adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Mahmudəli çöhrəqanlı: "Qərb, iranın parçalanmağını istəmir"

11008 | 2012-05-18 08:01
Güney Azərbaycan türklərinin azadlıq uğrunda apardığı mübarizəni yaxından izləyən hər bir insan, İranın qəzəbli molla rejiminin qəddarlığından, insanlara əziyyət verməsindən xəbərdardır. Təbrizdə başlayan və İranı dəyişən inqilabların başında hər zaman Güney Azərbaycan türkləri dayanıb. Səttərxan, Xiyabani, Pişəvəri, Şəriətmədari kimi şəxsiyyətlər zaman-zaman İranda dəyişiklik etməyi bacarıb. Bu qəhrəmanlarla eyni sırada Güney Azərbaycanlıların azadlıq mübarizəsinin öncülü Mahmudəli Çöhrəqanlının da adını şəkmək lazımdır. Hal-hazırda Amerikada mühacirətdə yaşayan doktor Mahmudəli Çöhrəqanlıya müsahibə təklifimizi oğlu Alparslan vasitəsi ilə bildirdik. Beləliklə, internetin imkanlarından istifadə etməklə istəyimizi reallaşdırdıq. Beləliklə, Müsahibim Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri, Doktor Mahmudəli Çöhrəqanlıdır.
   
   
   
   -Cənab Çöhrəqanlı, bir vaxtlar siyasətdən getməyinizi bəyan eləmiş, GAMOH-dan uzaqlaşmışdınız. Yenidən siyasətə qayıdışınız hansı ehtiyacdan baş verdi?
   
   - Bir para sağlıq sorunlarına görə, bir müddət fəaliyyətlərimiz çox azalmışdı. Əlbəttə, Güney Azərbaycanda May hadisələri baş verən 2006-dan bəri, milli hərəkatımız yeni bir mərhələyə girərək İran rejimini təhlükəyə salmışdır. Ona görə də İranın istəyiylə mənim Türkiyəyə və Quzey Azərbaycanımıza girişim yasaqlanmışdır. Və hələ də bu yasaqlıq davam etməkdədir. Bu hadisənin də mənim fəaliyyətlərimin azalmasında təsiri az olmamışdır. Amma bildiyiniz kimi, keçən bir ildə Orta Doğu və İran adlanan ölkə çox həssas və kritik bir mərhələyə girmişdir. Ola bilsin ki, ard-arda baş verən inqilablar diktator rejimləri devirərək yeni rejimləri iş üstünə gətirsin, və hətta bölgəmizin siyasi coğrafiyasını dəyişsin. Ona görə, hərəkatımızın starteri (başlayıcı) və öncülü olaraq bu tarixi və həssas aşamada əlimdən gələni əsirgəməməyi millət və vətən borcu saydım. Və beləliklə, millətimizin və Azərbaycanımızın qulluğundayıq.
   
   -DAK-ın son qurultayında Konqresin Məşvərət Məclisinin sədri seçilmisiniz. Bundan sonrakı fəaliyyətiniz hansı formada qurulacaq?
   
   - Bildiyiniz kimi, GAMOH-un yeni qurultayı fevralın 1-i, Türkiyəmizin başkəndi Ankarada geçirilərək 4 il müddəti üçün məni yeniden başqan seçmişlər və qeyd etdiyiniz kimi aprelin 21-22-də də DAK-ın yeni qurultayı Ukraynanın Donetsk şəhərində keçirilərək məni Məşvərət Şurasının sədri olaraq seçmişlər. Bu iki önəmli vəzifə arasında birlik və birgəlik körpüsü yaratmağa çalışacağam. GAMOH təşkilatının ilgi və əlaqələrini diasporamızla genişləndirərək, diasporamızın da diqqətini Güney Azərbaycan probleminə çəkməyə qeyrət göstərəcəyəm. İnanıram ki, beləliklə həm DAK və həm GAMOH təşkilatları həm kəmiyyət, həm də keyfiyyət açısından daha da güclənəcəklər.
   
   -Bəzi qüvvələr hesab edir ki, Sabir Rüstəmxanlı DAK-ın son qurultayını qohumları ilə birgə keçirib. Sizcə DAK-ın XII qurultayının gələcəkdə hansı faydaları ola bilər?
   
   - Ad çəkdiyiniz bəzilərinin düşüncəsiylə muvafiq deyiləm. Məncə, qurultay həm sayı, həm də keyfiyyət açısından ən yüksək səviyyədə keçirilən qurultayların birisidir. Ona görə, qohum-əqrəba qurultayı adlandırmaq, səhv və yanlış hərəkətdir. Bildiyiniz kimi, Azərbaycan diasporası, təşkilatlanma açısından hənuz ibtidai və ilkin addımları atmaqdadır. Təbii ki, çoxlu nöqsanlar və zəəfləri olacaqdır və zaman keçdikcə təcrübə qazanaraq bu nöqsanları və əngəlləri aşacaqdır. Məncə, yuxarıda qeyd etdiyim kimi, DAK həm kəmiyyət, həm də keyfiyyət açısından daha da güclənməyə sarı getməkdədir və inanıram ki, Azərbaycan problemlərini daha da gur səslə dünya ictimaiyyətinə çatdırmaqda nailiyyətli olacaqdır.
   
   -Sizin Azərbaycana gəlişinizə nə üçün qadağa qoyulub? Azərbaycanda yaşamaq, burda mübarizəni davam etməyi düşünürsünüzmü?
   
   - Yuxarıda qeyd etdiyim kimi, 2006-cı ildə Güney Azərbaycan Milli Qiyamı (May hadisələri), Güney Azərbaycan milli hərəkatının nə qədər İran rejiminə təhlükəli olduğunu isbatlayaraq, molla rejimini bu hərəkəti hədəf tutaraq tapdalamağa və zəiflətməyə məcbur etmişdir. Beləliklə, İran rejimi ciddiyyətlə Azərbaycan dövlətindən istəmişdir ki, mənim girişimə yasaq qoyaraq hər tür fəaliyyətimə imkan və izin verilməsin. Beləliklə, 2006-cı ilin May ayında Azərbaycandan deportasiya edilərək vətənə girişim yasaqlanmışdır. Umuram yaxın gələcəkdə bu yasaq qaldırılacaq və mən özləm və həsrətlə gözlədiyim vətənin ziyarətinə izin veriləcəkdir.
   
   -Güney Azərbaycanda azərbaycanlıların hüquqlarının pozulmasının qarşısını almaq üçün, DAK və GAMOH hansısa addımlar atacaqmı?
   
   -Güc birlikdən doğur, qələbə də gücdən. GAMOH və DAK-ın işbirliyi üçün heç bir əngəl və maneənin olmadığı düşüncəsindəyəm. Və inanıram ki, əllərindən gələni güc birliyi üçün əsirgəməyərək, Güney Azərbaycan və Qarabağ problemlərini dünya ictimaiyyətinə çatdıraraq həlləri uğrunda əllərindən gələni əsirgəməyəcəklər.
   
   -Güney Azərbaycanda yaşayan soydaşlarımızın özgürlük mücadiləsinin sonucları olacaqmı? Yaxın gələcəkdə, Güneyin müstəqil ola bilmək ehtimalı varmı?
   
   - Çağımız totalitar, diktator və irticacı rejimlərin iş üstündə qalmasına izin və imkan verməməkdədir. İranda hakim olan molla rejimi də İranda yaşayan millətlər içində öz məşrutiyyətini itirmişdir. Elə ki, bu gün İranda bir referendum olursa, yalnız mollalarnan pastorlar bu rejimin davamına səs verərlər. Bu rejim, həm dış mudaxilələr nəticəsi olaraq dəyişdirilə bilər və həm İran adlanan ölkədə yaşayan millətlərin qiyamı nəticəsi olaraq dəyişdirilə bilər. Belə düşünürəm ki, İran rejiminin ömrü sona çatmaqdadır və yaxın gələcəkdə tarixin zibilliyinə atılaraq onun yerinə çağdaş və demokratik rejim iş üstünə gələcəkdir. Qərbin, Amerika başda olmaq üzərə və bölgəmizdə olan qardaş dövlətlərin Güney Azərbaycan istiqlaliyyətinə razı olmadıqlarına baxmayaraq, inanıram ki, yaxın gələcəkdə Güney Azərbaycan öz bağımsızlığını qazanacaqdır. Və yaşadığımız əsrin ilk 25 ilində Azərbaycanımız bir və bütöv ölkəyə və dövlətə çevrilə bilər.
   
   -Mühacirət həyatı sizi narahat edirmi? Yad ölkədə yaşayıb mübarizə aparmaq çətin deyil ki?
   
   - 7 il Təbrizdə ev həbsində yaşadım və o günləri çox sıxıntılı və boğuntulu dövran olaraq düşünürdüm. Yaşadığımız Amerika cənnət olursa belə özlərinədir. Məncə Təbrizdə olaraq ev həbsində yaşamaq, qürbətin cənnətində yaşamaqdan üstündür. Ona görə, Təbrizi və onun tozlu küçələrini həsrətlə gözləməkdəyəm.
   
   -Azərbaycanın bütövlüyü, birliyi uğrunda hansı planlarınız var? Yaxın hədəflərinizi açıqlaya bilərsinizmi?
   
   -17 ildir bütün imkanlarımızla ən ağır assimilyasiyaya məruz qalmış millətimizi oyatmaqdayıq. Məncə, Güneyli-Quzeyli demədən millətimiz oyanırsa və yüksək səviyyədə milli şüura malik olursa, Güney Azərbaycanın istiqlaliyyəti və Bütöv Azərbaycanın yaranması çətin olmayacaqdır. 17 ildir 35 milyonluq Güney Azərbaycan Türk millətini oyatmaqdayıq. İnanıram ki, bugün bu toplum yüksək səviyyədə oyanmışdır. Elə ki, deyə bilərəm, onda olan siyasi və milli şüur, Türk dünyasının heç bir bölümündə görünməməkdədir. Əlbəttə ki, vətənimizin Qüzeyində də milli intibah yüksək səviyyədə görsənməkdədir. Beləliklə, bir və bütün vətən, millət və dövlət yaratmaq mümkün görünməkdədir. Və biz, yaxın gələcəkdə bu böyük addımı atmağı bacaracağıq. Dünya yaxın gələcəkdə bizim bu milli və tarixi addımı atmağımıza şahidlik edəcəkdir.
   
   -İranda əzilən, edam olunan, məhbəsə atılan həmvətənlərimizin hüquqlarının pozulmasına, dünya ictimaiyyətinin susmasının, seyirçi qalmasının səbəbi sizcə nədir?
   
   - Bildiyiniz kimi, bir əsrə yaxın İran adlanan yeri yalnız Fars yaşayan bir ölkə olaraq dünyaya tanıtmışlar və bu məsələdə qərbin, başda ingilis və Amerikanın payı az olmamışdır. İndi də, bu qudrətlər İranda rejim dəyişikliyini istəsələr də onun yerinə bir qərb yönlü rejimin iş üstünə gəlməyini arzulamaqdadırlar. O halda ki, İran, 35 milyon Güney Azərbaycan türkləri başda olmaq üzərə, 10-a yaxın millətin yaşadığı bir ölkədir. Qeyri-fars millətlər bütün insani və milli haqlarından məhrum olaraq yaşamaqdadırlar. İranda yaşayan bəluçlar, ərəblər, türkmənlər, kürdlər və Azərbaycan türkləri illər boyudur insani və milli haqlarını əldə etmək üçün Fars-molla rejimiylə mübarizə halındadırlar. Amma maləsəf, qərbin yetərli təvəccüh etmədiyi və dəstək vermədiyi üçün səslərini dünya ictimaiyyətinə kifayət qədər çatdıra bilməyiblər. Məncə, bu məsələdə qərbin rolu apaçıq görülməkdədir. Qərb, İranın parçalanmağını istəmir. Güney Azərbaycanın hətta bir federativ İranın muxtar bölgəsi olmasına da razılığı yoxdur. Amma, inanıram ki, biz təşkilatlanaraq mübarizəmizi daha güclü sürdürə bilsək, qurtuluşumuza qərbin himayəsi və dəstəyi olmasa da əngəl və mane törətməyəcəklər. Uzun sözün qısası, hər nemətin bir qiyməti və bahası var. Azadlıq və istiqlaliyyət ən böyük nemət olaraq çox bahalıdır; onun bahası qandır. Nə zaman bu qiyməti ödəməyə hazır olursaq, o böyük şərəfi də əldə edə biləcəyik. Babalarımız demişkən, "Bayraqları bayraq edən üstündəki qandır; torpaq əgər uğrunda ölən varsa vətəndir!" Bir ayrı sözlə, azadlıq ucuz deyildir.
   
   - Güneydə fars-molla rejimi hökm sürür. İslam dini adı altında Azərbaycan insanlarına əziyyət verirlər. Sizin islama münasibətiniz necədir?
   
   - Mən, buna baxmayaraq ki, layizm və sekularizmə inanan bir insanam, bütün səmavi dinlərə və başqa ideolojilərə hörmət və sayqıyla yanaşıram. İslam ideolojisinin də Türk dünyasının çoxunluğunu qapsadığı üçün, və Azərbaycan türklərinin də saydığı və hörmət bəslədiyi din olduğu üçün mənə də əzizdir. Qaldı, İranda hakim olan Fars-faşist və irticaçı rejimi, İslamı alət edərək qəddarlığını sürdürməkdədir.
   
   -Azərbaycanın bütövlüyü uğrunda çalışan insanlara nə demək istərdiniz?
   
   - Torpaq və vətən insanların ən dəyərli və muqəddəs varlığıdır; bir ayrı sözlə, torpaq bir millətin milli heysiyyəti və milli namusudur. Azərbaycan Türk milləti bu milli heysiyəti qorumaq üçün əlindən gələni əsirgəməmişdir və hər cürə həzinəni vətən və millət bütöv olsun diyə ödəmişdir. Amma təəssüflər ki, Fars və Rus imperiyalarının qəddarlıqları və cinayətkarlıqlarına gücümüz yetməmişdir. Heç bir çağdaş, modern və milli və siyasi cəhətdən yüksək şüura sahib olan millət, vətən və millətinin parça-parça olmasına rizayət verə bilməz. Mən diyərdim, haydi vətən övladları, haydi şərəfli Azərbaycan Türk gəncliyi Qarabağ və Güney Azərbaycanı azad edərək bütöv Azərbaycanı qurmağa doğru...
   
   

TƏQVİM / ARXİV