adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

OğLUMA BEŞ MƏKTUB

19997 | 2012-05-15 07:40
(Əvvəli qəzetin 12 may sayında)
   
   Bu ərəfədə eşitdim ki, anan səni də götürüb Gəncəyə, anasının yanına qayıdıb. Artıq bir aydan çox idi ki, səni görmürdüm. Bütün günü birlikdə keçən o günləri, sənin qayğısız, dəcəl, şirin-şəkər günlərini, hər anı səninlə dolu olan xatirələri xatırlamaqla məşğul idim. Hələ ananla danışırdıq. O da, mən də darıxdığımızı bildirir, bir-birimizi görməyə can atırdıq. Yayın dəhşətli istiləri, pulsuzluq və ehtiyac, işdə üzləşdiyim haqsızlıqlar məni çox bezdirmişdi. Günlərin birində anan zəng eləyib Bakıya gələcəyini dedi. Dayısı oğlu hərbi xidmətdən qayıdır, xalası qızı nişanlanırdı. Siz gəldiyiniz gün axşam özümü ananın dayısı oğlugilə çatdırdım.
   
   Mən şəhərin ən xaraba yerində kirayədə qalırdım. Sən isə ananla Lökbatana qonaq gəlmişdin. Gəldim, görüşdük, oynadıq və mən qaldığım evə qayıtdım. Həmin gün səhərə qədər öz talesizliyimə, öz şansızlığıma ağladım. Sənsiz qalmağıma, sənə qovuşmaq üçün heç bir imkanım olmadığına ağladım. Sonra anan məni xalası qızının nişanına dəvət elədi. Pulsuzluqdan gələ bilmədim. Sonra anan dayısı oğlunun maşınında səni parka, dənizə apardı. Bir neçə gün yanıb qovrulsam da, sənin üzünü görə bilmirdim. Anan artıq xalasigildə qalırdı. Bir gün borc alıb gəldim səni görmək üçün. Ananla mübahisə elədik və anan məndən yenə küsdü. Sonra ona nə qədər zəng elədimsə, zənglərimə cavab vermədi. Siz Gəncəyə qayıtdınız. Mən isə sərgərdan və səfil bir həyat yaşamağa başladım. Bir ay sonra toparlandım, bir dostumdan borc alaraq sizi Bakıya gətirmək üçün arxanızca gəldim. Əvvəl səninlə gəzdik, sonra anana zəng elədim ki, hazırlaşsın. Amma nənən sənin arxanca parka gəldi, boşanmaq üçün ərizə verdiklərini dedi. Anan isə mənimlə, ümumiyyətlə, danışmaqdan qaçdı. Bakıya qayıdıb içkiyə qurşandım...
   
   Evim və işim olmadığı üçün anan məndən ayrılmaqda israr elədi və günlərin bir günü mənə məhkəmədən çağırış gəldi. Üç dəfə məhkəməyə getməkdən imtina elədim. Amma gec-tez getməli idim.
   
   
   
   Noyabr, 2010
   
   
   
   Dördüncü məktub
   
   
   
   Salam, oğlum.
   
   Nəhayət, sonuncu çağırışdan sonra məhkəməyə getdim. Artıq məhkəmədən yayınmaq xeyrimə deyildi. Sözün düzü, ananla qarşılaşsam, barışacağımızı düşünürdüm. Həm də səni görmək üçün burnumun ucu göynəyirdi. Məhkəmə saatında nənən gəldi. Nə anan, nə də sən məhkəmədə yox idiniz. Məhkəmə çox qısa çəkdi, nənən məni xeyli tərifləsə də, ananın nümayəndəsi kimi onun boşanmaqda israrlı olduğunu dilə gətirdi. Məhkəmə qısa çəkdi və biz ananla boşandıq.
   
   Hər şey o qədər sürətlə baş verdi ki, düşünüb bir qərar vermək imkanım olmadı. Artıq iki ay olardı ki, səni görmürdüm. Məhkəmədən sonra kəndimizə getdim. Heç bir təsəlli məni ovutmurdu. Əlimdən nə gələrdi ki? İki ay yeddi gün sonra görüşdük və o görüşü xatırlayanda indi də gözlərim dolur. Görüşümüzdən əvvəlki telefon danışığımızı xatırlayıram. Eyni cümləni təkrarlayıb, dururdun: "Atası, gəy məni kayuselə apay". Uzun müddətdən sonra çətinliklə də olsa, görüşdük. Bu iki ay yeddi gün çox dəyişmişdi səni. Düz bir saat boynumu qucaqlayıb buraxmadın. Parkdakı insanlar bizə elə qəribə baxırdı ki...Elə bil müdrik bir kişi olmuşdun. Baxışların çox şey deyirdi mənə.
   
   Əlinlə üzümə, saçıma, qulağıma, burnuma toxunub sanki mənim, atan olduğuma, yanında olduğuma əmin olmaq istəyirdin.
   
   Birdən məni məhv eləyən, qürurumu qıran bir sual verdin: "Atası, sənin niyə puyun yoxdu?" Utandım cavab verməyə. Səni bağrıma basıb ağlamağa gücüm çatdı.
   
   Sonra bir il öncə aldığım bapbalaca çantanı açdın. Əl yaylığına bükdüyün iki beş qəpikliyi ovcuma qoydun: "Atası, indi puyun oyajax..."
   
   İki həftədə 3 dəfə görüşdük. Hər dəfə də səni küçədə, sinəmə sıxıb yuxuya vermişəm. Çünki getmək, məndən ayrı qalmaq istəmirdin. Bilirsən oğlum, sənin ən böyük haqqındı mənimlə bir yerdə olmaq, mənimlə oynamaq, başını sinəmə qoyub yatmaq... İnan ki, bu ayrılığa mən nə səbəbkaram, nə də günahkar. Ananı da günahlandırma heç vaxt. Ən qəzəbli vaxtlarımda belə mən ona haqq qazandırıram. Bilirsən, hərdən evin kirayəsini verə bilmədiyim üçün internet klubda qalıram. Məncə, anan düzgün hərəkət elədi məni tərk eləməkdə. Onu özümə dərd ortağı eləməyə haqqım yox idi... Onu çox incidirdim axı... Sənin verdiyin iki beşqəpikliyi ümidsiz anlarımda bərk-bərk əlimdə sıxıram.Özümə də, taleyə də lənət yağdıra-yağdıra səfil həyatıma davam edirəm. Böyüyəndə məni anlayacağına, mənsiz qaldığın günlərin hesabını məndən sormayacağına inanmaq istəyirəm...
   
   Dekabr, 2010
   
   
   
   Beşinci məktub
   
   
   
   Salam, oğlum.
   
   Sənin üçün çox darıxmışam. Əvvəllər sənin üçün darıxanda hər gün ağlayırdım, hər gecə sənin balaca corablarını əlimdə sıxıb, qoxlayıb sonra yuxuya gedirdim. İndisə, ən gözəl fotolarını divara asdım və gecələr işığı söndürmədən, sənin məsum üzünə baxa-baxa yuxuya gedirəm. Bir il əvvəl telefonda danışanda: "Gəl məni karuselə apar!" - deyirdin, indi telefonu götürən kimi məni ittiham eləyirsən. Bu gün bir ay bir həftədir ki, sənə sarıla, bağrıma basa bilmirəm. Hərdən düşünürəm ki, mən bütün bunlara layiq deyildim.
   
   Mənim daha çox haqqım vardı səninlə birlikdə olmağa. Ananla ayrılanda sən çox kiçikdin, heç nə anlamırdın. İndi günbəgün böyüyürsən, ətrafında baş verənləri anlamağa çalışırsan. Əvvəl mənsiz qalmaq sənin üçün çox çətin idi, hər dəfə görüşəndə ayrılmaq istəmirdin. İndi mən sənin üçün uzaqlarda, hansısa uzaq bir şəhərdə yaşayan tanıdığın bir adam kimiyəm. Böyüdükcə atasızlığı dərk edəcəyindən, məni ittiham edəcəyindən qorxuram, oğlum! Sənin qarşında çox günahkaram. Səndən çox utanıram.
   
   Bir gün mənim üçün utanmayasan deyə, hər şeydən imtina etməyə, hər şeyi yenidən başlamağa çox cəhd eləmişəm. Amma bacarmamışam. Olmur! Heç nəyə yenidən başlamaq olmur, gözümün nuru!
   
   Bilirsən, oğlum, bu şəhərdə "dayılar", "əmilər", "xalalar" çox qəddardır. Burada hər kəs başqasını əzməyə, incitməyə meyllidir.
   
   Bilsən nələrə qatlanıram? Yaşamaq, sənin xoş gələcəyini qurmaq, sənə layiq olmaq üçün çox çalışıram. Bəzən şəxsiyyəti beş qəpiyə dəyməyən adamlara əyilməyə məcbur oluram.
   
   Yuxusuz gecələr, depressiya, içki...
   
   Eh... sən hələ bunları anlayacaq yaşda deyilsən. Gəl, sənin anlayacağın dildə danışaq.
   
   Bax, oğlum, sənə təzə paltar, oyuncaq, şirnilər almaq üçün çoxlu işləməliyəm.
   
   Gözümün nuru, gecə-gündüz işləsəm də, ayda bir dəfə gəlib səni görə bilmirəm.
   
   Amma bilirəm ki, təzə paltarın, oyuncağın, şirnilərin var.
   
   Oğlum, bu şəhərdə yaxşı insanlar da var.
   
   Mehriban, qayğıkeş dayılar, əmilər, xalalar da var. Sən və yaxşı insanlar olmadan bircə gün də həyatın dadı qalmaz, yaşaya bilmərəm.
   
   Yadındadır, balaca bir oyuncaq maşının vardı? Sonuncu dəfə gələndə əlində bərk-bərk sıxmışdın, sonra onu itirdin. Onun əvəzinə sənə çoxlu oyuncaqlar aldım. Sənə bir sirr açım. O oyuncaq maşının hara düşdüyünü bilirdim. Amma tapıb sənə vermədim.
   
   Bilirsən niyə? Sən yanımda olmayanda onunla başımı qatmaq üçün. Yəqin atanın bu hərəkətini bağışlayarsan. Gözümün nuru, sənin üçün hər gün daha çox darıxıram.
   
   Əminin balaca, şirin-şəkər qızları çığıra-çığıra evdə qaçışanda otağımın qapısını arxadan bağlayıb ağlayıram. Balaca uşaqlarının əlindən tutub gəzməyə gedən valideyinləri görəndə, utanıram. Niyə bütün bunları yaşadıq?
   
   Sənin atasız böyüməyin, ata xiffəti eləməyin məni hər şeydən daha çox incidir.
   
   Bilirəm, sən də atasının əlindən tutub karuselə gedən balaca uçaqları görəndə kövrəlirsən. Sənin istəklərindən xəbərsiz səndən uzaqda yaşamaq çox çətindir.
   
   Hər görüşdə bir az da böyüdüyünü görüb sevinsəm də, səninlə ürəyim istəyən qədər, sənə lazım olan qədər vaxt keçirə bilməməyimə çox üzülürəm.
   
   Bağışla məni oğlum...bağışla..
   
   Sənə deyiləcək o qədər sözüm var ki amma qəhər məni boğur, yaza bilmirəm...
   
   Sənə yenə yazacam.
   
   Öpürəm......
   
   Sənsizliyə məhkum olan, gülüşünə həsrət qalan atanı anlamağa çalış, gözüm nuru. Böyüdükcə, məni bağışlamağı da öyrən.
   
   
   
   Yanvar, 2012

TƏQVİM / ARXİV