adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iNCƏLi QAçAQ iSMAYIL

22121 | 2012-05-19 07:47
(əvvəli ötən sayımızda)
   
   Abbas bəyin ölüm xəbəri ildırım sürəti ilə hər yana yayıldı. Məsələ get-gedə qəlizləşir, İsmayılın şanı, şöhrəti isə dillərdə dastana çevrilirdi.Rütbəcə daha böyük çin sahibləri, Laçın bəy və Qoşun bəy qardaşları Abbas bəyin ölüm xəbərini eşitmiş, İsmayılın qanına susamış ac aslana dönmüşdülər.Böyük bir dəstə ilə hər an İsmayili axtarirdilar.
   
   İsmayıl Şıxlıda- Kür qırağında onların sorağını aldı.Yaman yerdə axşamlamışdı İsmayl. Böyük bir dəstə Şıxlı tərəfdən ona tərəf yaxınlaşırdı. İsmayı Kürü şığanıb Qarayazı meşəsinə adlamaqdan başqa çarə qalmadığını başa düşdü. Uzaqdan atılan güllələr ona çatmasa da, qəzəbdən alışıb yanan Qoşun bəy, Laçın bəy qardaşları İsmayıl tərəfi güllə- borana tutmuşdular. Bu döyüşün asan olmayacağını hiss edən İsmayıl yenə də üzünü ümidini üzmədiyi göylərə tutub bir bayatı çağirdı:
   
   
   
   Ya xudam,
   
   Kürü əylə, ya xudam.
   
   Kərəmi yetir mənə,
   
   Kərəm eylə, ya xudam.
   
   
   
   Vaxt itirmək olmazdı Bir alıcı quş kimi boz üryənin blinə sıçradı. Dar gündə boz üryənin özü də bir dəliqanlı iyidə oxşayırdı. İşi başa düşüb özünü Kürə saldı. Heç bir an keçməmişdi İsmayıl Qarayazı meşəsinin Qalınlığında qeyb oldu. Meşədə at sürmək çox çətin olduğu üçün İsmayıl mümkün qədər qalınlığa girmir, açıq yollarla qalın meşənin dərinliyinə girməyə çalışırdı. Ancaq düşmənlərdə ona xeyli yaxınlaşmışdılar. Qalın qızılca kolları ilə hasara alınmış fızıllığı keçə bilməyəcəyini anlayıb atdan düşdü. Patron dolu güllə qatarını çalın- çarpaz çiyninə bərkitdi. Heybəsində olan ehtiyat güllələri də götürüb, böyük bir qovaq ağacının arxasını özünə səngər seçdi. Laçın bəy gil indi ona yalnız öndən hücum edə bilərdilər. Sağı, solu isə qalın qızılca kolları keçilməz qala divarları kimi qoruyurdu...
   
   Aşıq Sadıq bu yerdə söhbətə ara verib, saqiyə badələri doldurmaq tapşırığı verdi. Heç kim yerindən tərpənmir, hamı qaçaq İsmayılın bu dar məqamdan necə xilas olacağını gözləyirdi.
   
   Badələr süzüldü, sağlıqlar deyildi, ustad Avdı oğlu Sadıq yenə sazı sinəsinə basıb "Qaraçı" havası üstündə Qaçaq Kərəmdən oxumağa başladı:
   
   
   
   ...Dost yolunda
   
   candan keçdim, ucaldım,
   
   Bac vermədim, xandan,
   
   bəydən bac aldım.
   
   Kərək, gün keçməmiş,
   
   vaxtsız qocaldım,
   
   Əlif- qəddim əydi,
   
   çərxi zəmanə.
   
   
   
   Ustad fikirlərini cəm edirmiş kimi əlini bığlarına çəkib, aram-aram var-gəl edərək:
   
   - Həə mənim əzizlərim,- deyib, ustadlara xzs olan bir ərkanla sazı qoltuğunun altına verib sözünəü davam etdi.
   
   Artıq bir saatdan çox olardı ki döyüş davam edirdi. Qarayazı meşəsi ömründə bu qədər barıt qoxusu, güllə səsi eşitməmişdi. İsmayıl heç cür mövqeyini dəyişə bilmirdi.
   
   Qoşun bəyin əsgərlərindən xeylisi qırılmış xeylisinin yaralanmasına baxmayaraq İsmayılın mövqeyini yara bilmirdilər. İsmayıl isə tez-tez heybəsinə baxıb güllələri sayırdı. Güləsi azaldıqca İsmayılın üzündə bir ümidsizlik peyda olur, mumkün qədər boşa gullə atmırdı. Demək olar ki, atdığı hər güllə hədəfə dəyirdi. Ölənlərə, yaralanla baxan Qoşun bəyin qəzəbdən gözləri hədəqəsindən çıxır, qaba söyüşlərlə söyüb, tez- tez İcmayılın mövqeyini güllə yağışına dərq edirdi. İsmayılın susduğunu görən Qoşun bəy onun gülləsinin qurtardığını zənn etdi. İlk gülləni İsmayılın kəlləsinə özü sıxmaq qərarına gələrək irəli addımlamaq istədi.
   
   İsmayıl:
   
   - Çıx, əclaf, çıx, səni gözləyirəm- deyib Qoşun bəyin düz ürəyini nişan aldı. Bir an içində dünya Qoşun bəyin gözündə qara geyindi. O üzü üstdə tikanlı qızılca kollarının üstünə sərildi.
   
   İkinci qardaşın vurulduğunu görən laçın bəy yaralı aslan kimi qışqırıb hayqımağa başladı. Çiynindən qan süzülən İsmayıl qızılca kollarının cırıb dağıtdığı üzünün qanını tər qarışıq əlinin arxası ilə silərək sonuncu güllələri beşaçılana doldurdu. Bu son döyüş idi. Sonuncu beş güllə, qarşıda amansız qanlı düşmən.O artıq ölümün qarış-qarış ona yaxınlaşdığını hiss edirdi. Laçın bəyin dəstəsindən sağ qalmış xeyli əsgər var idi. Onlar İsmayılın gülləsinin qurtarmasını gözləyirdilər. Gün ilkindi vaxtına əyilmişdi.
   
   -Bu da son - deyib, İsmayıl əllərini uca göylərə tutub çarəsiz- çarəsiz pıçıldadı:
   
   - Hardasan, ay Kərəm...
   
   Adı, igidliyi dillər əzbəri, sözü söhbəti aşıqların dilindən düşməyən ellər tərəfindən əfsanəlmiş Zal oğlu qaçaq Kərəm Qarayazı meşəsini özünə oylaq seçmişdi. Üzü günbatan tətəfdən gələn güllə səslərinin səngimədiyini görön Kərəm, o səmtə xeyli yaxınlaşmışdı. O, başında dolanan suallara öz fəhmi ilə belə cavab tarmışdı ki, bu İncəli Qaçaq İsmayıl olacaq. Onun iyidliyi mərdliyi haqda çox eşitmiş, amma üzünü görməmişdi. Fəhmi onu aldatmamışdı.Qarayazı meşəsinin hər yoluna, hər cığırına bələd olduğu üçün çox qısa zamanda İsmayılın özünə səngər seçdiyi yerə yaxınlaşdı. İsmayılın mövqeyinə baxıb, ürəyində "Afərin sənə ay İncəli balası"- deyib cəngəllik pələngi kimi bir an içində özünə əlverişli mövqe düzəltdi...
   
   İsmayıl güllələrin dördünü atmışdı. Son gülləni ya özünə, ya da Laçın bəyə sıxacağına qərar versədə, Laçın bəy özünü nişana vermir, əsgərləri irəli atılmağa məcbur edirdi. Hər həmlədə bir əsgər yerə sərildiyinə görə Laçın bəy də İsmayılı diri tutmaq haqda planlar cızırdı.
   
   Laçın bəy işin nə yerdə olduğunu təxmin edib, əsgərlərdən üç nəfərə irəli atılmaq əmri verdi. Bu dəfə İsmayıl sonuncu gülləni kimə çaxacağını anşırmamış arxa tərəfdən açılan güllə səsinə diksinərək dəli kimi ayağa qalıxdı. Qoşun bəyin son əmri ağzında bişib qana döndü. Dünya, aləm gözündə bir andaca yoxa çıxdı. Qorxudan yerə döşənən əsgərlər bu qəfil güllənin haradan açılmasına mat qalmışdılar.
   
   - Gəldim, ay İncəli balası- deyib Kərəm bir aslan kimi özünü İsmayilin eşim-eşim etdiyi "səngər"yerinə çatdırdı. İsmayılın üzündə heyrət qarışıq bir sevinc işığı yandı.
   
   - Bu sənsənmi, Kərəm- deyib? Ismayıl Kərəmin uca boynuna, şux qamətinə baxıb, boynuna sarıldı...
   
   
   
   Davamı gələn sayımızda

TƏQVİM / ARXİV