adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"... Jurnalistlərin çoxu söz ezitməmək üçün qulağına pambıq tıxayıb"

İNTİQAM VALEHOĞLU
19540 | 2012-05-25 07:39
"Həmkar" rubrikasının 16-cı qonağı Müstəqil İnformasiya Agentliyinin (Mia.az) redaktoru Zaur Əhməddir.
   
   
   
   - Məmmədov Zaur Əhməd oğlu 1983-cü ildə anadan olmuşam. BDU-nun Jurnalistika fakültəsini bitirmişəm. 2000-ci ildən mətbuatdayam. Hazırda "Reytinq" qəzetinin və Müstəqil İnformasiya Agetliyinin redaktoruyam. Jurnalistika fəaliyyətinə "Şərq" qəzetindən başlamışam. İlk vaxtlar elə bilirdim ki, jurnalist nəsə böyük bir səlahiyyət sahibidir, bütün qapılar onun üzünə açıq olur. Amma az keçmədi ki, jurnalistikanın sadəcə kənardan parlaq göründüyünü anladım. Artıq 12 ildir ki, mətbuatdayam və bu peşənin nə qədər çətin və fədakarlıq tələb etdiyini anlayıram. Azərbaycanda həqiqi jurnalist olmaq, şərəfini, təmiz adını, mövqeyini qorumaq çox çətindir. Bu mənada özünü xoşbəxt saya bilərəm ki, özümü çirkaba bulaşmaqdan, gözükölgəlti olmaqdan qorumuşam.
   
   -İlk yazın yadındadırmı?
   
   - İlk yazım İslam Partiyasının sədrinin parlament seçkilərinə qatılması ilə bağlı olmuşdu. Başlıq da belə də idi-"Hacı da deputatlığa can atır". Deyərdim ki, bu yaxınlarımın ən çox oxuduğu yazım olub. Hətta uşaqların da dilinin əzbəri olmuşdu Hacı məsələsi. Ancaq ilk müsahibim mandat ala bilmədi. İndi də siyasətdə deyil.
   
   - Deyəsən bu deputatlıq istəyi səndə çoxdandır. Axı son seçkilərdə namizəd idin.
   
   - Namizəd olmağa qoydular ki. İcra başçısı bir tərəfdən, hazırkı deputat bir tərəfdən elə narahat oldular ki, elə bil Obama ilə mübarizə aparacaqlar. Bütün təzyiq imkanlarını işə salıb məni seçkiyə buraxmadılar. Əslində seçkinin ilkin mərhələsində iştirak etmək belə, mənə müyyən şeylər qazandırdı. Nə edək, canları sağ olsun. Amma narahat olmasınlar, əvvəl-axır Cəbrayıl camaatının vəkili olmaq hədəflərimi reallaşdıracağam. General olmaq istəyən əsgər deyil. Ona görə də çəkinmədən deyirəm ki, inşallah o mandatı alacağam.
   
   - Jurnalist kimi vəkilləri ola bilmirsən?
   
   - Jurnalist kimi vəkkilliklərini edirəm. Bu günə kimi nəinki həmin bölgənin, bütün Azərbaycan vətəndaşlarının vəkilliyini eləmişəm. Bu günə kimi minlərlə şikayəti aidiyyatı orqanlara çatmasında iştirak etmişəm. Amma məsələ ondadır ki, bu gün Azərbaycanda jurnalistin sözü eşitməmək üçün çoxları qulağına pambıq tıxayıb. O pambığı çıxarmaq üçün qələm yetərli olmur...
   
   
   
   "Rəqsanə ən peşəkar
   
   jurnalistdən belə
   
   çox tanınırsa..."
   
   
   
   - Səncə tanınmış imzasan?
   
   - Məncə, tanınmaq nisbi anlayışdır. Daha çox tanınmağın peşəkarlığa dəxli yoxdur. Mən tanınıb-tanınmamaqla bağlı obyektiv bir söz deyə bilmərəm. Təvazökarlıq edib desəm ki, çox tanınmıram, yalan olar. Ya da desəm ki, çox tanınıram, o da düz çıxmır. Hər bir qələm sahibi yazılarının oxunması qədər tanınır. Mən özümü otra səviyyədə tanınan jurnalist sayıram. Hər halda siyasət aləmində imzamı da, özümü də kifayət qədər tanıyırlar. Bu gün Rəqsanə ən peşəkar jurnalistdən belə çox tanınırsa, bunun günahı bizdə deyil.
   
   - Gəl günahdan deyil, bir az da maraqlı əhvalatlardan danışaq.
   
   - Başıma gülməli hadisələr çox gəlib, amma əksəriyyətini ictimai müzakirəyə buraxmaq olmaz. Bir dəfə deputat Musa Qasımlıya mobil telefonla zəng eləmişdim nəsə münasibət öyrənirdim. Musa müəllim də deyəsən, dərsdə idi, səs-küy gəlirdi. Mənə nəsə dedi.Elə bildim deyir ki, 5 dəqiqəyə sənə zəng edəcəm. Oldu deyib telefonu qapadım və gözləməyə başladım. 5, 10, 15 dəqiqə keçdi yenidən zəng elədim. Telefonu acan kimi cavabı belə oldu: "Necədi, xoşuna gəldi". Mən də təəccüblə soruşdum ki, nə? Dedi ki, bəs mən bayaqdan burda danışıram. Sən demə Musa müəllim mən telefonu söndürəndən öz-özünə danışırmış. İnanıram ki, Musa müəllim bu əhvalatı danışdığıma görə məndən inciməz.
   
   - Neçə ildir ki, siyasilərlə təmasda olursan, siyasətdən yazırsan. Siyasətdən yazmaq asandı, yoxsa...
   
   - Mən heç vaxt janr fərqinə baxmamışam Demək olar ki, bütün janrlarda yazmışam. Düşünürəm ki, pis də alınmır. Qaldı ki, siyasətdən yazmağıma, mən təkcə siyasət yazarı deyiləm. Şou xəbər də, iqtisadiyyatdan da, sosialdan da, media, QHT sektorundan da yazmışam. O mənada fərqi yoxdur. Qarşımda oturan kim olursa-olsun müsahibdir. Lazım gəlsə, lal adamdan da müsahibə götürərəm. Əsas odur ki, adam ruhən danışan olsun. Əslində siyasətçilərlə müsahibə daha rahatdı. Müsahibin hər zaman bişmiş adam olur.
   
   
   
   "Son dövrlər
   
   Əli Kərimlidən ciddi
   
   şəkildə narazılığım var"
   
   
   
   - Sənin üçün çətin, yaxud asan müsahib varmı?
   
   - Ən çətin müsahib əlim çatmayanlardır. Jurnalist kimi ən böyük istəyim prezident İlham Əliyevdən müsahibə götürməkdir. Ondan sonra Nazirlər və Komitə sədrləri gəlir. Onu da nəzərə çatdırım ki, onlara kifayət qədər suallarım var. Qalan kiminlə danışmaq imkanım varsa, hamısı ilə müsahibəyə getməkdə çətinlik çəkmirəm. Ən sevdiyim müsahiblərimdən biri İsa Qəmbərlə Zərdüşt Əlizadədir. İsa bəyin suallara qısa cavab vermək xasiyyəti xaric yaxşı müsahibdir. Onunla söhbətimiz hər zaman dolu alınır.
   
   Son dövrlər Əli Kərimlidən ciddi şəkildə narazılığım var. Demək olar ki, iki ildir ki, mənə müsahibə verməkdən yayınır. Səbəbi mənə məlum deyil. Amma əsaslı bir səbəb olmadığına əminəm. Dəqiq bimirəm, amma deyəsən, hansısa yazıdan inciyib, ona görə də məndən uzaq gəzir. Siyasilərin bu kaprizləri məni özümdən çıxarır.
   
   - Səncə hazırda elektron media qəzetçiliyi üstələyirmi?
   
   - Elektron media qəzet mediasının üzərində neçə vaxtdır ki, qələbə çalıb. Qəzet hər zaman olacaq, amma informasiya mənbəyi kimi yox, analitik, izahedici missiyanı yerinə yetirən orqan kimi fəaliyyət göstərəcək. Artıq 3 ilə yaxındır ki, Azərbaycanda elektron media öz inkişaf dövrünü yaşayır. Demək olar ki, həftə səkkiz, mən doqquz bir saytın fəaliyyətə başladığını eşidirik. Bu proses bir neçə il də davam edəcək. İndi kimin 1000-1500 manatı var bir sayt açır ki, mən də varam. Amma həmin saytları "işlədənlərin" 70 faizinin jurnalistikadan xəbərləri yoxdur. Necə ki, bir ara hərə bir tərəfdə qəzet çıxarırdı, indi də sayt yaradırlar. Amma bu prosesin də sonu olacaq. Bir ona təəssüf edirəm ki, qəzet jurnalistikası sıradan çıxmaq üzrədir. Bu proses dünyada getsə də, bizdə çox ciddi şəkildə hiss olunur. Qısaca demək olar ki, Azərbaycanda qəzetçilik ölməyib, amma can üstədir.
   
   - Artıq üç ildən çoxdur ki, mia.az saytının yaratmısınız, amma nədənsə irəli gedə bilmirsiniz?
   
   -Azərbaycanda irəli getmək çox asandır. Ancaq bunun çox ağır şərtləri var. Özünü qorumaq istəyən, jurnalistika prinsiplərinə əhəmiyyət verən bir adamın başında olduğu hər hansı bir saytın irəli getməsi çətindir. Birinin üzünə gülməlisən, cildən-cildə girməlisən, birindən nəsə almalısan, hərdən ağa qara deməyi bacarmalısan. Bu sadaladıqlarımın heç biri məndə yoxdur. Bir də ki, bu gün Azərbaycan internet mediası şou üzərində qurulub. Kim daha çox çılpaq şəkil verə bilirsə, onun oxucusu daha çoxdur. Təbii ki, ciddi şəkildə informasiya istehsalçısıda olmalısan. Lakin əsas daha çox "sarı" olmağı bacarmaqdır. Mən isə sarı köynək oğlan deyiləm. Ona görə də hələlik zəif fəaliyyət göstəririk. Ancaq artıq tənbəlliyə "yox" deyib qolları çırmamışıq.
   
   "Müsabiqələrin ləğv olunmasını istəyirəm"
   
   
   
   - Zaur, razılaşırsan ki, bizim jurnalistikada peşəkarların sayı günbəgün azalır?
   
   - Razılaşıram səninlə. Amma yaxşı ki, hələ də peşəkarlar var. Yoxsa, moşennik, reket, dilənçi, müsabiqəbaz jurnalistlər mətbuatı tamamilə bazara çevirər.
   
   - Müsabiqə demişkən, deyəsən sən də müsabiqələrdən narazısan...
   
   - Mən narazı deyiləm, Ümumiyyətlə, müsabiqələrin ləğv olunmasını istəyirəm. Çünki Azərbaycanda bir dənə də olsun, ədalətli müsabiqə keçirilməyib ki, deyəsən qoy filankəs müsabiqə keçirsin. Mən çox şey deyə bilərəm. Amma yaza bilməyəcəksən deyə ehtiyac görmürəm.
   
   - Hansı həmkarlrınla dostluq eləyirsən?
   
   - Kim məni dost görürsə, hamısı ilə dostam. Amma müntəzəm əlaqəm olduğu, hal-əhval tutduğum həmkarlar çoxdur. Ad çəkmirəm ki, birdən kimsə yaddan çıxar, sonra yaxşı düşməz. Özü də mən adətən ən yaxınlarımı unuduram..
   
   Mənim ürəyim genişdir hamıya yer çatar.
   
   - Maşallah. Zaur, Azərbaycanda müxalifət və iqditar mediası anlayışı da var. Sənin bu məsələyə münasibətin maraqlı olardı. Ümumiyyətlə, media siyasiləşməlidirmi?
   
   - Siyasiləşən bir qurum media sayılmamalıdır. Siyasiləşən mətbu orqan firqə xəbərçisi ola bilər. Təəssüf ki, Azərbaycanda mətbuat iki hissəyə müxalifət və iqtidaryönlülər dəstələrinə bölünüb. Mən özümü nə müxalifət, nə iqtidar jurnalisti sayıram. Hər zaman ortada qalmağı,ortaq mövqeyi tutmağa üstünlük vermişəm. Amma bu orta mövqe tutmağım mənim ortalıqda qalmağımla nəticələnib. Biz bir eldənik yəqin ortalıqda qalmaq məsələsini yaxşı başa düşürsən. Hər halda jurnalist heç bir tərəfə yıxılmamalıdır.
   
   - Son olaraq, medianı, mətbuatı bu durumdan çıxarmaq üçün nə təklif edərdin?
   
   - Bunu Əflatun Amaşov, Vüqar Səfərli, Umud Rəhimoğlu, Müşfiq Ələsgərli kimi başbilənlərdən soruş. Onlar hər şeyin yaxşısını bilərlər. Yoxsa bu gün mətbuatın başında oturmazdılar.
   
   - Kinayə ilə deyirsən?
   
   -(Gülür) Yox ciddi deyirəm.

TƏQVİM / ARXİV