adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HƏYATIMIN ""ƏDALƏT""İ

ƏBÜLFƏT MƏDƏTOĞLU
30320 | 2015-07-24 18:09
Açıq etiraf edirəm, hər kəs eşidib bilsin. Mən sovet vətəndaşı olmuşamgmən sovet dövrünün insanıyam...mən kommunist erasının yetirməsiyəm!!!

Bu etirafı elə-belə etmirəm. Çünki bütün etiraflar saflaşmağa, həqiqətin üzə çıxmasına, günahsızlıq deyilənin nə olduğunu göstərmək üçündür. Bax, bu mənada mən də öz etirafımı edirəm. Ona görə ki, bu zərurətdir... ona görə ki, bu həyatın tələbidi və bir də ona görə ki, mən indi müstəqil Azərbaycanın vətəndaşıyam!!!

Yaşıdlarım kimi mənim də bəxtimə qarışıq bir zamanda yaşamaq düşdü. Qarışıq deyəndə ki, bu zamının payına düşən ilk 30-40 ili sovetin qılıncının kəshakəs vaxtı idi. Və mən bu gözəlim dünyaya qədəm qoyanda o illərin bütün uşaqları kimi içimdə arzular böyütdüm. Günlərin birində də həmin arzuların dalınca düşüb yol gəldim üzü Bakıya doğru. Doğrudur, ilk gəlişimi Bakı dəyərləndirmədi, əlim ətəyimdən uzun oldu və mən də qəbul imtahanlarından istədiyim nəticəni əldə edə bilmədiyimdən doğulduğum kəndə qayıdıb təsərüfatda çalışdım. Onsuz da kənd uşağı idim. Əl qabarının, alın tərinin nə olduğunu bilirdim. Sonra orduya getdim - sovet ordusunda xidmət çəkdim və elə bu ordunun zəmanəti ilə o vaxtkı Azərbaycan Dövlət Universitetinə daxil oldum. Arzumun çin olması üçün üzümə qapı açıldı.

Bütün bunları söz xatirinə, nəyisə xatırlatmaq üçün yazmıram, məqsədim var. Demək istəyirəm ki, içimdəki ən böyük istək, bəlkə də mənim üçün ən əlçatmayan arzu yazılarımın dərc olunması, mətbuatda görünmək istəyim idi. Doğrudur, ilk şeirlərim, məqalələrim Füzulidə, Hadrutda nəşr olunan rayon qəzetlərində işıq üzü görmüşdü. Bunun da öz sevinc, öz fəxarət payı var idi. Lakin respublika mətbuatı fərqli bir dünya, fərqli bir müstəvi idi. Ora hər adamın səsi, sözü çatmırdı. Bax, belə bir vaxtda oxuduğum dövlət universitetində ilk redaktorumla tanış oldum. Bu universitetin o vaxtlar "Lenin tərbiyəsi uğrunda" adı ilə nəşr olunan tələbə qəzetinin baş redaktoru Ağamusa Zeynalov idi. O məni qəzetə məsul katib ştatına götürdü. Əli çox yüngül oldu Ağamusa müəllimin. Qısa bir zamanda respublikanın, yəni dövrün hegemon partiyasının nəşrlərindan olan "Təşviqatçı" jurnalına işə düzəldim. Mərhum Əlisəfa Məmmədov sözün həqiqi mənasında yüksək qayğı göstərərək əyani təhsil alan bir tələbəni müqavilə ilə jurnalda işə qəbul etdi...

Beləcə başladı mənim sözlə, qələmlə baş-başa, nəfəs-nəfəsə üzü sabaha gedən yolum. Və mən bu yolda bir neçə qəzetin əməkdaşı oldum. "Araz" (redaktor - Məcnun Namazəliyev), "Qarabağ" (redaktor- Çingiz İsmayılov), "Azərbaycan ordusu" (redaktor - Üzeyir Cəfərov) və nəhayət 1993-cü ilin baharı...

Həmin gün "Azərbaycan" nəşriyyatının 4-cü mərtəbəsində çox hörmətli Aqil Abbasla qarşılaşdım. Görüşdük. Nə ilə məşğul olduğumu soruşdu. Müdafiə Nazirliyinin sərəncamında olduğumu dedim. Elə ordaca mənə tapşırıq verdi:

- Sərəncamın müddəti qurtaran kimi olursan "Ədalət"in cəbhə müxbiri!


Beləcə "Ədalət"də "Ədalət"in baş redaktorundan ilk tapşırıq aldım. İndi 18 ilə yaxındır ki, "Ədalət"də bir həyat yaşayıram, "Ədalət"li bir həyat!..

Bu 18 ilin hər günü, hər anı, hər saatı özü-özlüyündə bir kitablıq yazıdı. Və bu yazının arxasında mənimlə yanaşı, qəzetin bütün əməkdaşlarının dayandığını görmək çox asandı. Çünki bu qəzetdə heç nə heç kimdən gizli deyil və bəlkə də yeganə qəzetdi ki, yarandığı gündən bu qəzetdəki özəl demokratiya dünyanın heç bir yerində mövcud olmayıb və inşallah olmayacaq da. Çünki "Ədalət"in özünəməxsusluğu budur! Əməkdaşların hay-küyü, bir-birinə həm doğma, həm də bir az köntöy münasibəti, eləcə də daxili bir özəl dünyanın olması, bunu bir az da çılpaqlasam hər bir əməkdaşın içərisində özünün fərqli bir "Ədalət"inin olması qəzetin, onun kollektivinin spesifik xüsusiyyətidir. Elə bil ki, burdakı insanlar hardasa, hansı zamandasa bir yerdə işləmək üçün hazırlıq keçiblər. Yəni cəmi iki-üç gün qəzetdə əməkdaşlıq etməyə başlayan istənilən insan artıq 4-5-ci gün qəzetin havasına oynamağı bacarır. Çünki bu hava demək olar ki, hamının sümüyünə düşür. Ən çox da əsəbi ayaqüstə olanların, qəlbi naziklərin, sözü eşitməyi bacaranların və nəhayət sözdən söz çıxaranların...

Mən 18 ildi ki, axtardığım ədaləti axtara-axtara "Ədalət"də yol gedirəm. Demək olar ki, bu qəzetdə adıynan üst-üstə düşən ədalətlər də görmüşəm, qəlbimə toxunan məqamlar da. Bünsuz mümkün deyil. Çünki hamı eyni işi görürsə, orda mütləq bir nöqsanlı yer qalır. Ona görə ki, hamı bir-birinə arxayındı. Ona görə ki, hamı bir-birinə güvənir, ona görə ki, hamı yanındakının onun nöqsanını aradan qaldıracağına inanır. Bax, bu da sonda müəyyən bir arxayınçılıq yaradır və...

Və onda baş redaktor Aqil Abbasın özünəməxsusluğu ortaya çıxır. Bu barədə hər kəs öz istəyini, öz düşüncələrini yəqin ki, iç dünyasında dəfələrlə saf-çürük edib. Başqalarını deyə bilmərəm, şəxsən mən sonda bu qərara gəlimşəm ki, biz "Ədalət"ə oxşadığımız kimi, "Ədalət" də Aqil Abbasa bənzəyir. Deməli, sonda biz hamımız elə bir adamıq. Bir olduğumuza görə də bu qəzetdən müxtəlif kürsülərə irəliləyən, rütbə qazanan, imtiyaz sahibi olanlar da, bu qəzetdə qalanlar da özünü hər yerdə "Ədalət"çi kimi hiss edirlər.

Bəli, belə götürəndə 18 il böyük bir ömürdü. Deməli, Allahın verdiyi bu 18 ili "Ədalət"lə çiyindaş olmaq mənim nəsibim imiş. Və mən də bütün hallarda Allahımdan, onun verdiyi qismətdən razı bir bəndəyəm. O razı bəndənin "Ədalət"də olması bəlkə də Allahımın barəmdə çıxardığı ən dürüst qərarlardan biridi. Mən o qərara Allahıma olan sevgimlə yanaşıram.

Həyatımın "Ədalət"ində çox şeylər qazandım. Onların ən böyüyü, ən birincisi sözümü Tanıtmaq, sözümün Azadlığıdı! Bu gün 20 yaşını qeyd edən həyatımın "Ədalət"ində Azərbaycanın ədəbi ictimaiyyəti ilə ünsiyyət qurmaq haqqını əldə etdim... Və son olaraq mən həyatımın "Ədalət"ində bu gün yazılarıma münasibət bildirən, məni sevən və mənim sevdiyim oxucuları kəşf etdim. Düşünürəm ki, bu sevgi yaşamağa, yazmağa və təkrar-təkrar ilham pəriləri ilə baş-başa qalmağa yetər. Yaxşı ki, "Ədalət" var, yaxşı ki, Sevgi var, yaxşı ki, Biz varıq!!!

"Ədalət"in ad günü mübarək!

2010-07-24

TƏQVİM / ARXİV