adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SiL GÖZüN YAŞIN, QARAGiLƏ

OQTAY SALAMOV
26009 | 2012-05-19 07:47

   
   İrana səfər eləməyi planlaşdırırdım. Bir müddət öncə "Fars təqvimi" yazısını işləyəndə öyrənmişdim ki, 1391 ilin Ordubehişt (ən yaxşı həqiqətən yaxşı insaf) ayında , yəni içində olduğumuz bu ay Xanım Fatimeyi Zəhranın təvəllüd günü qeyd olunur və İranda Analar bayramı və həftəsi keçirilir. Səfərimi bu tarixə salmaq istədim. Səfər deyəndə ki, adətən bizimkilər İrana ya alverə gedirlər, ya da müalicəyə. Mən də alver bacarmıram, həkimə-təbibə getmişdim. Eskortum da vardı - Toğrul və anası. Niyyətim Təbrizə getmək idi...
   
   ...Gömrükdən İran Biləsuvarına keçirik. Toğrulun anası başını bağlayıb və özünü yaman narahat hiss edir. Ətrafımızda bizim kimi birinci dəfə gedənlər də var, yolu su yolu edənlər də. Gedib-gələnlərdən aldığımız tanış bir taksi şoferinin telefon nömrəsini almış və ona zəng edib bizi gözləməsini tapşırmışdıq. İran Biləsuvarında bizim mobil telefonlarımız tutur və sürücülərin hamısında bizim nömrələrdən var. Gömrükdən çıxan kimi puldəyişənlər və taksi şoferləri başımızın üstünü kəsirlər. Gözlədiyimiz olduğunu eşidib adamı əlüstü tapırlar. Sürücümüz İbrahim "İrana xoş gəldiniz" söyləyib bizi maşınına dəvət edir. Bazar puldəyişənlərindən aralanıb rəsmi puldəyişmə məntəqəsinə gedirik. İki gün öncə bizim 1 manatımızı 2080 tümənə dəyişirlərmiş, indi manatımızın məzənnəsi düşüb, 1 manata 1900 tümən hesabı ilə pul dəyişirik. Pullarını tanımadığımız üçün çox fırıldaq etdiklərini söyləmişdilər, sonra bir neçə fırıldaq qurbanı ilə də rastlaşdıq. Yolçu yolda gərək deyib Ya Allahla yola düşürük. Qarşıda 400 kilometr yolumuz var.
   
   Cümə günüdür. İranda istirahət, onlar dediyi kimi, tətil günüdür. Yol kənarında, mənzərəli yerlərdə piknikə yığışalar arasında qadınların da çox olduğunu görürük və bu bizə qəribə gəlir. Sağ ol, İran!..
   
   ...Təbrizin civarındayıq. Sağlıq olsa Şəhriyanın qəbrini ziyarət edəcəyimizi niyyət edirik. Beynimdə Süleyman Rüstəmin "Təbrizim" şeirindən misralar səslənir:
   
   
   
   Baxdıqca hüsnünə doymayır gözüm,
   
   Təbrizim, Təbrizim, gözəl Təbrizim!
   
   
   
   ...Sənin bayramına, sənin toyuna
   
   Dili bir, qanı bir qardaşın gəlib.
   
   
   
   Təbrizi təsəvvürümdə olduğundan miskin vəziyyətdə görürəm. İllah da "Eurovision"a hazırlaşan və bu münasibətlə daha da gözəlləşmiş Bakıdan sonra 60-cı illərin Gəncəsinin köhnə məhəllərini xatırlatdı mənə Təbriz. Hüsnünə vurula bilmədim, gözəl Təbrizim!...
   
   Amma adam ana-atasını qocalanda ata bilməz ki. Təbriz də bizim ürək dərdimiz, həsrətimizdi axı.
   
   
   
   Qədrini ayrılıq çəkənlər bilir,
   
   Hicrində göz yaşı tökənlər bilir,
   
   Ömrünə qaranlıq çökənlər bilir...
   
   
   
   Vaxtilə müxtəlif ölkələrdən alınmış avtomobillərin hamısını indi İran özü buraxır. Orijinalından yaxşıdı-pisdi, dəxli yoxdur, özlərinkidir. Maşının pəncərəsindən baxıram, salamat ayağımla at çapdığımı istehza ilə təsəvvür edirəm və yenə "Təbrizim" şeirindən misralar düşür yadıma:
   
   
   
   Atımı yol boyu çapıb sürürəm,
   
   Hər keçən yolçuya salam verirəm...
   
   Nələr eşidirəm, nələr görürəm,
   
   Nədir bu qaranlıq gecə, Təbrizim,
   
   Buna necə dözüm, necə, Təbrizim?!
   
   ...İbrahimin tanıdığı mehmanxanalardan birində yer alırıq. Ortabab oteldir, qiymətləri də ortababdır. Yerbəyer olub bir az istirahət edəndən sonra şəhərə çıxırıq. Məşhur "El gölü"nə gedirik. Bayramdır, Xanım Fatimeyi Zəhranın təvəllüd günü və Analar bayramıdır. Qadınlar bayram edirlər, amma yaşlıların hamısı qapqara geyimdədirlər, amma cavanlar müxtəlif rəngli çarşablara bürünüblər. Fotolarını çəkməyə icazə vermirlər. Toğrul anasını tələsdirir ki, paltarın yerlə sürünmür deyə sənə qəribə baxırlar, çıxdıq aradan...
   
   ...Deyirlər ilk dəfə yatdığn yerdə gördüyün yuxu çin çıxır. Heç bir yuxu görmədim. Pəncərələri açıq qoymuşduq, amma nə birçə dənə də milçək, nə də ağcaqanaq vardı. İran vaxtı bizimkindən yarım saat geridir. Onların vaxtı ilə səhər alaqaranlıqda, saat 4:21-də azan verildi. Demək olar ki, hər məhəllədə məscid var və azan səsləri bir-birinə qarışır. Yadımadüşür ki, yolda İbrahimin filan yerdə gözəl bir məscid var sözünə cavab olaraq "məscidlərin hamısı gözəldir"demişdim və bu da ona çox ləzzət eləmişdi. Azandan sonra yatmaq mümkün deyildi...
   
   ...Tanışlardan götürdüyümüz ünvanlara getmək üçün taksi saxladırıq. Otelin xidmətçisi sürücüyə deyir ki, bizim müsafirlərdir, qiyməti aşağı sal. Ümumiyyətlə Təbrizdə taksi qiymətləri çox ucuzdur. Üç gün ərzində mindiyimiz taksilərin hər birinə bizim pula 3 manatdan artıq pul vermədik...
   
   Adamları çox mehribandır. Həm də çox söhbətcidirlərl, bəziləri lap zəvzəklik dərəcəsinə çatdırır hər şeylə o qədər maraqlanırlar ki, adam lap usanır.
   
   İranın həkimləri çox savadlı və təcrübəlidirlər. Ən adi poliklinikanın həkimləri belə diqqətcilk, qayğıkeşlik, öz peşələrini sevməkləri və qiymətləndirmələri ilə fərqlənirlər.Avadanlıqları da ultra müasirdir.
   
   Qəbulməsrəfləri də kifayət qədər ucuzludur. Amma müayinə aparatlarına düşmək xeyli bahadır. Dərmanlarına gəldikdə keyfiyyətli və bizimkilərlə müqayisədə ucuzdur.Özü də həkimlər bizdəki kimi "firma dərmanı" yazmırlar, üstəlik az dərman yazırlar.
   
    Qəbul otaqlarında isə it yiyəsini tanımır. İlk növbədə özlərini qabağa salırlar. Tanışlıq boydandır. Dəllallar da mığmığa kimi daraşırlar. Puldəyişənlər, dəllal sürücülər və birbaşa fırıldaqçı olan dəllallar heç xoşuma gəlmədi. Özlərinin nə vəziyyətdə olmasını görmürlər, bizimkilərə mədəniyyət, müasirlik haqda moizə oxuyurlar. Bizimkilər də maşallah, başqa vaxtlar şeytana papış tikirlər, burada isə hərəsi bir fırıldaqçının girinə keçir...
   
   Məhşur Təbriz ayranının, uzun çörəyin, abgüşdün tamına baxırıq. Bahalıq olmasa da deyildiyi qədər ucuzluq da deyil. Özünü həriflətməsən dolanmaq olar...
   
   Ustad Şəhriyarın qəbrini ziyarət edirik. Əzəmətli movzeley tikiblər. Şəhriyarın adına yaraşan tikilidir. Klassik Azərbaycan şair və mütəfəkkirlərinin şəkilləri, heykəlləri, kitabları göz oxşayır. Bax, burada
   
   
   
    Baxdıqca hüsnünə doymayır gözüm,
   
   Təbrizim, Təbrizim, gözəl Təbrizim!
   
   
   
   deməyin gəlir. Oteldə ("Gülşən" otelində adətən bizim Azərbaycandan gələnlər qalır) olanların əksəriyyətini qısa müddətə gəldikləri, xəstə olduqları üçün Şəhriyarın qəbrini ziyarət edə bilməmələri yandırıb tökür. Amma neynəyəsən, bu da bizik.
   
   ...Təbrizə cümə günü, günortadan sonra gəlmişdik. Bazar günü səhər tezdən, sübh azanı zamanı şəhəri tərk edirik. Telefonumda "Rübabə Muradovanın "Qaragilə" mahnısı səslənir:
   
   Təbrizin küçələri dolanbadolam...
   
   "Ədalət" üçün
   
   ekskluziv olaraq fotolar Toğrulundur.

TƏQVİM / ARXİV