adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Təqaüdə çıxız

CEYHUN MUSAOĞLU
30949 | 2012-05-26 07:12
Onun iki ixtisası vardı. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-proflaktika fakültəsini bitirmişdi. İlk iş yeri təyinat üzrə Əfəndiyev adına xəstəxana oldu. Xarakterindəki idarəçilik ehtirası həkimliyi ilə bir araya sığmırdı. Bir neçə ildən sonra baş həkim də oldu. Harda, necə gəldi işçilərin üstünə qışqırması, xəstələrlə kobud davranması barəsində pis imic formalaşdırırdı.
   
   Rəhbər vəzifələrdə çalışan qohumları da vardı. Demişdilər bir az pul yığsın ona ikinci ixtisas almaqda kömək edəcəklər. Gileylənmişdi ki, daha həkim işləyə bilmir. "Pulsuz müayinəyə keçəndən sonra kimdən "nə oldu" soruşanda "doktor xəstələr pul vermir" cavabını cibimə basırlar". Həmişə gileyini bu notlar üzərində qururdu. Yüksək vəzifədə işləyən qohumunun yanında bu mövzuda neçənci dəfə idi danışırdı ki, qarşı tərəfdən təklif aldı:
   
   - Gəlsənə Polis Akademiyasına düzələsən...
   
   Əvvəl elə bildi, qohumu onunla məzələnir. Onun simasında ironik heç nə görməyəndə isə məsələni konkretləşdirmək istədi:
   
   - Nə qədər pul lazımdı?
   
   Konkret sualın cavabı da gərək konkret ola:
   
   - 30 min manat.
   
   6-cı mikrorayonda evi vardı. 3 otaqlı mənzili 45 min manata satdı, 30 minindən keçib növbəti tələbə qəbulu mərhələsinə qoşuldu. Akademiyaya qəbul oldu. Altı aydan bir 15-20 günlük dərsə gedirdi. Kiməsə qaynayıb-qarışmırdı. Həkimliyi də öz axarında gedirdi. Qohumundan "çoxlu pul yığ" məsləhəti almışdı. Məsləhətə canla-başla əməl edirdi.
   
   Buyur, o 4 ili arxada qoydu. Peşəsini dəyişmək vaxtı çatmışdı. Yenə həmin qohum düşdü ortaya ki, 50 min pul lazımdı. Hardan alsın? Köməyə qayınatası çatdı. Maşın alveri ilə məşğul olurdu. "Tapa bilərəm" dedi. Ardından dilinin altında mızıldandı da: "Olmasın 15 dəfə Almaniyaya getmək".
   
   O, xəstəxanadan gedəndə 3-cü palatada olan xəstənin sevinci yerə-göyə sığmırdı. Bir ay olardı burda yatırdı. Üç min manat xərci çıxmışdı, başının ağrıları isə azalmırdı ki, azalmırdı. Bəzən ağrılar o qədər şiddətli olurdu ki, xəstənin beyninə yalnız intihar hökm kəsilirdi. Pəncərədən özünü atmaq istədiyi vaxtlar az olmamışdı. Bir neçə dəfə cəhd göstərmişdi. Tibb bacıları, palata yoldaşları faciənin qarşısını almışdılar. Oğlu həkimlə dəfələrlə müxtəlif tonlarda danışsa da nəticə dəyişməmişdi. Həkimin bir cavabı vardı: "Müalicələr təsirini göstərəcək".
   
   "15 sutkalıq" adı ilə məşhur olan Bakı Müvəqqəti Saxlama Təcridxanası... Təcridxanaya yeni rəis təyin olunub. Baş leytenant rütbəli rəis barəsində təcridxanada bir informasiya, daha doğrusu dezinformasiya var: "Cərrahiyyə zamanı əlində xəstə ölüb, işdən qovublar". İnsafən, o, cərrah deyil və heç bir zaman da cərrahiyyə əməliyyatı aparmayıb.
   
   Qısa olaraq, Bakı Müvəqqəti Saxlama Təcridxanasının funksiyası barədə. Adından göründüyü kimi, burda sutka həbs cəzası alanlar saxlanılır. Xırda xuliqanlıq edənlər, aksiyalarda hay-küy salanlar və qədim peşə sahibləri-fahişələr. Bir vaxtlar Neft Akademiyasının binasına söykənən fahişələrin hamısı ayaqlarını ən azı bir həftə bu təcridxananın divarlarına da söykəyib.
   
   Yeni rəis artıq ikinci ayı idi vəzifəsini icra edirdi. Gömrükdə qiymətlər qalxmışdı. Xaricdən maşın gətirmək sərf etmirdi. Axşamlar həyat yoldaşının mısmırıq sallamasından anlamışdı ki, qayınatası borcun tezliklə qaytarılmasını istəyir. Arvadı telefonda kiminləsə danışanda eşitmişdi: "O da borc alıb da ondan-bundan...".
   
   Neyləsin? Əli qoynunda başının üzərindən asdığı portretə baxa-baxa düşünürdü. Xəstə adamlar kimi kreslonu stola tərəf döndərdi. Qarşısındakı qeyd jurnalını vərəqləməyə başladı. Vərəqlərdən biri diqqətini cəlb etdi. Siyahıdakı ad və soyadların sonuncusuna nəzər saldı. "30" rəqəmi siyahının qapandığını göstərirdi. Müavininə zəng açdı. Telefonla göstəriş verdi ki, təcridxanadakı qadınların hamısını öz otağına yığsın. Yarım saat keçdi. Rəis müavinin otağına dəvət olundu. Qadınlar güllələnəcək müqəssirlər kimi divara düzülmüşdü. Rəis onları süzürdü. Birdən cərgənin başı üzərindəki portreti gördü. Əsəbiləşdi. Əmr verdi ki, qarşıdakı divar boyu düzülsünlər. Komanda yerinə yetirildi. Heç bir qadını danışdırmadan hər kəsə görə bildiyi qədər baxdı. Üzünü çevirib otaqdan çıxdı. Bayaqdan əlində oynatdığı əl telefonunda nömrə yığmağa başladı. Təcridxananın həyətində o başa-bu başa gedə-gedə danışırdı: "Pis deyillər. Bir az əl gəzdirsən, əla da demək olar. Hə də, sənin pullu dostların var... Əlbəttə yarıbayarı... Məni başa düş, vəziyyətim pisdi... Ama bir daş altda, bir daş üstə. Bir də de ki, aparanda şəxsiyyət vəsiqələrini alacam haa..."
   
   Vəssalam. Keçmişi həkim olan rəis başladı fahişə alverinə. İşi pis getmirdi. Qızları "naçovka"-ya da buraxırdı. Günlərin birində müavindən bəd xəbər zəngi gəldi:
   
   - Saat doqquzdur, qızlardan birini hələ qaytarmayıblar.
   
   Yatağından hövlnak qalxan rəisin dili əsməyə başladı:
   
   - A...paran kiiim idi?
   
   - Şəxsiyyət vəsiqəsi yox idi. Siz bilirsiz axı, demişdim 100 manat artıq verib, maşınının və telefonunun nömrəsin dedi.
   
   - Neeeçədi?
   
   Rəis dəli oldu. Müavinin verdiyi nömrədən operatorun səsi eşidildi. On dəqiqədən sonra rəis işdə idi. Nə edəcəyini bilmirdi. Qızların sifarişçilərə çatdırılmasında baş rol ifa edən qadınlıq bir şey yox idi. Əvvəl onunla əlaqə saxlamaq istəsə də bunu anladı. Müştəri köhnələrdən olduğu üçün elçiliyə özü gəlmişdi.
   
   Rəisin telefonuna zəng gəldi. Nömrəyə baxdı. Sonu 22-lə qurtarırdı. Odu.
   
   - Bəli. Qız hardadı?
   
   Sərxoş kişi səsi eşidildi:
   
   - Qız araqdan zəhərlənib çezdi.
   
   - Necə yəni çezdi? Sən nə danışırsan?..
   
   - Rəis, öldü də. Mənlik heç nə yoxdu. İdarəvin arxa tərəfində hasarın yanına qoymuşam meyitini. Mənim adımı hallandırsan, eyni kamerada oturmalı olacağıq. Luçşi deyərsən, yanına gələnlərdən kimsə içəri araq keçirib, o da içib, zəhərlənib.
   
   - Sən nə danışırsannnnnnn?...
   
   Telefon qapadıldı. Rəis telefonu stolun üstünə qoymaq istəsə də əli əsdiyindən onu yerə saldı. Nadzorları meyitin arxasınca göndərdi. "Zəhərlənən" qızın üzərində heç bir zorakılıq əlaməti yox idi. Sol qolundakı iynənin yerində isə qan donmuşdu. Meyiti kameraya qoydular. Rəis istefa ərizəsini yazıb, elə əlindəcə maşına oturdu. Vəzifəli qohumunun yanına sürdü. Hadisənin baş vermə səbəbini müştəri oğlanın dediyi kimi anlatdı. Gözlədiyinin əksinə olaraq, qohumu əhvalını pozmadan dedi: "Get 20 min hazırla".
   
   Oğlunun maşını satıldı, arvadının cehiz qızılları da ardından. Dayı, əmi, bibi... kampaniyaya qoşuldular. 20 min manat düzəldi. Rəis rəisliyini itirməklə öz hücrəsinə çəkildi.
   
   56 yaşı olmuşdu. Həmin hadisədən 4 il keçirdi. Vəzifə hərisliyi onu rahat buraxmırdı. Yenə vəzifəli qohum, yenə təklif: "İyirmi beş min manatın olsaydı, səni 1 saylı əsəb disponserinə baş həkim təyin elətdirərdim" .
   
   Qayınatanın 50 min manatından bir qəpik də qaytarılmayıb. Üz tutacaq kimsə də yox. Yazıq görkəmdə qohumunun üzünə baxdı. Qohumundan eşitdiyi növbəti təklif simasında elə bil dəyişiklik yaratdı ki, gözlərindən boylanan günəşi görməmək mümkün deyildi. Belə danışdılar, vəzifəli qohumu məsələni həll edir, baş həkim hər ay ona 5 min manat pul verir. Altı aydan sonra vəziyyət axarına düşür.
   
   El arasında dəlixana adlanan məkan. Burda dəlilərlə yanaşı dəli olmayanlar da xeylidi. Elə pulu da onların vasitəsi ilə qazanmaq olar. Cinayət edən pullu qaqaşın, hadisəni törədən zaman affekt vəziyyətdə olduğu "aşkara" çıxır. Müalicə üçün təyinat dəlixanaya verilir. Güllə səsindən qorxan gənclər bura "düşməklə" qorxularını çildaq etdirirlər. Küllü miqdarda pul isə baş həkimə çatır.
   
   Beləcə bir il keçdi. Sıxıntılar aradan qalxırdı. Qayınatasının borcunu yarıya endirmişdi. Oğlu kreditə maşın almışdı. Novxanıda 12 sot həyətyanı sahəyə də pulu çatmışdı. Qalırdı villa tikdirmək. O yanı qaya, bu yanı qaya idisə niyə də onun içində sarı maya olmasın...
   
   Evin çertyojunu Almaniyadan gətizdirdi. Təxminən 200 min manata istədiyi fiquru ala bilərdi. Tikinti şirkəti ilə müqavilə bağladı. Villanın hər daşı qoyulduqca, "dəli" cinayətkarların sayı artırdı.
   
   Həyətdə təmizlik yaratmaq üçün xəstələrin əməyindən istifadə etməyi də unutmamışdı. Üç xəstənin əməyindən isə tez-tez istifadə edirdi. Fərhad, Qərib, Səxavət. Onlar həyəti belləyir, zir-zibili daşıyır, ustaların dəxli olmayan əmrlərini yerinə yetirir, siqaret, pivə, araq, kolbasa dalınca gedirlər. Hərəkətlərindən dəli təsiri bağışlamırlar. Ancaq bütün günü susmalarından anlamaq olar ki, psixikalarında çatmayan nəsə var.
   
   Fərhad Yevlaxda bələdiyyə sədrini döymüşdü. Ürəyi soyumayıb, onun papağının içinə yaş təzək doldurub, oynaya-oynaya kabinetinə girərək qarşısına qoymuş və demişdi: "Aş gəlir".
   
   Qərib Bakıda gecə saatlarında musiqi alətləri mağazasının qapısını baltayla sındırıb, içəri soxulmuş, bir saatdan artıq piano çalmışdı. Polislər hadisə yerinə gələndə demişdi ki, beş dəqiqə də gözləsinlər əsəri bitirsin.
   
   Səxavət Salyandan idi. Məmurların balıq saxlamaq üçün düzəltdikləri göllərdən oğrun-oğrun balıqları tutub öldürərək yenidən suya atırdı. Tutulanda demişdi ki, harın adamları infarkt etməyin yeganə yolu budu. Səxavətdə harın adamlar anlayışı, tikdiyi evin qanuni olmadığını bəhanə gətirən yerli məmurların onu uçurtmasından sonra yaranmışdı. Evi özü tikmişdi.
   
   Səxavət indi də ev tikirdi. Amma başqasına. O başqasına ki, dəlixanadakı bütün dəlilər ondan qorxurdu. Dəlixananın direktoru, bu evin sahibinin bir cəza metodu vardı: iynə. Sakitləşdirici iynələri tibb bacıları ciblərində gəzdirirdilər. Səssizliyi pozan istənilən dəli bilirdi ki, indicə tibb bacısı içəri girəcək və o da səssiz-səmirsiz çarpayıya uzanacaq. Beş dəqiqə sonra isə ləms olub yerində qalacaq. Səxavətə də az iynə vurulmamışdı. Bu evdə fəhlə kimi işə başlayandan isə cəmi bir dəfə ləms olunmağa məhkum edilmişdi.
   
   Hadisə belə olmuşdu: Səxavət palatadakı çarpayıları üst-üstə yığırmış ki, bəs direktora ev tikirəm. İki çarpayını birtəhər bir-birinin üstünə qoyub, üçüncü çarpayını qaldırmağa cəhd göstərəndə isə o biriləri də aşırdıb. Hay-küyə həkimlər, tibb bacıları doluşub içəri. Səxavət könüllü təslim olub.
   
   Ustaların əmrlərinə də könüllü tabe olan Səxavət idi. Ona görə ustalar ona sözün əsl mənasında daşı-daş üstə qoymağa icazə verirdilər. Səxavət hər dəfə daşı daş üstünə qoyanda gözlərindəki işıq gurlaşırdı. Qucağında ağır daş olmağına baxmayaraq, uçurdu sanki. Onun bu halını ustalar da sezmişdi deyə, mane olmurdular. Artıq Səxavət divar qoyurdu. Malanı palçığın üstünə elə sürtürdü ki, sanki həftədə bir dəfə ona dəyməyə gələn balaca qızının saçını oxşayır.
   
   Evin birinci mərtəbəsinin daş işi qurtarmışdı. Səxavət sağ divara xeyli daş qoymuşdu. Artıq ikinci mərtəbəyə başlamaq vaxtı çatmışdı. Fərhadla, Qərib ona daş daşıyır, palçıq gətirir, Səxavət də ehmalca ikinci mərtəbənin sağ divarına daşlar düzürdü. Nədənsə Səxavətə yarımçıq işləri tapşırırdılar. Ustalar divar boyu daşları düzürdü, bir iki daş yeri qalanda deyirdilər ki, gəlib tamamlasın. Qərib də bekar qalmırdı. Palata yoldaşının qoyduğu daşlar üzərində virtual olaraq piano çalırdı. Fərhad isə imkan tapan kimi əlini qabağa uzadıb ayaqlarını sağa-sola bura-bura həyəti fırlanırdı. Ustalar bu mənzərədən ləzzət alırdılar.
   
   Evin sahibi bu müddətdə bir neçə dəfə tikintiyə gəlmişdi. Həmin vaxt ustalar Səxavəti işləməyə qoymurdular. Dəlixananın direktoru dəlilərin özlərini necə apardıqlarından tutmuş, evin tikintisinə qədər çox şeylə maraqlanırdı. Hər dəfə gələndə ustalar gözləyirdi ki, onlara nahar pulu verəcək. Amma direktor heç sağollaşmadan çıxıb gedirdi.
   
   Üç ayın tamamına az qalmış villanın tikintisi başa çatdı. Binanın həm çöl, həm də içəri tərəfinin suvağı vurulmuşdu. Hesablandığından 3 min manat çox pul xərclənmişdi. Təbii ki, evin sahibi narazı idi. Bu üzdən ustalara evin içində işləməyə icazə vermədi. Hələ üstəlik onlara verəcəyi puldan beş yüz manatı saxladı. Narazılıqlar vəziyyəti dəyişmədi. Ustalar qapıdan çıxanda aralarındakı nisbətən cavanı "heç halal etmirəm" deməyi də unutmadı. Bu lənəti yoldaşlarından başqa kimsə eşitmədi.
   
   Dəlilər yurdlarına qayıtmışdı. Evin içindəki işlər başqa briqadaya həvalə olunmuşdu. Səxavətsə hələ də daş qoyurdu. Əlbəttə, yuxularında. Qəriblə Fərhad tamam dəyişmişdilər. Üz-üzə çarpayıda oturub saatlarla bir-birlərinə baxırdılar.
   
   Ev hazır idi. Möhtəşəm alınmışdı. Çölü içərisindən, içərisi çölündən gözəl. 203 min manatlıq villa. Direktor təcili ora köçməyi planlaşdırmışdı. Yoldaşı isə ayağını bir başmağa dirəmişdi ki, evin içi lazım olan əşyalarla doldurulmasa mikrorayondakı üç otaqlı evlərindən çıxmayacaq. Direktor bankdan yüz əlli min manat kredit götürməli oldu. Arvadının əmri yerinə yetirildi.
   
   Altı aya yaxın idi onlar villada yaşayırdılar. Oğlanları da ailəsi ilə bura köçmüşdü, öz evlərini isə hər iki ailə kirayə vermişdi. Həyat qaydasına düşürdü.
   
   Gecənin ortası idi. Direktor ikinci mərtəbədəki çarpayısından qışqıraraq ayıldı. Anlaşılmaz sözlər işlədirdi. Arvadı da artıq oyanmışdı. Nə baş verdiyini soruşurdu. Cavabında isə əri yerindən qalxıb zala doğru getdi. İşığın yanması ilə "vay dədəm, evim yıxıldı" kəlməsi demək olar eyni anda səsləndi. Bir azdan hamı təxminən on santimetr enində ilanvarı çat verən divara baxırdı. Tavandan döşəməyə qədər məsafədə divar aralanmışdı. Hamı yerindəcə donub qalmışdı. Direktor tez aşağı düşdü. Birinci mərtəbənin zalına daxil oldu. Eyni çat burda da var idi. Divarın arasından ay işığı evə soxulmağı bacarmışdı. Direktorun gözləri parıldayırdı. Gecə saat dörd idi. Başını itirmiş evin kişisi yuxarı mərtəbəyə qalxdı. Ailə üzvləri yerlərindəcə donub qalmışdı. Əl telefonunu tapıb, divar qoyan ustalardan birinin nömrəsini yığdı. "Bu nömrə şəbəkə xaricindədi". Oğlu məsləhət gördü ki, səhəri gözləsin.
   
   Sabahı dirigözlü açan direktor bir stəkan çay belə içməmiş evdən çıxdı. Qayıdanda yanında iki usta var idi. Onlar çat vermiş divara diqqətlə baxdılar. Analizin cavabı: "Daşlar bağlama şəklində qoyulmayıb. Heç cür əlac etmək mümkün deyil. Get-gedə çat daha də enlənəcək. Çünki bağlama şəklində qoyulmayan daşların sayı həddindən artıq çoxdu. Bununla yanaşı özül də yaxşı tökülməyib. Palçığın sementi az olduğundan indi çökür. Çıxış yolu damın sökülməsi və sağ divarın dağıdılmasıdı ki, bu elə evin tamamilə sökülməsi deməkdi".
   
   Direktor kresloda tərpənməz qalmışdı. Təcili yardım həkimi mətbəxdə evin xanımına pıçıltı ilə nəsə deyirdi. Bircə bu söz eşidildi: "Təqaüdə çıxsa yaxşıdı".

TƏQVİM / ARXİV