adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DAĞLIQ ALTAYDAN - 3

SEYFƏDDİN ALTAYLI
85797 | 2015-07-25 02:04
Altaylarg Qızıl dağlarg. Ulu babalarımızın yüz illər boyu hakimiyyət qurduğu ikinci əzəli, əbədi yurd.
İstanbul universitetində tələbə idim. Ümumi Türk tarixi mövzusunda mərhum müəllimim İbrahim Kafesoğlu bizə dərs deyirdi. Türklərin doğma vətəninin Altay-Sayan dağları arası olduğunu, Altay nəzəriyyəsinin doğma vətənimiz barədə ən düzgün fikir olduğunu daim dilə gətirərdi.
Türkiyədə müəllimlərə ümumiyyətlə "hoca" deyə müraciət edilir. Bir gün mərhum müəllimimə üzümü tutub bunları dedim: "Hocam, siz deyirsiniz bizim doğma vətənimiz Altay-Sayan dağları arasıdır, yaxşı. Əgər biz səmavi dinlərə inanırıqsa, Nuh Tufanına da inanırıq. Nuh Tufanı ilə onun gəmisində olanların xaricindəki bütün bəşər övladı və heyvanat məhv olub, bunu müqəddəs kitablar deyir. İnsanlar onun gəmisiylə xilas olanlardan törəyib və Nuha ikinci Adəm də deyilir. Hal belədirsə bizim babalarımız Altay-Sayan dağları arasına nə cür düşüb, çünki Nuhun gəmisi bir rəvayətə görə Cudi dağında, digər bir rəvayətə görə də Ağrı dağında quruya oturub. Yeni bəşəriyyət burdan dünyaya səpələnib. Bəs qovmlar köçü ilə əllərində heç bir xəritə və ya vasitə olmayan yüz minlərlə insan Orta Asiyanın dağlarındakı keçidləri, su yolaqlarını, təbii yolları nə cür tapıb keçiblər və Avropaya axışıblar? Bəs Anadoluda, Azərbaycanda eradan qabaq neçə min il əvvələ tarixlənən bizim mədəniyyətimizi əks etdirən arxeoloji tapıntılar, qayaüstü şəkillər, bunlara nə cür yanaşmalıyıq?" Məkanı cənnət olsun, onda mənə dedi ki, madəm Altay Nəzəriyyəsi barədə şəkkiniz var, çalışın sizlər daha yaxşı bir nəzəriyyə ortaya atın və tapdığınız dəlillərlə onu elmi yöndən sübut edin. Onun bu sözləri qarşısında nə deyə bilərdim ki, sadəcə olaraq susdum, çünki fikrimi sübut edə biləcək hansı dəlili irəli sürə bilərdim?
Aradan illər keçdi, 1988-ci ildə həyat yoldaşımla Azərbaycana getdiyimiz vaxt əziz dostum Firidun Ağasıoğlu ilə tanış oldum. Firidun bəy bir gün sahildə gəzişərkən doğma vətənimiz barədə nə düşündüyümü sual etdikdə mən mərhum müəllimim İbrahim Kafesoğlu ilə aramızda keçən o söhbəti danışdım. Heyrətlə üzümə baxıb, "bəy, mən də həmin nəzəriyyənin əleyhinəyəm və o nəzəriyyəni qəbul etmirəm, mən də həmin fikirdəyəm" demişdi. Firidun bəy daha sonrakı illərdə bu fikri təsdiqləyəcək sanballı məqalələr yazdı, əsərlər yaratdı. Çox şükür ki, bu fikir artıq bir çox insan tərəfindən mənimsənib və əldə olunan tapıntılar bizi haqlı çıxarıb.
Azərbaycan elə bir mühitdir ki, xüsusilə Türk tarixinə unudulmaz töhfələr verib. Türkiyə Cümhuriyyətinin banisi Atatürk, böyük sosioloq alim Ziya Göyalptan təsirlənib, Ziya Göyalp da Eli bəy Hüseynzadənin tələbəsi kimidi.
Dağlıq Altaya getdiyimdə Ejer Çolakovun məni qarşıladığını və həddən artıq əziyyət çəkərək qısa müddətdə bir yığın maraqlı məlumatla qayıtmağımı təmin etdiyini yazmışdım. Ona bir daha təşəkkür edirəm. Ejer Çolakov da Azərbaycanın yetirməsidi deyə bilərik, çünki beş il Azərbaycanda oxuyub, bu müqəddəs yurdun ab-havasını dərib, özü kimi möhkəm dostluqlar qurub.
Ejer bəyə, Altay bölgəsinin en yüksək dağı hansıdır sualını verdiyimdə, "Üç Sümər dağıdır" deyə cavablandırmışdı. Azərbaycanda bu xalq "Şumer", Türkiyə və Altayda isə "Sümər" kimi ifadə edilir. Bu xalqın tarix səhnəsində göründüyü Mesopotamiya ilə Altay bölgəsi arasında minlərlə kilometr məsafə var. Şumərlər Mesopotamiyaya getmə xalq olduğuna görə, deməli onların doğma vətəni Altaya yaxındır və ya buralardır. Mənə görə Kuşan İmperiyasının yarandığı torpaqları elə Şumer yurdudu və onların hakimiyyəti Dağlıq Altaya kimi gedib çıxıb. Türklərdə öz adlarını coğrafiyaya, dağlara, çaylara və s. verdiyi məlum gələnəkdi. Şumerlər Altayla yaşamayıbsa bu dağlara o adı kim verib? Yaşayıbsa tarixin hansı dövründə yaşayıblar? Şumerlər və Türklər arasında nə kimi yaxınlıq var, onların ikisi de eyni etnik kökdəndirmi, yoxsa fərqlidirmi, bu suallar da tam mənasıyla öz cavabını tapa bilməyib. Sonra, Monqollar da "sümər" sözünü "sümbər" kimi tələffüz edir. Deməli bu söz Monqollar arasında da yaşayır və bu da həddən artıq maraqlı faktdır. Deməli şumerlərin doğma vətəni Asiyanın bir bölgəsidir, ancaq bu fakt arxeoloji tapıntılarla öz təsdiqini tapmalıdı.
Biz Türklər tarixin müəyyən dövrlərində qüdrətimiz tənəzzülə uğramağa başladığında ümumiyyətlə xalqa istiqamət verən, el arasında hörməti olan nə varsa düşmənlər onlara el uzadıb və istədikləri kimi istiqamətləndiriblər. Bizlər tarix boyu din adamlarına hədsiz hörmət etmişik, ancaq onların özgələrinin oyuncağına çevrilməsi qarşısında isə öz etirazımızı da bildirmişik. Ulu Sabirimiz;
"Molla dayı, etm? ş?rar?t bel?,
Ortalığa salma l?cac?t bel?..!" sözlərini işlədərkən özünə molla deyilən, ancaq din xadimliyinin məsuliyyətini və hörmətini daşıya bilməyən kəsləri yerin yeddi tərkinə batırarkən haqsız deyildi. O qocaman ziyalı şair, yadların oyuncağına çevrilən bezi din xadimlərini tənqid edərək xalqı oyatmaq istəyirdi. Həmin anlayışı Dağlıq Altayda da gördüm. O bölgədə də müəyyən vaxtlarda imicini itirən din xadimi şamanlar haqda da həmin minvalda sözlər yaradılıb, Ejer bəyə, mümkünsə bir şamanla görüşmək, söhbət etmək istəyirəm dediyimdə, narahat olma, nə lazımdırsa edəcəyəm. Ona şamanların xalq içindəki hörmətini sorduqda isə, "onlara hədsiz hörmət var, ancaq şamanlar haqda, (Uyalbas kam bolur, caltanbas us bolur: Utanmaz adam qam, cəsur adam usta olar) kimi fikir de yaradılıb, demişdi.
Dünyanın harasında yaşamasından asılı olmayaraq Türk Türkdü, vəssalam.


Seyfəddin Altaylı,
Ankara,

TƏQVİM / ARXİV