adalet.az header logo
  • Bakı 17°C

Ölüm: "daha gur izıq..."

26408 | 2012-05-17 07:22
Sinəsinə "Allah" yazdı
   
   
   
   Böyük yazıçı Frans Kafka İohann Volfqanq fon Göteni (alm. Johann Wolfgang von Goethe. Təəssüf ki, onu Azərbaycanda hələ də Höte kimi tanıyırlar) "Həyat haqqında deyilməsi mümkün olan hər şeyi deyən biri" kimi xarakterizə edir. Həyat haqqında hər şeyi demiş bu dühanı nə qədər tanıyırıq? Haqqında minlərlə əfsanə yaranan Göte kimdir?
   
   Bəşəriyyətə "Faust" kimi ölümsüz bir əsər bəxş edən bu dahi almanı İslam dünyasında Məhəmməd peyğəmbərin, "Qurani-Kərim"in aşiqi kimi tanıyırlar. Ensiklopedik mənbələr isə Göteni şair-dramaturq, mütəfəkkir və naturialist kimi təqdim edir. Bütün ömrünü Göteni araşdırmağa sərf edən Katerina Momzen Göte haqqında qələmə aldığı araşdırmalardan birində müsəlmanları daha da riqqətə gətirən kiçik bir əhvalat nəql edir. Guya, Göte ömrünün sonlarına yaxın daha çox islama meyillənmiş, ərəb əlifbasını və "Qurani-Kərim"i daha dərindən mənimsəməyi qarşısına məqsəd qoyubmuş. Hətta Götenin İslam dinini qəbul etməsiylə bağlı düşüncəyə qapılanlar var. Çünki, Göte dostu, alman şairi Ekkermana yazdığı məktublarda İslama isti münasibət göstərdiyini və araşdırdığını deyir. Eyni zamanda Qərb ziyalılarını ilahi varlıq haqqında bilgisizlikdə suçlayır. Hətta məktubdakı bəzi anlaşılmaz fikirləri oxuyan müsəlman araşdırmaçıların Götenin müsəlman olmasına əminlikləri artır. Məsələn, Göte Ekkermana yazır: "Mən bir müsəlman kimi Onu yüzlərlə ad ilə çağırmağı xoşlayıram, amma yenə Onun saysız sifətləri qarşısında acizliyimi görüb susuram". Daha bir fakt isə, müsəlman dünyasını daha çox ümidləndirir. Katerina Momzen yazır ki, "Göte həyatla vidalaşdığı anlarda öz sinəsinə "W" işarəsi yazmışdır. Çoxları belə güman etmişlər ki, bu, şairin adının - Wolfgang sözünün baş hərfidir. Lakin bu əslində ərəbcə yazılmış "Allah" sözü olmuşdur. Götenin ərəbcə yazmaq bacarığını isə o zaman hamı bilirdi.
   
   Beləliklə, 1832-ci il martın 22-də Höte öz sinəsinə "Allah" sözünü yazaraq, dünyasını dəyişmişdir..."
   
   Götenin ərəb dili öyrəndiyi haqqında əlimizdə olan faktları nəzərə alsaq, Götenin sinəsinə "Allah" yazması mümkündür. Qərbdə isə onun son sözü daha çox mübahisə mövzusudur. Can verən Götenin son sözü "daha gur işıq..." olub.
   
   
   
   38 yaşa qədər
   
   sekssiz yaşayan dahi
   
   
   
   Alman ədəbiyyatının ən nəhəng simalarından olan, ömrünün sonuna qədər qadınlardan və yaradıcılıqdan uzaqlaşmayan, 20 yaşından kübar cəmiyyətlərin sevimlisi, ətrafında onlarca qadın olmasına baxmayaraq ilk cinsi əlaqəsi 38 yaşında baş tutan Göte 1749-cu ildə Frankfurtda doğulub. Ömrünün sonuna yaxın Şərq mədəniyyətinə və islama meyl göstərən Göte 1832-ci ildə Vaymarda, böyük ehtimalla infarktdan dünyasını dəyişib.
   
   Ədəbiyyat aləmində daha çox haqqında danışılan və araşdırılan əsərləri "Faust" və "Qərb-Şərq divanı" olsa da Göteyə dünya şöhrəti gətirən əsəri "Gənc Verterin iztirabları" adlı romandır.Göte Fridrix Şillerlə bərabər Alman klsassikasının ən önəmli siması sayılır.Fransız, ingilis, italyan, latın və yunan dillərini çox mükəmməl bilən Göte, vialonçel və pianoda ifa etməyi bacarır, elmi araşdırmalar, rəssamlıq, rəqs və təbiətşünaslıqla məşğul olurdu. Çox ağıllı və mütaliəli yeniyetmə olduğundan hüquqşünas olan atası Yohann Kaspar Göte onun üçün evlərində 2000 cildlik bir kitabxana yaratmışdı. Frankfurtun fransızlar tərəfindən işğal edilməsindən sonra evləri qərərgaha çevrilən Göte fransa incəsənəti ilə maraqlanmağa başlayır.
   
   
   
   "Arnette": Götenin
   
   21 yaşında yazdığı kitab
   
   
   
   Ailədə yaxşı təhsil görən Göte 1765-ci ildə Leypsiq Universitetinin hüquq fakültəsinə daxil olur və 1770-ci ildə həmin fakültəni Hüquq doktoru elmi dərəcəsi ilə, eyni zamanda "Təşəkkürnamə" ilə bitirir. Bütün həyatını oxumağa, yazmağa və araşdırmalara sərf edən Göte tələbəlik illərindən qadınların sevimlisi olsa da, şəxsi həyatı, xüsusən də qadınlarla münasibəti o qədər də uğurlu olmur. Hətta tələbəlik illərində ağır və üzücü çalışmaları, gərgin təhsil rejimi səbəbindən ölümcül xəstələnir. İlk sevgisi təxminən 16-17 yaşlarına təsadüf edir. Ailəsindən uzaqda sərbəstliyin dadını çıxaran Göte Ketxen Şönkopfa aşiq olur. Ancaq yuxarıda qeyd etdiyim kimi, Götenin ilk sevgisi uğursuz olur. Sevgidəki uğursuzluğuna baxmayaraq, 1770-ci ildə (21 yaşında) həm Universiteti bitirmiş, həm də ilk şeirlər kitabı olan "Arnette"-ni çap etdirmişdir.
   
   
   
   Nazir Göte
   
   
   
   İlk şeirlər kitabının nəşrindən sonra Göte bir neçə dram əsəri və şeirlər yazsa da, elmi araşdırmalara və mütaliəyə daha çox diqqət ayırır. Mistika və əlkimya ilə maraqlanmağa başlayır və öyrəndiyi bu elmlər onun ən çox müzakirə olunan əsəri "Faust"a ciddi təsir edir. Bir müddət Strasburqda yaşayan Göte eyni zamanda ədəbiyyat nəhəngi sayılan Şeksprin əsərləri ilə tanış olur. Bu tanışlıq onun ədəbiyyat haqqındakı düşüncələrini xeyli dəyişir. Strasburqda yaşadığı müddətdə keşiş qızı Friderike Brionla tanış olan gənc Göte ona yazdığı şeirlərlə lirik poeziyanın yeni bir mərhələsinin başlanğıcını qoyur. Strasburqdan köçməyə qərar vermədən Friderikedən ayrılan şair "yaşantı poeziyasının" ilk nümunələrinin yaradıcısı kimi də ədəbiyyat tarixinə düşüb. Vaymara qayıtdıqdan sonra vəkillik karyerasına start versə də, ədəbiyyata və elmi araşdırmalara daha çox diqqət ayırır, dram əsərləri, tənqidi məqalələr və şeirlər yazmağa davam edir. Atasının təkidi ilə Alman Ali Məhkəməsində işləməyə başlayan Göte yaradıcılığına böyük bir həvəslə davam edir və Vetsler şəhərində yaşamağa başlayır. Ancaq burda da dostu Kestnerin nişanlısı Şarlotta Buff-a vurulur. Bu sevgi onu o qədər təsirləndirir ki, yaşadığı Vetsler şəhərini tərk edib evinə qayıdır. Bu sevginin ağrı-acısının təsirindən "Gənc Verterin iztirabları" romanı yaranır. İztirablardan yaranan roman Göteni qısa müddət içərisində bütün Avropada məşhurlaşdırır. "Promotey" əsəriylə sərbəst şeirin əsasını qoyan Göte eyni zamanda Vetsler şəhərini tərk etdikdən sonra çox məhsuldar işləyir və həyatında çox ciddi dəyişiklik baş verir. 1775-ci ildə bankir qızı 18 yaşlı Lili Şönemanla nişanlanır. Qısa müddət sonra bu qızla ailə qura bilməyəcəyini anlayan Göte nişanlısından ayrılır. Bu ayrılıqdan sarsılan gənc dahini Vaymar əsilzadəsi Karl Avqust saraya dəvət edir. Qısa müddət ərzində vəzifə nərdivanında yüksələn Göte Vaymarın maliyyə naziri vəzifəsinə təyin olunur. Eyni zamanda həmin dönəmdə "Qurani-Kərim"in təfsirlərini oxumağa başlayır. İslamı qəbul etməsi mübahisəli olsa da, Göte Almaniyada islama yumşaq münasibət göstərən ilk ədəbiyyat adamıdır.
   
   
   
   Götenin yaşlı sevgilisi
   
   
   
   Götenin Vaymarda keçirdiyi 10 il həddindən artıq maraqlı olub. Yeni şeirlər, dramlar və hekayələr yazan Göte, eyni zamanda geologiya, təbiət elmləri və musiqiylə maraqlanıb və bütün sadaladığım sahələrdə araşdırmalar aparıb və ciddi əsərlər yazıb. Saraya yaxın olduğu vaxtlarda sarayda böyük nüfuz sahibi olan və onun həyatında dərin iz buraxan Şarlotta fon Ştaynla ciddi bir münasibət yaşayır. Bu qadın onun həyatına ciddi təsir göstərən ilk qadın hesab olunur. 7 uşaq anası və evli olan Şarlottayla Götenin yaşadığı böyük sevginin nişanəsi olaraq Götenin qeydləri və Şarlottaya yazdığı 2000-dən çox məktub qalmışdır. Xanım Şarlotta Götenin ən böyük tərbiyəçisi kimi də tanınır. Ona saray həyatını və kübarlığı, nizam-intizam və ruh yüksəkliyini məhz bu qadın aşılıyıb. Araşdırmaçıların böyük əksəriyyəti Göte və Şarlotta arasında cinsi münasibətlərin olmadığını israrla yazırlar. Böyük ehtimalla Şarlotta Götenin cinsi istəklərini rədd edib. Psixoanalitik Kurt Ayssler isə Götenin 38 yaşına qədər heç bir qadınla cinsi əlaqədə olmadığını isbata yetirib. Xanım Şarlottayla Götenin münasibətləri, ikincinin Roma səfərinə getməsindən sonra sona çatmışdır. Ancaq ömürlərinin sonuna yaxın bu iki böyük ürəkli insan barışıb və ölənə qədər dostluq edib.
   
   
   
   Klassizmin yaradıcısı
   
   
   
   Saray həyatından və vəzifədən bezən Göte başqa adla ölkəni tərk edir və Avropa səyahətinə çıxır. Sarayda onun gedişindən narahat olsalar da onun dönüşünə də heç bir əngəl yaratmırlar. İtaliyada uzun müddət qalan Göte Renesans və Antik dönəmin incəsənitiylə dərindən maraqlanmış, İtaliya incəsənətini araşdırmış, uzun müddətdir ki, yarımçıq qalan əsərlərini tamamlayır. 1786-cı ildə hər şeydən bezmiş halda, ancaq xidmətçisinə xəbər verərək İtaliyaya yollanan Göte orda tamamladığı "Egmont" və "Tasso" əsərləri ilə Alman klassizminin əsasını qoyur.
   
   
   
   Qadınlar...əsərlər...qadınlar...
   
   
   
   Geri qayıtdıqdan qısa müddət sonra həyatında ilk dəfə cinsi əlaqə qura bildiyi qadınla - Kristian Fulpiusla böyük sevgi yaşamağa başlayır. Onu dəlicəsinə sevən Götenin ilk övladı 1789-cu ildə dünyaya gəlir. Ancaq saray dairələri Fulpiusun saray xanımı olmağına qarşı çıxır. İtaliyada olduğu müddətdə vəzifəsindən uzaqlaşdırılmadığı üçün sarayda da fəaliyyətini davam etdirir. Eyni zamanda Yena Universitetində dərs deməyə başlayır. Hegel, Fixte, Şiller, Şillinq kimi böyük alimləri Universitetin ətrafına toplayır. Xüsusilə Şillerlə çox yaxşı dostluq münasibəti qurur. Bir müddət birlikdə jurnal çıxarırlar.
   
   Filpiusla evlənib onu kübar cəmiyyətə daxil etsə də, xəyanətlər silsiləsi davam edir. 57 yaşında universitet kitabxanaçasının 18 yaşlı qızı Mina Hertslibə, 65 yaşında isə 23 yaşlı Mariana Yunga aşiq olmuşdur. Hər sevginin nəticəsi isə gözəl bir əsərin mövzusuna çevrilirdi. Hətta oğlunun tərbiyəçisinə belə aşiq olan Göte çox mənalı, dolğun və gərgin bir ömür keçirib. Ulrike fon Levezova evlilik təklif edəndə Göte 73, Ulrike isə 18 yaşında idi.
   
   
   
   Əfsanənin sonu
   
   
   
   Əfsanələşmiş Göte bu yaşına qədər artıq dünyanın bir çox yerlərini gəzmiş, xüsusən də Tehranda olmuşdu. Yüzlərlə bədii və elmi əsər yazmış, yaradıcılığının bir yerə toplanmasını isə dövrünün məşhur şairi Ekkermana həvalə etmişdi. Çarlz Darvindən tutmuş Nyutona qədər bir çox böyük elm adamlarına ilham verən, şeirlərinə yüzlərlə mahnı bəstələnən Göte ömrünün son dönəmlərində "Qurani-Kərim"i dəfələrlə oxumuş, Hafizin divanı ilə tanış olmuşdu. Ömrünü Vaymarda, xəstə yatağında başa vuran Götenin son sözü, yazının əvvəlində qeyd etdiyim kimi, "daha gur işıq" olmuşdur.

TƏQVİM / ARXİV