adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyul 2015 01:50
31774
GÜNDƏM
A- A+

"Bizim sahədə zaman prioritetdir"

Bütün bayramlara həssaslıq göstərən jurnalistlərimiz Milli Mətbuat gününü unudarmı sizcə? Özü də yubiley keçirməyə əsas verən yuvarlaq rəqəm, bu barədə ölkə rəhbərinin sərəncamı ortada ikən. Bu üzdən də Həsən bəy Zərdabinin bir min əziyyət bahasına yaratdığı milli mətbuatımızın 140 illiyi təntənəli qeyd olundu və bayram tədbirləri həftə boyunca davam elədi.
Ölkə başçısı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü, mətbuatımızın keçdiyi şərəfli yola nəzər saldı, mediamızın uğurlarından danışdı, problemlərini sadaladı və bu sahənin gələcək inkişafı ilə bağlı düşüncələrini bölüşdü. Prezident mətbuatın inkişafında xidmət göstərən bir qrup həmkarımızı orden və medallarla, fəxri adlarla mükafatlandırtdı. Yubiley ərəfəsində Əməkdar jurnalist fəxri adına layiq görülənlər arasında Qabil Abbasoğlu da var idi.
Ötən əsrin 90-cı illərində mətbuata gələn Qabil Abbasoğlu "Cümhuriyyət", "Müxalifət", "Yeni Müsavat" qəzetlərində şöbə redaktoru, redaktor, baş redaktorun müavini olaraq çalışıb, bir ara AZƏRTAC-ın Gəncəbasardakı informasiya mərkəzinə başçılıq edib. "Gün səhər" qəzetinin baş redaktoru olub.
İstedadlı qəzetçi kimi tanınan Qabil bəy son illər fəaliyyətini internet mediasında davam etdirir. APA holdinqə daxil olan Lent.az saytının rəhbəridir.
- Qabil bəy, Əməkdar jurnalist kimi özünü necə hiss edirsən?
- Elə Əməkdar jurnalist kimi.
- Mətbuatımız 140 yaşını qeyd etdi, səninlə medianın bugünkü durumunu dəyərləndirək. Jurnalistikaya illərini verən bir həmkarımız kimi bu mövzuda geniş danışa bilərsən. Amma istərdim ki, bir məsələni nəzərə alasan- çalış yubilyarın xətrinə dəymə...
- Bütövlükdə mediamızın mövcudluğu ən böyük nailiyyətdir. Yaşayır, 140 ildi nəsildən-nəsilə təhvil verilir, ənənə qorunur və paralel olaraq yeni baxışlar ortaya qoyulur və üstəlik inkişaf etdirilir. Bu baxımdan, yubilyara hələ təşəkkür borcumuz var ki, zamanında Azərbaycanın adını tarixə yaza bilib və biz indi bu qədər yaşı olan mətbuatımızla öyünə bilirik. Əlbəttə, qüsurlardan da xali deyilik. Qanunvericilik bazası hər halda yaxşı səviyyədə təmin edilib, maddi-texniki problemlərin həllinə dövlət də öz dəstəyini göstərir. Qalır bircə peşəkarlıq və mətbuata ümumi ictimai münasibət. Düşünürəm bu məsələlər zamanla həllini tapacaq, ancaq biz də əlimizi sallayıb durmamalıyıq. Hesab edirəm ki, təcrübə sahibi olan mətbuat nümayəndələrinin öz bilik və bacarıqlarını yeni nəslə ötürə bilməsi üçün şərait yaradılmalıdır. Söhbət gerçək təlim və master-klassdan gedir. Məsələn, Mətbuat Şurasına və hətta Milli Televiziya və Radio Şurasına belə təlimlərin təşkilatçılığı üçün imkanlar yaradılmalıdır. Hər iki qurumda bu işin öhdəsindən yüksək səviyyədə gələ biləcək kifayət qədər bacarıqlı insanlar çalışır. Bu sahədə durum getdikcə düzəlməlidir. Əks halda, nə qədər maddi dəstək verilsə də peşəkarlıq amili medianın durumunu və cəmiyyətin ona münasibətini yaxşıya doğru dəyişməyəcək.
- Uzun illər qəzetdə külüng döyəndən sonra xəbər portalına transfer olundun. Çap mediasının gələcəyindən beləmi bədgümansan?
- Qətiyyən. Bədgümanlığa görə deyildi bu transfer. Yəqin ki, sən də yaxşı xatırlayırsan, 2008-ci ildə işlədiyim qəzet maddi problemlərə görə fəaliyyətini dayandırdı və mən iş axtararkən dostlardan biri- konkret Vüsalə Mahirqızı belə bir təklif verdi. Mən o vaxt üçün yenilik olan internet mediasının özəlliklərini, əlbəttə, çap mediası qədər bilmirdim. Lakin Vüsalə xanımın dəstəyilə qısa bir zamanda bu sahəni tanıdım, öyrəndim və çox sürətlə adaptasiya oluna bildim.
O ki qaldı çap mediasının gələcəyinə, inanıram ki, qəzetçilik hələ uzun müddət mövcud olacaq və insanlar bu formaya rəğbəti saxlayacaq.
- Şəxsi söhbətlərimizdən, həmkarlarımıza verdiyin müsahibələrdən belə məlum olur ki. oxucuya xəbərin operativ çatdırılmasının tərəfdarısan. Bəs xəbərin dəqiqliyinin qeydinə kim qalacaq?
- Xəbər dəqiq olmalıdır. Bu, birmənalıdır. Lakin onlayn medianın özəlliyi bu dəqiq xəbəri saniyə çapında tez çatdırmaqdır. Ona görə də bizim sahədə zamanın prioritet olduğu barədə fikirlərə üstünlük verirəm. Burda rəqabət dəqiqə və bəzən saniyələr miqyasında gedir.
Hər gün neçə saat xəbər istehsalı ilə məşğul ola bilirsən?
- 24 saat.
- Çox deyil?
- Bilmirəm, amma səmimi deyim ki, bu işi sevirəm və məmnuniyyətlə özümü ona həsr edirəm.
- İmzası üçün darıxdığın həmkarların varmı?
- Əlbəttə var. Əslində çoxdu belə imzalar. Amma məsələn, üçünü demək lazım olsa, Hikmət Sabiroğlunun, Arif Əliyevin, Yusif Rzayevin çox yazmağını istərdim.
- Qabil Abbasoğlu imzası üçün darıxanlar da var axı...
- Belə oxucularla sözüm qısa olacaq- Sevginiz üçün təşəkkür edirəm...