adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

XAOS NƏ VAXTDAN QƏLƏBƏ OLUB?..

BABƏK YUSİFOĞLU
30084 | 2012-05-24 05:12
Siyasi liderlərin yalan vədlərinə baxmayaraq Ermənistanda vəziyyət yaxşılaşmır. Əksinə zaman ötdükcə daha da pisləşir. Hakimiyyət uydurmalarla vəziyyəti sabitləşdirə bilmir və həqiqəti açıqlayan vətəndaşlara, mütəxəssislərə qarşı aqressiv addımlar atmağa başlayıb. Hakimiyyət hətta həqiqətləri deyənləri ermənilərin düşməni adlandırır. KİV-də yalnız rəsmi Yerevanın icazə verdiyi motivdə açıqlamalar yer tapa bilər. Lakin bununla belə həqiqət, gerçək situasiya mətbuat konfranslarında, bəzi müxalifət mətbu orqanlarında ara-sıra da olsa özünü göstərə bilir. Müstəqil iqtisadi ekspertlərin bildirdiyinə görə, əgər hökumət payız mövsümünədək ölkədə iqtisadi sabitliyə nail ola bilməsə, Ermənistana iflas bayrağını qaldırmaqdan başqa bir şey qalmayacaq.
   
   Maraqlıdır ki, hakimiyyət həmin ekspertlərin faktları qarşısında bəhanə tapmaqda acizlik çəkir. Hakimiyyətdən soruşulur ki, əgər iqtidarın dediyi kimi Ermənistanda həyat səviyyəsi heç olmasa normala yaxındırsa onda niyə ermənilər kütləvi surətdə ölkəni tərk edərək bir parça çörək ardınca uzaq-uzaq ölkələrə axın edirlər?! Bir sıra şərhçilər hakimiyyətin iddia etdiyi - gedən ermənilərin əksəriyyəti mövsümü işlər üçün ölkəni müvəqqəti tərk edirlər və onlar yenidən geri dönürlər - fikirlərini də rəsmi rəqəmlərlə yalan olduğunu göstərir.
   
   Bildirilir ki, 2007-ci illə müqayisədə indi ölkədən köçən insanların sayı tam mənada ikiqat artıb. Qayıdanların sayı isə çox cüzidir. Mütəxəssisələrə görə, əslində Ermənistana geriyə dönənlərin böyük əksəriyyəti müvəqqəti olaraq ölkəyə gəlir, evlərinə, yaxınlarına baş çəkdikdən sonra yenidən gedirlər. Amma hökumət statistikada belə adamları evlərinə qayıdanlar kimi hesaba alır. Ermənistana qayıdanların bir hissəsi isə yad ölkələrdə iş tapa bilməyənlərdir ki, onları da əslində Ermənistanın müvəqqəti vətəndaşı hesab etmək olar.
   
   Dünən "Aykakan jamanak" qəzeti bu məsələ ilə bağlı məlumatlar dərc edib. Qəzet yazır ki, 2012-ci ilin ilk dörd ayı ərzində 57.320 nəfər ölkəni tərk edib. Maraqlıdır ki, qəzet bu faktları dövlətin miqrasiya xidmətinə istinadən yayıb. Qəzet yazır: "Ötən ilin müvafiq dövründə Ermənistandan gedənlərdən 47.610 nəfəri geri dönməyib. Bu da ondan xəbər verir ki, ölkəni tərk edənlər və eyni zamanda geri qayıtmayanlar 20 faiz artıb. Yalnız aprel ayında belə insanların sayı 29.222 nəfər təşkil edib. Hesablamalara görə, may ayında bu rəqəm daha da yüksələcək".
   
   Qəzet yaxır ki, hətta Ermənistan hakimiyyətinə inanan vətəndaşlar indi yüksək templə respublikanı tərk etməyə tələsirlər. Və onları bu qərardan döndərmək mümkün deyil. Çünki bundan ötrü müsbət faktlar mövcud deyil. Əksinə ölkənin vəziyyəti daha da pisləşməyə doğru gedir. Hakimiyyətin inflyasiya həddi haqqında verdiyi yalan proqnozlar artıq çat verib. Belə ki, erməni milli valyutası olan dram son zamanlar sürətlə dəyərdən düşməkdədir.
   
   İqtisadçılar elə bunu da təhlükəli tendensiya adlandırırlar. Artıq gerçəkliyi heç nə ilə gizlətmək mümkün deyil. Uzun müddətdir hökumət dramın kursunu süni surətdə qorumağı bacarsa da indi onun öhdəsindən gələ bilmir. Belə ki, 22 mayda artıq Ermənistanın fond birjasında - NESDAQ OMX-da 1 dolların 401,95 dram nisbətində cəmi 20 milyon dramın alqı-satqısı gerçəkləşdirilib. Bu da 21 maydakı kursla müqayisədə 2.28 punktda artım deməkdir.
   
   Nəzərə almaq lazımdır ki, uzun müddət 1 dollar 397-399 dram səviyyəsində saxlanan erməni pulu avroya nisbətən də zərbəyə məruz qalıb. Belə ki, indi 1 avro 511,93 drama bərabərdir ki, bu da avronun daha 2.48 dram bahalaşması deməkdir. Əlbəttə, eyni proses elə rus rublunda da gedir və perspektivdə yaxşı heç nə görünmür. İqtisadçılar belə hesab edir ki, ölkədə maliyyə xaosu davam edərsə, bu çox ağır nəticələrlə müşayiət olunacaq. Təkcə onu demək kifayətdir ki, erməni oliqarxları belə ölkəyə sərmayə qoyub qazanc əldə etmədikləri üçün pullarını ölkənin xaricinə yönəldəcəklər. Bu da istər-istəməz həm iqisadiyyatın, həm də bank dövriyyəsinin tamam çöküşnə gətirə bilər. Hakimiyyətsə tamam başqa iddiaların ardındadır.
   
   Burada maraqlı bir məqama da diqqət çəkmək məncə yerinə düşər. Ölkənin iqtisadi vəziyyəti xaotik bir durumda olan hakimiyyət öz problemlərinə çarə axtarmaq yerinə çox gülünc siyasi gedişlər edir. Belə ki, bu günlərdə ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO sammitində Azərbaycanın (Ermənistanın, Gürcüstanın, Moldovanın) ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edilib və bunu sinirə bilməyən erməni iqtidarı məlum iclasa qatılmaqdan boyun qaçırıb. Və iqtidarın ideoloqları bunu hakimiyyətin çox böyük bir siyasi jesti kimi əhaliyə sırımağa başlayıblar. Hətta rəsmi şəkildə NATO-nun ünvanına narazılıq mesajları göndərilib. Daha gülüncü isə budur ki, ictimaiyyət üçün verdikləri şərhlərdə həmin bəyannamənin nüfuzunu aşağı salmağa çalışırlar. Fakt isə fatlığında qalır. NATO kimi böyük bir beynəlxalq Alyans belə bir bəyannaməni qəbul etməklə bir daha rəsmi şəkildə Azərbaycanın BMT-də tanınan sərhədlərini təsdiqlədi.
   
   

TƏQVİM / ARXİV