adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

iNCƏLi QAçAQ iSMAYIL

22019 | 2012-05-12 07:31
Texniki səbəblər üzündən ötən şənbə sayımızda "Qaçaq İsmayılın mənzərəsi (etüd)" təkrar çap olunmuşdur, ancaq yazıda Abbas bəyin surəti təqdim olunmuşdur. Yol verilmiş qüsura görə oxuculardan və müəllifdən üzr istəyirik.
   
   
   
   (əvvəli ötən
   
   şənbə sayımızda)
   
   
   
   Biz ötən saylarımızda Qaçaq İsmayıl haqda mənzərənin birinci etüd cizgilərini təsvir etmişdik. Bu sayımızda qaçaq Kərəmlə, İncəli Qaçaq İsmayılın necə tanış olmaları və İncə dərəsinə səfərlərini ustad aşıq, Sadıq Avdıoğlunun düzüb qoşduğu, məclislərdə sevə-sevə oxuduğu balaca bir dastan parçası ilə nəzərinizə çatdırmağa çalışacağam.
   
   Mərhum yazıçımız Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında Kərəmin ən sadiq dostu, silahdaşı Qaçaq İsmayıl haqda geniş məlumat verilib. Onu da qeyd etmək yerinə düşərdi ki, istedadlı qələm sahibi Telman Qəhrəmanlının qələmə aldığı "Qaçaq İsmayıl" dastanını da çox uğurlu əsər hesab etmək olar. Telman müəllimin bu dastanından da bəhrələnmişəm və fürsətdən faydalanıb ona da təşəkkürümü bildirirəm.
   
   ...Bəli, məclis davam edir, ehtiyatda olan başı xəmirlilər yenidən növbəyə dayanır, badələr dolur, boşalırdı. Məclisin durulan vaxtı Aşıq Sadıq böyük şövq ilə var- gəl edib, şirmayı qollu sazının aşıqlarını tərpədərək kökü nizamladi və gümüş tellərə bir mizrab çəkib dastanına başladı:
   
   -Hə, mənim əzizlərim, o vaxtıydı ki, artıq Qaçaq İsmayılın şan-şöhrəti ətraf bölgələrdə- Göyçə, Borçalı, Qazax və Şəmşəddin ellərində dildən-dilə dolaşmaqda idi. Adam öldürüb qaçaqlıq etmək Omar oğlu İsmayılın heç bir zaman ağlına belə gəlməzdi. Amma gör fələk nə sayır...
   
   Yoxsulluq, kasıblıq ucbatından Borçalıya üz tutmub, İbrahim adlı kəmfürsət, imansız bir ağaya çobanlıq edir. Şərtləşməyə görə bir ilin tamamında ağadan zəhmət haqqı olaraq 20 baş erkək almali imiş. İnsanlıqdan, kişilikdən payı olmayan ağa isə əvəzində varına, puluna güvənərək, İsmayılı söyür, təhqir edir və evindən qovur. Dünya başına tərs fırlanan İsmayıl əlindəki dəmir qarmaqlı çomağı ilə ağanın başını iki yerə bölür.Qaçmağa cəhd eyləsə də canını qurtara bilmir və Tiflisdəki "Metex" qalasına düşür. Oradan qaçmaq nə qədər müşkül məsələ olmasına baxmayaraq, ölümü gözlərinin altına alan İsmayıl, dostlarının köməyi ilə planlar cızır. Döşək ağlarından uzun kəndir düzəldib, yağışlı, çovğunlu bir gecədə sal qayalar üzərində bərqərar olmuş o müdhiş qaladan Kürə tullanır. Nazorların duyuq düşməsinə baxmayaraq İsmayıl ələ keçmir və o gündən Qaçaqlıq həyatı talehinə möhürlənir...
   
   Məclis üzvləri böyük heyranlıqla Aşıq Sadığın hər kəlməsinə, hər hərəkətinə, diqqət kəsilmişdilər. O aramla var-gəl edib böyük ustalıqla bir ustadnamə oxudu və dastanın davamını söyləməyə başladı:
   
   - Bəli mənim əzizlərim, evindən çoban adıyla çıxan Omar oğlu qara İsmayıl indi Qaçaq İsmayıl kimi geri qayıtmışdı. Qısa bir müddət keçməsinə baxmayaraq artıq Qaçaq İsmayılın igidliyi, şöhrəti dillərdə dolaşırdı. Yeri, yurdu heç kimə bəlli olmayan bu igidin sorağı gah Ceyrançöldən, gah Candardan, gah Qaraçöpdən, gan da Vəlixan meşələrindən gəlirdi...
   
   Soyuq mart, aprel ayları artıq arxada qalmışdı. İsmayıl oturduğu qara daşın üstündən durub, təzəcə göyərmiş sarı çiçəkli çəməndə otlayan göy üryəsinə yaxınlaşdı. "Bu gecə evə baş çəkim. Balaca Pərimçün burnumun ucu göynəyir. Həm də çimim, evimin hənirini duyum"- deyib ağrılı- acılı fikirləri başından qovmağa çalışdı.
   
   Evə çatanda artıq hava qaralmış, göz- gözü görmürdü. Həyat yoldaşı Tükəzban xanım İsmayılı görəndə sevincini gizləyə bilmədi. Dalına şələlədiyi balaca Pəri səsə gözlərini açdı. Bu balaca ailə bir an içində xoşbəxtlik işığına qərd oldular.
   
   İsmayıl yeməkdən əlini təzəcə çəkmişdi ki, qulağına at ayaqlarının səsi gəldi. Ağ pərdələri aralayıb pəncərədən çölə baxdı. Gələnlər bir dəstə pristav atlılarıydı. Bir an da gecikmək olmazdı. Cəld heybədən bir ovuc güllə çıxarıb beşaçılanı Tükəzbana uzatdı:
   
   -Bunların başını qat, - deyib özünü arxa pəncərədən bağa tulladı. Tut ağacına bənd elədiyi göy üryənin belinə sıçramağıyla qaranlıq gecədə qeyb olması bir oldu. Tükəzban açıq pəncərədən atlılar tərəfə bir güllə atdı. Atlılar pərən-pərən düşüb tez evi mühasirəyə aldılar. Dəstənin başçısı Abbas bəy amiranə səslə:
   
   -İsmayıl, xoşluqla təslim ol.Qan tökülməmiş, ailənə, özünə yazığın gəlsin - deyib, İsmayıldan cavab gözlədi.
   
   Vaxtı uzatmaq üçün Tükəzban xanım evdən Abbas bəyi hədələyərək:
   
   - Adınızı kişi qoyub, dəstə- tifaqla bir qadın xeylağına hücum çəkirsiz. Vallah hamınızı bircə- bircə dənləyərəm- deyib əli tüfəngli çölə çıxdı. Abbas bəy çox tədbirli adam idi.
   
   - Ay arvad, icazə ver evi yoxlayaq, əgər İsmayıl evdə olmasa sizinlə işimiz yoxdu - deyib başı ilə əsgərlərə işarə etdi. Dörd bir tərəfdən silahlı dəstə evə soxuldular. Səs - küydən vahiməyə düşən Pəridən başqa evdə heç kəs yox idi.
   
   Rütbəsinin böyüməsi üçün İsmayılın arxasınca kölgə kimi sürünən Abbas bəy çox ciddi cəhdlə onu diri tutmaq niyyətindəydi. Bu dəfə İsmayılın sorağını Fərəhli meşəsindən almışdı...
   
   İsmayıl mamırlı bir kötüyün üstündə oturub xəyala getmişdi. Cəh-cəh vuran quşların könül oxşayan nəğmələri belə onu dolaşıq düşüncələrindən ayıra bilmirdi. Nəhayət başını qaldırıb, əvvəlcə uzaqlara, sonra isə meşənin ətəyindən üzü yuxarı qıvrılan yola nəzər saldı. O uzaqdan gələn atlı dəstəsini görüb, dəstənin başında gələn Abbas bəyi ürəyində asıb-kəsməyə başladı: "Ay it oğli it, məni qova- qova niyə qatilə çevirirsiniz? Nə pisliyim keçib sizlərə, nə etmişəm sizə?
   
   Niyə əl çəkmirsiz məndən?"- deyib havaya bir güllə atdi. Bu Abbas bəyə -mən burdayam- işarəsi idi. Sonra tüfəngi bir yana qoyub üzü göylərə pıçıldadı:
   
   
   
   Qadir Allah, mənim keç günahımdan,
   
   Bu tökülən qanı günaha yazma.
   
   Qoyma murazımı gözümdə qalsın,
   
   Sonuncu gümanı son aha yazma.
   
   
   
   - Ey qurban olduğum, bir özün şahidsən ki, mən nahaq qan tökən deyiləm. Bunlar mənim qəsdimə fərman veriblər. Onların qanını mənə halal elə- deyib, çəhlimin başında, qoca bir palıdın arxasını səngər edərək ona tərəf sürünən gənc jandarmı nişan aldı. Beşaçılan açılan kimi sürünən əsgər balıq kimi bircə dəfə partlayıb yerindəcə qaldı.
   
   Abbas bəy İsmayıl tərəfi güllə-boran etdi. Bir an keçməmiş başqa bir tərəfdən gullə açıldı. Sinəsindən vurulan əsgər Abbas bəydən imdad istəyirmiş kimi əllərini ona uzatdı və çarəsiz bir vəziyyətdə üzü üstə yerə sərildi. Özünü itirib, təşvişə düşən Abbas bəy əsgərlərə gizlənmək əmri verdi. İsmayılın yerini heç cür dəqiqləşdirmək olmurdu. O qalın meşədə gözə görünməz əzrayıla dönmüşdü.
   
   Patrondaşının seyrəlməsini hiss edən İsmayıl güllələrini saymağa başladı.Cəmi üç gülləsi qalmışdı.
   
   O güllənin birini ayırıb sol cibinə qoydu. Ağaca dırmanan jandarmı gözü aldı. Görünür o ağac başından İsmayılı daha dəqiq nişan almaq qərarındaydı.
   
   İsmayıl qaratoyuq nişan alırmış kimi beşaçılanı üzünə qaldırdı. Budaqdan şaqqıltı ilə düşən əsgər Abbas bəyin düz qabağında çabalayaraq can verirdi. Abbas bəy qəzəblə ayağa qalxıb İsmayılı ən qaba söyüşlərlə söyməyə başladı.
   
   -Gəl, nişana gəl - deyib İsmayıl sonuncu gülləni beşaçlanın lüləsinə itələdi. Güllə açılmağı ilə Abbas bəyin qırmızı zolaqlı papağının göyə uçmağı bir oldu. Abbas bəy bir anlıq ayaq üstə dayanıqlı qaldı. Alnından axan qızıl qan qara, şəvə kimi saqqaləndan süzülməyə başladı. O, gövdəsindən kəsilmiş ağac kimi arxası üstə yerə sərildi.
   
   Qaçaq İsmayılın qəzəbli hayqırtısı yerlərində donub qalmış əsgərləri sanki yuxudan oyatdı.
   
   - Köpək uşaqları, cavansız, sizə yazığım gəlir. Bilirəm sizdə bir günah yoxdur. Çıxın cəhənnəm olun burdan. Yoxsa sərçə balası kimi bir-bir dənləyərəm sizi.
   
   Çiynindən aldığı yaranın ağrısın hiss edən İsmayıl papağı ilə alnının tərini sildi. Cibindəki yaylığı çıxarıb yandırdı. Qorlu əsgi yanığını bir yarpağın ustünə qoyub yarasının üstünə basdı.
   
   (ardı var)

TƏQVİM / ARXİV