adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

iT HüRSƏ DƏ, HüRMƏSƏ DƏ KARVAN KEçƏCƏK

BABƏK YUSİFOĞLU
34992 | 2012-05-30 03:36
Son günlər Ermənistan və Rusiya KİV-nin əksəriyyətinin ən çox bəhs etdiyi mövzulardan biri də avtomobil jurnalisti adlandırılan, əslində isə qatı anti-islamçı, ultra-millətçi düşüncəli Sergey Aslanyanın naməlum şəxs tərəfindən hücuma məruz qalması və bıçaqlanmasıdır. Lakin məsələnin bizim üçün maraq çəkən tərəfi budur ki, hadisə barədə danışanlar olayların hansı səbəbdən baş verməsi ilə bağlı bir neçə versiya söyləsələr də jurnalist adlandırılan bu şəxsin islama qarşı təhqiramiz, insanlıqdan kənar sözlər işlətməsini, digərlərinin dini və etnik dəyərlərinə həqarət etməsini pisləməyib. Bu haqda çıxış edənlər bu qısa müddət ərzində az qalıblar ki, Aslanyandan bir qəhrəman düzəltsinlər.
   
   Əlbəttə, biz də hər yolunu azmış, qanunları pozan adamların ədalət mühakiməsi ilə cəzalandırılmasının tərəfdarıyıq, amma hadisənin baş verməsinə təhrik edən amillərin də, mühitin də mütləq nəzərə alınmasını vacib sayırıq. İnsidentin necə baş verdiyini açıqlayanlar bildirir ki, guya 28 mayda, axşam saatlarında naməlum kişi "domofon"la xeyirxah bir məsələdən ötrü Sergey Aslanyandan aşağı düşməyi xahiş edib. Guya o da heç nədən şübhələnmədən həyətə düşüb. Blokdan çıxan Sergey Aslanyana ağır küt alətlə zərbə endirilib, eyni zamanda bıçaqla bədənin müxtəlif yerlərinə xəsarətlər yetirilib. Hazırda o, N. V. Sklifosovski adına xəstəxanada müalicə olunur.
   
   Belə üzdəniraq jurnalistin basqına məruz qalması versiyaları haqqında fikir yürüdənlər hesab edirlər ki, bu hücum müxtəlif nəşrlərdə də fəaliyyət görtərən, əsasən "Mayak" və "Exo Moskvı" radiostansiyalarında aparıcı kimi çalışan Sergey Aslanyana sırf iş fəaliyyəti üzündən baş verib. Çünki o, tez-tez tənqidi materiallarla çıxış edir.
   
   Ən çox üzərində dayanılan variant isə onun 14 mayda "Mayak"-da canlı efirdə müsəlmanların müqəddəs Peyğəmbəri Həzrəti-Məhəmmədi təhqir etməsidir. Baş prokurorluq da bildirir ki, jurnalistin həmin çıxışı ilə bağlı müsəlman məscidinin din xadimləri tərəfindən rəsmən onlara müraciət edilib. Həqiqətən də həmin gün efirdə avtomobillər haqqında danışan Sergey Aslanyan heç dəxli olmadan mövzudan kənara çıxaraq Məhəmməd peyğəmbərə həqarətlər yağdırıb. Müsəlmanların müqəddəs peyğəmbərini ən pis sözlərlə təhqir edib, onu məsxərəyə qoyub. Radioaparıcılar Vladimir Averin və Tutta Larsen az sonra bu üzdəniraq jurnalisti mövzuya qayıtmağa dəvət etsə də Aslanyan sözünü tamamlayanadək durmayıb.
   
   Yuxarıda qeyd etdiyim kimi, indi bir sıra erməni və rus jurnalistləri şeytansifətli Aslanyandan "milli qəhrəman", "sözü ülgüc kimi olan jurnalist"... obrazlar yaratmaqla məşğuldurlar. Rusiyanın NTV kanalının əməkdaşı, avtojurnalist Fedor Buçko bildirir: "Sergey nəinki adi danışıqlarında, hətta efirdə də fikirlərini və sözlərini kifayət qədər sərt söyləyən adamdır. O, yalanı üzə çıxarmaq üçün daim həqiqətin dərinliklərinə qədər getməyə çalışır". Qəribədir, düzlükdən dəm vuran bu məxluqlar bir kəlmə də yüz milyonlarla, milyardlarla insanın peyğəmbərinin təhqir edilməsini, müqəddəs saydığı inanca həqarət olunmasını bir cümlə ilə belə qeyd etməyiblər. Budurmu həqiqətin aranması? Budurmu jurnalist fəaliyyəti?
   
   Ümumiyyətlə, kim qarantiya verir ki, Aslanyan məhz jurnalist fəaliyyətinə, efirdən etdiyi çıxışlara görə yaralanıb?! Niyə indidən mətbuat belə rəy formalaşdırır?! Bu cür aqressiv davranışa malik bir adamın tamam başqa bir iş üstündə, kriminal "razborka" ilə hücuma məruz qalması daha həqiqətə uyğun görünmürmü? Niyə bu cür hadisələrdə həmişə "müsəlman" izi axtarılmalıdır axı?
   
   Kimsə elə hesab etməsin ki, biz islam mənsubları olduğumuza görə belə reaksiya göstəririk. Əslində bu cür reaksiya heç də məhz hansı dinin nümayəndəsi olmaqla əlaqədar deyil. Çünki ən adi insani duyğulara, dini düşüncəyə malik olmaq kifayət edir ki, dünyəvi dinlərə, müqəddəslərə həqarəti ən azı əxlaqsızlıq kimi görəsən. Xristianlar bir fakt belə göstərə bilməzlər ki, normal düşüncəyə malik olan hansısa müsəlman Həzrəti İsanı, Həzrəti Məryəmi və ya Bibliyanı, İncili təhqir etsin, hörmətsizlik göstərsin. Bu mümkün deyil.
   
   Lakin özünə xristian deyən kəslər tərəfindən müsəlman inanclarının, müqəddəslərinin təhqirə məruz qalması, Qurani-Kərimin yandırılması, məscidlərin dağıdılması, orada donuzların saxlanması... faktları dəfələrlə baş verib, bu gün də davam etməkdədir.
   
   Elə Rusiyada bir qrup müsəlman etiraz əlaməti olaraq sosial şəbəkələrdə "Peyğəmbəri təhqir edənlər cəzalandırılmalıdırmı?" sorğusu keçirib və rəy bildirənlərin 85 faizi buna "cəzalandırılmalıdır" cavabını verib. Lakin şəxsən mən inanmıram ki, insidentlə bağlı cinayət işinin açıldığını və cinayət-axtarış tədbirlərinin başlandığını bildirən Rusiyanın Daxili İşlər Nazirliyi Moskva üzrə baş idarəsi Sergey Aslanyanın efirdən milyonlarla insanın dini inanclarına həqarət edilməsi faktını da araşdıracaq. Əksinə heç maraqlanmayacaqlar ki, bu üzdəniraq jurnalist hansı məqsədlər naminə özünün verilişinə aid olmayan mövzuya girərək bu cür təxribatçı sözlər danışıb? Çünki belə məxluqlara "cürəti" elə müəyyən vəzifənin başında oturanların özləri verir.
   
   "Exo Moskvı" radiostansiyasının anti-Azərbaycan kursunun olduğunu onsuz da biz çoxdan bilirik. Onların əleyhimizə böhtanlar səsləndirdiyini dəfələrlə eşitmişik. Elə bu yaxınlarda həmin radiostansiyanın əməkdaşları ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş və yalan reportajlar yayınlamışıdılar.
   
   Belə demək mümkünsə, ermənilərdən betər ermənilik eləmişdilər. Radionun rəhbərliyi Bakının etirazını isə onda çox aqressiv qarşılamışdı, hətta bizə hədə-qorxu gəlməkdən belə çəkinməmişdilər. ...Və gülməlidir ki, bu adamlar da özlərini düzlükdən dəm vuranların sırasında sayırlar.
   
   Lakin bu zavallılar, bu simasızlar unudurlar ki, 1.400 ildən çoxdur islama və onun müqəddəs peyğəmbərinə qarşı aparılan düşmənçilik, edilən həqarətlər, atılan böhtanlar heç bir nəticə verməyib. Əksinə, islam böyüyüb, möhkəmlənib, Həzrəti-Məhəmmədin peyğəmbər olduğunu qəbul edən xristianların sayı da qat-qat çoxalıb. Və bundan sonra da belə olacaq. Necə deyərlər, it hürsə də, hürməsə də karvan öz yoluyla keçəcək...
   
   

TƏQVİM / ARXİV