SÖZSüZ çAğIRIŞLAR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
26718 | 2012-05-19 07:47
Hər dəfə söhbət təzələnir. Hər təzələnən söhbətdə də mən yenə o yerlərə qayıdıram. Elə bil mənimlə bağrı-badaşdı. Nə o məndən ayrıla bilir, nə də mən ondan. Yuxuda da ayrıla bilmirik, gerçəklikdə dəgxatirədə də ayrıla bilmirik, xəyallarda da. Ümumiyyətlə, ayrılmaq barəsində düşünmək heç yadıma düşmür. Bilirəm ki, o da belədi və özüm qədər inanıram ki, o da mənim üçün darıxırgonun da yuxusu ərşə çəkilibgonun da tüstüsü göy üzünə bülənd olubgonun da qulaqları isti, doğma dodaqları arzulayırgonun da ağacları budaq-budaq gəzən uşaqları soraqlayırgonun da çəmənləri lalə, nərgiz, bənövşə, illah da ki, Xarı bülbül sorağına çıxanlar üçün "ah!" çəkirgonun da cığırlarını ləpirlərsiz ot basıbgonun da gəlib-gedəni yoxdu...
   
   Hə, yenə oturmuşam ekranın qarşısında və yenə həmin o qəribliyi, ayrılığı mənə diktə etmək istəyən, məni öz aurasına almağa çalışan 20 ilin sıxıntısını özümdən qovmağa çalışıram. Əl-qol atmaqla, qulaqlarımı yummaqla... gözlərimi qapamaqla... duyğularıma su çiləməklə... yaddaşıma buz bağlamaqla bu 20 ildən qopmaq istəyirəm, amma bacarmıram. Çünki bu mənim gücümdən çox uzaq bir işdi. Məndə o güc yoxdu, məndə o bacarıq, o fərasət yoxdu. Mən nə illah etsəm də, əti dırnaqdan ayırsam da, bunu bacara bilmərəm. Çünki o ruhdu, o nəfəsdi, o mənim özüməm. Mən özüm-özümdən, öz ruhumdan necə ayrıla bilərəm? Bunun bir yolu var. O da ölümdü!!! Mən isə onu görməmiş... onu ziyarət etməmiş... onun bulaqlarını... çəmənlərini... ağaclarını... çiçəklərini... cığırlarını... daşını-torpağını bağrıma basmayınca... gözlərimə təpməyincə ölməməkdə israrlıyam. Çünki hər gün Tanrıma əl açıb, diz qatlayıb onunla görüş üçün möhlət istəyirəm, güc istəyirəm, dözüm istəyirəm...
   
   Ekran açılır. Mənə elə gəlir ki, açılan ekranda həyatın özü görünür, həsrətin çəkdiyim torpağın özü boylanır, özü danışır, özü açır qollarını mənə tərəf. Mən də o açılan mənzərəni, o açılan qolları seyr etmək, qollarıma hörmək, boynuna sarılmaq üçün özümdən asılı olmadan ekrana bir az da yaxın otururam. Kimsə əlini çiynimə vurur:
   
   - Müəllim, bir az geri çəkilin, biz də baxa bilək!
   
   Elə bil yuxudan oyanıram, elə bil xəyallarım alt-üst olur, elə bil gerçəkliklər şüşə kimi çiliklənir. Amma yox, o məşhur musiqi məni yenə o xəyallara, o gerçəkliklərə doğru çəkib aparır.
   
   Bütün bu dediklərim heç də bədii sözün təqdimatı deyil. Yəni mən Vətənə, torpağa olan sevgimi bəlağətli sözlərlə ifadə etmək, bununla da oxucu diqqəti çəkmək arzusundan çox-çox uzağam. Çünki indi baxıb seyr etdiyim və məni bir göz qırpımında Bakıdan, onun mərkəzindən, bir az da dəqiq desəm, Mətbuat prospektindəki "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsindəki iş otağımdan alıb aparan o film o qədər gerçək idi, o qədər təsirli və hökmlü idi ki, ona qoşulub getmək və bir də getmək! - ayrı heç nə düşünmək yeri qalmırdı. Mən də belə etdim.
   
   "Ruhum Qarabağlıdır" adlanır film. Bu ad hamıya tanış və doğma gələ bilər və bu adı hər kəs əslində özü üçün bir mərama, məqsədə, gerçəkliyə çevirməlidi. Ötən illəri deyə bilmərəm, amma son vaxtlar doğrudan-doğruya bu ad hər bir azərbaycanlının, hər bir türkün ruhuna çevrilməyə başlayıb. Sanki yuxudan ayılmışıq. 20 ilin ərəfəsində ellikcə başa düşmüşük ki, hamımız qarabağlı olmasaq, hamımızın ruhu Qarabağ olmasa, onda məqsədimizə çətin ki, çata bilək. Bax, bu gerçəklik, bu çılpaq həqiqət bizi Qaradağlının, Xocalının, Şuşanın işğalının 20 ilini bütün dünyanı lərzəyə gətirən bir şəkildə anmağa, hər kəsin diqqətini bu anıma yönəltməyə həvəsləndirdi, inandırdı. Biz də bu inancdan özümüzə döndük. Döndük ki, böyük olaq! Döndük ki, böyüklüyümüzü dünya da görsün...
   
   BK-SieN studiyası tərəfindən çəkilmiş "Ruhum Qarabağlıdır" filminin ideya müəllifi Eyvaz Hüseynovdu. Filmi tamaşaçılara Azərbaycanda, eləcə də türk dünyasında kifayət qədər tanınan Bəxtiyar Qaraca təqdim edib. Daha doğrusu, ssenari müəllifi olan Bəxtiyar Qaraca bu filmi qəribə bir üslubda ortaya qoyub. Yəni film boyu bir kimsə dodaq tərpədib bir söz demir. Yalnız daşlar danışır, ağaclar danışır, çəmənlər danışır, baxışlar danışır, yollar danışır. Özü də o qədər həzin, o qədər pıçıltı ilə danışırlar ki, sanki hər bir tamaşaçının içindən, dünyasından gəlir o səs - Qarabağlı dünyasından, Qarabağ dünyasından.
   
   Mən filmdə bir neçə məqamı xüsusilə qeyd etmək istəyirəm. Bunu ona görə vurğulayıram ki, son illərdə Qarabağla, işğal olunmuş bölgələrimizlə, ayrı-ayrı qəhrəmanlarımızla, bütövlükdə vətənimizin tarixi ilə bağlı sənədli, bədii, eləcə də iri və qısa metrajlı filmlər çəkilir. Həmin filmlərin böyük əksəriyyətində ya aktyorlar danışırlar, ya filmin həsr edildiyi bölgənin insanları, ağsaqqalları, ya da qəhrəmanları. Bir sözlə, həmin filmlərdə tamaşaçı kifaytə qədər normal və səs templəri də bir-birindən fərqli olan insanlarla baş-başa qalırlar. Oturub onları həm seyr edir, həm də dinləyirlər. Amma ssenari müəllifi Bəxtiyar Qaraca olan "Ruhum Qarabağlıdı" filmində bir kimsə danışmır. Əvvəldə dediyim kimi, təbiət danışır, musiqi danışır, baxışlar danışır, ruhlar danışır, bir də musiqi və şeir danışır. Düşünə bilərsiniz ki, şeir özü də danışıqdı. Amma sizinlə mübahisə edə bilərəm ki, burda səslənən şeir, onun misraları əslində o baxışların, o mənzərələrin, o şəhidlərin, o həsrətin əks-sədasıdı, nəfəsidi, həniridi.
   
   İkinci bir məqam burdakı kompazisiyadı. Bəxtiyar Qaraca öz yaradıcı qrupu ilə birlikdə Qarabağın işğala qədərki məqamlarını özündə yaşadan filmlərdən elə paraçaları ustalıqla götürüb ki, həmin parçalar da əslində danışmır və əlavə olunduğu filmdə də yükə çevrilmir. Bir bütövluk, bir bulaq suyunun şırıltısı kimi tamaşaçının gözü önündən ötüb gedir. Məşhur Qarabağ bülbüllərinin ifası... Yəqin ki, xatırladınız. Az qala Tacir Şahmalıoğlunun 40 il bundan öncə oxuduğu "Könlümün sevgili, məhbubu mənim, Vətənimdi, Vətənimdi, Vətənim..."misraları ilə başlayan o məşhur mahnı təkcə Ağdamda, Füzulidə, Şuşada, Xocavənddə deyil, bütün Qarabağda, bütün işğal olunmuş ərazilərdə ev-ev gəzir, dolamaları ötür, dərələri keçir, Kirs dağına tərəf üz tutur. Nə İsa bulağında ləngiyir, nə də Cıdır düzündə, eləcə yüksəlir. Və yaxud "Sarı gəlin"... Bu mahnı da lalə-nərgiz talasından, beşik başından, sevgi yaddaşından keçib gedir. Özü də son dərəcə həzin və rahat. Kirpiklərdə göz yaşını muncuqlaya-muncuqlaya. Bu sıranı dağıtmaq, bu muncuqların düzümünə toxunmaq mümkün olmur.
   
   Musiqidən danışmışkən... Filmin sonundakı o möhtəşəm ifa, maestro Niyazinin sehrli çubuğu... Bütün bunlar filmdəki sözsüz danışıqlardı. Amma ən böyük söhbəti filmdə bircə nəfər edir - yaşlı, nurani bir kişi. Filmdə onun kimliyi yazılmayıb, təqdim edilməyib. Zənnimcə, o təkcə "Xocavəndlilər təqdim edir" yazısı ilə başlayan filmdə bir azacıq kiçilir. Yəni onun xocavəndli olduğunu yalnız tanıyan tamaşaçı görür. Amma əslində o, işğal edilmiş hər bir evin ağsaqqalıdı, hər bir kəndin ağsaqqalıdı, onların bütöv obrazıdı... hər bir rayonun ağsaqqalıdı...bütövlükdə Qarabağın ağsaqqalıdı. Ona görə də daş üstündə oturub əlindəki ağaca dirsəklənmiş bu nurani kişinin saçı-saqqalı, kirpiyi-qaşı ağarıb, dən düşüb. Təkcə oturmaqdan, xəyallara dalmaqdan yox, həm də həsrətlə Şuşaya doğru uzanan yollara baxmaqdan...həsrətlə Kirsi uzaqdan seyr etməkdən...həsrətlə şəhid ruhlarına hesabat verməkdən...
   
   Bəli, bu filmdə hər şey var...Şuşa da var, şuşalı günlərimiz də var, Şuşanı unutmağa qoymayan xatirələrimiz də var və ən vacibi hər gün, hər an Şuşadan, bütövlükdə işğal olunmuş yurdlarımızdan səslənən, bizə dinclik, rahatlıq verməyən ruhlar da var.
   
   Bu yaşlı ağsaqqal, bu nurani qoca üzü Şuşaya, üzü dağlara baxır. Həmin istiqamtdən bir ağ yol uzanır, həsrətdən sinəsi ağarmış yol. O yolla bir kölgə hərəkət edir. O bir nəfər deyil, bir kənd deyil. Bir rayon deyil. O əslində 20 min şəhiddi... o əslində iyirmi min şəhidin ruhudu...o əslində doqquz milyondan artıq insanın bir bədəndə, bir cismdə görünən, amma danışmayan, kimliyini deməyən harayıdı, hıçqırığıdı... qələbə nidasıdı, düşüb o ağ yola gedir. O ruh yol gedir, bu yanda isə o ruhun dolaşdığı yerlərdən Səadət Cavadovanın ifasında "Ruhum Qarabağlıdı" misraları yaralı daşları, çiçəkləri, məzarlıqları, lalələri öpüb gedir. Gedir ki, o ruha qoşulsun... gedir ki, ona çatsın... ona qovuşsun. O gedir, dalınca isə...
   
   Onun ardınca musiqilər, xatirələr yox, artıq varlıqlar da, reallıqlar da hərəkətə gəlir. O nurani kişi uzaqdan seyr etdiyi ruhun çağırışına dözə bilmir. İllərdən bəri dişləri ilə sıxıb saxladığı səbrinin cilovunu əlindən buraxır. Sanki içindən həmin o ruhun səsi eşidilir:
   
   - Bəsdi, yetər! Qalx ayağa! Qalx və gəl!
   
   O da belə edir. O da yaşına yaraşmayan bir təpərlə, bir cəsarətlə yerindən qalxır. Kipriklərini də ağardan ağ yolun istiqamətinə yönəlir. Elə cəld addımlayır ki, sanki onunla birlikdə oturub-durduğu yer də, daş da ayağa qalxır, onlar da hərəkətə gəlir. Çiyninidən sürüşən yapıncısına məhəl qoymadan üzü Şuşaya, üzü Qarabağa doğru yeriyir. Heç kimi çağırmadan, heç kimə heç nə demədən gedir. O, yurduna dönür, o yurduna qayıdır və bu dönüş üçün də içindəki səbirdən başqa kimsədən qurtulmadan, icazə almadan gedir. Onu bu səfərdə yenə söz yox, səs izləyir. Özü də musiqi səsi...özü də addım səsləri. O geriyə baxmır. Çünki bu səslər gəlib onu keçirlər. O artıq ruhların səsi deyil... o artıq onun övladlarının, nəvələrinin, nəticələrinin, qohum-əqrabasının, el-obasının səsidi. Sanki onlar da bu qocanın hərəkətə gələcəyi anı gözləyirlərmiş. Onun ilk addımı ilə hamı, hər kəs yerindən qalxıb üzü Qarabağa, üzü Şuşaya doğru gedir. Gedənlər elə sürətli, elə inamlıdılar ki, onları saxlamaq mümkün deyil və onlar bu gedişləri ilə sanki "yol böyüyündü" atalar sözünü də unudurlar və gəlib ağsaqqalı ötüb keçirlər. İndi bu ağ yolla əsgərlər gedir. Torpağını azad etmək istəyən oğullar, qızlar, kişilər, qadınlar, məktəblilər gedir. Hətta bir-birinin əlindən tutmuş bağça yaşlı uşaqlar da gəlib babalarını ötüb keçirlər...
   
   Bax, filmin ən böyük uğuru zənnimcə elə budu...ən böyük qayəsi zənnimcə elə budu. Çünki qələbəyə doğru sözsüz, çağırışsız, böyük-kiçiyi gözləmədən hər kəsin can atması, hər kəsin getməsi bu ssenari müəllifin, bu yaradıcı qrupun kəşfi ilə yanaşı, həm də hər birimizin içində olan arzudu, istəkdi, ideyadı.
   
   Filmdə daha bir neçə məqam var. O da dövlətçiliyimizlə, ordu quruculuğumuzla, torpaqlarımızın bütövlüyünə Ali Baş Komandandan əsgərə qədər hər birimizin inamımızla bağlıdır. Təsadüfi deyil ki, filmə əlavə edilmiş Xocalının 20 illiyi ilə bağlı anım yürüşü həm paytaxtımızda, həm qardaş Türkiyədə keçirilən mərasimlər... və nəhayət, "Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur" məşhur və müdrik kəlamın filmin sözsüz, amma mənalarla, səslərlə təqdimatını daha mükəmməl edib.
   
   Mən qəribə hisslərlə seyr etdiyim "Ruhum Qarabağlıdı" filmi haqqında necə deyərlər, isti-isti kağıza köçürdüyüm bu fikirlərimi tamamlamaqda bir az çətinlik çəkirəm. Ona görə ki, bu sözsüz film özündə o qədər mənalar, ifadələr əks etdirib ki, mən onların yalnız ilk anlarda tuta bildiklərini yazdım, kağıza köçürdüm. Düşünürəm ki, bu filmə və onun Şuşanın işğalının 20 illiyinə həsr olunmuş ideyasının, bütövlükdə xocavəndlilərin qarşısında borclu qalıram. Yəqin ki, təkrar o filmi seyr etdikcə nələrisə daha dolğun anlamağa imkanım olacaq. İndi diqqətimdən yayınanları filmi araya-ərsəyə gətirənlərin demək istədiklərini onda tam şəkildə qavramış olacam. Bax onda bu filmə bir də qayıdacam. Təkcə filmi seyr etmək üçün yox, həm də o ağ yola çıxan, daha doğrusu, o ağ yolda bizi səsləyən ruhun çağırışına gedən, dözümünə üsyan edən, oturmaqdan bezən, xatirələrlə yaşamaqdan usanan o qocanı keçib getmək üçün. Yəqin sizlər də mənimlə gələcəksiniz...

TƏQVİM / ARXİV