adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
45681 | 2012-05-25 07:39
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ
   
   SUALLAR:
   
   
   
   - 1-ci sual: Bu yay harasa istirahətə gedəcəksinizmi?
   
   - 2-ci sual: Mənzilinizdə ev heyvanı saxlayırsınızmı?
   
   - 3-cü sual: Siz hansısa siyasi partiyanın üzvüsünüzmü?
   
   
   
   1. - Ədalət: (bilgisayar proqramçısı) Planımda harasa getmək yoxdur. Çünki mənim boş vaxtım, istirahət vaxtım, necə deyərlər, qışın oğlan çağında olur. Həmin vaxtda da bir yerə getmək istəmirəm. Ona görə də yenə Bakıda olacağam.
   
   2. - Mənzilimizdə heç bir heyvan saxlamırıq. Ümumiyyətlə, mən evdə heyvan saxlayanları başa düşə bilmirəm. Hə, onunla razıyam ki, həyət evində yaşayanlar ya it, ya pişik saxlayırlar, onlar üçün həyətdə ayrıca yuva düzəldilər. Onlara qulluq edirlər. Bunlar yaxşıdır. Amma evin içində gərək heyvan saxlamasınlar.
   
   3. - Azərbaycanda indi saysız-hesabsız partiyalar var. Amma hansı işə yarayırlar ki? Bunların fəaliyyəti ancaq biri-birinə söyməkdir, bir-birlərini "baqaja" qoymaqdır. Mən heç bir partiyanın üzvü deyiləm. Belə boş-boş işlərə nə vaxtım var, nə də həvəsim.
   
   1. - Təyyar: (Avtovağzal işçisi) Nə istirahət? İstirahət bizim haramıza yaraşır? Heç yerə getməyəcəyəm. Amma arvad-uşağı bir on günlük rayona göndərəcəyəm. Hər il onsuz da gedirlər. Məzuniyyətə bizdə yay vaxtı çıxmaq olmur. Ona görə də bizimki işdi. (gülür) İnşallah pensiyaya çıxmaq qismət olsa, onda gedərəm.
   
   2. - Biz həyət evində yaşayırıq. Sağlığınıza yaxşı həyət-bacam var. Və həyətdə həmişədə it saxlayıram. Həyəti qoruyur. Çox ağıllı, çox sədaqətli heyvandı. Amma pis çıxmasın, pişikdən heç xoşum gəlmir. Ona görə də heç vaxt o heyvanı saxlamamışıq. Heç evdəkilər də pişiyi xoşlamırlar.
   
   3. - Rəhmətliyin oğlu, nə partiya? Mənim partiyam-zadım yoxdu. Əlləşib-vuruşub evə bir parça çörək qazanırıq. Partiyanın üzvü olsam guya kimsə gəlib mənə kömək eləyəcək? Mənim bir uzaq qohumum var. Mən filan partiyanın üzvüyəm deyib, çox atılıb-düşürdü. Bir dəfə qulağın burdular, indi quzu kimi sakitcə oturub yerində. Dindirəndə də dinmir.
   
   1. - Sona: (bilet kassasının işçisi) Yayda gedə bilmirik. Çünki yoldaşımın məzuniyyəti həmişə payız vaxtına düşür. Mən də xahiş eləmişəm məzuniyyətimi o vaxta salırlar. Ona görə də bir həftəlik də olsa rayona gedirik, uşaqların babası evinə. Sanatoriyaya, istirahət evlərinə getməyə imkanımız yoxdur. Bundan ötrü gərək xeyli pulun olsun.
   
   2. - Düzdü, ev heyvanlarından zəhləm getmir, amma niyəsə evdə saxlamağı istəmirəm. Çünki bundan ötrü gərək onlara ayrıca qulluq eləyəsən, onlara baxasan. Evdə də uşaqlar bunu bacarmayacaq, biz də iş adamıyıq. Ondansa mənzilimizdə dibçəkdə çoxlu güllərimiz var. Güllərə qulluq eləməkdən xoşum gəlir.
   
   3. - Hansı partiyanın üzvü olacağam ki? YAP-ın üzvüyəm. Özü də düz dörd ildir.
   
   1. - Təvəkkül: (daşınmaz əmlak alqı-satqısı ofisinin işçisi) Siz kefdən-damaqdan danışırsınız. Bizim istirahətə gedəcək yerimiz var bəyəm? Lap tutaq ki, oldu, heç bilirsiniz bunun üçün nə qədər pul lazımdı? Mən burda işləməklə ancaq ailəni dolandırıram, xərclərini çəkirəm. Qalan işlərə pul çatdırmaq mümkün döyül. İstirahətdi-filandı, bunların hamısı pullu adamlar üçündü. Kasıbın məzuniyyətdəki istirahəti öləndən sonra başlayır. (gülür).
   
   2. - Müəllim, heç bir ev heyvanı saxlamırıq, heç saxlamaq fikrində də döyülük. Bircə itimiz, pişiyimiz çatmırdı.
   
   3. - Mən "əzab çəkənlər partiyasının" üzvüyəm. İşimiz-gücümüz beş manat pul qazanmaq üçün ora-bura qaçmaqdı. Yeri gələndə gedib fəhləlik də eləyirəm.
   
   1. - Gülüş: (iş yerini söyləmədi) Bizim istirahətimiz yayda imkan tapıb rayona getməkdi. Onu da hər il eləyə bilmirik. Baxmayın, elə buna da az pul lazım olmur. Üç övladım var, tək başıma onları dolandırıram. Yoldaşım iki ildi rəhmətə gedib.
   
   2. - Yox. Heç bir heyvan saxlamırıq. Mənim belə şeylərlə məşğul olmağa hövsələm yoxdur. Düzü, heç uşaqların da yadına belə bir şey düşməyib.
   
   3. - Heç bir partiyanın-zadın üzvü döyüləm. Fikrim-zikrim uşaqları dolandırıb, onları bir təhər bir yana çıxarmaqdı, vəssəlam.
   
   1. - Mahir: (çayçı) Bir yerə getməyəcəyəm. Bizim rayon işğal altındadı, istirahət evlərinə də getməyə pulum yoxdur. Bir də ki, yay vaxtı bizim işimiz qışa nisbətən çox olur. Mən də çalışıram ki, beş-üç manat pul qazanım.
   
   2. - Yox, saxlamırıq. Heç buna şəraitimiz də yoxdu. Amma rayonda yaşayanda it saxlayırıdıq...
   
   3. - Heç birinin. Qaçqının da partiyası olar?.. Çayçı adamam, mənim belə şeylərlə nə işim. O qədər problemim var ki, hərdən adım da yadımdan çıxır.

TƏQVİM / ARXİV