adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SƏBƏB AXTARIRIQ...

MƏZAHİR ƏHMƏDZADƏ
19908 | 2012-05-19 07:47
Bir müddət əvvəl ictimaiyyətin diqqəti çox ciddi məsələyə yönəldildi. Televiziya və mətbuat yeniyetmələrin, bəzi orta məktəb şagirdlərinin, hətta dərs zamanı internet klublarında və digər məkanlarda vaxt keçirmələrini məktəb-şagird-valideyn müstəvisində çözməyə cəhd göstərdi. Daha sonra internet klublarına telereydlər təşkil edildi, polisin də köməyinə ehtiyac duyuldu, müəyyən məhdudiyyətlər və qadağalar qoyuldu. Bakı şəhərindəki vəziyyət xüsusi nəzarətə götürüldü, pedaqoji kollektivlər hərəkətə gətirildi. Bir ay, bəlkə də ay yarımdan sonra bu mövzu aktuallığını itirdi.
   
   
   
   Yoxsa işlər qaydaya düşmüşdü?
   
   Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında məktəbin rolu və gördüyü işlər təbii ki, bu istiqamətdə bütün tələbatı ödəyə bilməzdi. Bu məsələ cəmiyyətin ən həssas çevrəsinin müntəzəm diqqətində qalmalıdır. Yəni mövsümi xarakter daşımamalıdır.
   
   Mən əvvəllər də bu mövzuya üz tutmuşdum. Oxşar situasiyalara müxtəlif yönlərdən müqayisələr və açiqlamalar gətirməklə səbəbləri axtarmağa cəhd etmişdim. Demişdim ki, bu gün cəmiyyətdə müəyyən nigarançılıq doğuran və ya doğurmalı olan məsələlərdən biri də gəncliyin arzulanan fəallıqda görünməməsidir. Yəni istər orta məktəblərdə, universitetlərdə, istərsə də çoxsaylı işçisi olan kollektivlərdə uşaq və gənclər təşkilatlarının mütəşəkkilliyi müəyyən formallıq çərçivəsindədir. Təbiətsevərliyə, diyarşünaslıq bilgilərinə, kitab müzakirələrinə, disputlara, müxtəlif təntənəli gün və bayramların gerçək iştirakçılığına coşqu və entuziazm istənilən səviyyədə deyil. Pərakəndə tədbirlər və ayrı-ayrı tədbirlərin uğurları ümumi istiqamətlərdə bütünləşə bilmir.
   
   Yaxşı, deyək ki, SSRİ-nin süqutu ilə yanaşı, pioner və komsomol təşkilatları, eləcə də o dövrlərdə müəyyən funksiyalara malik analoji qurumlar da ləğv edildi. Ancaq həmin təşkilatların bazasında başqa adlarla yeniləri yarandı axı. Onların formalaşmasına, cəmiyyətdəki aktivliyinə onillərmi gərəkdir?
   
   Burada nə etsən də dönüb geriyə baxmaq zərurəti yaranır. Yəni o vaxtlar ideoloji baxımdan qeyri-müəyyən istiqamətin formalaşmasına rəğmən, ümumi bir təntənə, birlik, vətənpərvərlik, lap elə beynəlmiləlçilik prosesi qurultaylarsız və bayramlarsız da qəbul edilib anlaşılırdı. Elə bu təşkilatların öz daxilində bir coşqu, bir mütəşəkkillik yaşanırdı. Pioner, komsomol düşərgələrinin, inşaat dəstələrinin nə ziyanı olurdu? Həm də ədalət naminə deməliyik ki, bu birlik, bu vətənpərvərlik isterik faşizm ideyalarından çox-çox uzaq və eyni zamanda səmimi idi. Elə bu birliyi və hərəkətliliyi yaradan, formalaşdıran da həmin o gəncliyə, onun tərbiyəsinə yönəldilmiş kommunist ideologiyasının iç qatlarındakı müəyyən işıqlı cəhətlər idi. Yəni bir çox məqamları çıxmaq şərtilə başdan-başa mənfur deyildi. Bu mürəkkəb ideoloji mexanizmin işıq gələn tərəfi idi. Leninizmin, kommunizmin təbliği, öyrədilməsi ilə yanaşı, gəncliyə əldə edə biləcəyi istənilən ədəbiyyatı oxumaq imkanı da verilmişdi. Gəncliyin əlindən elmi və bədii kitablar düşmürdü. Əksəriyyətin oxuyub öyrənmək, dünyanı dərk etmək iistəyi vardı. İndi informasiya mənbələrinin bu qədər açıq və üzdə olduğu zamanda həmin ənənələrin də alt-üst olması ağrılı məsələdir. Demirəm yenidən pioner şeypurları səslənsin, komsomol iclasları keçirilsin. Bunların əvəzinə daha üstün və faydalı təlim metodları, funksional tədbir ideyaları, formaları mövcuddur. Ancaq bütün bu məsələlərə eyni ciddiliklə yanaşılırmı? Bir baxın, müasir gənclik daha çox hansı istiqamətlərə meyllidir?
   
   İndi biz ayrı bir ölkəyik. Müstəqil Azərbaycanın müstəqil cəmiyyəti və siyasəti inkişaf etməkdədir. Bəs bu cəmiyyətdə gəncliyimizin mövqeyi nədən ibarətdir? Bu sualı təbii ki, bütün çalarları ilə qavramaq. araşdırmaq çox da asan məsələ deyil. Ancaq üst qatda dayanan bəzi mətləblər var. Bu gün Azərbaycan gəncliyinin cəmiyyətin inkişaf yollarında arzuladığımız monolitliyini görüb duymaq mümkündürmü? Ürəkdən sevinə bilmirik... Müəyyən istisnalardan başqa.
   
   Nədən belədir? Əsas səbəblərdən biri keçmişlərdə yeniyetmə və gənclərin ən azı 90 faizini formal və ya mütəşəkkil olaraq bir sıraya çəkə bilən təşkilat və qurumların çağdaş aparıcılarının analoji vəzifələrin öhdəsindən lazımınca gələ bilməməsidir. Həmin o təşkilatların müəyyən qədər formaca eyni olan bugünkü varisləri öz işlərini məzmunlu, səviyyəli qura bilmədiklərindən çox zaman sönük bir görüntü təsirindədir. Doğrudur, paytaxtda gəncliyin müəyyən irəliləyişi, intellekt səviyyəsinin yüksəlişi dönüş yaranacağına ümid verir. Ancaq adam fikirləşir ki, gəncliyin bütövlükdə inkişafı üçün birbaşa cavabdeh olan vəzifə sahibləri öz işlərində nəyə görə bu dərəcədə qeyri-fəaldır?
   
   Bu gün bizə daha çox vacib olan vətənpərvərlik tərbiyəsinin özü də arzuolunan səviyyədə deyil. Vətən sevgisi bütün gəncliyi birləşdirməlidir. Bundan ötrü daha çox, daha yaxşı işləmək lazımdır. Gənclərin bədii kitablar oxumamasında da çox şey uduzuruq. Xarakterlərin formalaşması həm də klassik və müasir ədəbiyyatdan gəlir. Telekanalların əksəriyyəti gənc auditoriyaya hesablanmış mənasız şoular, meyxana yarışmaları və digər səviyyəsiz verilişlər ilə onsuz da bir sıra zərərli təmayüllərə yol açmaqdadır. Bu mənada əlbəttə ki, KİTAB daha faydalıdır.

TƏQVİM / ARXİV