adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iŞIğI KƏSƏNLƏR...

VƏSİLƏ USUBOVA
28156 | 2012-05-19 07:47
Bu dünyaya gələndə özümüzlə iki saf ayna gətiririk. Ətrafımızda nə varsa görməyə, gördüklərimizi əks etdirib qəlbimizə, yaddaşımıza yığmağa. Uzaqda-yaxında göz dincəldən, qəlb oxşayan nə varsa, canımıza hopdurmağa...
   
   Doğulandan çöllüyə, boşluğa, nəhayətsizliyə öyrəşib baxışlarım. Üfüqlər yaxınım olub, baxışlarımın ardınca düşüb dünyanın o başına əngəlsiz, yasaqsız gedə biləcəyimə inanmışam. Göz mənzilimi önləyəcək nöqtə boyda qaraltılar belə darıxdırıb məni...
   
   İndi az qala üfüqsüz qalıb dünya. Bomboz çöllərin qoynunda ilan kimi uzanıb gedən yollar, otu yaprıxan cığırlar yoxa çıxıb, ağlına nə gəldi tikənlərin xəstə fantaziyasının güdazına gediblər. Əlini gözünün üstünə qoyub uzaqlara baxmaq xeyli təsəlli olurdu adama. Üfüqdə görünən hər qaraltı ümidlərini artırır, yuxularının çin olacağına, gözləntilərinin gerçəkləşəcəyinə inandırır səni. Yollardan uman, yollara yalvaran, yolu müqəddəs sayıb ona and içən adamlar görmüşəm. Yollar uzandıqca ayrılığın qısaldığına, həsrətin bitdiyinə inanmaq istəmişik...
   
   Daha heç nə qalmayıb. Hər addımda sədd çəkilib baxışlarımıza. Elə bil bu məmləkətdə daşdan başqa heç nə istehsal olunmur. Bu ağır, soyuq düzbucaqlılar sivilizasiya etalonuna dönüb çoxlarından ötrü. Qovhaqov, çathaçat, öthaötdü. Elə hey bir ucdan nəsə tikirlər. Toyuq damından tutmuş mal tövləsinəcən hər şey daşdandı. Tikmək də, qurmaq da insanın əzəli, əbədi xislətidi. Ev tikənin ömrü uzun olar, demişlər. Belə getsə, bir ovuc kəslərin sayəsinə uzunömürlülər diyarına çevriləcəyik. Qalanlarınınsa ömründən kəsilənlərin sayı-hesabı itəcək. Tikirlər, hasarlayırlar, qoruğa döndərirlər. Qonşu qonşunun səsini, harayını eşitmir. Daha doqqaz başında arvadlar söhbət eləmir. Nəhəng dəmir darvazalar, hündür daş hasarlar udub hər şeyi. Ünsiyyəti, ülfəti, çəpərbaşı pay alıb-pay vermələri... İt, pişik, toyuq-cücə də qonşu həyətinə hərlənə bilmir. Həyətlər hasarlanıb, bağ-bostanlar hasarlanıb, baxışlar, görüşlər hasarlanıb...Yaşıl budaqlarda qırmızı, sarı, narıncı meyvələr görünmür, güllərin ətri uca hasarlardan aşıb yayıla bilmir. Qonşu uşaqların oğurluğa gəlmədiyi bağ-bostanlarda yetişənlərin nə dadı, nə ləzzəti olacaq ki,...
   
   Qabaqlar bostanlar yol qırağında salınardı. Məhsulu daşımaq, satmaq asan olsun deyə. Çəpərsiz, qarovulsuz. Bircə qorxuluqlar gözə dəyərdi. O da adamlardan ötrü deyil, quşları, ziyanvericiləri aldatmaqdan sarıydı. İsti yay günlərində tanıdığı-tanımadığı yolçulara pay verərdi bostançılar. Sərin qarpıza, ətirli, şirinliyindən çatlamış qovuna, tər yelpənəyə qonaq edərdilər. Elə yiyəsiz bostana da ərki çatardı yoldan ötənlərin. "Bostandan icazəsiz dərilən də haram sayılmaz" deyərdi böyüklər, dünyagörmüşlər. Hara yox oldu bu ürəyigenişliyimiz, əliaçıqlığımız. Bərk-bərk yummuşuq ovcumuzu; dırnağımızdan darı sızmır. İndi doyunca baxmağı, göz dincəltməyi də harama çeviriblər...
   
   Bəs, şair deyirdi: "Bu yaşıl ağacın altı bizimdi"?!...
   
   Belə getsə, bizə heç nə qoymayacaqlar...
   
   
   
   ***
   
   Bakıya getmək, paytaxtı gəzib görmək, sonra da ürəyi atlana-atlana tay-tuşlarına, ömründə bir yol öz obasından qırağa çıxmayanlara danışmaq kənd uşaqlarının ən şirin arzusu, qürur yeri olub həmişə. Məndən ötrü isə "Bir dəniz arxasına səyahət" romanıydı bu. Ələt-Duvannı yoluna çatmamış gözlərim boz-mavi ilğımı axtarardı. Burnuma yosun iyi dəyəndə artıq başqa bir aləmə düşdüyümə inanardım. Günəşli havada gözqamaşdıran ləpələr qızılı balıq sürüsü kimi sahilə üzüb yox olduca düşünərdim: nə qəribə ömür yaşayır dalğalar. Başlanğıcı bilinmir, sonunu anlamaq olmur. Böyüdükcə düşüncələrim də böyüyür, fəlsəfi məzmuna dolurdu. Başımı başlara qoşub qənaətlərimi ürəyimə pıçıldayırdım: "Hər şey belədi. Canlı-cansız nə varsa, sona, nəhayətə, yoxluğa can atır. Billə-bilə, tələsə-tələsə, qorxa-qorxa. Bir yaşıl ağacı, sərinliyi olmayan bu yerlərin sakinlərinə paxıllığım tuturdu: dəniz sahilində yaşayırdılar. Yastı damlı evlərin altında dünyanın ən xoşbəxt adamları güzəran sürürdü məncə. Gecələr gözlərinə yuxu gedənəcən dalğaların uğultusunu eşidirdilər. Səhər evdən çıxanda gözlərinə ilk dəyən dəniz olurdu. Ərləri, qardaşları qorxunc suların qoynunda balıq tutan qadınlar sahildə dayanıb, külək paltarlarının ətəyini yellədə-yellədə suların göynən birləşdiyi üfüqlərdən gözlərini çəkmirdilər. Ürəkləri döyünə-döyünə, pıçıltılı dodaqları əsə-əsə yol gözləyirdilər. Axı, dəniz həmişə gözəl və xeyirxah deyil. Sərt üzü daha dəhşətlidi...
   
   Şəhərin uğultusu qulaqlarıma, sıxlığı gözlərimə dolanda dənizqırağı səyahətin bitdiyini anlayıb sıxılırdım...
   
   İndi bu yoldan ötənlər göz dincəldən maviliyi itiriblər. Zövqümüz geri dönür, deyəsən. Qədimdə Günəşə də qısqanılan gözəl qız-qadınları gün işığı düşməyən qalalarda, qəsrlərdə saxlayırdılar. İndi bu gözəl Ümmanı da divar dustağı ediblər. Son illər millət olaraq çox "ilklər"ə imza atmışıq...
   
   Dəniz qırağına da hasar çəkərlər?!
   
   Getdikcə duyğularımız, ruhumuz da daşa dönür, yoxsa?!...
   
   Bu vasvasılıq hardan yoluxdu canımıza?!...
   
   "Vasvasılıq" dedim, lap uşaqlıqda bir xarici yazıçının radioda dinlədiyim hekayəsi yadıma düşdü. (Müəllifin də, hekayənin də adını unutmuşam). Yadımda qalansa budur ki, varlı kişi evinin döşəməsini, sütunlarını mərmər elətdirəndən sonra buna möhkəm aludə olur. Divarlara, mebelə, hətta qab-qacağa da mərmər çəkməyə başlayır.
   
   Həm də bütün bu işləri özü görür. Yorulanda mərmər stulda oturub mərmər siqaret yandırır, çəkib qurtarandan sonra mərmər külqabıya basıb söndürür. Ən sonda bir şey tapmayıb öz bədəninə mərmər çəkməyə başlayır... Bir neçə gündən sonra qonşular mərmər kişini mərmər stulda donub ölmüş vəziyyətdə tapırlar...
   
   ***
   
   Hər şey həddini aşanda sahibinə qarşı çevrilir. Amma sahibdən başqa da əziyyət çəkənlər olur. Tamahsız, günahsız insanlar ən adi yaşam hüquqlarından məhrum olur, bir daxma qaraltmaqdan, bir parça çörək qazanmaqdan ötrü torpaq payını zülmlə alırlar, ya da heç ala bilmirlər...
   
   Açıq qapıdan bir otağı dolduracaq təmiz hava, işıq seli axır. Kimsə ani olaraq bu işığa kölgə salanda canımız sıxılır. "Yana dur, işığımı kəsmə" deyib səbirsizlənirik. Bəs, bu boyda gözəlliyin, dərinliyin, nəhayətsizliyin qabağı kəsiləndə necə?
   
   Quruya atılan balığın yumulub-açılan ağzını, şappıldayan quyruğunu göz önünə gətirin...
   
   Biz də belə boğuluruq...
   
   Şair də çarəsizlikdən təsəlli tapıb özünə. Tofiq Hüseyni deyirəm. Dar yolda gözünə qaranlıq çöksə də, göy üzünün açıqlığına şükürlər edir. Deməli, bundan sonra sağa-sola baxdı yoxdu. Ancaq yuxarı baxacağıq. Yerinizə olsaydım, bu qədər nikbin olmazdım, Tofiq müəllim! Həmişə ağzı yuxarı gəzən adam üzüüstə tez yıxılır. Ayağına çox daş-kəsək ilişir. Göylər ruhumuzun məskənidi, axı. Nə qədər ayağımız torpağa dəyir, Yer üzünün bütün gözəlliklərində göz payımız var. Baxmaq, zövq almaq, heyran olmaq haqqımızdı. Baxışlarımızı məngənəyə salmağa, yolumuzu, cığırımızı daraltmağa kimsənin haqqı olmamalıdı. Ancaq... baxan kimdi?!...Bağdadda kor xəlifə qalmasa da, bizdə döşünə döyənlər gündən-günə çoxalır...
   
   Yer-göy Sahibinin də səbri o qədərdi ki...

TƏQVİM / ARXİV