YUXUSUZ GECƏNiN YARIMçIQ SÖHBƏTi

ƏBÜLFƏT MƏDƏTOĞLU
34305 | 2012-05-12 07:31
Həmin gün dünya heç özündə deyildi. Elə bil Yer kürəsi öz oxundan çıxmışdı və fırlana-fırlana da gəlib bir boşluğa sancılmışdı. Bu boşluqda sükut hökmran olsa da, bir donmuş ruh da var idi. Bunu görməsəniz bəlkə də inanmazsınız. Çünki donmuş ruhlar adama ölmüş təsiri bağışlayır və sən də ölü canlardan ehtiyatlandığın üçün ona tərəf baxmaq istəmirsən. Əslində isə bu belə deyil. Donmuş ruhların içərisİndə elə bir od var ki, o, ilk tərpənişdən alışmağa, partlamağa, ətrafını yandırmağa qadirdi. Sadəcə, o tərpənişi gözləyir, o ana möhtacdır. Bax, həmin gün mən o anı gözləyən, o ana möhtac olan donmuş ruha daha çox oxşayırdım. Sən isə...
   
   Hələ dan sökülməmişdi... bəlkə də heç sökülməyəcəkdi... bəlkə də vaxtından tez və yaxud gec söküləcəkdi. Bütün bu bəlkələrə baxmayaraq, o yatağından qalxıb öncə əl-üzünü yumaq istədi. Sonra buna da səbri çatmadı. Öz-özünə mızıldandı. Sanki kiminləsə danışırdı:
   
   - Gecikərəm, tez çıxım küçədəki kranda yuyunaram...
   
   Belə də etdi. Küçədə yuyunub addımlaya-addımlaya da əl-üzünü quruladı. İstədi onu cibinə qoysun. Sonra dəsmalın əməlli-başlı islandığını anlayıb açıq şəkildə əlində yellədə-yellədə dayanacağa tərəf tələsdi. Kənardan baxan olsaydı, düşünərdi ki, o kiminsə qarşısında ağ bayraq qaldırıb danışıqlara gedir. Doğurdan da gedirdi - bayraq qaldırmağa yox, illərdən bəri qaldırdığı bayrağın altında dayanıb onunla danışmağa, onun son günlərdəki davranışına, fikirlərinə münasibətini söyləməyə. Bir sözlə, onunla baş-başa qalıb ona özündən, özünə ondan gələn ismarıcların yozumunu ortaya qoymağa...
   
   Dayanacaqda heç kim yox idi. Bir halda ki, dan yeri sökülməmişdi, bir halda ki, iş vaxtına hələ iki saat qalmışdı...belə bir vaxtda dayanacaqda kim olcaqdı ki? Heç uzaqdan hərəkətdə olan maşınların bu istiqamətə yön aldıqları da hiss olunmurdu. Elə bil yuxudan indi oyandı, qolundakı saata baxdı. Heç vaxt bu saatı açmırdı qolundan. Çünki onun hədiyyəsi idi. Saata baxdı və niyə baxdığını unutdu. Yadına saatın ona bağışlandığı anlar gəlib düşdü. İlahi, onda dünya indikindən çox-çox gözəl... göy üzü indikindən çox-çox aydın... özü indikindən çox-çox duyğulu və ümidli idi. Elə istədi ki, o ana, o məqama qayıtsın, amma bacarmadı. İçindən acı bir təəssüf gəlib keçdi. Təkrar saat yadına düşdü. Deməli, hələ səhər saat 4:05 idi. Bütün şəhər yatırdı...bütün şəhərin ondan xəbəri yox idi. Hətta görüşünə tələsdiyi də bu yaz yuxusunun şirinliyində uyuyub qalmışdı. O isə yerinə qor dolmuş kimi evdən baş götürüb dayanacağa tələsmişdi...
   
   Bir anlıq nə edəcəyinə qərar verə bilmədi. Öncə geri qayıtmaq, yatağa uzanmaq istədi. Yadına düşdü ki, həyətdən çıxanda arxasınca qapını bərk çəkdi. Deməli, qapının "ingilis zamoku" öz işini görüb. Yəni qapı avtomatik olaraq bağlanıb. Belə olan halda o qapının zəngini çalmalıdı. Qapının zəngini çalanda isə ev sahibi oyanacaq və yenə başlayacaq səsinin köntöy yerinə salıb gileylənməyə, asıb-kəsməyə, evdən qovmaqla hədələməyə. Doğrudu, o artıq bu məhəllədən, bu evdən bezmişdi. Neçə vaxt idi ki, təzə ünvan soraqlayırdı, münasib ev gəzirdi. Hər dəfə də qəti addım ata bilmirdi. Çünki bu evlə bağlı çoxlu xatirələr var idi ki, onları qoyub gedə bilmirdi. Bu düşüncələr onu geriyə, yatağa qayıtmaqdan vaz keçməyə məcbur etdi. Əlac qaldı piyada şəhərə doğru getməyə...
   
   O addımlayırdı və hər atdığı addımdan sonra ona elə gəlirdi ki, bu səslər misralara çevrilir. Həmin misralar isə bir vaxtlar onun dilində səslənmişdi. Özü də dodaqları əsə-əsə...birbaşa onun özünə oxumuşdu. O da şeiri sona kimi dinləyib bircə kəlmə demişdi:
   
   - Çox gözəldi!
   
   İndi də həmin söz qulaqlarında səsləndi. Amma nədənsə o sözdəki əvvəlinci od-alov yox idi. Bəlkə o səs də yatmışdı...bəlkə o söz də şaxtaya düşmüşdü, donmuşdu. Bu suallar onu ağrıtdı. Elə ağrıya-ağrıya da misraları pıçıldadı:
   
   
   
   adımın içində
   
   adının hərifi
   
   heç cür ifadə olunmur
   
   dodağımdakı
   
   öpüşün tərifi...
   
   çöhrəsi
   
   gözümün içində
   
   ürəyim ürəyidi
   
   ürəyi ürəyim-
   
   sevgimiz üçün də
   
   nə qədər axtarsanız da
   
   baş sındırsanız da
   
   sonda yenə gəlib
   
   tapacaqsınız məndə-
   
   mənim ürəyimdə
   
   o qızın özünü
   
   və adını
   
   desəm də
   
   deməsəm də!
   
   ***
   
   O şəhərə çatanda arxasınca bir işığın süzülüb gəldiyini hiss etdi. Daha doğrusu, arxadan gələn işıq onun kölgəsini qarşısınca aparırdı. Sanki o, kölgəsini tapdalamağa gedirdi. Amma nə qədər addımlarını iri atsa da, kölgəsini tapdalaya bilmirdi. Kölgə də elə onun kimi sakitcə, amma sürətlə addımlamaqda idi...
   
   Şəhərin girişindəki birinci dayanacağa ilk marşrut avtobusu da onunla birlikdə çatdı. Sürücü ayağını yavaşca əyləcə tərəf apardı, elə-belə... Hiss olunurdu ki, maşını saxlamağa həvəsi yoxdur. Amma nədənsə saxladı. Bəlkə də bu ilk sərnişin onun üçün hansısa maraq yaratdı, ya da "ilk qismətdi" dedi. Hər nə isə. Maşın dayanan kimi oldu. O da fikirləşmədən özünü maşının içərisinə atdı. O, şeirləri gözdən keçirdi. Guya ki, oturmağa yer seçirdi. Sürücü də güzgüdə onu izləyirdi. Gözləyirdi ki, bu ilk sərnişin heç olmasa ağzını açıb "sabahınız xeyir" deyəcək. Amma onun danışmağa heç həvəsi yox idi. Sürücünün güzgüdə ona baxdığını görüb güclə eşidiləcək bir səslə:
   
   - Sabahınız xeyir! İşiniz avand olsun! - dedi.
   
   Bu qəribə sərnişinin zor gücünə dediyi sözləri elə zor gücünə eşidən sürücü:
   
   - Sabahınız xeyir, sizin də işiniz avand olsun! - deyə cavab verdi.
   
   O, əyləşdiyi oturacaqda rahatlıq tapa bilmirdi. Ona elə gəlirdi ki, maşın getmir, yerində dayanıb. Amma maşın qrafikinə uyğun hərəkətdə idi, o tələsirdi. Birdən yadına "Bəyin oğurlanması" filmindəki kadr düşdü:
   
   - Sən get, mən tələsirəm...
   
   Öz-özünə gülümsədi. Onun nəyə güldüyünü bilməyən sürücü başını buladı. Bu, açıq-aşkar "şükür, sənə İlahi!" demək idi. Heç onun özünün də sürücünün barəsində nə fikirləşdiyini təxmin etmək halı yox idi. Çünki çox tələsirdi və çox tələsdikcə də hər şeyi qatıb-qarışdırırdı. Yeganə qərarlaşdırdığı, dəyişməz fikri o idi ki, səhər tez açılsın... onu tez görsün... onunla kəlmə kəsib sonra bu qəfil səfərə yollansın. Bu səfər söhbəti də elə dünən gecəyarı ortaya çıxmışdı. Rəhbərlikdən zəng gəlmişdi. Təcili rayona getməli idi. Bölgədəki kriminogen durumla bağlı zona müşavirəsi keçiriləcəkdi. O da müşavirədən birbaşa informasiya hazırlayıb redaksiyaya ötürməli idi. Zəng qəfil gəldiyindən "baş üstə" deməkdən başqa söz tapmadı. İndi fikirləşirdi ki, kaş razılıq verməyəydi, bəhanə gətirəydi. Amma neyləsin ki, artıq nəyisə dəyişmək mümkün deyildi. Ona görə də sözsüz bu tapşırığı yerinə yetirməli idi. Bircə əlacı qalmışdı - gecə, elə həmin zəngdən sonra o da gözüyumulu barmaqlarının vərdiş etdiyi rəqəmləri yığmışdı:
   
   - Mən tezdən təcili rayona getməliyəm. Evdən tez çıx. Görüşək, sonra yola düşüm.
   
   Telefonun o biri başından mürgülü bir səs:
   
   - Sənə yaxşı yol! Mən bir az gec çıxmaq istəyirəm, işdən icazə almışam. Qayıdanda görüşərik...
   
   Elə bil onu kimsə ürəyindən vurdu. Ağrılı, yalvarış dolu bir səslə:
   
   - Yox, səni görməsəm getməyəcəm. Çox xahiş edirəm, mənim xatirimə tez gəl! - deyib telefonun dəstəyini yerinə qoydu. İstəmədi ki, onun etirazını eşitsin. Bu yolla ona təsir etmək, qızı yola gətirmək, evdən çıxarmaq istədi. Elə ona görə də bütün gecəni yuxusuz qaldı. Bilmədi ki, gələcək, yoxsa yox. Elə bilməyə-bilməyə də özü həmişəki görüş yerinə tələsdi. Özü də şəhərin yatdığı bir vaxtda. İndi də avtobusda tələsirdi. Elə bilirdi ki, artıq qız gəlib onu gözləyir. Amma...
   
   Yerindən qalxıb sürücüyə yaxınlaşdı. Yolu necə gəldiyinin fərqinə də varmadan, avtobusda ondan başqa kiminsə olub-olmadığını duymadan cibindəki manatlığı çıxarıb sürücüyə uzatdı. Sürücü bir pula baxdı, bir də ona. O isə heç nə demədən düşüb getdi. Sürücü yenə öz-özünə başını buladı. Bu yenə əvvəl düşündüyünü təkrar etmək kimi bir şey idi...
   
   O maşından aralanıb dayanacağın bir az kənarındakı parkda, həmişə oturduqları yerdə dayandı. Heç kim yox idi... heç süpürgəçilər də gəlməmişdi...öz skamyalarında əyləşdi. Hiss etdi ki, ürəyi sancdı. Sağ əli ilə yavaşca ürəyini ovdu. Elə ova-ova da bu günlərdə yazdığı misraları xatırladı:
   
   
   
   mən sənə ürək oldum-
   
   ehtiyat
   
   köçürməyə hazır ürək...
   
   gəzdirdin-
   
   cibində
   
   çantanda
   
   saxladın-
   
   arada dolabında...
   
   əhvalının yaxşı vaxtı
   
   deyib-güləndə
   
   yadına düşəndə
   
   halımı soruşub
   
   məzələnib
   
   barmağına doladın da...
   
   küsmədim, barışdım
   
   hətta yeri gələndə
   
   sənə haqq qazandırdım
   
   çünki ehtiyat ürək olduğuma
   
   səni mən inandırdım!
   
   sənin nədi günahın?..
   
   ehtiyat oyunçu
   
   ehtiyat təkər
   
   ehtiyat silah
   
   ehtiyat pul...
   
   daha ehtiyat nələr,nələr
   
   hamısı da
   
   ehtiyac olmasını gözləyir
   
   ay ürək!..
   
   odur ki,
   
   sən də qədərinə
   
   dözəsən gərək...
   
   ***
   
   Artıq parkda gediş-gəliş başlamıdı. Süpürgəçilər öz işində... işə tələsənlər... səhər gəzintisinə çıxanlar... itini-pişiyini gəzdirənlər...idman edənlər, velosiped sürənlər...bir sözlə park yavaş-yavaş qaynayırdı. O isə oturluğu yerdə qalmışdı. Onun gözlədiyi hələ də gecikirdi. Amma bir azdan rayona yola düşəcək, daha doğrusu, onu aparacaq maşın burada olacaqdı. Cəmi bir neçə dəqiqə qalmışdı. Yerindən qalxdı. Var-gəl etməyə başladı. Səbri lap daralırdı. Nə edəcəyini, nə deyəcəyini bilmirdi.
   
   Getsin, getməsin, qalsın, qalmasın. Onu görməmiş necə getsin. Getməsə işdə problem olacaq...
   
   Suallar lap zəhləsini tökdü. Əlləri ilə başını sıxdı. İçindən, ürəyinin lap dərin yerindən ağır fəryada bənzəyən bir ah qopub gəldi. Elə bir ah ki, ətrafdakıların da diqqətini çəkdi. Bu ah əslində onun ürəyinin hansısa bir hissəsinin qırılması demək idi...
   
   Kürəyinin ardından doğma bir nəfəsin istisini duydu. Qeyri-ixtiyarı geri çevrildi. Bu, o idi. Təngnəfəs özünü çatdırmışdı. Özünü toplayıb dili dolaşa-dolaşa:
   
   - Sabahın xeyir! - dedi.
   
   Bu sözün ardınca ikinci bir səs onun üstünə qəfil soyuq su kimi ələndi:
   
   - Hə, qardaş, yola düşək?
   
   O yalnız:
   
   - Sabahın xeyir canım, salamat qal, mən getdim - deyib, tələsik qızın ona tərəf uzatdığı əlini sıxıb ayrıldı.
   
   Amma deyiləsi o qədər sözləri var idi ki...

TƏQVİM / ARXİV