adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ALMAN QABAQDANGƏLMiŞLiYi...

BABƏK YUSİFOĞLU
47502 | 2012-05-16 06:44
Son vaxtlar Almaniya ilə Azərbaycan mətbuatında qarşılıqlı ittihamlar səslənməyə başlayıb. Və bu proses ölkəmizin düşmənləri tərəfindən məqsədli şəkildə şişirdilərək siyasi böhran səviyyəsində dünya ictimaiyyətinə təqdim olunur. Əslində, Azərbaycana qarşı ittihamların mahiyyətinə varanda açıq-aydın bəlli olur ki, bütün bu təbliğatın arxasında erməni diasporunun əlində maşa rolunu oynayan qatı ermənipərəst qüvvələr durur. Maraqlıdır ki, bu ideoloji və siyasiləşməkdə olan kampaniyaya bəzi rəsmi diplomatlar da qoşulub. Və həmin diplomatlara, bəzi alman media nüsxələrinə, eləcə də ölkəmizdəki adını müxalifətçi qoymuş bəzi ideoloqlara elə gəlir ki, əgər ölkəmiz haqqında almanlar söz deyirlərsə, demək hər şeydə haqlıdırlar. Axı, onlar inkişaf etmiş avropalılardır...
   
   Məncə hamı, elə həmin avropalıların özü də bir qədər geniş şəklidə bu barədə düşünsə hər şeyin tərsinə olduğunun asanca şahidi ola bilər. Avropalı olmaq əgər müasirlik, demokratiya, insan hüquqları, ədalətlilik... deməkdirsə, onda qoy onların özləri bəzi suallara cavab versinlər: bir əsrdə bəşəriyyətə heyrətamiz faciələr, ölümlər, zorakılıqlar yaşadan iki dünya müharibəsinin müəllifləri avropalılar deyilmi?!
   
   Hələ XIX-cu əsrə qədər onların bütün dünyada işğal etdikləri ölkələrin, xalqların başına açdıqları müsibətləri sadalamaq istəmirəm. Azərbaycanın torpaqlarını işğal edən Ermənistana dəstək verənlər, Azərbaycanın bir milyondan çox qaçqınını, köçkününü görməzdən gələnlər, əvəzində işğalçı Ermənistana hər cür yardım göstərənlər həm də avropalılar deyilmi?! Bir neçə nəfərin hüququnun pozulduğunu bəhanə edərək ölkəmizə təzyiqlər göstərən nemeslər bəs nə yaxşı o bir milyon qaçqının ən təbii insani hüquqlarının pozulduğunu kor gözləri ilə görüb haray qaldırmırlar?!
   
   Əgər nemeslər 20 illik qaçqın həyatı sürən insanların hüquqları üçün dillərini qarınlarına qoyublarsa, ATƏT-in Minsk qrupu maskası altında oynanılan oyunların tərəfdaşına çevriliblərsə, demək onların dedikləri heç bir sözün ədalət yükü yoxdur. Ona görə də hoqqabazlıq etmək lazım deyil. Nemeslər indi də Azərbaycanın nüfuzuna xələl gətirmək üçün ermənilərin sifarişi ilə cürbəcür manevrlərlə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Erməni və erməni yönlü alman, rus mediası da bu işdə onlara böyük dəstək verir. Təzəlikcə Almaniyanın "Der Spiegel" həftəlik jurnalı belə bir iddia ortaya atıb ki, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün hazırlanan NABUCCO qaz kəməri layihəsinin tikintisində iştirakı nəzərdə tutulan almanların RWE Konserni layihənin işindən imtina etməyə hazırlaşır.
   
   Söyləndiyinə görə, bu haqda konsernin rəsmi nümayəndəsi bazar günü açıqlama verib. Və məlumatı yayan "dra" agentliyi də "Der Spiegel"-in dərc etdiyi iddiaları təsdiqləyib. Yayılan məlumatlarda səbəb kimi o göstərilir ki, guya konsernin layihədə iştirakdan imtina edəcəyi "NABUCCO"-nun tikintisinin xərclərinin ikiqat artması ilə bağlıdır. Belə ki, xərc 9 milyard avrodan 15 milyarda qədər yüksəlib. Bundan başqa "Deutsche Welle"-də xəbər verir ki, Azərbaycan və Türkmənistan gözlənilən həcmdə qazın nəqli üçün əsaslı təminat vermir. Həmin mənbə onu da bildirir ki, alman konserni layihədən çıxdığını hələ ki, qəti olaraq açıqlamayıb. Amma bununla belə konsernin rəsmi nümayəndələri Berlin və Brüsselin siyasilərini belə perspektiv barədə məlumatlandırıb.
   
   Bu ərəfədə RWE Konsernin belə bir qərar qəbul etməsi iqtisadi addımdan çox siyasi gedişə daha çox bənzəyir. Ona görə də "Qoca qitə"nin Almaniya kimi böyük dövlətinin bu cür bəsit oyunu həqiqətən də çox mənasız görünür. İnanmaq olmur ki, nemeslər bura qədər enə bilərlər.
   
   Çünki bütün dünyada hər kəsə məlumdur ki, "NABUCCO" sözün əsl mənasında Azərbaycanın yox, məhz Avropanın, eləcə də Almaniyanın enerji təhlükəsizliyinə xidmət göstərəcək. Buna görə də hansısa konsernin layihədən çıxacağı ilə səsləndirdiyi hədələr əslində Azərbaycana yox, birbaşa Avropanın özünə yönəlib. Çünki məhz onların bizim qazımıza böyük ehtiyacı var. Başqa dövlətləri sadalamaq istəmirəm, onlar özləri də yaxşı bilirlər ki, elə təkcə Rusiya Bakıdan çox böyük həcmdə qaz almağa hazırdır. Özü də o da nəzərə alınmalıdır ki, bunun üçün hazır kəmərlər də mövcuddur. Və Azərbaycan vaxt və əlavə qaz itkisinə yol vermədən məhsulunu Rusiyaya sata bilər.
   
   Ona görə almanların RWE Konserni əziyyət çəkib siyasiləşməklə özünü Azərbaycana təzyiq rıçağı rolunda görməsin. Əksinə onlar Bakıdan dönə-dönə xahiş etməlidirlər ki, Almaniyanın da enerji təhlükəsizliyini üzərinə götürsün. Yox, əgər layihədən çıxmaq istəyirsə buyursun, getsin ya Rusiyanın, ya da İranın xaltasını boynuna keçirsin. Və bundan sonra nə qədər istəyirsə jurnallarında hədərən-pədərən yazılarla çıxış etsinlər. Və yaddan çıxarmasınlar ki, Azərbaycana qarşı təzyiq kampaniyası ilə istədiklərinə nail ola bilməzlər.
   
   

TƏQVİM / ARXİV