Məqsədli yazı

ETİBAR CƏBRAYILOĞLU
47009 | 2012-05-30 03:36
Məqsədsiz də yazı olar? Müəllif hər hansı yazısını qələmə almaq üçün zaman sərf edibsə, üstəlik oxucunun qızıldan qiymətli vaxtını almağa cəhd göstəribsə şübhəsiz ki, bir məqsədi var. Ya yazını həsr etdiyi insana böyük sayğı duyduğunu göstərmək istəyir, onun insani keyfiyyətlərini, peşəkarlığını, cəmiyyətdəki rolunu yüksək dəyərləndirir. Ya qəhrəmanından nəsə umacağı var. Ya müəllif fürsətdən istifadə edib istedadını oxucuya tanıtmaq, imzasını imzalara qatmaq istəyir. Yəni mən də belə yaza bilirəm. Ya da ən pis halda, sadəcə, qonorar almaq üçün nəsə guppuldadıb...
   
   Bu köşənin müəllifi kimi deyə bilərəm ki, mənim də məqsədim var. Ona görə də köşəni "Ədalət"in şənbə sayına saxlamağa səbrim çatmadı. Sözün açığı, köşəni hələ bir neçə həftə öncə yazmaq istəyirdim. Düşünüb-daşınıb ad da tapmışdım. Məzahir Əhmədoğlunun telefon zəngi planımı alt-üst etdi. Məqsədimə çatmadım. Ən azından ertələməyə məcbur oldum.
   
   Məzahir müəllimlə təkcə iş yoldaşı kimi yox, həm də dost, sirdaş kimi hər gün zəngləşirik. Təkcə hal-əhval tutmağımız 5-10 dəqiqə çəkir. Müzakirə eləməyə nə çox mövzu. "Ədalət"in işləri, qəzetdə gedən yazılar, vəfalı-vəfasız dostlar, ev-ailə qayğıları, futbol və sairə. CELL-n canı sağ olsun. CELL-dəki konturlar sel kimi axır. Məzahir Əhmədoğlu "Ədalət"in baş redaktorunun müavini kimi qəzetimizdəki "Region" layihəsinə birbaşa məsul olduğundan səsi gah doğma Göyçaydan gəlir, gah Şabrandan. Səhər İsmayıllıdadı, günorta Beyləqanda, axşamı Xaçmazda. Gəncədən Qubaya getmək onun üçün asan bir işdi. Elə bil operatorumuz Mehriban xanımın otağından Nizami ilə Şamxalın çalışdığı kompyuter otağına keçir. Bəs necə, "Region" acımasız davranır. İnsafsız hər gün yazı istəyir. Layihə Əjdahaya yazı çatdırmaq olmur. Səhifə-səhifə yazı Əjdahanın ağzında noxud kimi görünür. Layihə rəhbəri bütün bu çətinliklərə dözüm göstərir. Hər halda son vaxtlara qədər belə idi. Son günlər səhhətində baş qaldıran müəyyən problemlər üzündən səsi ancaq Göyçaydan gəlir. Onun qədim dostu, millət vəkili sayın Aqil Abbas demişkən, Məzahirin sifətindəki qırışlar Azərbaycanın xəritəsinə oxşadığı kimi, elə ürəyi də Azərbaycanın xəritəsi kimidi. Yaralı, parça-parça və qan içində.
   
   Dost-tanışdan gizlətdiyi, deməyə qıymadığı problemləri üzündən Məzahir Əhmədoğlunun son vaxtlar "Ədalət"in şənbə saylarında şəkli görünmür. Yəni köşə yazıları dərc olunmur. Oxucular da hiss etməmiş deyillər. Şənbə saylarında nəsə çatmır. Hansı o əski günlər... "Peşəkarlıq imperiyası", "Birincidən sonrakı yer", "Sillogizm", "Məscidin qapısı", "Ah, mənim ufacıq kanariyam", "Köhnə Tiflis" adlı çaxır şüşəsi", "Əməliyyat" ("Rəhmət sənə Nuşiç), "Uembli arayışı", "Vampyum", "Gedər son avtobus", "Əlimi hara atsam mövzu azadlığı", "Gözəlliyi uydurmaq"... Belə gözəl yazıların müəllifi Məzahir Əhmədoğludan yeni köşə ummazmıyız?
   
   O gün köşəni də bu ruhda yazacaqdım. Məzahir müəllim Göyçaydan telefon açıb dedi ki, "Səbəb axtarırıq..." adlı köşə göndərirəm". Ənənəvi tonda tapşırığını da verdi- "Şənbə sayının növbətçisi kimi yazını diqqətlə oxu. Lazım bildiyin hissələrə əl gəzdir".
   
   Ötən dəfə köşəmi ertələsəm də indi dayanan deyiləm. Çünki mən də daxil olmaqla oxucuları Məzahir Əhmədoğludan yeni köşələr gözləyirik. Məzahir müəllimin vaxt qıtlığı, səhhətindəki problemlər və digər qayğılarla bağlı gətirdiyi "arayışlar" qəbul olunmur. Bizə sağlamlıq arayışı yox. "Uembli arayışı" kimi yazılar lazımdı!
   
   Rus yazıçısı Leonid Leonov deyirdi ki, yaxşı yazı yazmaq üçün yaxşı yazmaq lazımdı. Məzahir Əhmədoğlunun son dərəcə peşəkarlıqla qələmə aldığı köşələri oxuyanda aydın olur ki, o, yazının yaxşı alınması üçün o qədər də çox şey etmir. Sadəcə yaxşı yazır. Bu qədər sadə bir düstur!
   
   Sayın Aqil Abbas həm də millət vəkili olduğu üçün ondan bir yazıda iki dəfə sitat gətirmək olar: "...Bu yazılarda bəlkə də heç həmin şəxslərin özlərinin tuta bilmədiyini Məzahir tutur". Aqil bəy tam haqlıdı. Bu qənaətə əmin olmaq üçün Məzahir Əhmədoğlunun portret yazılarını oxumaq yetər. "Dahi" (Robert Fişer haqqında), "... Və yetmişincilər" (Vaqif Bayatlı haqqında), "Dağlar hara söykənsin?" (Aqil Abbas haqqında), baş redaktorumuz İradə Tuncaydan bəhs edən "Çətin söhbət", abimiz Tofq Abdinin qəhrəman seçildiyi "Sezarın qayıtması", "Dahi bir nostalji" (Əhməd Ələsgərov haqqında), Ağa Hüseynovdan bəhs edən "Yarımçıq ev", Nadir Cabbarovu göz önündə dipdiri canlandıran "Onlar... son bahar vurğunu", Fəxrəddin Manafov barəsindəki "Sən sevimli Fərhadımız", Mahir Qarayev haqqındakı "Yıxılan aylara kimlər ağlayar", Əbülfət Mədətoğludan bəhs edən "Qeyri-səlis... Argentina", Ədalət Əsgəroğlunu tam fərqli tərzdə tanıdan "Şıltağın ram edilməsi" kimi yazılar Aqil bəyin dəyərli yanaşmasında haqlı olduğunu bir daha sübut edir.
   
   Lap əvvəldə dediyim kimi, bu yazını yazmaqda məqsədim var. Məqsədsiz də yazı olar? İki gün sonra növbəti doğum gününü qeyd edəcək Məzahir Əhmədoğlunu təbrik etməklə, ən xoş arzularımı yetirməklə yanaşı dostumuzdan yeni-yeni yazılar gözləyirəm.
   
   Budəfəki ad günü yubiley deyil. Amma növbəti yubileyə də çox qalmayıb. Məzahir müəllim, 60 yaşının tamam olması münasibəti ilə təşkil olunan məclisə olduğu kimi yenə şuluq salmaq istəyirəm...

TƏQVİM / ARXİV