adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

DüNYANIN üç ƏN BÖYüK iKiüZLüSü...

BABƏK YUSİFOĞLU
20158 | 2012-05-19 07:47
Artıq ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün deyil, konfliktin ömrünün uzadılması məqsədi ilə yaradıldığı təkzibedilməz faktlarla, açıq şəkildə təsdiqlənməkdədir. Xristian dünyası 20 ildir Ermənistanı ən müxtəlif formalarda dəstəkləyərək Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməsinə maneçilik yaradıb.
   
   Bir milyondan çox azərbaycanlı öz evlərindən didərgin salınıb. Burada maraqlı məqam ondadır ki, əvvəllər həmin dövlətlər erməniləri müdafiə siyasətini cürbəcür adlarla həyata keçirirdilər. Amma son vaxtlar onlar özlərinə əziyyət verib Ermənistanı müdafiə etmələrinə don geyindirməyə heç çalışmırlar da.
   
   İki gün öncə ABŞ Konqresinin Təsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçılara göstərilən humanitar yardımın həcmini 2 milyon dollardan 5 milyon dollaradək artırılması təklifi ilə çıxış edib. Və erməni mənbələrinin yaydığı məlumatlara görə, bu təklif qəbul edilib. Dağlıq Qarabağın harada yerləşdiyindən xəbəri olmayan bir sıra üzdəniraq konqresmen erməni əhalisinə yardımların göstərilməsini Amerika dövlətinin borcu hesab ediblər.
   
   Əlbəttə, mənim məqsədim heç də o deyil ki, kimlərinsə ermənilərin gündöyməzindən öpməsinə narazılığımı bildirim. Özləri bilər, bu siyasi avantüristlər ermənilərin harasından girib, harasından çıxırlar, amma bizim üçün narahatçılıq yaradan bu rəsmlərin aid olduqları dövlətin ikiüzlü siyasətidir. Belə çıxır ki, Minsk qrupunun həmsədrlərindən bir olan ABŞ Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bildirsə də ölkəmizin bir hissəsində separatçı rejim quranlara maliyyə yardımlarını artırıb dövlət səviyyəsində qondarma quruluşun bundan sonra da ayaq üstə durmasına çalışır. Aydın görünür ki, əslində onlar sözdə ədaləti tutsalar da əməldə, praktikada separatçıları dəstəkləyirlər. Belə olan halda hansı diplomat, yaxud hansı ağlını itirmiş siyasətçi iddia edə bilər ki, Minsk qrupunun üzvü olan Birləşmiş Ştatlar münaqişənin dinc yolla ədalətli həlli üçün nəsə etməyə çalışacaq.
   
   Elə dünən bu ölkənin Rod-Aylend ştatının qanunverici orqanı ABŞ prezidentinə və Konqresə rəsmən müraciət göndərib ki, işğal olunmuş Azərbaycan torpaqlarında "qurulmuş" girdirmə "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanısınlar. Müraciəti dəstəkləmklə kifayətlənməyən konqresmenlər Ceyms Lanqevin və Devid Sisilayn separatçılara, işğalçılara siyasi və mənəvi dəstək də nümayiş etdiriblər. Və bu cür hərəkətlər özünü demokratiya, insan hüquqlarının ən böyük müdafiəçisi kimi dünyanın gözünə soxan ABŞ-ın ifrat ikiüzlü siyasətinin sübutudur. Əgər humanitar yardımlar maskasını taxmaq istəyirlərsə, onda unutmasınlar ki, etnik təmizlənəmə siyasətinin qurbanı olan bir milyon azərbaycanlıya daha böyük miqdarda belə humanitar yardımlar göstərilməlidir. Lakin ikiüzli siyasətdən belə ədalətli addımlar gözləməyə dəyməz.
   
   Minsk qrupunun digər həmsədri Fransa da uydurma "erməni soyqırımı"nı tanıması ilə ermənipərəst mövqeyini çoxdan bəyan edib. Fransızlar hətta özlərinin ermənilərdən daha çox erməni olduqlarını göstərərək Ermənistanda belə mövcud olmayan - uydurma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan bir qanunun qəbulunu reallaşdırmağa bircə addım qalmışdılar. Rəsmi Parisin digər ermənipərəst mövqeyini sadalamağa ehtiyac görmürəm. İndi həmsədr olan bu ölkənin də Dağlıq Qarabağ münaqişənin çözümündə obyektiv çıxış edəcəyinə inanmaq absurd işdir.
   
   Üçüncü, və ən böyük ermənipərəst həmsədr olan Rusiya haqqında nələrisə misal çəkməyə ehtiyac belə yoxdur. Yalnız onu demək kifayətdir ki, ermənilər Azərbaycan torpaqlarını məhz rus əsgərləri, tankları vasitəsi ilə zəbt ediblər. İnanılmaz bir paradoksdur. Ermənipərəst bu üç həmsədr ölkə işğal faktına ədalət prinsipi ilə yanaşa bilrəmi? Əsla yox. Əksinə bu gün bütün çılpaqlığı ilə üzə çıxır ki, adları keçən məhz bu həmsədr dövlətlər ustalıqla münaqişənin həllini 20 ilədək uzada biliblər. Məhz uzada biliblər, çünki bu ökələr ədalət prinsipini tutsaydılar hər şey çoxdan öz həllini tapmışdı. Və böyük ehtimal da var ki, bundan sonra da Moskva, Vaşinqton və Paris bu misiyanı hələ uzun müddət davam etdirəcək. Əlbəttə, bu gerçəyi indi Azərbaycanda çoxları bilir. Demək "dost", "tərəfdaş", "mehriban qonşu", "demokratiya" "sülh"... maskalarının artıq zibili çıxdığı üçün ondan vaz keçmək zərurəti yaranıb. Çünki məhz bunlar bizə 20 illik zaman itgisinə səbəb oldu.
   
   Bundan sonra Bakı vaxt itirmədən və fərq qoymadan bütün reurslarını hansı formada olursa-olsun öz ərazi bütövlüyünün bərpası istiqamətində səfərbər etməlidir. Qərbin və ya filan dövlətin nə deyəcəyini bir tərəfə qoyub beynəlxalq aləmdə öz siyasətinə yenidən baxmalıdır. Enerji təhlükəsizliyi ilə dünyanın bizdən gözlədiyi istənilən addımın müqabilində açıq-aydın və qəti şərtlərlə çıxış edilməlidir. Yoxsa Vaşinqtonun, Moskvanın və Parisin 20 illik ermənipərəst siyasəti daha 20 il uzana bilər...

TƏQVİM / ARXİV