adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Zaur Qəriboğlu: "Yazar görünüzlə yox, ruhla yazar olur"

27744 | 2012-05-30 03:37
Müsahibim gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, www.karabakhinfo.com e-jurnalın şef-redaktoru Zaur Qəriboğludur.
   
   
   
   - Zaur, uzun müddətdir mətbuatda imzanı görürük. Mümkünsə özün haqqında ətraflı məlumat ver. Kimdir Zaur Qəriboğlu?
   
   - İmzamdan da göründüyü kimi Qəriboğlu...
   
   -Zaur, qəribliyindən danışardın. Nəyin, kimin, haranın qəribçiliyidir bu?
   
   - Mənim babam Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlib, burda oxuyub, ailə qurub. Atam dünyaya gələndə, babam: "Mən bura gəldim, qərib oldum, qoy, oğlumun da adı Qərib olsun" - deyib, atamın adını Qərib qoyub. İndi atamın bütün ata qohumları hamısı o taydadır. Ona görə o, da hər zaman özünü burda qərib hiss edir. Yəni bizim ailəmiz qəriblər ailəsidir. Ümumiyyətlə, bütün insanlar qəribdi. Sadəcə, hərənin bir qəribçiliyi var.İnsanlar dünyanın qəribləridi.
   
   - Keçən il iki kitab təqdim etdin oxuculara. Kitablarının satışı, oxucu münasibəti səni qane etdimi?
   
   - Azərbaycanda kitablar çox az tirajla çıxır. Mənim kitablarımda az tirajla çıxan kitablardan idi. Fəqət, oxucu münasibəti və kitabların satışı məni qane etdi. Çünki az müddət ərzində demək olar ki, kitabların hamısı satıldı. Bu gün həmin kitablardan kiməsə hədiyyə etməyə belə qalmayıb.
   
   - Bir müddət ədəbiyyat portalına rəhbərlik etdin və sonra həmin sayt fəaliyyətini dayandırdı. Ədəbiyyata təmənnasız xidmətdən yoruldunmu?
   
   - Biz bu gün də ədəbiyyata təmənnasız xidmət edirik. Məgər, bu gün sənin, mənim, yaxud bir başqasının ədəbi fəaliyyətinə görə nə verirlər ki?! Bugünkü müasir Azərbaycan ədəbiyyatını çiyinlərində daşıyanlar fədailərdi. Bizdən öncəki nəsil sovet dönəminə təsadüf edib. Onların yaradıcılığı dəyərləndirilirdi. Fəqət, bu gün deyirlər, səndə var, mənə də ver. Artıq yazıçıya, ziyalıya hörmət qalmayıb. Bunun da səbəbkarı insanlar deyil. Bəzən, şikayətlənirik ki, oxucu yoxdu, gənclər oxumur. Amma bu fikir yanlışdı. Oxucu da var, bu gün gənclərin də yetmiş faizi mütaliəni sevir. Yaşlı nəsil bizi oxumur deyə, onlara elə gəlir ki, bu gün nə yazan var, nə də oxuyan... Əslində bu gün müasir Azərbaycan ədəbiyyatında istedadlı imzalar var, kifayət qədər maraqlı əsərlər də yazılır. Kimsə həmin yazarları görmürsə, əsərləri oxumursa, problem həmin adamın özündədir. Ümumiyyətlə, keçmiş Sovet vətəndaşı olanlarda sanki bizim nəsilə qarşı ögey münasibət var. Şikayətlənirlər də ki, gənclər özündən əvvəlkiləri qəbul etmir. Məgər, siz bizi qəbul edirsinizmi ki?!. Sualdan uzaqlaşmayıb, deyim ki, yazarklub.org - u əvvəllər mən tək yaratmışdım. Bir müddət tək idarə edəndən sonra gördüm ki, tək mənimlə bu iş olmayacaq. Çünki mən də işləməli, ailəmə kömək etməliydim. Məcbur olub, fəaliyyətini dayandırdım. Daha sonra bir neçə aydan sonra Oktay Hacımusalı ilə bu sayta yenidən can verdik. Hardasa, bir-iki ay yenidən çalışdı. Kifayət qədər maraqlı yazılar dərc etməklə, oxucu auditoriyası da toplamışdıq. Fəqət, yenə də sosial problemlər bizə güc gəldi və sayt yenidən fəaliyyətinə qeyri-müəyyən müddətə qədər xitam verdi.
   
   - Hal-hazırda nə ilə məşğulsan? Şəxsən mən sənin kifayət qədər aktiv fəaliyyət göstərdiyini deyə bilməyəcəm.
   
   - Mənim əziz qardaşım, niyə deyə bilmirsən ki?! Biz son aylarda XII Bakı Kitab Bayramı ilə əlaqədar YYSQ-nun və AYB-nin təşkilatçılığı ilə Aydın Xanla birgə həbsxanada, məcburi köçkün məktəbində görüşlər keçirib, müasir Azərbaycan ədəbiyyatından minə yaxın kitablar hədiyyə etmişik. Hələ bu yaxınlarda növbəti həbsxanada da məhbuslarla görüş keçirəcək, onlara da kitablar hədiyyə edəcəyik. Qaldı hal-hazırda harda işlədiyimə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının layihəsi olan www.karabakhinfo.com e-jurnalın şef-redaktoruyam. Hazırda e-jurnal hazırlıq mərhələsindədir. Yaxınlarda yayımda olacaq. Bu e-jurnalda sırf Qarabağa aid sənədli, araşdırma yazılar, ədəbiyyat nümunələri, erməni yalanlarını isbatlayacaq sənədlər də yer alacaq. Bu layihənin özəlliyi də ondadır ki, Azərbaycan dilindən əlavə yazılar ingilis və erməni dillərinə də tərcümə olunaraq dərc ediləcək. Həmçinin üç aydan bir e-jurnalda dərc olunun materiallar yüksək keyfiyyətlə jurnal halında da dərc olunaraq, pulsuz paylanılacaq.
   
   - Sənin mütaliəni sevdiyini, oxumağa çox vaxt ayırdığını bilirəm. Şəxsi yaradıcılığında da məhsuldarsan. Amma imzan kifayət qədər diqqət çəkmir. Bu nə ilə bağlıdır?
   
   - Bilirsən necədir Cəlil, mənim üçün diqqətdə olub-olmadığım o qədər də önəmli deyil. Bu gün əgər kitablarım çap olunub, satılırsa, üstümə qayıtmırsa, demək, özümə görə oxucu auditoriyam var. Məni heç vaxt bu gün düşündürməyib. Sabahı düşünürəm. Yazılarımı da bu günə yox, sabaha yazıram. Sabah tarixin ələyi qiymət verəcək. Tozu ələyib, yerə tökəcək, iri daşları saxlayacaq. Mən iddia etmirəm ki, mənim yazdıqlarım da həmin daşların arasında olacaq. Çünki bu günün ədəbiyyatına nə qədər çalışsaq da, obyektiv qiymət verə bilmərik. Bu qiyməti zaman verəcək. Ola bilər bu gün elə adamlar üzdə ola bilər ki, sabah tarix onları saxlamaz, ələyib, tökər. Məsələn, əvvəllər elə məşhur yazıçılar var idi ki, bu gün onları heç kim tanımır. Çünki zamanında tanındı, sevildi və bitdi. Bitdi ona görə ki, o, həmin gün üçün yazmışdı, sabah üçün yox. Amma elə yazarlar da var ki, zamanında yaxşı tanınmasa, qəbul olunmasa da, bu gün tanınır və sevilir.
   
   - Azərbaycanda ədəbiyyatla məşğul olmaq, yaradıcılıqla məşğul olmaq gənc yazara hansı perspektivlər yaradır?
   
   - Deməzdim hansısa yol açır, perispektiv yaradır. Əksinə, bu gün sosial baxımdan ən kasıb adamlar elə yazarlardı. Bu ruh məsələsidir. Ruhdan gələn istedaddır. Ruha da, bunu mənə vermə deyə bilməzsən. Çünki yazı prosessində sən özün olmursan. Başlayırsan yazmağa, özünü unudursan. yazını bitirəndən sonra qayıdıb özün olursan. Məni bu gün narahat edən başqa bir problem də var ki, gənclərimizin çox hissəsi yazarlığa meyillidirlər. İstedad yox, ortada bir əsər yox, sadəcə baxır ki, Cəlil Cavanşir, Qan Turalı eynək taxır, sərbəst geyinir, bu da elə bilir ki, yazıçı elə belə olmalıdır. Gözündə heç bir problemi olmasa da qara, iri ağ eynək alır taxır, bir az da özünü sərbəst göstərib, Facebook profilində də peşəsini yazar olaraq yazır. Qardaşım, axı yazar görünüşlə yox, ruhla yazar olur. Həm də bu tipli "yazarlar" özlərini elə aparırlar ki, ay aman, elə bil, Dostoyevskini də vurub keçiblər. Özlərinin ortalıqda ciddi bir əsəri olmaya-olmaya başqalarına ağıl qoymağa çalışırlar. Vallah, biabırçılıqdır e... Bu adamlar kənardan necə gülünc göründüklərini hiss etmirlər.
   
   - Sən AYB-nin üzvüsən. AYB-nin ədəbiyyatımıza xidmətini hansı səviyyədə görürsən? Razısanmı AYB-nin fəaliyyətindən?
   
   - AYB-nin ədəbiyyata xidmətləri var. Amma bu gün bəzi məqamlar var ki, mən onlardan narazıyam. Birinci növbədə, orda da ayrı-seçkilik var. Heç kim bir-birini qəbul etmir. Mən şair Musa Yaqubla birgə işləyirəm. Arada Musa müəllim ötən illərdən danışanda qibtə edirəm. Onun sözlərinə görə o dövrdə yazarlar hamısı bir-biri ilə dost, mehriban idilər. Amma bu gün komandalar yaranıb. Sən mənim komandamda deyilsənsə, demək sən istedadsızsan kimi yanaşırlar. Bu cür ədəbiyyatmı olar? Əsl istedadlı, yaradıcı insanda bu təfəkkürün olmasına təəssüf edirəm. Həmçinin, hər yoldan ötəni AYB-nə üzv ediblər. Azərbaycanda 2500 - dən çox yazıçı, şairmi var qardaşım?! Vallah, biabırçılıqdır... Elə adamlar deyir ki, mən də AYB-nin üzvüyəm, adam üstündə daşıdığı vəsiqədən utanır. Bir şeir, yaxud hekayə yazanları da AYB-nə üzv ediblər. Düşünürəm, bütün üzvlərin hamısını buraxıb, vicdanlı insanlardan komissiya təşkil edib, düzgün seçim etsələr, bəlkə də 1000 nəfər seçə bilməyəcəklər...
   
   - Müasir ədəbiyyatımızla tanışlığın necədir? Kimləri oxuyursan, kimləri bəyənirsən?
   
   - Demək olar ki, müasir dünya ədəbiyyatı ilə paralel olaraq, müasir Azərbaycan ədəbiyyatını da oxuyuram. Hamısını vaxt baxımından çatdırıb, oxuya bilməsəm də, qarşıma çıxan pisi də, yaxşını da oxuyuram ki, tanışlığım olsun. Bu gün ad çəksəm, siyahı uzana bilər. Amma yuxarıda qeyd etdiyim tiplərdən fərqli olaraq,gerçəkdən də yazar olanların hər birini oxuyuram. İçində zövqümə uyğun olanı da var, olmayanı da... Elə adam var ki, mənim onunla şəxsi münasibətim, dostluğum yoxdu, fəqət, mən onu oxuyur və bəyənirəm.
   
   - Son vaxtlar şeirdən uzaqlaşma, romana meyl müşahidə olunur. Səncə bu proses ədəbiyyatımıza nə vəd edir?
   
   - Bir az əvvəl şikayətlənirdik ki, hamı şeir yazır, nəsrə maraq azalıb. İndi əksinədir. Bunun nəyi pisdir ki?! Seçim nə qədər çox olsa, o qədər də sanballı əsərlərin seçimi rahat olacaq. Bu əsərləri isə yuxarıda qeyd etdiyim kimi zaman seçəcək.
   
   - Gələcək planlarından danışmaq istərdinmi? Oxucular Zaur Qəriboğlunun yaradıcılığında hansı yeniliklər görəcək?
   
   - Bilirsiniz ki, mən yazdığım şeirlərə, essələrə cizgilər və fikir cizgiləri başlığı vermişəm. Həmin silsilədən, hekayələrimdən və kitablar haqqında yazdığım yazılardan ibarət yeni bir kitab hazırlayıram. Kitabın redaktoru istedadlı yazıçı-jurnalist Nəzirməmməd Zöhrablı, ön söz müəllifi isə ustad şairimiz Musa Yaqubdur. İnşallah, bu yay həmin kitabın dərci haqqında düşünürəm. Nədənsə, elə bil, mənim talehimə yazılıb. Heç vaxt yayda istirahət edə bilmirəm. Bütün əlamətdar günlər, kitablarımın dərci yay aylarına təsadüf edib, həmçinin bu kitab da... Onu da qeyd edim ki, səkkiz aya yaxındır ki, yeni fəlsəfi-psixoloji bir roman üzərində də işləyirəm. Onu nə zaman bitirəcəyimi isə bilmirəm. Çünki arada uzun fasilələrlə yazıram, pozuram, yenidən yazıram romanı... Roman mənim çox ciddi yanaşdığım bir janrdı. Bu üzdən də üzərində çox ciddi çalışmaq istəyirəm.
   
   

TƏQVİM / ARXİV