adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AiLƏNiN TƏHLüKƏLi DÖVRü

OQTAY SALAMOV
24614 | 2012-05-26 07:12
Səbirsizliklə nəvə gözləyirdim. Allah verdi. Şükür, hər şey yaxşı oldu, indi evimizdən körpə səsi gəlir, bütün arzulayanlara, istəyənlərə qismət olsun, amin! Və birdən ürəyimdən keçdi ki, gənc ata-anaya bir həyat həqiqəti haqda fikirlərimi söyləyim. Sonra düşündüm ki, bu sözləri niyə təkcə elə özümünkülərə deyim ki, bəlkə bütün cavan ailələrə kiminsə demədiyi, amma çoxlarının ürəyindən keçən düşüncələri elə mən söyləyim.
   
   Ən azından haqqında söz açacağım bu dövrü uğurla keçmiş bir adam kimi təcrübəmi bölüşdürüm. Oğluma, gəlinimə də birbaşa nəsihət vermək düz çıxmır axı. İndiki (həmişə də belə olub, elə bizim cavanlığımızda da, ondan əvvəl də məsləhəti ağılvermə kimi qəbul etmişik və bəyənməmişik) cavanlar elə bil qəsdən sənin dediklərinin əksini edirlər...
   
   Qətiyyən sirr deyil ki, qəribə olsa da, ailədə çox arzulanan hadisə, uşağın doğulması bir çox hallarda konfliktlərə, bəzən də hətta boşanmalara səbəb olur. O dəqiqə etiraz etməyə tələsməyin, ətrafınızda baş verənləri, tanışlarınızı yadınıza salın və görəcəksiniz ki, dediyim fikrin əsası var. Ciddi düşünün: Buna qədər tam xoşbəxt olan gənc ailə birdən-birə dağılmaq təhlükəsi qarşısında qala bilər. Ən azından, ciddi konfliktər yaşamalı ola bilər. Məncə bunun əsasında müxtəlif səbəbli obyektiv həyat situasiyaları durur.
   
   İlk növbədə: cütlüklərin əksəriyyətinə uşaq doğulandan sonra məlum olur ki, ən azından ilk altı ayı öz arzu və istəklərinin, vərdişlərinin, həyat tərzinin dəyişməsinə, elementar insan ehtiyaclarından və istədikləri kimi istirahət etməkdən əl çəkməyə hazır olmurlar. Sizi qorxutmaq istəmirəm, amma bilin ki, bunlarla qarşılaşacaqsınız. Məsələn...
   
   İşdən sonra yorulmuş ər adəti üzrə gözləyir ki, evdə onu dadlı şam yeməyinə qonaq edəcəklər. Amma onu yuxusuz qalmış, əzgin, bütün gün işləsə də gördüyü iş görünməyən və buna görə daha da dilxor olan arvadı etinasız qarşılayanda, yorğunluğun üstünə əlavə əsəb də gəlir. Ər istəyir ki, istirahət eləsin,yorğunluğunu çıxarsın, amma bu indi onun uşağı deyilən, canparası sayılan bu miyovuldayan ət parçası qədər uşaq durub, imkan vermir.
   
   Qadınlar yeni vəziyyətlərə nisbətən rahat öyrəşə bilirlər, onlara təbii instinktləri kömək eləyir. Qadınlar müvəqqəti olsa da az əhəmiyyətli məsələləri arxa plana çəkə bilirlər. Xarici görkəm, ər, ev qayğıları yaddan çıxır və onun diqqəti yeni doğulmuş uşağa yönəlir. Ana bilir ki, indi əsas məqsəd körpənin həyatını qoruyub saxlamaqdır. Amma heç o da öz növbəsində mənəvi cəhətdən belə dəyişikliklərə qətiyyən hazır deyil. O gözləyirdi ki, doğuşdan sonra onun fiqurası əvvəlki formada olacaq, amma güzgüdə qarnının yerində formasız, kisə kimi sallanan dərini, südün formasını dəyişdirdiyi döşlərini qəbul edə bilmir axı. Bir çox gənc analar hormonol dəyişikliklərdən əziyyət çəkir, stressə düşürlər. Yazıqlar iki od arasında qalırlar. Bilirlər ki, sevimli ərlərinin qayğıya ehiyacları var, amma gücləri o qədər tükənib ki, heç yuyunmağa, daranmağa da həvəsləri və imkanları yoxdur.
   
   Doqquz ay - nə bilim, bir il əvvəl belə gözləmirdilər axı. Hələ toy şəkillərini albomlara düzüb qurtarmayıblar, indidən problemlər yaranıb? Yox, qətiyyən problem deyil. Sadəcə olaraq həyatın prizmasıdır, yaşanmalıdır. Bir sərxoş misalı var - dostluğun bölünməz, monolit olduğunu söyləmək üçün deyirlər ki, "dost" sözü hecaya bölünmür, ona görə də dostluq bölünməz. Bu baxımdan baxsaq Aİ LƏ-də qalın və incə saitlər bir yerdə sözü yaradırlar. Deməli, ailənin qalın və incə günləri, anları olacağı elə ailə sözünün özündə qoyulub...
   
   Daha ciddi olsaq, növbəti faktordan danışanda bəlkə də oxuculardan kimsə məni qınaya bilər, bu haqda danışmağın ədəb qaydalarına görə düz olmadığını söyləyə bilər. Amma gənc ailənin təhlükə qarşısında saxlayan hər hansı faktor haqda açıq və konkret danışmaq lazımdır. Ona görə də olanı deməliyəm. Elə ona görə də təkcə öz oğluma və gəlinimə deyəcəklərimi qəzet səhifəsinə çıxarıram ki, gənc ailələr məlumatlı olsunlar. Gənc ailələri təhlükə qarşısında qoyan faktorlardan biri də intim əlaqələrdir. Kişilərin bəziləri sevimli qadını arzuladığı seksual obyekt kimi daha qəbul etmir, onun gözləri qarşısında balasına süd verən ana obrazı canlanır. Bir çox qadınlar da hormonal dəyişmələr nəticəsində müvəqqəti olaraq intim əlaqələrə maraq göstərmirlər. Həm də indi seks uşağın rejiminə görə tənzimlənir. Yəni, cütlük arzuladıqları vaxt yox, mümkün olanda, məsələn, uşaq yatanda görüşürlər. Bu şərait də qətiyyən əvvəlki harmoniyaya uyğun gəlmir.
   
   Siz uşaq gözləyəndə uşağın qarınağrıları, köpmələri, qulaq ağısı və digər vəziyyətlər haqda nə qədər kitablara baxmısınız, məlumat almısınız, amma təcrübəyə gələndə, yəni uşağın hansısa problemi yarananda məlum olur ki, hər şeyi yenidən öyrənmək, bu dəfə oxuduqlarını, eşitdiklərini praktikada yaşamaq lazımdır. Başınızı itirəcəksiniz ki, bu mərhələlərin hər biri fərdi qaydada təcrübənizdən keçiriləcək. Özü də hər valideyn üçün sırf fərdi qaydada, hətta ağırlaşdırılmış formada yaşanacaq. Hər uşaq valideynin həyatında ciddi sınaqdır.
   
   Ailənin və sevginin qorunması, saxlanması üçün: ailənin iki üzvü, həm ər, həm də arvad qarşılıqlı güzəştə, bir-birilərini başa düşməyə və özlərini təkcə ər-arvad kimi yox, həm də ana və ata keyfiyyətində qəbul etməyə hazır olmalıdırlar.
   
   Uff!!! Yoruldum, daha doğrusu danışdığım mövzünün məsuliyyətindən sıxıldım. Amma lazım idi. Kimsə bu yazıdan yararlanacaqsa, deməli yazı boşuna yazılmayıb...

TƏQVİM / ARXİV