adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QAçAQ iSMAYIL

30791 | 2012-05-26 07:12

   
   Bir-birinin üzünü görməmiş, amma ürəklərində bir-birinə həsəd aparan bu iki aslan indi üz-üzə dayanmışdılar.Ucaboylu, enlikürəkli, bığ yerləri təzəcə tərləmiş Kərəm, tökməboylu, enlikürəkli, qıvrım telli, eşməbığlı, qara, zəhimli cöhrəli, yaşca özündən 7-8 yaş böyük olan bir nərlə üz-üzə dayanmışdı.
   
   -Ay Kərəm, səni Allah hardan yetirdi, son patronumun ümidinə qalmışdım, qardaş.
   
   -Sənin iyidliyin, mərdliyin haqda çox eşitmişdim, İsmayıl. Amma bu gün gözlərimlə gördüm. Ver əlini bu gündən kürək-kürəyə verib bu haqsızlıqlara, bu ədalətsiz, qaniçən murdarlara qarşı birgə döyüşək.
   
   Qanlı döyüş meydanına baxıb hər ikisi yaxşı anlayırdı ki, bu iri rütbəli çar çinovniklərinin ölümü uyezdi, bölgəni silkələyəcək. Onları rahat buraxmayacaqlar. Ona görə də tədbir töküb, harda getmək, necə sığınmaq haqda fikirləşdilər.
   
   Qaçaq Kərəm:
   
   - Ay İsmayıl, atam Zal oğlu İsgəndərin İncə dərəsinin, Qaymaqlı kəndində Mustafa koxa adlı mərd, səxavətli bir dostu var. Dəfələrlə bizim evdə qonaq olub. Gəl bir müddət onun oylaqlarında gizlənək, bu məsələlər bir az köhnəlsin, bizdə bir az dincəlib yeni güc toplayaq.
   
   -Axı mən İncəliyəm...
   
   Kərəm İsmayılın sözünü ağzında kəsdi.
   
   - İsmayıl, belə məqamda heç kim səni öz evində axtarmaz, əksinə onlar səni tamam başqa istiqamətdə gəzəcəklər,- deyib atının belinə sıçradı. Yaşca Kərəmdən böyük olsa da İsmayıl bu şıvırtı, ycaboy, enlikürək igidin ağlına heyran qaldı.
   
   Mustafa koxa taxtın üstündə mütəkkəyə dirsəklənib, təzəcə yandırdığı qəlyanını tüstülədirdi. İtlərin hürüşməsi, nökərin cəld qapıya tərəf qaçması onu fikrindən ayırdı.
   
   Nökər təzim edib:
   
   -Baba, qonaqların var. İki nəfər atlıdı, qırımlarından, durumlarından qaçağa oxşayırlar,-deyib Mustafa koxanın üzünə baxdı. Koxa özü ayağa qalxıb darvaza ağzında dayanmış bu igidlərə nəzər saldı.
   
   Kərəm:
   
   - Tanımadız, Mustafa əmi? Kərəməm, Qıraq Kəsəmənli Zal oğlu İsgəndərin oglu Kərəm,-deyib atından yerə sıçradı.
   
   -Bəh, bəh, ay maşallah. Hə, indi tanıdım, xoş gəlmisiz, oğul,-deyib Kərəmgili çox mehribanlıqla qarşıladı. Nökəri yanına çağırıb:
   
   -Atları tövləyə çək, qabaqlarına arpadan, yoncadan tök. Sonra isə düş aşağı Nəbi koxanı bizə dəvət et-deyib Kərəmgili evə dəvət etdi. Dərhal bir heyvan kəsildi, manqallara, samavarlara od salındı.
   
   Dayısı Mustafa koxanın hər kəlməsinə müntəzir olan Nəbi koxa da gəlib çıxdı.
   
   -A bala, a Nəbi, tanış ol. Adı dillərdə dastan olan Zal oğlu Qaçaq Kərəm bax bu oğlandı- deyib Kərəmi ona göstərdi.
   
   Kərəm başına gələnləri qısaca nəql edib İsmayılın igidliyindən ağızdolusu danışdı. Bir neçə gün buralarda sığınmaq qərarlarını söylədi.
   
   Mustafa koxa bir az ciddi görkəm alaraq əlini saqqalına çəkdi:
   
   -Oğul, siz mənimçün çox əziz qonaqsınız. Amma ehtiyatı əldən verməyək. Meşə çaqqalsız, mahal şuğulsuz olmaz,-deyib üzünü Nəbi koxaya tutdu:
   
   -Nəbi, bu igidləri tapşırdım sənə. Hoykeçən bağı bu igidlər üçün həm yaxşi sığınacaq, həmdə gözəl istirahət yeri olacaq- deyərək qonaqları süfrə başına dəvət etdi.
   
   Hoykeçən bağı əsil cənnəti xatırladırdı. Kürəyini Dəyirman çalına, ayağını İncə çayına söykəmiş bu bağda hansı meyvənin ağacından desən tapılardı. Yam- yaşıl ağaclar, dil-dil ötuşən quşların səsi, al-əlvan gül çıçəklər bir-biri ilə ilahi bir harmoniya qovşağına qərq olmuşdular.
   
   Bu cənnət məkanda qaçaqlar üçün hər şərait yaradılmışdı. Molla Nəbinin xüsusi olaraq ayırdığı nökərlər, qonaqları darıxmağa qoymayan aşıq Abdulla bu igid ərənlərin nazı ilə oynayırdılar.
   
   Bu minvalla gül-gülü, bülbül-bülbülü çağıran bu cənnət məkanda iki ay qaldılar.
   
   Molla Nəbi adəti üzrə tut ağacının altındakı taxtın üstündə mütəkkəyə dirsəklənərək nəlbəkiyə tökdüyü isti çayı üfürə- üfürə içirdi. "Bu kişilikdən deyil, kişi olan qonağına evində bir qonaqlıq verməzmi?" fikri neçə gün idi ki, başında dolanırdı.
   
   - A bala, ay oğul,-deyib nökəri yanına çağırdı.
   
   - Bəli, Ağa,-deyib, həyətdə odun yaran nökər ağasına yaxınlaşdı.
   
   - Oğul, düş Noykeçən bağına, oradakı qonaqlarıma de ki, Molla Nəbi sizi çağırır.
   
   Nökərin gəlişi, Nəbi koxanın müəmmalı çağırışı qaçaqları bir az təşvişə saldı. Bir- birinin üzünə baxıb silahlarına əl atdılar. Bu qaçaqların yazılmamış qanunlarından biri idi ki, silah hər zaman, hər an yanlarında olmalıdır.
   
   Qapıdan içəri girəndə məsələ aydın oldu. Tut ağacından asılmış erkək soyulur, bir tərəfdə manqal qalanır, digər tərəfdə samovar qaynayır, ocaq üstündə qazan buğlanır- bir sözlə həyətdəki canlanmadan hər şeyi təxmin etmək çox asan idi.
   
   -Xoş gəldiniz, oğlanlarım. Çox düşündüm ki, öz evimdə məclis qurmasam, sizinlə bir tikə çörək kəsməsəm heç kişilikdən olmaz.
   
   Təzəcə süfrə arxasına oturmuşdular ki, yol tərəfdən at ayaqlarının səsi eşidildi. Təşvişə düşən Molla Nəbi özü həyətə çıxdı. Darvazaya yaxınlaşanda qapının ağzında dayanan atlı strajnikləri gorüb, özünü toxtaq tutdu. İyirmi atlı ilə gəlmiş dəstəbaşçısına üzünü tutub:
   
   - Buyurun, cənab naçalnik, atlardan düşün, qonağım olun- desə də ürəyində "evin yıxılsın, şuğul. Mən indi Kərəmgilə nə deyəcəm" deyib düşünməyə başladı.
   
   Nəbi koxa ətraf bölgələrdə çox böyük hörmət, nüfuz sahibi idi. İstər mərdlikdə, istər səxavətdə, istərsə də müdriklikdə, ağsaqqalıqda.
   
   Atryad komandanı dedi:
   
   - Nəbi koxa, bilirəm sizin qapıya belə dəstə- tifaqla gəlməyimiz caiz deyil. Amma aldığımız məlumata görə o quldurlar, yolkəsən, başkəsən qaçaqlar Qaymaqlı kəndində gizləniblər. Onlarla bir başa Niqalayın özü maraqlanıb.
   
   Nəbi koxa təmkinini pozmadan dedi:
   
   - Naçalnik, Molla Nəbi o qədər ölü oldu ki, onun kəndində qaçaq-quldur gizlənsin? O Kərəm, İsmayıl dediklərin nə karədirlər ki, bu həndəvərlərə ayaq bassınlar.
   
   Atryad komandiri:
   
   - Həbi koxa, biz onları axtarırıq, onlar çox qatı cinayətkarlardı. Sizdə gözdə, qulaqda olun- deyib atının belinə qalxdı.
   
   Molla Nəbi içəri keçəndə Kərəm sərt bir görkəmlə:
   
   - Sən onları yaxşı tanımırsan, Molla Nəbi, get onu dərhal yanıma çağır.
   
   -Ay oğul, çıxıb gedirlər, qoy getsinlər. Iş içindən iş çıxarma.
   
   -Nəbi əmi bu işin sonrası da var. Mən bilirəm nə edirəm. Get o naçalniki bura çağır, qalanı ilə işin olmasın.
   
   Molla Nəi tez bayıra çıxdı, darvaza ağzında əsgərlərə tapşırıq verən komandana yaxınlaşıb:
   
   - Ağa, olarmı içəri keçək, sizə deyiləsi bir-iki məxfi sözüm var.
   
   Bığlarının ucu azacıq dik eşilmiş strajnik yenə atdan düşüb Nəbi koxanın arxasıyca içəri keçdi.
   
   Qaçaq Kərəm alıcı quş kimi onun üstünə şığıyıb:
   
   - Axdardığın Kərəm mənəm,-dedi. Bax bu sözləri sənə dost kimi deyirəm. Səni və sənin dəstəni pencər kimi bir anın icində biçmək bizim əlimizdə bir su içimidi. Bizim haqda fikirlərin isə tamamən yanlışdı. Biz yolkəsən, başkəsən quldur deyilik. Biz haqq, ədalət yolunda canımızı fəda edib, haqqımızı tapdayıb halal malımıza, dövlətimizə sahib çıxanların düşmanıyıq. Molla Nəbi çox mərd, səxavətli və imanlı bir kişidi. Biz gedəndən sonra eşidəm, biləm bu kişiyə bir xətər gəlib, dəryada balıq olsan belə əlimdən qurtara bilməyəcəmksən.
   
   Üz- gözündən mərdlik yağan komandir Kərəmin bu igidliyinə heyran qalmışdı.
   
   -Kərəm, əl ver dost olaq. Bu andan sonra məndən sizə xətər yox, dost əli uzanacaq.
   
   O çölə çıxıb atryada əmirlə:
   
   -Haydı, getdik. Qaçaqlar Qaymaqlıda yox, Çılpaq dağ tərəfdə gizləniblər,-deyib geri qayıtdılar.
   
   Artıq atının üstündə müstəkəm olmuş Kərəm üzünü molla Nəbiyə tutaraq:
   
   -Molla Nəbi, halallıq eylə vidalaşaq- dedi.
   
   Molla Nəbi kövrəlmiş halda bir Kərəmə, bir İsmayıla baxıb dedi:
   
   -Oğul, bu heç yaxşı olmadı. Şuğula Allah lənət eləsin, yeməyimiz- içməyimiz stalun üstündə qaldı...
   
   Kərəmin də üz- gözündə qüssə, kədər hiss olunurdu. Bütün bu hadisələrə seyrçi olan İsmayıl Kərəmin bu hikmətlərinə vurğun olmuşdu...
   
   Aşıq Sadıq Avdıoğlu cibindən çıxardığı yaylıqla alnının tərini bir də silib:
   
   -Həə... mənim əzizlərim, bu yerdə Kərəm beşaçılanı saz əvəzi sinəsinə basıb "Sallama kərəmi" havası üstündə görək nə dedi, Molla Nəbidən necə halallıq istədi, mən deyim, siz xoşbəxt olun.
   
   
   
   Əl ver halallaşaq, ay molla Nəbi,
   
   Dünyanı beyvafa, fani görmüşəm.
   
   Çox gəzdim, dolandım qürbət elləri,
   
   Səxavətdə mən bir səni görmüşəm.
   
   
   
   Molla Nəbi qara buludlar kimi dolmuşdu. Kərəm həm təsəlli, həm də minnətdarlıq hissi ilə:
   
   -Molla Nəbi, qonaq bir gün olar, beş gün olar,-deyib aldı görək dübarə:
   
   
   
   Sizin el çox sevir qərib qonağı,
   
   Məsgənimiz oldu Hoykeçən bağı.
   
   Nər aşıq bacarmaz zil oxumağı,
   
   Şikəstədə Abdullanı görmüşəm.
   
   
   
   Dediyindən atının tərkindən asılmış heybədən başı qombalı gümüş kəməri çıxarıb Nəbi koxaya uzatdı...
   
   Bu kəməri də məndən pay olaraq Abdullaya verərsən- deyib ,aldı görək "Sultani" havası üstündə sözlərini necə tamama yetirdi.
   
   
   
   Qıraq Kəsəməndi elim, müxtəsər,
   
   Öz adım Kərəmdi, atam İsgəndər.
   
   Cavankən elimdən düşdüm dərbədər,
   
   Cannan əziz bir vətəni görmüşəm.
   
   
   
   Söz tamama yetişdi. Gözləri nəmlənmiş Molla Nəbi:
   
   -Oğul, indi hara gedəcəksiniz?
   
   Kərəm:
   
    -Qaçağın yeri, yurdu olmaz -deyib Qaymaqlı kəndi ilə vidalaşdı. Üzünü İsmayıla tutub:
   
   - Ay Qara (İsmayılın bir ayamasıydı) səfərimiz Dilcan meşələrinədir- deyib atına bir mahmız vurmaq istəyirdi ki, əli havada qaldı. Açılan güllə qulağını yalayıb keçdi. Üzünü İsmayıla tutub:
   
   - Mən İncəlilərdən müxənnətlik gözləməzdim, bu nə güllə idi?
   
   İsmayıl gülümsəyərək:
   
   -Bu dost gülləsi idi. Atan Uzun Allahverən idi. O gülləsiylə bizə istiqaməti göstərdi...

TƏQVİM / ARXİV