adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

O QATAR HARA GEDƏCƏK?..

BABƏK YUSİFOĞLU
38879 | 2012-05-17 07:22
Uydurma torpaq iddialarının, separatist siyasətinin qurbanına çevrilən Ermənistan iqtisadiyyatı özünün ən ağır dövrünü yaşayır. Son vaxtlaradək əsasən dağ-mədən resurslarının hesabına - necə deyərlər - çulunu sudan çıxarmağı bacaran ermənilər indi maliyyə çatışmazlığı üzündən həmin yerləri də bağlamağa məcbur qalıblar. Müstəqil iqtisadçı-ekspertlərin bildirdiyinə görə, hazırda Ermənistan çox məhdud sahələri vasitəsi ilə müəyyən qədər gəlir əldə edə bilir. Bunlar da əsasən konyak istehsalının, nəqliyyat sektorunun, ərzaq ticarətin hesabına reallaşır. Və onu da nəzərə alsaq ki, bu sahələr də bir neçə oğru oliqarxın əlində cəmlənib, onda ölkənin xaotik iqtisadi-sosial vəziyyəti tam göz önünə gələr.
   
   Müxalifətin tanınmış liderlərindən biri, eks-prezident Levon Ter-Petrosyan bu günlərdə insanlar qarşısında çıxış edərkən vəziyyəti belə dəyərləndirmişdi: "erməni xalqı indi əsl cəhənnəmdə yaşayır". Artıq hazırkı siyasi rəhbərlik də hiss etməyə başlayıb ki, Qarabağ "uğrunda" ideologiya ilə xalqı aldatmaq əvvəliki effekti vermir. Ac-yalavac insanlara iş yeri, çörək lazımdır. Məhz bu üzdən də hakimiyyətdəkilər özlərinin yeni xəyalları əhaliyə sırımaq, onları bu üsullarla aldadıb hakimiyyətlərinin ömrünü müəyyən dövrə qədər uzatmağa çalışırlar.
   
   Maraqlıdır ki, indi erməni informasiya mənbələri yeni bir iqtisadi layihədən bol-bol bəhs etməyə başlayıblar. Özünü real beynəlxalq magistral layihədən - Bakı-Axalkalaki-Qars dəmiryol dəhlizindən kənarda qoyan Yerevan Adler-Sxumi-Kutaisi-Tbilisi-Yerevan-Tehran dəmiryol xəttinin yaradılmasından dəm vurur. Ermənilər bildirirlər ki, 1992-ci ildən fəaliyyətsiz qalan bu dəmiryol dəhlizi işə salına və tranzit ölkə kimi Ermənistan bundan böyük məbləğdə gəlir götürə bilər. Və ortalıqda heç bir real irəliləyiş, yaxud addım atılmamış ermənilər artıq oradan götürəcəkləri gəlirləri hesablamağa başlayıblar.
   
   Sərnişindaşınmaları kompaniyasının rəisi Qaqik Movsisyana görə, əgər Cənubi Qafqaz Dəmir Yol konsepsiyası çərçivəsində Yerevan-Moskva qatarları hərəkətə gətirilərsə, bundan 5 milyard dram əldə edilər. Movsisyan hesab edir ki, hətta bu məbləğ belə Ermənistan üçün çox böyük bir vəsaitdir. Həmin xətt ilə yükdaşınmaları da nəzərə alan ermənilər daha böyük imkanlar əldə edəcəklərinə inanırlar.
   
   Onlara görə, burada əldə edilən ən başlıca mənfəət Ermənistana gətirilən yüklərin daşınma xərclərini iki qat azaldacaqdır. "Əgər əsas Rusiya-Zaqafqaziya dəhlizi açılarsa, Ermənistanın məhsulları (?!- B.Y) Rusiya, eləcə də Avropa bazarlarında rəqabətə davam gətirər. Çünki məhsulların təyyarələrlə və gəmilərlə daşınması Ermənistana baha başa gəlir. Belə ki, 1 vaqon yükün Poti (Gürcüstan) limanından Qafqaz (Rusiya) limanına göndərilməsi qaydalara uyğun 3.600 dollar pul tələb edir. Amma dəmiryol magistralı üzrə bu daşınma cəmi 600 dollara başa gələcək".
   
   Belə hesablamaları aparan ermənilər Rusiya tərəfini şirinikləndirmə məqsədi ilə onların yükdaşınmalarda itkilərini də göz önünə çəkirlər. Onların qənaətinə görə, bu dəmiryol arteriyasının işləməməsi üzündən Rusiya hər il 300 milyon dollar pul itirmək məcburiyyətindədir. Yerevansa rusları bu itkinin qapadılmasına inandırmaq üçün dəridən-qabıqdan çıxmaqdadır.
   
   Amma ermənilərin qarşısında yalnız rusları inandırmaq məsələsi durmur. Onlar gözəl anlayırlar ki, belə bir layihənin həyatda reallaşması üçün mütləq buna Gürcüstanın da razılığı lazımdır. Çünki Rusiya ilə Ermənistanın quru sərhəddi olmadığına görə, qatar ən yaxşı halda Gürcürtandan, onlar üçün ən pis halda isə Azərbaycandan keçməlidir. Azərbaycan variantının heç cür baş tutmayacağını bilən Yerevan Gürcüstanı da ruslar kimi müxtəlif cür formalarda inandırmağa cəhd göstərir. Bu arada onu da qeyd etmək istəyirəm ki, hiyləgər ermənilər Gürcüstana daha tutarlı təsir görtərmək məqsədi ilə Avropa Birliyinə də müraciətlər etməkdədirlər.
   
   Əslində onların bütün bu təbliğatı, təşəbbüsləri yalnız iki məqsədə hesablanıb. Birincisi, özləri vəsait sərf etmədən adları çəkilən dövlətləri bu layihəyə cəlb etmək, ikincisi isə, yuxaırda dediyimiz kimi, sırf daxili auditoriyaya hesablanmış təbliğat üçündür. Amma ermənilər başa düşməlidirlər ki, onların hər iki məqsədi iflasa məhkumdur. Çünki Gürcüstan onun ərazisini ikinci dəfə işğala məruz qoyan Rusiya ilə bu anlaşmanı qəti qəbul etməz. Daxili auditoriya üçün isə bu, işə heç yaramayacaq. Onlar üçün hər şeyin aqibəti məlumdur. Erməni əhalisi Dağlıq Qarabağın müstəqil dövlət olacağı, Türkiyə ilə sərhədlərin açılacağı, iqtisadi inkişafın başlayacağı... kimi iddiaların uydurmadan başqa bir şey olmadığını artıq qəbul ediblər.
   
   Bunlardan başqa, İranla sərhədlərə və çox sıx münasibətlərə malik olsalar da dəmiryolunun Tehranadək işləyəcəyi də real görünmür. Ən azı yaxın perspektiv üçün. Çünki hazırda Qərbin güclü sanksiyalarına məruz qalan İranın başı öz dərdlərinə qarışıb. Heç qarşışmasa belə, Yerevanla Tehranın dəmiryol xətti ilə birləşməsi Ermənistana indiki situasiyada xeyirdən çox ziyanı dəyə bilər.
   
   Əslində bütün bunlardan sonra ermənilərin başqa iddialarla da çıxış edəcəyi indiki məqam üçün gözləniləndir. Çünki hakimiyyət real olan, real olmayan hər cür təbliğatdan yararlanmağa çalışır. Əgər qarşıda prezident seçkilərinin də olacağını nəzərə alsaq, Ermənistan hakimiyyətinin vurnuxmalarını təbii hesab etmək lazımdı...
   
   
   
   

TƏQVİM / ARXİV