QƏŞƏM NƏCƏFZADƏ - BU GÜNÜN ŞAİRİ

VAQİF YUSİFLİ
55569 | 2015-07-25 08:43
ƏDƏBİ HƏYAT

MÜASİR ƏDƏBİYYAT

İndi tanınmış bir şair kimi ədəbi ictimaiyyətin və çoxsaylı oxucuların diqqətini cəlb edən Qəşəm Nəcəfzadəni ilk dəfə gördüyümdən ən azı otuz il keçir və demək olar ki, onun bir şair kimi CAVANLIQDAN DOLULUĞA gedən yolunu izləyənlərdən biri də mən olmuşam. Qəşəm, deyərdim ki, cavanlığına çox az oxşayır. Gəncədə, filoloji fakültənin tələbəsiydi, ən əziz dostum, müqtədir füzulişünas və Qəşəmin müəllimi Sabir Əliyev (allah rəhmət eləsin!) vasitəsilə tanış olduq. Qıvrım saçlı, sir-sifətindən Səməd Vurğunun dəlisov cavanlığına oxşayan Qəşəmi sonralar, İmişlidə müəllim işləyərkən Bakıya, "Azərbaycan", "Ulduz" jurnallarının redaksiyalarına gələndə də görürdüm. Onun 2000-ci ilə qədər beş-altı nazik şeir kitabları da çap olunmuşdu. Amma etiraf olunmalıdır ki, yeni eranın, həm də yeni əsrin başlanğıcına kimi Qəşəm Nəcəfzadə (bu zaman yaşı qırxa da çatmışdı) ədəbi aləmdə o qədər də məşhur deyildi. Qəşəmi QƏŞƏM eləyən yeni əsr oldu və QƏŞƏM illər boyu içində gəzdirdiyi, amma istifadə eləyə bilmədiyi poetik enerjini yeni əsrdə işə saldı...
Qəşəm Nəcəfzadə yeni əsrə yeni düşüncə tərzi ilə daxil olmağa, poeziya aləmində seçilməyə, fərqlənməyə cəhd etdi. Biz məqalələrimizin birində Qəşəm Nəcəfzadənin bu cəhdlərini obyektiv şəkildə işıqlandırmağa çalışmışıq, hətta qeyd etmişik ki, Qəşəm Nəcəfzadə istəsə də, istəməsə də, etiraf etsə də, etməsə də özündən iki nəsil əvvəlin-"altmışıncıların" poetik təcrübəsindən də faydalanıbdır.
Amma bu dünyada heç bir şair (hətta təqlidçi şairlər də) digərinə bənzəmir, hər şairin yaxşı-pis öz sifəti olur, öz böyük yolu ya son dərəcə kiçik bir cığırı olur, hər bir şairin öz istedadının dərəcəsindən asılı olaraq poetik nəfəsi olur ya da zəif səsig Bu mənada Qəşəm Nəcəfzadə istedadlı şairdir, kimlərinsə onun şeirlərini bəyənib-bəyənməməyindən asılı olmayaraq öz yolu var.
Budur, Qəşəm Nəcəfzadənin "Azərbaycan" jurnalında (mənim və onun doğma jurnalında) son üç ildə (2011-2013) dərc edilən şeirlərig Bu şeirləri oxuyuram və arada bir əl saxlayıb Qəşəmin XX əsrdə yazdığı, vaxtilə mənim də təqdir etdiyim bir şeirini xatırlayıram:

Birdən
adam dolur hirsdən,
yumruqnan,
yaynan, oxnan.
Az qala daşa adam,
Daşmır.
Birdən o qədər sevgin,
O qədər şeirin...
Az qala adam
Kərəm olsun,
olmur.
Birdən qolunda qılıncın,
Canında gücün,
Altında Qıratın,
qəzəbin, sevgin,
elə artır, artır
Adam az qala,
Az qala Koroğlu olsun,
olmur.

Bu, o vaxtkı Qəşəmin ən yaxşı şeirlərindən idi və mən arzulayırdım ki, Qəşəm bu stili, bu yolu tərk etməsin. Çünki sərbəst şeirin bu yönü Qəşəmin ifadəsində yaxşı alınırdı. Onun yadda qalası heca şeirləri də vardı və ən başlıcası, o zamankı müəllim Qəşəm həyatda necəydisə, şeirində də eləydi. Deyirdi ki: "Həmişə cibimdə ağlar maaşım", deyirdi ki: "Böldük səni, Tikə-tikə elədik, Anan ölsün, bacın ölsün, ay Vətən", deyirdi ki: "Gərək şair səsi uzaqdan gələ, Ay keçə, il keçə, unudula o. Bir əsrdən sonra geriyə dönə, Doğulduğu kəndə, öldüyü kəndə", deyirdi ki: "Bir ağac ək, Şair olacaqsan! Düşün, bu yağışlı gündə Durub qaçmaq olar əlacsızlara, Atasız bir qızı xoşbəxt eləmək olar", deyirdi ki: "Şeirdən adama ev olmur təkcə... Hər gün arvadıma şeir oxuyuram Sonra arvadımı döyürəm hər gün".
Qəşəm indi də həyatda necədirsə, şeirdə də elədir. Amma təbii ki, indiki həyat çox mürəkkəbdir, başaçılmazdır, təzadlıdır və Qəşəm də bir insan kimi həyatın bu qəribəliklərindən qaça bilməz. Qəşəmin yuxarıdakı şeirinə bir-iki misra əlavə edək: "Az qala adam ŞAİR olsun, amma olmur" (Bu əlavənin Qəşəmə aidiyyəti yoxdur). Bəs əsl şair olmaq üçün nə lazımmış? Birincisi, İSTEDAD. İkincisi, DÜNYAGÖRÜŞÜ. Üçüncüsü, ŞAİRLİK, SƏNƏTKARLIQ TEXNİKASI. Bunların üçü də Qəşəmdə var. Təbii ki, onun bütün şeirləri əliyyül-əla deyil, içində elələri var ki, səviyyəcə Qəşəmin ən yaxşı şeirlərindən geridə qalır.
Gəlin elə, söhbəti bu axara yönəldək.
Qəşəmin bir şair kimi artıq formalaşmış, sabitləşmiş xarakterik cizgiləri göz qabağındadır. Mən bunları beləcə qruplaşdırıram:
1. Qəşəm Nəcəfzadə XXI əsrin yeni Azərbaycan şeirinin bir təmsilçisidir və əlbəttə, tək deyil. Aqşin, Zahir Əzəmət, Səlim Babullaoğlu, Rasim Qaraja, Elxan Zal Qaraxanlı, Azad Yaşar, Etimad Başkeçid, Fərid, Xaqani Hass, Cavidan, rəhmətlik Fərhad Mete, Feyziyyə, Emin Piri kimi modernist şairlərin sırasındadır və bu adlarını çəkdiyim şairlər bütövlükdə yaxud hər biri ayrılıqda şeirimizə bir təzəlik gətiriblər və gətirməkdədirlər. Qəşəm nə gətirib?
İlk növbədə, şeirdə həddindən artıq bir sərbəstlik. Sərbəstlik sözünü dırnaq arasına almıram. Çünki Qəşəmin sərbəstliyində poeziyadan kənar və poeziyaya zidd nəsə nəzərə çarpmır. Bu sərbəstlik öncə fikrin, düşüncənin sərbəstliyidir, öz hüdudlarını genişləndirməsidir. Qəşəm ənənəvi bir mövzuya müraciət edir və başqa şairlərin o mövzuya yanaşmasından fərqli bir şəkildə özünü ifadə edir.

Məni müharibəyə aparmayın,
düşmən öldürən deyiləm,
Mənə silah verməyin,
satıb kitab alacam.
Mənə düşmən göstərməyin,
dost olacam,
Şeir oxuyacam əsgərlərə
səhərdən-axşamacan.
Məni müharibəyə aparmayın...
..Müharibəni oyuncağa çevirəcəm,
Məni müharibəyə aparmayın.

2. Fikrin sərbəstliyi şeirdə "filosofluğa", şüarçılığa, fikir söyləmək iddiasına aparıb çıxarmır. Qəşəm dediyi, söylədiyi fikirləri təşbehlərin, metaforaların əhatəsində təqdim edir. Necə deyərlər, şeirinin xamırını duzsuz yoğurmur. Məsələn, "Payız təsnifi" şeirində Qəşəm bu fəslin ayrı-ayrı cizgilərini bir yerə toplayır və gözlərimiz qarşısında PAYIZ adlı bir duyğular portreti canlandırır. Elə ki, sən özünü əsl payızda hiss edirsən. Bəzi təşbehlər sənə qəribə gəlsə də... Hətta fikirləşəndə ki, bu, sənin olmayan payızın necə oldu səninki oldu.

payız, ay köhnə kilim
ipləri didim, didim
naxışı dilim-dilim
hər düyünü ölüm-itim
sökərəm didərəm səni,
tüklərini hər yana tökərəm sənin
sarı kilimin xatirəsi, ay payız, payız...
dünyanın sarı sarmaşığıdı
nənəmin su altında qaşığı
Gədəbəyin dağlarına çıxan səlyan aşığı-payız.
pəncərə şüşəsinin qırağı ilə küləyin vızıltısı
payız
teleqraf tellərinə minən küləyin dızıltısı
payız
zamanın iti bıçaqla təbiətin üzünə çəkdiyi cızığı
payız

3. Qəşəm Nəcəfzadənin bu son şeirlərində XXI əsr insanının (konkret olaraq bir Azərbaycan ziyalısının) səmimi etirafları səslənməkdədir... Əlbəttə, "bir Azərbaycan ziyalısı" ifadəsini şərti qəbul edin, bir yox, o sayaq düşünən ziyalılar... Başqalarının dilinə gətirmədiklərini Qəşəm şeirlərində səsləndirə bilir. Məsələn, "Vətən" şeirində olduğu kimi. Kifayət qədər etirazçı ruhun ifadəsidi bu şeir. Deyir ki: "Bu saat gedib bilet alaram Cəhənnəm olub gedərəm Almaniyaya. Sən qal pullu kişilərə Sənə şeir yazmayanlara Uğrunda ölməyənlərə qal. Onsuz da mənim komam səni pis göstərir Mənim kədərim sənə yaraşmır, vətən. ...Mənə halallıq ver çıxım gedim. Amma minəndə təyyarəyə Bir şeyə ağlayacam alnıma dəyməyən güllənə heyf..."
4. Qəşəmi çağdaş modernist şairlər sırasında qeyd etdim və buna heç də təəssüflənmirəm. Sizin də şəkk-şübhəniz olmasın. Çünki Qəşəmin şeirlərində get-gedə ənənədən (yəni indi də mövcudluğunu hifz edən ənənəvi prinsiplərdən) uzaqlaşmaq, üzülüşmək xassəsi göz qabağındadır. O, hansı mövzuya yanaşırsa, yazılanları, deyilənləri yox, yazılmayanları, deyilməyənləri düşünür. Təzə ifadə vasitələri axtarır, tapır və şeirlərində fikrin və sözün təzəliyini yaratmağa müvəffəq olur (bu sahədə uğursuzluğa da tuş gəlir) Deyək ki, onun "Təsniflər" silsiləsi şeirimizdə maraqlı hadisə kimi diqqəti cəlb edir. Məsələn, "Qarabağ şikəstəsi" uğurludur. İroniya, eyham və ən çox fəci notlar çulğaşdığı bu şeir musiqi, ahəng, ritm çalarlarına görə doğrudan da şikəstəyə oxşayır (şeirdə q, ş, s səslərinin yaratdığı alliterasiya da diqqətdən yayınmır). Bu fikri "Simayi-şəms" barədə də söyləmək olar. Amma deyək ki, Qəşəmin "Cahargah"ında bu, alınmır. Eyy, uyy, heyy, ey dad, ey dadibedad... bu səs çığırtıları formallıqdan uzağa getmir.
5. Qəşəmin "Şeirimə bax, şəklimi əzbərlə..." adlı bir təzə şeiri də var və mən istəyirəm bu şeirdən ayrıca söz açım. Niyə? O səbəbdən ki, Qəşəmin şeirlərində duyğuların, hisslərin sözlərlə ifadə olunan rəsmlərini görürük. Deyək ki, "buludlar, yollar, ağaclar, küləklər" və s. təbiət atributları, həmçinin digər maddi cisimlər Qəşəmin şeirlərində rəssam fırçasından sıçrayan ayrı-ayrı cizgilər və görüntülər kimi nəzərə çarpır. Təbiət: çöl, çəmən, dağ, dərə, ağaclar, küləklər, fəsillər olmadan Qəşəmin şeirləri poetik qaynaqdan, bünövrədən məhrum olardı. Necə ki, onun bir şeirində ("Quşlar tanımırsa...") deyildiyi kimi. Qəşəmin çox şeirində onun özüylə təbiət birləşir. Bir də görürsən Qəşəm dönüb olur payız fəsli, ağac, külək, ya da bulud... Payız Qəşəm, Ağac Qəşəm, Külək Qəşəm, Bulud Qəşəm...

Bir parça buluddu damarımda qan,
Məni qaldırır göyə, uçuram.
Həvəsim yox təzə paltar geyməyə,
Mən bu yerdən baş götürüb qaçıram.

Canım yaman ağrıyır fikirli ağac kimi,
Mənə payız gəlmədi mənə adamlar gəldi,
Məni yağış vurmadı, məni göz yaşı vurdu,
Üst-başım yara oldu,
Yənim-başım köhnəldi.
Özümü atıram bu maşının altına.
Qoy desinlər, bu axşam maşın bir bulud vurub,
Sürücü düşüb desin, nə gözəldi bu ölü,
Bu adamla maşının təkərləri yuyulub.

6. Qəşəm Nəcəfzadənin şeirlərində hardasa xırda-xırda qüsurlar da tapmaq olar, təsadüfü hallarda dilimizin zərifliyinə xələl gətirən sözlər, ifadələr də olur. Amma bütün bunlar artıq oturuşmuş bir şairin yaradıcılığına heç bir kölgə salmır. Məni qətiyyən narahat etmir deyim ki, şeirlərində bəzən epik düşüncə sahibi kimi nəzərə çarpan Qəşəm Nəcəfzadə niyə poema yazmır... O da məni qətiyyən narahat eləmir ki, Qəşəmin bir çox şeirlərində "vız, dız, cız, mız" tipli sözlərin sayı artır ("Cız" adlı şeiri də var), bunların olmamağı daha yaxşıdır. Ancaq sözün düzü, narahat oluram ki, Qəşəmin bəzi şeirlərində nöqtə, vergül (ümumən durğu işarələri) yoxa çıxır. Lazım deyil, belə eləmə, Qəşəm. Şeirdə nöqtə, vergül, nida gözəlliyinə qəsd etmə!
7. Mən gərək yazının əvvəlində Qəşəm Nəcəfzadənin ŞAİR SƏCİYYƏSİ haqda söz açaydım. Amma indi də gec deyil. Qəşəm Nəcəfzadə müasir Azərbaycan poeziyasında realist-ironik təmayülün nümayəndəsidir. O, hər nəsnəyə, əşyaya, predmetə, qarşısında cərəyan edən hadisələrə birbaşa müdaxilə etməyi çox sevir, bu münasibət bəzən sarkazm səviyyəsinə yüksəlir, bəzən də zarafat və anekdot kimi anlaşılır. Hər halda, ikincisi olmasa yaxşıdır. Deyirlər ki, Qəşəmin şeirlərində lirika azalır. Amma bununla razılaşmıram. Onun ironik şeirlərində belə bəzən göz yaşları axıdıldığının şahidi olursan.
Qəşəm Nəcəfzadənin şeirləri barədə qələmə aldığım bu kiçik yazını onun ürəyimcə olan gözəl bir şeiri ilə bitirmək istəyirəm. Heç bir izaha ehtiyac duymuram.
Cibimdəki sənədləri metro qatarlarının
təkərlərinin altına tullayıb
Gedib bir çiçəyin ləçəklərinin altında
ağlamaq istəyirəm,
Qoymurlar,
Deyirlər, çiçəyi biz əkmişik.
Başımı götürüb Bakının ən ucqar
kəndlərinin birində
Balaca bir koma tikmək istəyirəm.
Qovurlar
Deyirlər, torpağı biz yaratmışıq.
Dənizdən balıq tutmaq istəyirəm,
Hasar çəkirlər.
Çimmək istəyirəm,
Pul istəyirlər,
Deyirlər, dəniz bizimdi.
Meşədə kölgəni də satırlar...
Deyirlər, bizim ağacın kölgəsidir.
Allahım,
Mənə çiçək ver,
Mənə meşə ver,
dəniz ver
ev ver
Mənə hava ver, Allahım...



Vaqif YUSİFLİ,
filologiya
elmləri doktoru

TƏQVİM / ARXİV