insanla ünsiyyətdən qaçmayan yeganə quşlardı. İnsan yaşamayan yerdə yuva qurmazlar. Bəlkə də adama onun özündən də çox inanarlar. Dimdiyinin sarısı getməmiş balalarını ona etibar edərlər. İnsanlar da bu etibarı doğruldarlar; yuvasına toxunmazlar, ziyankarlardan qoruyarlarg Özlərinə etibarlı demək olmaz, amma. Havaların sərinləməsinə bənddilər, bizləri unudub qərib ölkələrə uçarlar. Yəqin orada da insanlar olan yerdə yuva qurarlar. Oradakılar da bizim kimi qoruyar, müqəddəs sayar. Yenə qış ötər, havaların nəfəsi mülayimləşən kimi, üzü bəri uçarlar. Qara qanadlarını çalıb lap aşağıdan ox kimi süzər, ağ sinələrini Kürün bulanıq sularına vurub baharın gəlişini dəli çayın qulağına pıçıldarlar...g
   
   Bunlar mənim bildiklərimdi o sevimli etibarsızlar haqqında. Ancaq buna görə axtarmıram onları...
   
   ***
   
   Mən Ağ Qaranquş axtarıram. Nə zamansa oxumuşam ki, ömründə bir dəfə Ağ qaranquş görən qadın həmişəlik cavan qalır. Hə... indi yəqin sakitləşib dərindən ah çəkdiniz, "qara qızın dərdi varmış..." deyib inamsız-inamsız gülümsədiniz. Elə bilirsiniz mən inanıram?! Bilirəm ki, mümkün olası iş deyil. Bu dünyada nə Ağ qaranquş var, nə də qocalmayan bircə qadın. Sadəcə olaraq, məndən ötrü bir ipucudu bu. Yapışıb özümün də, özgələrinin də həmişə qəlbimizdə qalan, heç zaman dilə gətirmədiyimiz imkansız arzularından söz açmaq istəyirəm...
   
   İllər ötür. Tələsə-tələsə yaşayır, təngənəfəs qovalayırıq günləri, ayları, illəri. Elə bilirik güclə ömrümüzdən kəsib ayırdığımız zaman parçaları xeyrimizə işləyir. Yaşımızın üstünə yaş gəldiyinin fərqində olmağa belə macal tapmırıq. Qocalığa vaxtımız çatmadığına sevinirik. Özümüzə qarşı qəsbkarlığımızı anlamırıq...
   
   Ürəyimdə belə təkrar eləməyə qorxduğum o sözü yazmaq istəyəndə də bədənim uçunur. Necə deyim ki, qocalıram. Axı, yaşanmadı o gənclik. Gözləntilərlə keçdi. Hərəkət eləməyən maşının sayğacı kimi boşuna döyəclədi payımıza düşən rəqəmləri. Kimdi günahkar?! Ömrünə sahiblənməyi bacarmayan bizlərmi?! Göz açmağa imkan verməyən könül dəllallarımı?!
   
   Nəyimizə gərəkdi həmişə cavan qalmaq?! Bir dəfə olduq da, nə faydasını gördük?! Tutaq ki, gözünə göründü axtardığın. Biçarə, ağıllanacağınımı sanırsan?! Yüz dəfə dünyaya gəlsən də, əvvəlki ağlınla gələcəksən. Qətrə də artmayacaq. Ağıl elə şeydi ki, azlığını hiss eləmirsən. Azaldıqca elə bilirsən səndən ağıllısı yoxdu. Artanda da...başının bəlası ondan da beşbetər artır. Vay o gündən ki, yerinə düşməyəsən. (Heç yerinə düşən varmı, görəsən?!) Onda görəcəksən ki, adamlar ağıldan necə qorxurlar. Çarən yoxdu. Ağlını gizlətməyə məcbursan...
   
   Ağılsa gözəlliyin də, cavanlığın da düşmənidi. Bunu bilirsənmi? Ağlı olanların gözəlliyi fənaya gedir. Ağılsızlar həmişə gözəl qalmağı bacarırlar.
   
   ***
   
   Sən də ağılsızlıq elədin bir gün. Bezmişdin hər şeydən. Gözəlliyinə uyan birisinin səni sevdiyini zənn etmişdin. Gözəl baxışların arxasındakı boşluğu, puçluğu hiss eləməyə ağlının gücü yetməmişdi. Qucağındakı körpənlə tək qalanda o boşluğun üfüqlərədək uzandığını anlayıb dəhşətə gəldin. Artıq gec idi. Yaşamalıydın. O qığıltının, məsum gülüşün xatirinə yaşamağa məhkumdun. Yaşadın da. Amma necə? Əlindən düşməyən güzgünü, hər gün sığalladığın qaşlarını, yuyub daradığın saçlarını unudaraq yaşadın. Sözdən, tənədən qorxdun, gözdən-baxışdan çəkindin. Gözəl görünməkdən, təmiz geyinməkdən əl çəkdin. Uşağın böyüyüb kişi olanda qulağına çata biləcək söhbətlərdən uçundun. Bax, ağıl dediyin bu idi. Səndən tələb olunan, ancaq kimsəyə gərək olmayan ağıl. Oğlun böyümüşdü. Öz dünyası vardı. Və o dünyada sənin yerin çox kiçik idi. Bunlar azmış kimi, bir gün satıcı oğlanın "xala" deməyindən yaman diksindin. "Nə tez gəlib çatdı bu söz? Elə bilirdim onu hələ çox gec eşidəcəyəm!" "Ağıllandın". Hər şeyi geri qaytarmaq, təzədən yaşamaq istədin. Canını bürümüş yanğı ağlını üstələməyə başlayırdı. Əlçatmaz şeylər keçirdi ürəyindən. Gecə-gündüz dualar pıçıldayırdı dodaqların. Bir gün səsin göylərə yetişdi. Heç kəsə nəsib olmayana qovuşmuşdun. Güzgüdən sənə gözəl, cavan qız gülümsəyirdi. Havalandın. Çoxdan üzünü görmədiyin oğluna can atdın...Sənin qədər sevinəcəyini gözləyirdin. "Nə yaxşı oldu, ana! Mənə görə yaşaya bilmədiklərini yaşayarsan innən belə!" Yenə aldatmışdın özünü. Səni görəndə donub qaldı: "Sən mənim anam deyilsən. Mənim anam yaşlıydı, üz-gözündən nur tökülürdü. Sənsə cavan qızsan, necə "ana" deyə bilərəm sənə?"...
   
   Bitdi hər şey. Əslində, çoxdan bitmişdi. Başına gələn taleyin bir istehzasıydı. Qədərini dəyişə bilməzsən, deyirdi düz gözünün içinə. Belə acımasız bilməzdin qismətini. Kimsənin günahı yoxmuş olanlarda... Çıxardığın nəticə bu...
   
   ***
   
   (Deyirlər, özünə bax. Mətbəxdə də, televizora baxanda da, uzanıb dincələndə də əlin üz-gözünün, boyun-boğazının üstündə olsun. Əlinin altında nə varsa, hamısından yararlan. Xiyardan, pomidordan, baldan, limondan, zeytundan, göyərtidən. Guya rəngin açılacaq, dərin hamar qalacaq. Daha demirlər ki, sifət ürəkdən su içir. Ürəyindən qara qanlar axanın, aldığı bütün zərbələri ürəyinə yönəldənin rəngi necə üzə gülsün?!)
   
   ***
   
   Bir dəfə göz həkimindən soruşdum: qadın ağlayandan sonra niyə kifirləşir? Cavab verdi ki, göz yaşının tərkibində çoxlu vitamin C var, onu itirəndə rəng solğunlaşır. Yadıma Balzakın "Qorio ata" əsəri düşür. Övladlarını canından artıq sevən, onların ani xoşbəxtliyi üçün varından-yoxundan keçən atanın dəfnində qızları ağlamır ki, sifətlərinin rəngi korlanar, məşuqlarının gözünə pis görünərlər... Sənsə emosionallığın son həddindəsən. Ağlayırsan da, alnını da düyünləyirsən, sifətini də turşudursan.
   
   Amma bir zamanlar doğrudan da, cavan idin. Günəş də səndən ötrü çıxırdı, Ay da üzünü görməkçin səmada qaranlıqları dolaşırdı. Gözəllikdən, sevgidən nə yazılmışdısa, səndən ötrüydü. Vaqifin də gözəli sən idin, Ələsgərin də. Vurğun da eşqinlə qələmə güc vermişdi, Vahid də. Aşıqlar təkcə sənin sevginlə dastanlar danışır, xanəndələr həsrətini, intizarını zilə çəkirdilər...
   
   Bunlar hamısı dünən idi. Dünəndə də qaldı...
   
   Bu günün də öz gözəlləri var. Hələ sabahını görə bilməyən, qədərindən xəbərsiz gözəlləri...
   
   ***
   
   Gözlərimi səmadan da, ətrafdan da yığmışam. Ümidsizlik özü də bir təsəllidi, demişlər. Özümə təsəlli verməyi də bacarıram hələ. Axı, mən də bir zaman gənc olmuşam. Hər halda qocalıb əldən düşəndə, çənəyə güc verməyin zamanı gələndə danışmağa nəyimsə olacaq. İstəsəm, uydura da bilərəm. Çatmadığım arzularımı, gözümdə qalan muradımı gerçəkləşmiş kimi qələmə verərəm. Bundan ötrü məni qınamazlar, görəsən?! Mən ki, ancaq xəyalları oğurlamaq fikrindəyəm. Gerçəkləri yaşayanların bəsi deyilmi olmuşlar?!...

TƏQVİM / ARXİV