BAYRAĞI ÖPÜB BAĞRINA SIXDI...

FAİQ QİSMƏTOĞLU
131878 | 2015-07-25 08:56
Bayraq çox müqəddəs bir atributdu. Hələ Sovet dövründə bir film göstərirdilər. Orda əsgər SSRİ-nin bayrağını qarın içindən götürüb bağrına basmışdı və sonra da hönkür-hönkür ağlamışdı. Bu filmə mən uşaq vaxtı baxmışam. Bəlkə də onun hissləri, duyğuları, həyəcanları o vaxt mənə çatmırdı. Mənə çatan o idi ki, odun-alovun içində əsgər bayrağı tapmışdı və onu duz kimi yalayırdıg
Bayraq bir millətin ürəyi, namusu, qeyrətidi. Bayraq həm də mərdlik, kişilik və dözümlülük rəmzidi. Ermənilər bizim əsgərlərdən əsir götürəndə bir əsgərimizə deyiblər ki, Azərbaycan bayrağını tapdala səni öldürməyək. O əsir əsgər də nə ölümdən qorxub, nə də ermənilərin hərbə-zorbasından. Bayrağı öpüb gözünün üstünə qoyub və sonra da Azərbaycan bayrağına bürünüb. Deyib, indi öldürün məni!
Qudurğan erməni əsgərləri onu aşsüzən kimi güllə ilə dəlmə-deşik ediblər. Azərbaycan əsgəri öz bayrağını qırmızı qanı ilə boyayıb və son nəfəsdə də onu qoruyub. Biz həmişə bayrağa, vətənə, xalqına sevgisi olan insanlara qibtə ilə yanaşmışıq. Şükürlər olsun ki, bizdə də zaman-zaman bayraq sevgisi və bayraq məhəbbəti yaranmağa başlayıb. Birinci Avropa oyunlarında Olimpiya stadionunda və yarışların keçirildiyi digər yerlərdə Azərbaycan bayraqları dalğalanırdı. Sanki bu bayraq Xəzərin dalğalarını xatırladırdı. Xüsusən də idmançılarımız qızıl medal qazananda bayrağımız yuxarı qalxır və himnimiz səslənirdi. Bax, həmin anda stadionunda o yarışı izlyən və çempionlarımıza tamaşa edən yüz minlərlə insanların sevincindən gözləri yaşarırdı. Hər dəfə bayrağımız qalxanda və dalğalananda fərəhimizdən və sevincimizdən ürəyimiz köksümüzə sığmırdı. Dalğalanan və ucalan Azərbaycan bayrağıdı.
Mən Türkiyədə olanda İstanbulda çox qəribə bir hadisə ilə üzləşdim. Beş-altı yaşlı uşaq ata-anasından ayrılaraq qaça-qaça bayrağa yaxınlaşdı. Sonra bayrağı öpdü və bağrına basdı. Uşaq sanki öpüşləri ilə bayraq sevgisini başqalarına nümayiş etdirmək istəyirdi. Bir dəfə, beş dəfə, düz on beş dəfə bu balaca uşaq bayrağı öpdü. Bu səhnəni tək mən deyil, qardaşım Elxan və oğlu Qismət də seyr elədi. Sevincimizdən gözümüz yaşardı, kövrəldik. Bu səhnəyə tamaşa edən digər insanlar da ayaq saxlayıb həmin anlara tamaşa edirdilər. Möcüzəli bir hadisə baş vermişdi. Axırda uşağın ata-anası da bayrağa yaxınlaşdı və bayrağı öpüb aralandılarg
Mən türklərin Vətən sevgisinə, bayraq sevgisinə, torpaq sevgisinə heyran qalmışam. Mən həm də türklərin bizlərə olan sevgisinə də vurulmuşam. Qardaşım və dostum millət vəkili Aqil Abbas Türkiyə barəsində həmişə danışanda dili ağzına sığmırdı. Mən də deyirdim ki, görəsən Aqil müəllim bu türklərdə nə görüb ki, həmişə belə ürək dolusu danışır. Sən demə, Aqil müəllim türklərin möhtəşəm torpaq sevgisini, vətən sevgisini görübmüş.
Türkiyədə hər addım başı hara getsən orda bayraq görərsən. Hətta mən bir neçə adamın küçədə bayraq satdığını da görmüşəm. Amma gərək bu bayrağı hörmətlə alasan və başının üstünə asasan. Bax budur bayraq sevgisi, Vətən sevgisi və torpaq sevgisi.
Şükürlər olsun ki, bizim məmləkətimizdə də son vaxtlar bayraq və Vətən sevgisi daha da güclənib. Mənim hər iki nəvəm - Sədaqət və Tunar Azərbaycan bayrağını ataları və anaları qədər çox istəyirlər. Evlərində iki Azərbaycan bayrağı var. Tunar deyir ki, bu bayrağı mən Şuşaya sancacağam. Sədaqət nəvəm isə qardaşının sözünə söykək olub bildirir ki, mən də qardaşımı tək qoymayacam. Hər ikimiz bayrağı bir yerdə aparacağıq. Allah o günü bizə və nəvələrimizə qismət eləsin. Gəlin bayrağımızı öpəyin və başımızın üstündə dalğalandırağın. Bir də bayraq sevgisi, torpaq sevgisi və millət sevgisi heç vaxt ürəyimizdən çıxmasın...

TƏQVİM / ARXİV