adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DƏNiZ CƏNGAVƏRi

BABƏK YUSİFOĞLU
37243 | 2012-05-15 07:40
(Əvvəli qəzetin 8 may sayında)
   
   Əvvəllər dəniz vasitəsi ilə kəşf olunan ərazilərdən, yaxud dəniz quldurlarından söz düşəndə niyəsə həmişə Avropanın okean sahilində yerləşən dövlətlərin dənizçiləri təsəvvürümə gələrdi - portəgizlər, ispanlar, ingilislər... Bilirdim ki, bu cür ölkələrdə dənizçilik, gəmiqayırma sahəsi hələ orta əsrlərdən başlayaraq daha yaxşı inkişaf etmişdir. Hətta bu sahə cəmiyyətin həyatına elə daxil olmuşdu ki, avropalı yazarların bir çoxu məhz bu mövzulardan əsərlər yaradaraq dünya ədəbiyyatının korifeyləri sırasına adlarını düzmüşlər. Və etiraf edim ki, tələbəlik illərində bu mövzuda yazılan əsərləri də həvəslə oxuyardım. Bəlkə də elə həmin əsərlərin təsiri idi ki, adı "dəniz quldurları" adlandırılan insanların çoxu təsəvvürümüzdə olan qorxunc quldur kimi yox, qəhrəmanlar kimi canlanardı.
   
   O vaxt bizim üçün onların hamısı avropalı idi. Yaxşıları da, qorxuncları da. Ağlımıza gəlməzdi ki, nə vaxtsa real həyatda onların sırasında müsəlmanlar da olub. Amma sən demə varmış. Özü də bir türk. Əlbəttə, sözün gerçək mənasında dəniz quldurluğu tərifəlayiq, qürurlanacaq bir "iş" olmasa da, onlardan bəziləri həqiqətən də qəhrəman kimi tarixdə iz qoya biliblər. Çünki həmin şəxslər aid olduqları yerə, dövlətə xeyir verib, həmin dövlətin təəssübünü çəkiblər. Və yəqin ki, onlara pirat, quldur adını vermək də doğru seçim deyil.
   
   Həmin döyüşlərdə xeyli qənimət, xeyli sayda gəmiyə sahiblənən Oruc 1515-ci ildə yenidən çoxdan ayrıldığı Osmanlı qüvvələrinin himayəsinə keçməyi qərara aldı və rəsmən türk sultanı I Sultan Səlim Yavuzun donanmasına qoşuldu. Əslində həmin hadisədən üç il əvvəl taxta çıxan Sultan Səlim qısa zaman kəsiyində Osmanlı torpaqlarını daha da genişləndirməyə nail olmuş, Avropada, Asiyada, hətta uzaq Afrikada belə məğlubedilməz hökmdar kimi tanınmağa başlamışdı. Və o, dənizlərdə ardıcıl şücaətlər göstərən qardaşların gücünə də sahiblənməkdə xeyir gördü. Buna görə də Sultan onların bəzi özbaşınalıqlarını bağışladı. Hətta fəaliyyətlərini də qiymətləndirib xüsusi silah və xələtlərlə mükafatlandırdı. Bundan sonra Sultan Səlim onun iradəsi altında fəaliyyət göstərəcəklərini əmr etdi.
   
   İspaniya kralı V Ferdinandın ölümündən sonra Əlcəzairin əhalisi yeni krala itaətdən imtina etdilər. Amma anlayırdılar ki, bu onlara çox baha başa gələ bilər. Və bundan ötrü də kömək üçün Oruca xəbər yolladılar və 1516-ci ilin baharında onun donanması ölkəyə sahib çıxmaq üçün hərəkətə keçdi. Aparılan bir sıra uğurlu hərbi əməliyyatlardan sonra Orucun qüvvələri Əlcəzairin bir sıra ərazilərində nəzarəti ələ aldılar. Həm də şeyx Salem ət-Tumini xəyanətinə görə öldürən Oruc yerli əhalinin böyük rəğbətini qazanmış oldu. Camaat artıq onu hökmdar kimi görmək istədiyirdi. Buna görə də onu sultan elan etdilər. Əslində elə real hakimiyyət də Orucun əlində idi. Tarixçilər yazır ki, həmin dövrlərdə onun adına hətta pullar da basıldı. Amma bütün bunlara baxmayaraq Oruc anlayırdı ki, Avropadakı böyük düşmənlər bu ölkədən asanlıqla əl çəkən deyillər. Onsuz da onun sultan elan edilməsi artıq Avropada güclü rezonans yaratmışdı. Oruc qabaqlayıcı tədbirlər görmək üçün işə başladı və istehkamları gücləndirdi, müdafiə üçün şəhər ətrafında yeni səngərlər yaratdı.
   
   
   
   ADMİRAL ÜZƏRİNDƏ QƏLƏBƏ
   
   
   
   Onun təxminləri düz çıxmışdı. Belə ki, 1516-cı ilin sentyabrında İspaniya kralı ölkəni və Orucu cəzalandırmaq üçün admiral don Dieqo de Verin komandanlığı altında Əlcəzairin üzərinə bir neçə gücləndirilmiş eskadria göndərdi. Uğurlu manevrlərdən sonra ispan əsgərləri sahilə çıxa bildilər. Admiral bunun üçün 3 min əsgəri hücuma çəkmişdi. Amma döyüşlər ehtimal edildiyi kimi qısa sürmədi. Və bu müddət ərzində gedən toqquşmalarda hansısa tərəfin uğur qazandığını söyləmək olmazdı. Lakin oktyabrın 4-də Oruc bir daha öz bacarığını Avropanın sayılıb-seçilən admiralına, eləcə də onun simasında bütün Avropaya göstərdi ki, müsəlmanlar, xüsusən də türklər onlardan daha güclü, daha bacarıqlıdırlar.
   
   Xeyli vaxt düşmənə öldürücü zərbə vurmaq üçün yollar arayan Oruc nəhayət həmin gün (oktyabrın 4-də) Ued-əl-Harraş çayı sahilində əlverişli mövqeyə çıxmağı bacararaq ispan ordusuna qəfildən sarsıdıcı zərbə endirdi. Belə ki, onlar ispanların sahilə çıxarılmış desant qüvvələrini sözün əsl mənasında darmadağın etdilər. Pamplon yepiskopu Sandovalya bu haqda yazır: "Bu döyüşdə türklər 3.000 nəfəri məhv etdilər, 400 dən çox əsgəri isə əsir götürdülər". İspan admiralı Dieqo de Ver özünü güclə xilas etdi. Amma İspaniya bu məğlubiyyəti qəbul etmək niyyətində deyildi. Edə də bilməzdi. Çünki bu səs-səda onun saysız-hesabsız koloniyalarına yayılsaydı hər yerdə ona qarşı hərəkata rəvac verərdi. Necə olursa-olsun bunların qarşısı alınmalıydı. Və buna hazırlığa başladı.
   
   
   
   SULTANA SIĞINMA
   
   
   
   Amma Orucu məğlub etmək elə də asan məsələ deyildi. Əksinə 1516-1517-ci illərin qış aylarında Oruc Ata İspaniyanın vassalı Tenes şəhərinin hakimi Əbu Abdullahın qoşunlarını darmadağın edib bir sıra əraziləri, yaşayış məntəqələrini öz nəzarəti altına aldı. Bundan sonra, 1517-ci ildə Tlemsen şəhəri üzərinə yeridi və Sidi-Bel-Abbas yaxınlığında III Əbu Hammın 9 minlik qoşununu məğlub etdi. Və bu zəfərdən sonra şəhər əhalisi özü qala qapılarını onun üzünə açdı. Bununlada Əlcəzair demək olar ki, onun hakimiyyəti altına keçdi.
   
   Lakin Oruc ağıllı və tədbirli adam idi. O hiss edirdi ki, dövləti saxlamaq, idarə etmək və ən başlıcası isə yadelli işğaldan qorumaq onun üçün çox çətin olacaq. Bu üzdən də Şimali Afrikada öz nüfuzunu saxlamaq naminə Osmanl sultanlarının xeyirinə sultanlıq titulundan imtina etdi. Onsuz da bir müddət əvvəl Oruc donanması ilə bərabər Sultan Səlimin himayəsinə daxil olmuşdu. Bu torpaqları da birbaşa Osmanlı imperiyasının qanadının altına salmaqla o, üzərindəki məsuliyyətin yükünü azaltdı. Elə Sultan Səlim də bu ağıllı adımına görə Orucu rəsmən həmin ərazilərin hakimi təyin etdi. Bununla yanaşı onun ordusunu möhkəmləndirmək üçün silah-sursat, döyüşçülər və toplar göndərdi.
   
   
   
   İSPANİYANIN QƏTİ ADDIMI
   
   
   
   Torpaqların əldən getməsi İspaniya kralı I Karlosu narahat etməyə bilməzdi. Buna görə də markiz de Komares adıyla məşhur olan don Dieqo de Kordovanın komandanlığı altında Şimali Afrikaya 10 minlik bir qüvvə göndərdi. Amma bu işdə Kordova da tək hərəkət etmədi və və dəfələrlə sınanmış bir hiylədən məharətlə yararlandı. Vaxtıyla Orucun həmlələrindən qaçıb canını qurtarmış Əbu Hammu da bu işə qoşdu. Markiz əmin idi ki, Orucu qatı düşməni bilən Əbu Hammu tapşırığı can-başla yerinə yetirəcək. Həqiqətən də o, ispanlardan aldığı köməklə birlikdə Tlemsenin Əlcəzair şəhəriylə əlaqələrini kəsməyə müvəffəq oldu. Məhz bundan sonra ispan qoşunları Tlemseni mühasiyə ala bildilər.
   
   Vəziyyətin mürəkkəbləşdiyini görən Oruc yerini dəyişməyə məcbur qaldı. Hərbi qüvvəsi ilə Meşaverə gəldi. Amma burada da mühasirəni dağıtmaq mümkün olmadı. 1518-ci ilin may ayında Orucun əsgərlərinin ərzaq ehtiyatı tükəndiyi üçün nəyin bahasına olursa-olsun o, vəziyyətdən çıxmağa qərar verdi. Ən sədaqətli əsgərləri ilə bərabər gecələrin birində münasib bildikləri istiqamətdən mühasirədən çıxaraq Ayn-Temuşənt yolu ilə irəlilərdi.
   
   Markiz de Komares onları ələ keçirmək üçün böyük bir dəstə göndərdi. Xeyli müddət mühasirənin əziyyətini çəkmiş, yorulmuş, hərbi sursat ehtiyatları azalmış dəstə çox yaxşı təminatlı ispan əsgərlərindən aralana bilmədi. Oruc və dəstəsi Rio-Salado səhrasında təkrar düşmənin mühasirəsinə düşdülər. Amma o, əsl cəngavər kimi əsir düşməyi ağlının ucundan belə keçirmirdi. Və elə həmin ərazidə tərəflər arasında qeyri-bərabər bir vuruşma başladı. Bu haqda məlumat verənlər yazırlar ki, Orucun dəstəsi inanılmaz dərəcədə müqavimət göstərirdilər. Onun özü isə yaralı aslanlar kimi döyüşürdü. İspanlar bu toqquşmada çoxlu əsgər itirdilər. Amma onların say üstünlüyü və daha yaxşı silahlanmaları öz sözünü dedi. Uzun çəkən qanlı çarpışmadan sonra dəstə məğlub oldu, bir çox yerindən ölümcül yaralanan Orucsa ələ keçdi.
   
   
   
   DƏNİZ CƏNGAVƏRİ ÖLDÜRÜLDÜ
   
   
   
   İspanlar onu tezliklə öldürdülər. Çünki belə bir adamı hətta əsir kimi də saxlamaqdan qorxurdular. Maraqlıdır ki, Avropanın ən öndə gedən dövlətlərinə neçə illər meydan oxuyan, onların canına qorxu salan bu dəniz cəngavəri haqqında avropalı tarixçilərin özləri belə çox xəsisliklə də olsa hörmələ yazırdılar. Onun cəsur, döyüşkən, bacarıqlı sərkərdə olduğunu etiraf edirdilər. İspan monax Dieqo de Aedo hadisələrdən sonra onun haqqında belə yazmışdı: "Oruc Barbarossa öldürülən zaman qırxdörd yaşındaydı. Boyca çox hündür olmasa da, mütənasib və möhkəm bədən quruluşuna malikdi. Onun saçları və bığı kürən idi. Parıldayan gözləri hərəkətli, qartal burunluydu. Onun rəngi nə qara, nə də bəyaz idi. Bu adam cəsur, qətiyyətli, igid, genişürəkli, təşəbbüdkar... sərkərdəydi. Orucu çox sevərdilər, hörmətini saxlayardılar, amma ondan həm də bərk çəkinərdilər. Orucun döyüşçüləri, həm də xidmətçiləri, yaxından tanıyanları onun ölümünə göz yaşları axıdırdılar... Onun özündən sonra heç bir övladı - nə qızı, nə də oğlu qalmayıb".
   
   Göründüyü kimi, düşmən tərəfi belə bu igid sərkərdə haqqında çox şeyi deməslər də onun adını hörmətlə xatırlayır, onu əsl əsgər kimi təsvir edirdilər. Onun qeyri-adi döyüş bacarığını təsdiqləyirdilər. Çünki Oruc Ata uzun illər kralların, adlı-sanlı sərkərdələrin yuxusuna haram qatmış, neçə-neçə döyüşü zəfərlə başa vurmuşdu. Ən son döyüşdə sayları düşməndən çox az olsa belə o, qorxmadan vuruşa atılmış, cəsur türk əsgəri kimi həlak olmuşdu. O elə bir ad qazanmışdı ki, üstündən beş əsr keçsə də dənizlər indi də onun adını daşıyan gəmilərin şahididir. Çünki onun adını daşıyan bir neçə türk gəmisi indi dünya sularında üzməkdədir. Və özü yaşamasa da bu dəniz cəngavərinin adı və xatirəsi beləcə dənizlərdə və gəmilərdə bu gün də yaşayır...

TƏQVİM / ARXİV